Ölən qız durub oynasın!

Ölən qız durub oynasın!
25 iyun 2014
# 11:34

Kulis.Az şairə Esmira Məhiqızının yeni şeirlərini təqdim edir.

***

bir duzlu əl yaylığı

yelləyirəm ayrılıqlara...
ayrılıqlar bilir

o yaylığın tamını.

***

ortadan bir qış çıxar...
deyər, mən də varam.
bax, onda anlayaram -
neçə bahar əskiyəm,
neçə günəş yoxam,
neçə xoşbəxtlik azam...
və neçə şeir çatışmıram.

***

çıqqılı əllərim itdi
kədərin böyük ovuclarında.
indi kədərin böyük əllərinin
qaranlıq küçələrində
o çıqqılı əlləri axtarıram...


yan-yörəmdən ötən insanların
üzünə baxıram umudla...
bəlkə o çıqqılı əllərin
yerini bilən ola.


amma elə məyus oluram ki...
nəsə bir söz soruşmağa
heç kimin üzündə şeir yoxdu.

***

o başqa bir hekayəydi...
kimsə dedi ki,
ölən qız durub oynasın!
bir də baxdım, durna kimi süzürəm.

***

xatirələr çözələnən kimi...

birinci dəli Təriş göz ağardır gözümə.

çox gözlədi ağıllanması üçün -

məktəbə getməsi... bir oğlan sevməsi üçün.

atası beş dənə buzov almışdı.

deyirdi, buzoylarımız yekəlib kökələn kimi

dədəm onları satacaq,

inəklərin puluyla məni Bakıya,

Maştağaya aparacaq...

həkimlər də məni sağaldacaq.

Eeeeee....eh

biz hamımız o buzovların yekəlməsini,

yekəlib kökəlməsini gözlədik...

amma mal oğruları gecələrin birində

buzovları apardılar,

Maştağada Tərişin bir küncdə gözləyən

ağlını da oğurladılar.

sonra da Təriş hamıdan küsdü,

məndən küsdü, ölümdən küsdü...

Maştağadan küsdü.

Çay yuxarı-çay aşağı Tərişi axtaranda

bütün uşaqlar düşünürdük ki,

təki ölməsin...

hərəmiz ağlımızdan

bir az kəsib

Tərişə verərik,

Maştağaya getməsə də olar.

İndi uzun-uzun illərdən sonra

Maştağa adı eşidəndə

içimdən bir göynərti keçir...

ağlımın bu yox vaxtında

ağıllanmağım da gəlmir dəlixanada.

çünki dəlixanalar heç bir dəlini ağıllandırmır...

dəlixanalar dəli olmaq üçündü.

Tərişdən sonra bizim uşaqların hamısı

xəyallarının Maştağasında dəli oldular.

***

Ağlamaqdan utandığım vaxtlarda...

saçlarımı gözlərimin üstünə tökərdim.

saçlarım adət eləmişdi buna

və saçlarımda ağlayardım həmişə.

Sonralar nə vaxt ki,

saçlarım gözümün üstünə tökülürdü,

istər-istəməz ağlamağım tuturdu.

nənəm də deyirdi, bu qız dəlidi.

Saçlarım beləcə öyrəndi ağlamağı.

utandıqca, saçlarım ağladı...

indi ağlayanda elə bilirəm,

saçlarım ağladığına görə ağlayıram

***

Getməyə yer tapmayanda...
Humay xalanın doqqazını açsam,
boynuma sarılıb ağlayar,
əllərimi öpər, bilirəm.


Nənəmi tanıyanlar deyir ki,
əllərim nənəmin əlləridir, elə bil.
nənəm o əllərlə
aclıq illəri çox çörək verib Humay xalaya.


Mənsə utanıb əllərimi çəkərəm,
- nənəmin əlləri deyil, Humay xala!
osa öpər öpər əllərimi.
sonra qapısının bircə fərəsini kəsər
əziz qonağına.


Amma Humay xala da çoxdan ölüb.


Getməyə yer tapmayanda bilirəm
getməyə bircə göyü olur adamın.

***

Atası kəndimizin şairiydi deyə,
bütün günü şeir kitabları oxuyurdu Afilə.
bir dalğınlıq varıydı gözlərində,
bir pərişanlıq varıydı saçlarında,
bir şairlik varıydı halında.


Amma şeir yaza bilmirdi-
şeir yaza bilməsə də,
həmişə elə bilirdim Afilə şairdi.


Şəkil çəkdirəndə də
boynunu yana əyib
şairlər kimi uzaqlara baxardı,

mən obyektivə


İndi kəndimizin məktəbində
ədəbiyyat dərsi deyir Afilə.
və mən hər kəndə gedəndə
görüşürük, dərdləşirik...
hələ şəkil də çəkdiririk


İndi mən uzaqlara baxıram,
Afilə obyektivə.

***

gözümdə...
dünyanın ayrılıqları,

pıçıldadım:
- kor olasan!
və sonra...
bütün gecələrdən sordum:
- günəş hanı?

***

rəssam soruşdu:
- ən sevdiyin rəng hansıdır?
- küləyin rəngində çək məni - dedim!

# 2423 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #