Rəsmlərdə qalan Şuşa

Rəsmlərdə qalan Şuşa
8 may 2017
# 11:03

Kulis.az Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Şuşamızın memarlıq salnaməsi” yazısını təqdim edir.

Zamanın axarında bir çox adların qan yaddaşımızda əbədilik qazanmasını təsadüfi saymaq olmaz. Əgər bunu Azərbaycanın şəhərlərinə aid etsək, onda ilk növbədə xalqımızın şərəfli tarixində xüsusi yeri olan Şuşa şəhərinin adını çəkməliyik.

Öncə məskunlaşdığı məkanın unikallığı ilə diqqət çəkən bu şəhər bütün mənalarda çoxəsrlik tariximizin son bir-neçə yüzilliyini elə bir əlçatmaz mənəvi dəyərlərlə zənginləşdirmişdir ki, onların hər biri barəsində saatlarla danışmaq olar. Dünyada “Şərqin konservatoriyası” və “Azərbaycanın musiqi beşiyi” kimi tanınan, hər birimizin qürurverici mənəvi dayağına çevrilən qala-şəhərin özünəməxsus landşaftı burada yerli memarlara yaradıcı təxəyyüllərini qanadlandırmağa, buranın təbii gözəlliyinə əlavə rəng qata biləcək maraqlı tikililər ərsəyə gətirməyə imkan vermişdir.

Doğrudan da şəhərin iyirmiyə qədər məhəlləsində yerləşən və milli memarlıq ənənələrimiz əsasında ucaldılan orijinal biçimli tikililər, Şuşanın və ətrafının gözoxşayan guşələri, o cümlədən də Cıdır düzü, Daşaltı, “”Xəzinə qala” mağarası və digər təbii gözəllik qaynaqları bura ayaq basan insanların heyrət qaynağına çevrilmiş, gördüklərini rəng və cizgilərlə ifadə edən rəssamları isə zaman-zaman ilhamlandırmışdır.

Rəssamların Şuşa ünvanlı əsərlərində bədii maraq tarixi həqiqətlərə hörmət hissi ilə çulğalaşdığından, təqdim olunanlar kifayət qədər maraq doğururlar. Rus rəssamı V.V.Vereşaginlə (1842-1904) yanaşı, şuşalı Usta Qənbər Qarabaği (1830-1906) və onun qardaşı Səfərin, oğlu Şükürün, Mir Möhsün Nəvvab (1833-1918) və Xurşudbanu Natəvanın (1832-1897) bizə ərməğan qoyduqları sənət nümunələrində Şuşa həyatı öz əksini tapmışdır.

XX-XXI əsrdə isə bunun ifadəsini Əmir Hacıyev, Toğrul Nərimanbəyov, Altay Hacıyev, Elturan Avalov, Fəxrəddin Məmmədvəliyev, Məzahir Avşar, İlham Ənvəroğlu, Kamal Əhməd, Rövşən Bayramov, Firdovsi Atayev, İsa İbrahimov, Elşən Hacızadə, Zaur Şuşalı və Səyyar Əliyev kimi yaradıcıların ərsəyə gətirdikləri təsviri və tətbiqi sənət nümunələrində görmək mümkündür. Bu rəssamların arasında memar-rəssam, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Elturan Avalovun (1940) Şuşaya münasibəti digərlərindən fərqlənir, desək, yanılmarıq. Belə ki, hələ gənclik illərində “Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması” mövzusunda yazdığı və 1973-cü ildə uğurla müdafiə etdiyi dissertasiya işində “Qarabağın incisi”nə yönəli yaranan maraq və məhəbbət sonrakı illərdə yaradılacaq çoxsaylı qrafik işlərin əsas leytmotivinə çevrilmişdir.

Əlavə edək ki, onun şəhərə sonsuz sevgisinin kökündə həm də anası Məhbubə xanımın əslən Şuşadan olması dururdu. Bir yaşından başlayaraq ömrünün müxtəlif illərini Şuşada keçirən və buranın hər məhəlləsinə bələd olan E.Avalov, sonralar əslində özünün uşaqlıq və gənclik dövründə yaddaşına hopan təəssüratlarına bədii tutum vermişdir.

Onun “şəhər-qala”nın memarlıq incilərinə yaradıcı memar-rəssam münasibətindən Şuşanın sözün əsl mənasında cəlbediciliyi və ecazkarlığı ilk baxışdan duyulan “memarlıq salnaməsi” yaradılmışdır.

E.Avalovun bütünlükdə “Şuşa” adlanan bu qrafik silsiləsi qısa zaman distansiyasından belə tarixi mahiyyət daşıdığını təsdiqləmişdir. Çünki, şəhərin işğalından sonra burada əvvəllər rəsmi qeydiyyata alınmış 170 memarlıq və 160 incəsənət abidəsinin taleyindən tam xəbərimiz yoxdur. İndiki halda isə memar-rəssamın ərsəyə gətirdiyi bu qrafika nümunələri duyulası dərəcədə bədiiləşdirilməsinə baxmayaraq, özündə həmin tikililərin orijinal forma-biçimində hifz olunan şaşırdıcı estetik tutumu və dövrün tarixini yaşatmaqdadır. Pənahəli xanın qəsri (XVIII əsr), Gəncə qapısı (1750-177-ci illər), Qara Böyükxanımın qəsri (XVIII əsrin ikinci yarısı), İbrahim Xəlil xanın qəsri (XVIII əsr), Xan sarayı (XVIII əsr), Yuxarı Gövhər Ağa məscidi (XVIII-XIX əsrlər), Saatlı məscidi (XVIII əsr), Aşağı Gövhər Ağa məscidi (XVIII-XIX əsrlər), Xurşudbanu Natəvanın evi (XIX əsr), Mehmandarovların mülkü (XVIII əsr), Xurşudbanu Natəvanın tikdirdiyi karvansara (XIX əsr), Xan qızı bulağı (XIX əsrin ortaları), Molla Pənah Vaqifin məqbərəsi (1982-ci il) vurğuladığımız bədii-estetik məziyyətləri özündə yaşadan abidələrdəndir.

Çox vaxt sənətkarlarımızın zamanında yaşadıqları dövrə “bədii güzgü” tutmaqda gecikmələrinin qarşılığında Elturan Avalovun ağ-qara cizgilərdən “boylanan” əsərlərini həm də onun yaradıcı-vətəndaş mövqeyinin nümayişi saymaq olar. Rəssamın Şuşa ünvanlı lövhələrində tarixiliklə bədiiliyin uğurlu sintezinin mövcudluğu yəqin ki, silsilənin əhəmiyyətini artıran amillərdəndir. Odur ki, tamaşaçı onların hər biri ilə üz-üzə, göz-gözə qalanda təkcə milli memarlarımızın yaradıcı təxəyyülünə heyranlığını ifadə etməyib, həm də daşlarda hifz olunan bənzərsiz gözəlliyi dərindən duymaqla, yaddaqalan biçimdə bədiiləşdirməyə nail olan rəssamın icra sənətkarlığını yüksək dəyərləndirirlər.

Sayı 50-yə çatan və tuş-pero texnikasında ərsəyə gətirilən bu qrafik lövhələrdə “Elturan Avalov dəst-xətti” və ifadə üslubu kifayət qədər duyulandır desək, yanılmarıq. Hər bir motivi qeyri-adiliyi ilə seçilən cizgi improvizələri ilə gerçəkləşdirən rəssam, müxtəlif formalı cizgilərlə sözün əsl mənasında “daşlaşmış poetika” kimi qəbul olunan milli memarlıq tikililərinə duyğulandırıcı estetik tutum bəxş etmişdir. Onun “Yuxarı Gövhər Ağa məscidi” əsəri bunun əyani nümunəsidir. Burada günəşin şüalarının qarşısını almağa çalışan buludların, minarələri səmaya ucalan məscidin, meydanın mərkəzinə yaraşıq verən daş bulağın və bütün bu gözəlliyə rəng qatan yaşıllığın bədii şərhində müəllifin nümayiş etdirdiyi sənətkarlıq-qrafik ustalıq sözün əsl mənasında şaşırdıcıdır...

Eyni estetik təəssüratı onun böyük şövqlə yaratdığı “Zöhrabbəyovların evi”, “Gəncə qapısı”, “Mehmandarovların evi”, “Çuxur məhəllə”, “Xan evi”, “Bəstəkar Üzeyir Hacıbəylinin evi”, “Mamayi məhəlləsi”, “Şeytan bazarı”, “Xan qızı Natəvanın evi” və b. əsərlərindən də almaq mümkündür.

Ağ-qara cizgilərlə memarlıq abidələrinin və onun ayrı-ayrı ayrıntılarının, təbiət motivlərinin və onun ayrılmaz parçası olan müxtəlif formalı ağacların daşıdığı estetik qaynağı üzə çıxarmaq, onun cəlbediciliyinə nail olmaq nə qədər çətin olsa da, Elturan Avalov bunu çox sənətkarlıqla həyata keçirmişdir.

“Zöhrabbəyovların evi”, “Çuxur məhəllə”, “Mehmandarovların evi”, “Saatlı məhəlləsinin məscidi” və “Çuxur məhəllə meydanı” əsərlərindəki ağacların təqdimatındakı şaşırdıcı rəngarənglik kimi, “Gəncə qapısı”, “Xan Şuşinskinin evi”, “Mircanlı məhəlləsi”, “Aşağı Gövhər Ağa məscidi”, “Xan evi” lövhələrində müxtəlif formalı daşlardan “boylanan” gözəllik qabarıq və yaddaqalandır.

Ən qəribəsi isə rəssamın hər bir əsərdə tətbiq etdiyi sayagəlməz cizgi improvizələrinin və incəliklərinin bədii bütövlüyünə nail olmasıdır. Qənaətimizcə, məhz cizgilərin duyulası ritminin və axıcılığının bir araya gətirilməsi sayəsində tamaşaçısını ovsunlayan bu bütövlüyə nail olunmuşdur.

Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində “Təsviri incəsənət” kafedrasının müdiri vəzifəsində çalışan Elturan Avalov artıq yarım əsrlik tarixi olan Şuşa sevgisini bu gün də yaşatmaqdadır. Onun yeni yaratdığı əsərlər də bunu təsdiqləyir. Rəssam-memarın ən böyük arzusu Azərbaycanımızın bu ayrılmaz parçasında yerli sənətkarların əli ilə yaradılmış Şuşanın memarlıq tarixini, onun bədiiləşmiş “daş möcüzəsi”ni dünyaya göstərməkdir... /"Mədəniyyət" qəzeti/

# 1701 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #