Xan Şuşinskinin qızı: “Gördüm, Şövkət Ələkbərova atama deyir ki...” – ŞƏKLİNLƏ DANIŞ

<span style="color:red;">Xan Şuşinskinin qızı:  “Gördüm, Şövkət Ələkbərova atama deyir ki...” – <span style="color:red;">ŞƏKLİNLƏ DANIŞ
23 noyabr 2017
# 09:00

Kulis.azın “Şəklinlə danış” layihəsinin budəfəki qonağı dahi muğam ifaçısı Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyevdir.

Bəyimxanımla əlaqə saxlayıb müsahibə üçün razılığını alanda eyni zamanda həyat yoldaşı, tarzən Fikrət Verdiyevlə də görüşmək istədiyimi bildirdim. Sağ olsunlar, məni qırmadılar, görüşmək üçün Muğam Mərkəzini seçdik. Çay süfrəsi ətrafında maraqlı bir müsahibə alındı. Bəyimxanım atası Xan Şuşinskidən tutmuş Səməd Vurğuna qədər bütün nəhənglərdən danışdı. Üzünü yalnız şəkillərdən gördüyüm sənətkarlar gözlərim önündə canlandı.

- Fikrət müəllim, yaradıcılıq fəaliyyətinə neçə yaşınızda başlamısız?

Fikrət V: - 55 ildir ki, sənətdəyəm. Uşaqlıqdan musiqiyə hədsiz həvəsim olduğundan, hələ televiziya olmayan vaxtlarda valları dinləyirdim. Anam musiqiyə olan həvəsimi görüb məni musiqi məktəbinə apardı. Mən pianonu ilk dəfə musiqi məktəbinə yazılmağa verəndə gördüm və musiqi duyumum pianoyla dil tapmağa kömək etdi. İlk ifam Qənbər Hüseynovun “Cücələrim” mahnısı oldu. İfamı eşidən məktəb direktoru məni dərhal məktəbə qəbul etdi. Sonra qrupumuza rəhbərliyi də mənə tapşırdılar. Bir müddət sonra regionlar üzrə uşaq kollektivlərinin müsabiqəsi elan olundu. İyirmi nəfərlik qrupla o müsabiqəyə qatıldım və qalib olduq. On beş yaşımda məni işə götürdülər, on yeddi yaşımda Sərkər kəndində Xanlar rayonunun musiqi məktəbinin filialını açdım. 1969-cu ildə Göygöl ansamblını yaratdım. 1977-ci ilədək professional özfəaliyyət olaraq çalışdıq, 1977-ci ildə bizim ansambla dövlət statusu verildi. Beləcə günü bu gün də dayanmadan çalışıram. Yaradıcılığım boyu iki böyük ansambl yaratmışam: “Göygöl” və “Neftçi” dövlət mahnı və rəqs ansamblı.

- Bəs ilk dəfə keçirilən böyük konsertiniz yadınızdadır?

Fikrət V: - Altı ay məşqlər etdik keçirəcəyimiz böyük konsertçün. Gəncədə heç kəs izin verməyəcəkdi qızları səhnəyə çıxarmağa deyə, öz cibimdən xərc çəkib Bakıdan on iki qız, on iki oğlan rəqqas gətirtdim. Filarmoniyanın açılışına başda Fikrət Əmirov olmaqla nə qədər adlı-sanlı insanlarqatıldılar. 1200 nəfərin olduğu zalda möhtəşəm açılış etdik, gələn qonaqların ağızları açıq qalmışdı.

Bəyimxanım V: - Hətta Mixail Boyardskini, Müşerref Akayı Azərbaycana ilk dəfə gətirən də məhz Fikrət müəllim olub. Bütün dost-tanışlarına, qohumlara, icra başçısına demişdi ki, konsertə xanımlarınızla gəlin, qoy camaat anlasın konsert salonunun həm də xanımlarçün olduğunu.

- Korifey sənətkarların mahnılarını yeni aranjemanda kimlərin ifasında bəyənirsiz?

Böyükxanım V: - Bütün musiqilərin əlifbası muğamdır. Bəstələnən bir mahnını hər müğənni özünəməxsus, ürəyinə necə yaxındırsa, elə oxuyur. Möhürünü vurduğu bir mahnını sən Şövkət Ələkbərova kimi oxuya bilməyəcəksənsə, oxumağa dəyməz.

Fikrət V: - Şəxsən mən Şövkət xanımın davamçılarından Aygün Bayramovadan başqa heç kəsi bəyənmirəm. Onun səhnə geyimi də, mədəniyyəti də, ifası da bunu deməyimə əsas verir.

- Bəs estrada müğənnilərindən kimləri dinləyirsiz?

Bəyimxanım V: - Böyük məktəb keçmişəm deyə qiymətləndirməyə savadım çatır. Estrada ifaçılarından Röyanın səsini bəyənirəm, istənilən mahnıya yeni nəfəs verir. Ağlıma ilk gələn Röya oldu, amma bütün ifaçılara hörmətim var. Hərənin öz yeri var səhnədə və hər birinin öz tamaşaçısı, dinləyicisi var.

- Son günlər gündəmdən düşməyən Fədayə Laçının adından “Laçın” adının götürülməsini tələb edənlər oldu. Bir qarabağlı olaraq buna münasibətiniz necədir?

Bəyimxanım V: - Fədayə xanım çox gözəl müğənnidir, mən onun səhnə fəaliyyətini çox bəyənirəm. O hər mahnıya öz ürəyini qoyur. Fədayənin səsi üç-dörd say-seçmələrdəndir. Adından “Laçın”ın götürülməsinin qəti əleyhinəyəm. Sənət başqa, şəxsi həyat başqa. Sadəcə onu deyə bilərəm ki, kaş belə olmayaydı.

- Sənətkar qızı, sənətkar xanımı – bunlardan hansıyla daha çox öyünürsüz?

Bəyimxanım V: - Mənim kiçik nəvəm Bülbül adına orta musiqi məktəbində oxuyur. Hərdən mənə elə gəlir ki, mən hamısından çox onunla qürur duyacam. Böyük sənətkarın ailəsində göz açmışam, Xanın qızı olduğum üçün çox xoşbəxtəm, bütün dahi sənətkarlar evimizə gəlib-gedirdilər, evimiz elə bil konsert salonu idi. Sonra sənətkarın xanımı oldum, bütün ərköyünlüklərimin qarşısında ancaq Fikrət müəllim dura bilərdi. Xanın yadigarı kimi hər zaman ucada saxlayıb məni.

- Fikrət müəllimlə necə tanış olmusuz?

Bəyimxanım V: - 1976-cı ildə Hökumət eviylə üzbəüz binada bizə ev verdilər. Evə köçəköçdə təsadüfən Fikrətlə rastlaşdıq. Atama yaxınlaşıb özünü təqdim etdi, atam da onu tanıdığını, sənətini çox bəyəndiyini dedi. Nə isə, atam Fikrətlə sağollaşıb ayrıldı, evə çatdıq, Şövkət xanım zəng vurub bizə gələcəyini dedi. Şövkət xanım həm atamın tələbəsi, həm də bizə bibi əvəzi olub. Bizə gəldi, atamla qonaq otağına keçib qapını bağladı. Bir onu eşitdim ki, Şövkət xanım atama: “Xan, mən sənə başımla cavabdehəm ki, Fikrət yaxşı oğuldu” - dedi. Beləcə həm də Fikrətgilin ailəvi dostu olan Şövkət Ələkbərova mənə elçi gəldi. Fikrətin ailəsiyla tanış olduq, bir müddət sonra toyumuz oldu. İndi hər kəsə nağıl kimi görünən sənətkarlar iştirak etdi toyumuzda.

- Sizə elə gəlmir ki, sənətçiylə ailə qurmaqla risk etmisiz?

Bəyimxanım V: - Ümumiyyətlə, mən riski sevən qadınam. Sevən qadın gərək hər şeyi qəbul edə. İndiki gənclər ailə həyatının bir tərəfini düşünürlər, digər tərəfini düşünmürlər, məsuliyyətini dərk etmirlər, ona görə də bir az büdrəyən kimi ailəni dağıtmağı qərara alırlar. Qadın kişinin təkcə həyat yoldaşı, sevgilisi, uşaqlarının anası yox, həm də dostu olmalıdır. Qırx ildə bunların hamısından keçə-keçə gəlmişəm, həyatım asan olmayıb.

- Son illər muğamımız əməlli-başlı inkişaf edib.

Fikrət V: - Bəli, Azərbaycan mədəniyyətinə, muğamlarımıza heç vaxt bu qədər dəyər verilməmişdi. Əvvəllər də muğam oxunurdu, xalq çox sevirdi, amma dövlət səviyyəsində qiymətləndirilmirdi. 90-cı illərdə muğam batıb getmişdi.

Bəyimxanım V: - Bu gün saysız-hesabsız gənclər gəlib muğama. Görürlər, dəstək var, gəlirlər. Əsl sənətkarlar öz layiqli qiymətini alır, Azərbaycan muğamları dünyanın möhtəşəm konsert salonlarında alqışla qarşılanır. Əgər illərdir Xan Şuşinskinin adı dillərdən düşmürsə, sevilirsə, deməli muğam var və muğam var olduqca sənətkarlar da var olacaq.

# 2074 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #