Elxan Nəcəfov
“Qadın corabları” romanı haqqında
Frans Kafkanın bir fikri var: “Əgər oxuduğumuz bir kitab bizi başımıza vurulan bir zərbə kimi sarsıtmırsa, niyə oxumaq üçün əziyyət çəkək ki”? Məncə, bu yazıçı üçün böyük meyardır. Oxucunu qazanmaq və oxucunu itirməmək lazımdır. Oxucunu qazandıqca daha yaxşı oxucunu və daha çox qazanmağa cəhd etmək lazımdır. Necə ki, dəb düşüb, qulaq asdığı musiqilərə görə insanların “səviyyəsini” müəyyən edirik, eləcə də oxuduqları əsərlərə görə bu “səviyyə ölçən” cihazımızı tətbiq edə bilərik.
Son zamanlar yazarlar çoxalır və eyni zamanda oxucular da çoxalır. Hər ikisi müsbət haldır. Amma bir nüans var. Yazıçı oxucunun cibindən qazanır, oxucu isə yazıçının əlindən və beynindən. Yaxşı yazıçı yaxşı oxucu formalaşdırmağa məcburdur. Elə bir oxucu ki, bədii söz sənətinin estetikasını duysun, tərbiyə olunsun və yol tutsun.
Əlimdə yazdığım yazı (və ya Sizin oxuduğunuz yazı) müasir Azərbaycan ədəbiyyatında postmodernist təfəkkürlə bir çox kitablar yazmış yazıçının əsəri haqqındadır. Hansı ki, müəllifin bu əsərini, həqiqətən, böyük səbirsizliklə gözləyirdim. Nəhayət, kitab çap olundu, təqdimatı oldu və mən də o kitabı əldə edib oxudum. Hətta müəllif o kitabı mənim üçün imzaladı da! Təşəkkür edirəm. Hə, bir də müəllif şəxsən özü ciddi şəkildə fikirlərimi, təkliflərimi və iradlarımı qeyd etməyimi istəmişdi. Bu yazı da mənim fikirlərim, təkliflərim və iradlarımdır. Haqqında yazacağım Cəlil Cavanşirin “Qadın corabları” əsəridir.
“Hədəf” Nəşrləri tərəfindən çap edilən kitabda az da olsa, müəyyən texniki qüsurlar gözə dəyir. Xüsusilə, cümlə daxilində sözlərin arasına lazımsız defis işarələrinin düşməsi yorucudur. Yəqin ki, nəşriyyat bu və bu kimi məsələləri nəzərində saxlayar və aradan qaldırar.
Əsərin süjetinə gəldikdə... Məncə, müəllif, doğurdan da, yazıçı fantaziyası baxımından bütün parametrləri özündə formalaşdıra bilib. Əsərin süjetinin əlaqələnməsi, hadisələrin yadda qalmasının təmin edilməsi, mövzu ilə bağlı hərəkətlərin oxucunun gözündə kino lenti kimi canlandırılması baxımından yazıçı böyük məharət göstərib. Postmodernist səpkidə yazılmış bu əsərin bir azdan sadalayacağım qüsurlarına baxmayaraq, ən çox xoşuma gələn tərəfi müəllifin əsərdəki hadisələrə tez-tez şirin müdaxiləsi oldu. Belə ki, müəllif sanki əsəri yazanda oxucunun nə fikirləşəcəyini bilir və bu anda oxucu ilə söhbət edir. Əsərin bir yerində yazıçı özünə belə bir irad tutur: Boş-boş danışma, mən ölüm, guya şair səliqəli idi? Pintinin yekəsi idi, vicdan haqqı. Başqa bir yerdə müəllif obrazının yaşadığı hansısa sarsıntıya belə bir müdaxilə edir: Bu məqamda Könülün hönkürməsi bir müəllif kimi məni də kövrəltdi. İt qızı it... Əsərdən bu tipli sitatlar çox gətirmək olar. Yeri gəlmişkən, kitabın texniki qüsurlarından biri olaraq onu da əlavə edim ki, orta səhifələrə qədər müəlliflə oxucunun söhbəti kursiv yazı şəklində verilsə də, sonradan bu mətnlərin kursivə alınması unudulub.
Bir daha qeyd etmək istəyirəm ki, əsərdə yazıçı təxəyyülü və fantaziyası mükəmməldir. Amma bu fantaziya və təxəyyül nəyə sərf olundu? Əsərdən hansı nəticə çıxdı? Oxucu əsərdən nə aldı? Hansı mühit, hansı şərait və hansı həyat tərzi suallarına əsərdən cavab tapa bilərik? Əsərdən hansı obrazı özümüz üçün ideallaşdıraq? Sualları çoxalda bilərəm, amma...
Meşşan həyat tərzi keçirən, əsərin süjetinə görə ölmüş qəhrəman - Nicat Aslan şairdir. Nicat Aslan prototipdir. Əyyaş, özü üçün yaşayan, xəyalpərvər və təkdir. Qısası, faydasız insandır. Belə insan və ya insanlarətrafı, baş verən hadisələri nə qədər tənqid etsələr də, boş və mənasız, hətta nəticəsiz söhbətdən başqa bir şey olmayacaq. Və həmin insanlar heç kimə doğru yol ola bilməz. Baş verən hadisələr qəhrəmanın həyat tərzini oxucu üçün açıb ortaya qoyur. Əsər boyu insanlıq üçün faydalı bir iş görməyən qəhrəmanın məhvi ilə bağlı cəmiyyəti, mühiti və yeri gələndə hakimiyyəti günahlandıran müəllif, yəqin ki, zamanla yanaşma tərzindəki qüsurları görəcək.
Yaza-yaza fikirləşirəm, əsərdə müsbət qəhrəman var idimi? Xatırlamağa çalışıram, amma tapa bilmirəm. Ola bilər, fikrimlə bağlı müəllif desin ki, bəli, mənim əsərimin qəhrəmanı və qəhrəmanları var, ancaq müsbət qəhrəmanlar deyil. Yazıçıyam və bu baxımdan azadam. Mən o fikirlə razılaşaram. Amma oxucuya bir müsbət ideya, bir müsbət fikir, bir müsbət yol göstərmək olmazdımı?
Əsərdə kiçik parçaların əvvəlində verilən epiqraflar və kitabdakı şəkillərlə bağlı isə onu deyə bilərəm ki, qüsurlar çoxdur. Əvvəlcə şəkillərdən... Rəssama təşəkkürlər, işini biləndir, ona sözümüz yox. Amma şəkillər verildiyi yerə görə mövzu ilə səsləşmir. Yəni şəklin həmin hissədə danışılan hadisələrlə heç bir əlaqəsi yoxdur. Bəlkə, bu heç olmalı da deyil? Düşünürəm ki, olmalıdır. Mütləq. Problem epiqraflarla da bağlı yaşanılır. Sadəcə bir fakt bəs edər. “Qadınların qoruyacaqları yeganə sirr, bilmədikləri sirdir” – epiqrafından sonra verilən hissə epiqrafla qətiyyən səsləşmir. Hansı ki, səsləşməli idi. Çünki epiqraf əsərin hissələrinin sanki ikinci adıdır və ona görə də məzmunla səsləşməlidir. Epiqraflarla bağlı digər qüsurları isə digər oxucular tapar.
Əsərin dilinə gəldikdə... Son zamanların dəbdə olan açıq-saçıq ifadə tərzləri, söyüşlər, açıq intim səhnələr və həmin səhnələrin olduğu kimi təsvir edilməsi... Nəyə lazım idi bunlar? Müəllif nə qazandı, nə itirdi? Ucuz, dayaz, yəni bu tipli mövzularda əsər oxumağa həvəsli olan çox az sayda oxucu qazandı və ədəbiyyatın əsl mahiyyətini dərk edən, oxumaqdan ləzzət alan, kitab hədiyyə etməyi xoşlayan və s. çoxlu sayda oxucunu itirdi. Şəxsən özümdən götürürəm, mən bu kitabı kiməsə hədiyyə edə bilərəmmi? Misal üçün, müəllimimə, şagirdimə, dayıma, qardaşım oğluna, hansısa müəllim dostuma? Vallah, edə bilmərəm. Yaxşı, edim, ancaq əsərlə bağlı nə deyim? Deyim ki, oxuyub nə öyrənəcəksən, nə görəcəksən? Öyrənəcəklərini və görəcəklərini qısaca sadalayım. Çürük ideyalarla yaşayan insan obrazı, nəinki peşəsini, hətta həyatını düzgün yaşamayan polis obrazı, ailə dəyərlərini bütün eybəcərlikləri ilə, əxlaqsızlığı ilə yaşayan Hikmət və Könül kimiləri, erotik səhnələr, söyüşlər, narkomaniyanın təsviri və s.
Anlayacağınız, sanki bu əsərdə məhv olmuş bir cəmiyyətin təsvirindən zövq alan bir ideya daşıyıcısı görünür. Onsuz da televiziya kanalları istər verilişləri, istərsə də serialları və kinoları ilə ailə bütövlüyünü pozan, böyük-kiçik anlayışını məhv edən, dəyərlərimizdən uzaqlaşmağa yönəldən proqramlarla dolmayıbmı? Bu əsər də onlar kimidir. Hə, sonra da hamımız imkan düşəndə ideal cəmiyyətdən danışacağıq. Düşünək də, məhv etdik axı bu cəmiyyəti.
Dostum Cəlil Cavanşirə bir sual vermək istəyirəm. Kitabda, qeyd etdiyiniz kimi, iki il üzərində çalışdığınız bu kitabınızı hansısa məktəbliyə və ya sizdən yaşca ya balaca, ya da böyük, doğru yol göstərməyə çalışdığınız bir insana hədiyyə edə bilərsinizmi? Deyə bilərsinizmi, bu əsəri oxusun və müəyyən doğru istiqamət alsın?
Mən “Qadın corabları” əsəri üzərindən çıxış edərək müəllifə, həmçinin bu cür yazan müəlliflərə səslənirəm. Təxəyyülünüzü, istedadınızı araşdırıcı, təhlil edici, yol göstərən, iz qoyan əsərlərə sərf edin. Sizə şöhrət lazımdırsa, nüfuz lazımdırsa, hamısı onda olacaq. Müəllif mənim bu sualım haqqında da düşünsün. Bu əsəri “Xudafərin körpüsü”, “Dumanlı Təbriz”, “Dəli Kür”, “Əli və Nino”, “Dolu”, “Ümidlərin izi ilə” və s. kimi romanlarla eyni cərgəyə qoymaq olarmı? Məncə, Cəlil Cavanşirdə sadaladığım əsərlərin müəlliflərində olan yazıçı təxəyyülü var, sadəcə o istiqamətdə, o üslubda və onların toxunduğu mövzularda yazsa, daha dəyərli olar.
Hörmətli müəllif, ola bilər, müəyyən fikirlərim Sizi incitmiş olar. Bunu bir oxucu və bir dost olaraq yazdım. Sizin əsərinizin mənim üçün bir dəyərli tərəfi də budur ki, mənim bu mövzuda oxuyacağım ilk və son əsər “Qadın corabları” olacaq.