Patrik Modianonun Nobel nitqi - VİDEO

Patrik Modianonun Nobel nitqi - <span style="color:red;">VİDEO
30 iyul 2018
# 21:00

Kulis.az bu gün ad gününü qeyd edən 2014-cü ilin Nobel mükafatçısı Patrik Modianonun Nobel nitqindən seçmələri təqdim edir.

İnternet əsri və ədəbiyyat

Modiano deyir ki, 20-ci əsrdə zamanın axarı indiki qədər sürətli deyildi. Yazıçı özünü müəyyən bir dövrün adamı kimi hiss edirdi. Balzakı, Dostoyevskini oxuyur və bu onda nostalgiya hissi yaradırdı.

Özünü konkret dövrün adamı hiss etmək - yazıçı peşəsini seçmiş insan üçün münasib idi. Çünki bu ona öz enerjisini düzgün paylaşdırmaq imkanı verirdi.

Modiano bu mənada əvvəlki nəsillərin yaradıcılığını kafedral kilsətək diqqətlə layihələndirilmiş memarlıq nümunələrinə, indinin yazıçılarının yaradıcılığını isə vahid struktura malik olmayan, bir-birilə əlaqəsiz, fraqmentar tikililərə bənzədir:

“Mənim üçün maraqlıdır, bilmək istərdim ki, İnternet, mobil telefonlar, e-maillər və tvitlər dövründə doğulmuş növbəti nəsillər bu dünyanı ədəbiyyat vasitəsilə necə təsvir edəcəklər. O dünyanı ki, orada hamı daim “bir-birilə əlaqədədir” və “sosial şəbəkələr” lap bu yaxınlaracan bizim yalnız özümüzə məxsus olan məhrəm və gizlin guşələrə müdaxilə edir. Bu həmin gizlin guşələrdir ki, fərdin iç dünyasını genişləndirir və romanlar üçün ciddi mövzuya çevrilə bilir.

Buna baxmayaraq mən ədəbiyyatın gələcəyinə nikbin baxıram və əminəm ki, gələcəyin yazıçıları da Homerdən bəri hər bir nəslin etdiyi kimi bu irsi qoruyub özlərindən sonrakılara ötürə biləcəklər…”

“Proust kimi xatırlamağın mümkünsüzlüyü”

Nobel mükafatı Modianoya “ən təsəvvürəgəlməz insan talelərinə işıq tutan və işğal gerçəklərini üzə çıxaran xatırlama məharətinə görə” verilib.

Yazıçı Nobel nitqində deyir ki, təəssüf ki, daha keçmişi Marcel Proust kimi xatırlamaq mümkün deyil. Çünki Proust-un təsvir etdiyi cəmiyyət sabit bir cəmiyyətdi. 19-cu əsr cəmiyyəti idi.

Modiano deyir ki, Proustun yaddaşı keçmişi bütün detalları ilə bərpa edirdi. Canlı tablo kimi (pantomimanın elə bir növüdür ki, aktyorlar məşhur rəsm əsərlərini bir kompozisiya olaraq canlandırırlar). Bu günün yaddaşı isə daim amneziya və unutqanlıqla mübarizə durumundadır. Və bu şəraitdə yazıçı keçmişdən yalnız ayrı-ayrı fraqmentlər, əlaqəsiz detallar, ötəri və demək olar ki, dərkolunmaz insan taleləri götürə bilər.

Modanonun fikrincə, elə yazıçının da hədəfi odur ki, unutqanlığın bu ağ vərəqində bir neçə sözün yenidən qaralıb görünməsinə nail olsun. Okeanda gözdən itmiş aysberqlərin yenidən görünməsi kimi.

Yazıçı deyir ki, onun davamlı olaraq yaddaş mövzusunda yazması təsadüfi deyil. O 1945-ci ildə, yəni 2-ci Dünya Müharibəsində bütöv şəhərlərin viran qoyulduğu, onların əhalisinin yer üzündən silindiyi bir dövrdə dünyaya gəlib. Buna görə də itənləri, naməlum qalanları xatırlamaq, yaddaşda bərpa etmək ehtiyacı duyub.

Hichcosk və Modiano

Modiano deyir ki, sevdiyi yazıçıların bioqrafiyasını oxumaq istəyəndə bunu xeyli götür-qoy edir. Çünki bioqraflar elə xırda və az vacib olan detallara varırlar ki, bütün bunlar yazıçının əsl kimliyini kölgədə qoyur. Lap, radio dalğalarını eşidilməz edən maneələr kimi.

Amma Modianonun fikrincə, eyni zamanda bioqrafiyanı oxuyanda bəzən, uşaq vaxtı sənət adamının başına gələn elə hadisədən agah olursan ki, bu onun yaradıcılığına işıq salır.

Məsələn, məşhur Amerika rejissoru Alfred Hitchcock-un 5 yaşı olanda atası ona məktub verib polis əməkdaşı olan dostuna çatdırmağı tapşırır. Məktubu alan polis uşağı, adətən cinayətdə şübhəli bilinənlərin saxlandığı kameraya salıb ağzını qıfıllayır. Uşaq bir saat həmin kamerada qalır və polis onu oradan çıxaranda “indi bildin pis iş tutanda adamı nə gözləyir?” deyir. Modiano düşünür ki, bu hadisənin qorxu, dəhşət, həyəcan dolu filmlərin ustası olan Hitchcock-un yaradıcılığına təsiri olmamış deyil.

Modiano deyir ki, uşaq vaxtı yaşadıqlarının onun öz yaradıcılığına da təsiri olub. Çünki uşaq vaxtı çox olub ki, günləri valideynlərinin dostlarının evində, yaxından tanımadığı insanların evində keçib. Müxtəlif məkanlarda. Bir müddət sonra həmin adamlar, yerlər onun yadından çıxıb və onlar haqda məlumat toplamaq ehtiyacı hiss edib. Yazmaq istəyi də onda bu cür yaranıb. Gerçəkdə izinə düşə, sirrini aça bilmədiklərinin, itənlərin axtarışına təxəyyülündə çıxmaq, naməlum qalanları bir-birinə calamaq…

“Doqquz, ya da on yaşım olanda azmaqdan qorxsam da, təkbaşına şəhəri gəzməyə başladım. Getdikcə daha uzaqlara - şəhərin kənarlarına gedib çıxırdım”. Modiano deyir ki, daha sonra Sena çayının digər sahilinə də keçib. Metrodan da istifadə etməyə başlayıb. Öz qorxularına qalib gəlib. Hətta gecələr də gəzintiyə çıxmağa başlayıb.

Öz şəhərini getdikcə daha çox tanıyıb. Onda 19-cu əsrdən bəri Paris, London, Sankt-Peterburq, Stokholm kimi şəhərləri öz əsərlərinin əsas mövzusuna çevirmiş yazıçılara heyranlıq yaranır.

Doğma şəhərinə uşaqlıqdan bu cür bağlandığını deyən Modiano hər küçənin onda sevinc, məyusluq, yaxud başqa hiss yaratdığını bildirir. Şəhər beləcə, uşaqlıqdan yazıçının həyatının bir hissəsinə çevrilib. Gənc yaşlarında yazıçılığa başlayanda isə Modianoya Parisin keçmiş telefon-məlumat kitabları kömək edib. “Düşünürəm ki, ilk kitabımı yazmaq istəyi məndə Parisin köhnə telefon-məlumat kitablarını vərəqləyərkən yaranıb. Qələmlə bəzi naməlum şəxslərin adları, ünvanları və telefon nömrələrinin altından xətt çəkirdim və düşünürdüm ki, yüz minlərlə insan adı arasında bu adamlar necə bir həyat yaşayıblar”.

“Bilmək istəyirdim ki, niyə məhz məni seçiblər”

Modiano Nobel nitqində deyir ki, mükafata layiq görülməsi xəbərini eşidən gün bu ona qeyri-real gəlib. Bilmək istəyib ki, niyə məhz onu seçiblər. Həmin gün anlayıb ki, yazıçı öz əsərinə qiymət vermək məsələsində nə dərəcədə kordur. Bu məsələdə oxucularından nə qədər az məlumatlıdır:

“Yazıçı heç vaxt öz oxucusu ola bilməz. O bunu yalnız əlyazmasını oxuyub səhvləri düzəldəndə, təkrarları, artıq abzasları çıxaranda edir. Onun öz kitabı haqda məlumatı adətən, yarımçıq və dolaşıq olur”.

Modiano deyir ki, bu mənada yazıçı tavanda böyük freskanın hansısa detalı üzərində işləyən və çəkdiyi rəsmi tam olaraq görə bilməyən rəssama bənzəyir. /oxu zalı/

# 1424 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #