“Hüseyn Cavid bəhai olub”-SENSASİYA

“Hüseyn Cavid bəhai olub”-<span style="color:red;">SENSASİYA
28 oktyabr 2014
# 08:30

Kulis.Az Azərbaycan Bəhai İcmasının İctimai Əlaqələr Ofisinin koordinatoru Ramazan Əsgərli ilə müsahibəni təqdim edir.

- Bəhailik Azərbaycanda nə zaman təşəkkül tapmağa başladı?

- Bəhai dininin Azərbaycanda təşəkkül tapması, təxminən yarandığı dövrlə üst-üstə düşür. 1844-cü ildə Seyid Əli Məhəmməd özünü Bab elan edəndən sonra onun çoxlu tərəfdarları yarandı. Azərbaycanda da onun ardıcılları var idi.

- Təqiblər olurdumu? Yerli əhali bunu necə qəbul edirdi?

- Azərbaycanda təqiblər haqqında bizdə məlumat yoxdur. Ancaq epizodik şəkildə müəyyən hadisələr, əhvalatlar var. Hətta Bakıda bir nəfər məşhur bəhainin şəhid edilməsi faktı da var. Amma İrandakı kimi kütləvi təqiblər olmayıb.

Bəhai icması mütəşəkkil surətdə 1937-ci ildə repressiya zamanı təqib olunmuşdur. O zaman onlarla bəhai həbs olunmuş, Bakı Ruhani Məhfilinin bütün 9 üzvü həbs edilərək güllələnmişdir. Və bundan sonra bütün sövet dönəmində qadağan olunsa da, icma özünü qoruyub saxlamış, ancaq 90-cı illərdə açıq fəaliyyətini bərpa etmişdir.

- Bəhailik Azərbaycanın daha çox hansı bölgələrində yayıldı?

- Əlbəttə Arazın bu tayında, İrana daha yaxın olan bölgələrdə yayılma daha tez baş verdi. Naxçıvanda, Ordubadda daha sonra isə Bakıda və Şamaxıda, Bərdədə, Göyçay, Lənkəran, İrəvan və sair ərazilərdə yayılıb. Bakıdan sonra ən böyük icma Balaxanıda və Gəncədə olub. Balaxanıda bəhailik geniş yayılıb, orada bəhailərin mərkəzləri, uşaq məktəbləri olub. Bəhailər hər zaman təlim-tərbiyə məsələsinə diqqət etmişlər. Xüsusilə qadınların oxuması hər zaman diqqət mərkəzində olub. Bu da insanlar arasında onlara rəğbət oyadıb.

- XX əsrin əvvəlində Azərbaycanın ictimai-sosial həyatında bəhailərin rolu nə qədər idi? Bildiyim qədəri ilə ilk qız məktəbinin açılmasında onların böyük köməyi olub...

- Bəhailiyə görə ümumi təhsil məcburidir. Digər övladlarına təhsil vermək imkanı olmayan ailə mütləq qızına təhsil verməlidir. Təhsil dedikdə biz təlim-tərbiyəni nəzərdə tuturuq. İmkanı olmayan ailələrə icma kömək edir. XX əsrin əvvəllərində bəhailik ziyalıların diqqətini bu xüsusiyyətlərinə görə çəkirdi. Onların ətrafında ziyalılar çox idi. Bəhailik ədəbi və sosial mühitdə tanınır, yayılırdı. Bəhailik haqqında müəyyən tənqidi fikirlər olsa da, bu dini tanıyırdılar.

- O dövrün məşhur simaları arasında bəhailər var idi? Musa Nağıyevin bəhai olduğunu deyirlər.

- O zamanın siyasi xadimləri arasında bəhai olması mümkün deyil. Çünki bəhailər siyasətə qarışmır. Musa Nağıyev, Əbdül Xaliq Yusifzadə bəhai olublar. Hüseyn Cavidin bəhai olması ilə bağlı fikirlər var. Rəfael Hüseynov “Vaxtdan uca” kitabında onun zindanda xanımıyla görüşərkən “Allahu əbha” deməsini yazır. Bu bizdə salamlaşma qaydasıdır.

Hüseyn Cavid həbs olunanda hər kəs onun ailəsindən üz döndərsə də, professor Ətaulla Qasımov adlı bəhai və digər bəhailər onun ailəsini ziyarət ediblər, dayaq olublar. Ətaulla Qasımov Ərtoğrul Cavidlə dostluq edib.

Bununla belə, məşhur adamların bəhai olması, yaxud olmaması bəhai dininin nə nüfuzuna, nə də həqiqiliyinə bir töhfə vermir. Çünki din cahanşümul bir fenomendir, Allahın İradəsidir, ona görə də məşhurların bəhai, yaxud başqa dinin nümayəndəsi olması göstərici deyil.

- Bakıda bəhailiyin yayılmasında Mikayıl Müşfiqin babası Mirzə Əbdülqədirin çox rolu olub.

- Bəli, onun çox rolu olub.

- Mikayıl Müşfiqin bəhai olması ilə bağlı məlumat varmı?

- Ən azından məndə belə məlumat yoxdur.

- Bəhailikdə başqa dindən olana qız vermək olarmı?

- Həzrət Bəhaullah bəhailərə buyurur ki, bütün dinlərin ardıcıllalrı ilə son dərəcə məhəbbət və mehribanlıqla ülfət edin. Bəhailikdə nikah məsələsi insanların özünə buraxılır. Amma eyni zamanda müəyyən qaydalar da var. Bəhailər başqa dindən olanlarla, başqa millətdən olanlarla ailə qura bilər. Lakin hər bir halda valideyn razılığı lazımdır. Bu qanunun müxtəlif hikmətləri var. Bu qanundur, bəhai kəbini mütləq kəsilməlidir və bəhailər mütləq valideynlərinin razılığını almalıdır.

- Mətbuatda, müəyyən ədəbiyyatlarda bəhailik haqqında məlumat verilib. Məsələn, Cəlil Cavanşirin “Dinlər, peyğəmbərlər, təriqətlər” kitabında da bəhailik, onun yaranılışı haqqında kifayət qədər məlumat var. Bizə bəhailiyin məişəti haqqında bir az məlumat verərdiz. Bəhailiyin İslamla, onun məişəti arasında nə fərqlər var?

- Məişət dedikdə daha çox sosial həyatdan söhbət gedir. Sosial həyatın ən vacib hissəsi ibadətdir. Bəhai dinində müqəddəs yazıları oxumaq, namaz, oruc vacibdir. Bəhailərin öz namazları, öz orucları, öz təqvimləri var. İldə 19 ay, ayda 19 gün var. Orucluq bir ay, 19 gün çəkir. Novruz bəhailikdə yeni il, orucluq bayramıdır. Bizdə hərə öz millətinin adət-ənənəsi ilə yaşayır.

- İndoneziyada yaşayan bəhai də Novruz bayramını qeyd edir?

- Bəli. Bəhailikdə bu bayramın adı elə Novruz bayramıdır. Bütün bəhailər bunu yeni il kimi qeyd edir. Ancaq yerli adətlərə uyğun qeyd edirlər, yəni onlarda səməni, odun üzərindən atılmaq olmur.

- Sizin də müqəddəs məkanlarınız var. Məsələn, Hayfa şəhəri.

- Bəhailərin müqəddəs şəxsləri ilə bağlı olan yerlər müqəddəs sayılır. Şiraz, Bağdad, Əkka və Hayfa şəhərləri müqəddəsdir. Hazırda Şiraz və Bağdada getmək mümkün deyil. Amma Hayfa və Əkkaya ziyarət edirik. Həmin şəhərləri ziyarət etmək üçün qaydalar var. 5 ildən bir 9 günlük ziyarətə gedə bilərsən.

- İsrail hökumətinin bəhailərə münasibəti necədir?

- O şəhərlərdə xidmət edən bəhailər İsrail dövlətinin qanunları ilə yaşayırlar. İsrail hökuməti bilir ki, bəhailər hər ölkənin qanunlarına uyğun yaşayır.

- İranda yaşayan bəhailərə İsrailə ziyarətə getmək üçün xüsusi icazə var?

- Getmirlər. Onların belə imkanları yoxdur.

- Azərbaycanda yaşayan bəhailər bəhai olduğunu sərbəst şəkildə ifadə edə bilirmi?

- Azərbaycan kifayət qədər tolerant ölkədir. Pis münasibətlə rastlaşmırıq. Hərdən təəccüblənənlər olur.

- Bəhailərin hansı atributları var?

- Müxtəlif yerlərdə bəhailəri ifadə edə edən 9 guşəli ulduza rast gəlmək olar. Bir də “Ya bahal əbha” yazısının ərəbcəsinin kalliqrafiyasının həkk olunduğu medalyonlar, nişanlar olur.

- Sizin üzükdə də o ifadə var.

- Bəli, üzüyümdə də var. Bu İsmi-əzəmdir. Bu Ən Böyük Ad deməkdir və izahatı vardır.

- Bəhailərin Beynəlxalq Mərkəzinin fəaliyyəti nədən ibarətdir?

- Geniş mövzudur. Ancaq ordan başlayaq ki, bəhai dinində konkret rəhbər yoxdur. Bizdə kollegial idarəetmə mövcuddur. Bizim inzibati sistem seçki yoluyla təşkil olunur. Ən çox səs toplamış doqquz nəfər icmanı idarə edir. Ölkələrdə icmaya nümayəndələr bir il, beynəlxalq səviyyədə isə beş illik seçilir.

- Hansı fəaliyyətləri göstərirsiniz?

- Bəhai icması insanlara xidmət etməyi məqsəd götürür. Bəhaullah buyurur ki, “İnsanlığa xidmət ruhunda görülmüş işlər ibadətdir”. Biz bacardığımız xidməti edirik. Təlim-tərbiyə işləri ilə çox məşğul oluruq. Uşaqların və yeniyetmələrin mənəvi-intellektual inkişafı üçün davamlı xidmət edirik. Resurslarımız çərçivəsində bunu davam edirik. Bəhai icması BMT-də təmsil olunur. Təkliflərlə çıxış edirik. Bütün bunların hamısının kökündə faktorlar var. Mənəvi sivilizasiya çox geridə qalıb. Biz bu boşluğu doldurmağa çalışırıq.

- Belə çıxır ki, bəhailər modern düşüncəyə malikdir.

- Bəhaullah buyurur ki, hər işdə insanlar orta həddi gözləməlidir. Allah birdir, din birdir, insanlıq birdir. Hər kəs öz həqiqətini müstəqil axtarmalıdır. Elm və din harmoniyada olmalıdır. Dinsiz elm ifrat materializmə gətirir. Elm və din bir-birini əvəz etməyən bilik sistemləridir. Bəzən elm özü elmi nailyyətləri insanlığa tətbiq etməkdə çətinlik çəkir. Din və elm birlikdə insan həyatının yaxşılaşmasına və keyfiyyətinə xidmət etməldiir.

- Darvinizmlə dini necə harmoniyalaşdırırsınız?

- Darvin haqqında kifayət qədər oxumuşam. Heç yanda rast gəlməmişəm o desin ki, insan meymundan əmələ gəlib. Bioloji təkamül faktdır və indi də gedir.

- Amma islam inkar edir.

- İslamdakı fikirləri araşdırmamışam. Bəhailiyə görə təkamül olub, amma insan əvvəldən elə insan kimi yaradılıb.

- Belə halda siz insanın təkamülünü neandertal insan tipini, homosapiensi inkar edirsiniz. Burda uzlaşma yoxdur.

- Materiyanın ən yüksək forması insan beynidir. Bu təkamüllə belə həddə çatıb. Bu imkan verib ki, insan ruhu bu yolla özünü ortaya çıxarsın. Bu yolla intellekt ortaya çıxıb.

- Babilik və bəhailik anlayışlarının fərqi nədir?

- Həzrəti Bab həm Bəhaullahın müjdəçisidir, həm də peyğəmbərdir. O kitab və qanunlar gətirib. 1863-cü ildə Bəhaullah Bağdadda özünü elan edib ki, mən həzrəti Babın vəd etdiyi kəsəm. Onda Babilər Bəhaullahı qəbul etdilər. Artıq babilik yoxdur. Bab ardıcıllarına deyib ki, məndən sonra gələn zühuru qəbul edəcəksiniz. Bəhaullahın özünü elanından sonra çox az adam babi olaraq qaldı, əksəriyyəti Bəhaullahın ardınca getdi.

- Şiəlikdən doğan bəhailik 12 imamı, peyğəmbərləri qəbul edirmi?

- Peyğəmbərlər birdir. Onlar zamanında gəlib və bəşəriyyətə yön veriblər. Həzrəti Bəhaullah o peyğəmbərlərin sırasındadır. Həzrəti Bəhaullah bəşəriyyətin bugünkü problemlərinin həlli üçün gəlib. İmamları Həzrəti Məhəmmədin varisləri kimi qəbul edirik.

- Amma etiqadınız yoxdur.

- Ehtiram da var, etiqad da var. Amma bəhailiyin öz qanunları var. Bəhai kitablarına istinad etdiyimiz kimi İncilə, Qurana da istinad edirik.

- Bütün peyğəmbərləri qəbul edirsinizsə, deməli Bəhaullahdan sonra özünü peyğəmbər elan edənləri də qəbul eləməlisiz. Mərdəkanda özünü peyğəmbər elan edən Ələsgər Musayevə münasibət necədir?

- Həzrət Bəhaullahın kitabında yazılıb ki, Bəhaullahın zühurundan ən azı min il keçməmiş kimsə özünü zühur elan edirsə, deməli o yalançıdır.

- Deməli min il gözləməliyik?

- Ən azı min il gözləməliyik.

- 1863-cü ildən sonra dünyanın müxtəlif yerlərində özünü peyğəmbər elan edənləri və onların dinlərini qəbul etmirsiniz?

- Əlbəttə qəbul etmirik.

- Yaxın Şərqdə gedən proseslərə bəhailərin münasibəti necədir? İŞİD, Suriya, Fələstin məsələsinə münasibətiniz necədir?

- Bəhailər siyasi proseslərə münasibət bildirmir.

- Bu coğrafiyada insanlıq dramı yaşanır...

- Biz insanları Həzrət Bəhaullahın təlimlərinə dəvət edirik.

- Dünyada məhşur insanlar arasında bəhailər varmı?

- Amerikada məhşur bəhailər var. Onlar arasında alimlər, Oskar, Qrimmi mükafatı alanlar var. Məşhur bəhailərin çoxu Amerikada və Avropadadır.

- Qadın haqlarına bu qədər geniş yer verən dində boşanmaya münasibət necədir?

- Bunlar bəhai qanunlarında yazılır. Bəhai dinində boşanma bəyənilmir. Amma qadağan da deyil. Boşanmaq istəyən Şuraya müraciət edir. Şura bir il vaxt verir. Bir il ərzində həyat yoldaşları ayrı yaşayırlar. Amma onların birləşməsi üçün cəhd olunur. Bir il sonra bu alınmasa, boşanırlar.

- Bəhailikdə homoseksualizmə münasibət necədir?

- Homoseksualizm bəhailər arasında qəbul olunmur. İstənilən əxlaqsızlıq bəhai dinində qadağandır. Bu sahədə kifayət qədər tibbi amillər ola bilər, amma hər halda təbiətin əksinədir və burada həm tibbi kömək lazım ola bilər, həm də fərdin özü səy qoyub bu qüsura qalib gəlməlidir. Digər tərəfdən bu qüsur ruha da yükdür.

# 9730 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #