Rəhman Əlizadə-Damdabaca

Rəhman Əlizadə-Damdabaca
19 dekabr 2013
# 13:29

...Hər gecə qaranlığın gözünün içərisinə dalaraq...beləcə donaraq... ötən günlər, illər, bir ordu əziz-xələf xatirələr, bütün günümün küfrü, savabı, göz yaşları, hiss-həyəcanı yarıaçıq ovcumun içərisindən süzülür göy üzünə...

...Uşaqdım mən, eynilə beləcə - indiki sayaq qaranlığa dalardım adını bilmədiyim, tanımadığım, heç görmədiyim varlığın peyda olacağını gözləyərdim... gələcəkdi... dostum olacaqdı... dinləyəcəkdi bütün sıxıntılarımı, heç danışmağa gərək də olmayacaqdı... O hər şeydən xəbərdar - qəribə dost olacaqdı...

1997-ci ildə kukla teatrında işə başladım. Məni işə Rəhman Əlizadə götürmüşdü və ilk baxdığım oyun özünün qələmə aldığı, quruluş verdiyi “Damdabaca” olmuşdu... Damdabaca sözünü ilk dəfə eşitdiyim, hər dəfəsində heyranlıq və həyəcanla baxdığım oyun... həyatın özü... həyatımın özü... uşaqlıq duyğularının, arzusunun canlı təsviri kimi...

...Sənəti müqəddəsləşdirən, sənətkarı dahiləşdirən o möhtəşəm an budur - qaranlıq... pərdələr qalxır, dekorların, rəngbərəng işıqların, sözün, mizanın arasında - illərlə ürəyinin içərisində gizli qalmış özünün belə unutduğun, adını tapa bilmədiyin hisslərinin ətə-qana gəldiyini izləmək... həsrət qaldığını tapmaq... bir də heç vaxt itirməmək... unutmamaq...

...Sənin ürəyin tək deyilmiş bax, içərində qoruyub saxladığın balaca qızcığazı kəşf edərək sənin özünlə tanış edən, onun qayğısına qalan və “çalış onu heç vaxt itirməyəsən” deyə israrla tövsiyə edən qəribə... çox qəribə - Rəhman Əlizadə - özü də bilmədən Damdabaca doğulubmuş...

...Bu gün 19 dekabr - sənin doğum günündür... bu gün. 279 gündür yoxsan...

...İnsan ölərgidir... mən də öləcəyəm... min şükür... Ətraf mühitin, udduğum havanın, tanıdığım üç-beş adamın həyata və ölümə dair baxışlarının ağızucu yorumlarının yükləndiyi beynimin 279 gündə - ruhuma sayıqladığı inanılmaz sakitləşdirici təsirə malik cümlə... mən də öləcəyəm...

...Və ürəyimə yalnız ruhumun hiss edə biləcəyi zəif işıq süzülür... mən dünyaya çox qəribə, ilahi istedadlı – Rəhman Əlizadəni tanımağa gəlmişəm... Bir ordu əziz-xələf xatirələri xatirəyə çevrildiyi andan başlayaraq ciyərimdə nəfəs kimi daşımağa... oyunla başlanan... zamanlanan bu dünyada onun quruluş verdiyi səmimi, məzəli, qüssəli “oyunlarda” oynamağa, ən savadlı, dahiyanə əsərləri hərfbəhərf, cümləbəcümlə toplamağa, yaddaşıma qazımağa, hər gecə “süzülsün nurlu misraları yalqızlığıma” deyə “nə şən, nə də çox həzin nəğmələr”in içərisinə dalmağa... pıçıltılı dualarımın ardınca bu dünyadan o dünyaya nigaran-nigaran boylanmağa... qanadlanmağa, Damdabaca həsrətimin möhürlədiyi gələcək sabahlarımın...düşəcək gecələrində, yox oluncayadək gözləməyə gəlmişəm...

Damdabaca,

Qaranlıqda, işıqda gəl,

Gizlində yox, aşkarda gəl.

Mən gətirməyim özün gəl,

Sözümdə yox, fikrimdə yox,

Gözümdə gəl!

Gəl

Susqunluğun son həddində,

Hər gün bir günün cildində,

Canıma qəsd istəyəndə.

Damdabacam,

Sönmüş ocaqdandır

Tüstülənən bacam...

Nağıl dolu Damdabaca!

Gələcəksən,

Səni nağıl danışmağa qoymayacağam!

Susacaqsan!

Çünki mən danışacağam...

Bilirsən, nə qədər nağıl qoşmuşam...

Deyəsən səni körpəlikdən –

Mən hər yerdə uydurmuşam...

Hər yerdə -

Mütəkkədə, evciklərdə,

Işıq gələn pəncərədə,

Tir-tir əsən cücərtidə,

“Ağac” adlı rəfiqəmdə,

Daha kimdə, daha nədə...

Damdabacam,

Sənə acam!

Gələcəksən,

Əvvəlcə qollarımı boynuna sarıb

Süst dayanacağam...

Oturacaqsan,

Tez ayaqlarına sarılıb

Dizinə baş qoyacağam...

Saçıma əl gəzdirəndə

Əlini tutub ovcumda sıxacağam...

Üzümü ovcunda gizlədib

Öpəcəyəm, qoxlayacağam...

Damdabacam,

Səni getməyə qoymayacağam!

Səni ömürlük yaşadacağam!

Sənin üçün yaşayacağam!

Yaşa mənim üçün, Damdabaca!

Cəmilə Allahverdiyeva

# 4404 dəfə oxunub

Oxşar xəbərlər

Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

Arvadının gözü qarşısında xəyanət, bitməyən orgiyalar – Tarixin ən azğın yazıçısı haqqında

12:00 13 fevral 2026
Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

Sıxır məni şəhərdəki günlərim... - “Səksənincilər" layihəsindən Qoca Xalidin şeirləri

10:00 13 fevral 2026
Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

Kortasarın ölümünün arxasındakı dəhşətli sirr – İllər sonra açılan QİÇS qalmaqalı

17:10 12 fevral 2026
Arvadını qətlə yetirmək, dövlət pulunu mənimsəmək, bank talamaq...- Cinayət törətmiş məşhur yazıçılar

Arvadını qətlə yetirmək, dövlət pulunu mənimsəmək, bank talamaq...- Cinayət törətmiş məşhur yazıçılar

15:23 11 fevral 2026
Ölən qızının robotunu düzəldib özüylə yatıran dahi - Fəlsəfənin "ata"sını kim zəhərlədi?

Ölən qızının robotunu düzəldib özüylə yatıran dahi - Fəlsəfənin "ata"sını kim zəhərlədi?

12:00 11 fevral 2026
İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

15:00 10 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər