“Əli Kərim saatlarla bir ağaca baxa bilərdi” - ATAMIN XATİRƏSİ

“Əli Kərim saatlarla bir ağaca baxa bilərdi” - <span style="color:red;">ATAMIN XATİRƏSİ
10 dekabr 2014
# 12:03

Kulis.az “Atamın xatirəsi” layihəsi çərçivəsində görkəmli şair Əli Kərimin oğlu Paşa Əlioğlu ilə söhbəti təqdim edir.

Söhbət APA TV-nin “Kulis” verilişində olub.

- Paşa müəllim xoş gördük...

- Xoş gününüz olsun.

- Paşa müəllim, Əli Kərimin vəfatından 45 il keçir və onun bu qədər xatırlanması bir oğul kimi sizə necə təsir edir? Adamlar var ki, atalarının xatırlanması üçün daima cəhd edir. Siz isə bunun üçün xüsusi bir şey etməsəniz də Əli Kərimin adı hər yerdə var. Bu, necə hissdir?

- Mənim yaşım Əli Kərimdən xeyli çoxdur. Əli Kərimin vəfat etdiyi yaşı keçmişəm. Əli Kərim 1931-ci ildə anadan olub, 1969-cu ildə vəfat edib. Mən atamın təsiri ilə ədəbiyyatı ixtisas olaraq seçdim və özümdən razıyam ki, məhz bu ixtisası seçmişəm. Hər zaman düşünmüşəm ki, ədəbiyyatın əsas meyarı vaxtdır. Bəlkə 44-45 il də azdır. Bu tək ədəbiyyata aid deyil, həyatın bütün sahələrinə aiddir: müəyyən bir vaxt keçməlidir. İnsanın sağlığında, xatirəsini əbədiləşdirmək üçün ciddi fikir söyləmək mümkün deyil.

- 45 il kifayət etmirmi?

- 45 il yaxşı vaxtdır. Amma məncə bundan sonra da vaxt keçsə yaxşı olar. 45 il göstərdi ki, Əli Kərim güclü hamisi olmadan da aktuallığını qorudu. Amma adını yaşatmaq üçün kifayət qədər addımlar atılır. AYB-nin poeziya mükafatı Əli Kərim adınadır. Sumqayıtda Əli Kərim adına poeziya klubu var. Amma Əli Kərim ən böyük qiyməti oxucularından, ədəbiyyat bilicilərindən və araşdırmaçılarından alıb.

- Əli Kərimin poeziyası ilə bağlı xatirə kitabları yazılıb, içərisində çox layiqliləri, gözəlləri də var, uydurma olanları da var. Sırf poeziyası ilə bağlı, modernist poeziyası ilə bağlı ən kamil araşdırma hansıdır? Belə bir araşdırma varmı?

- Bununla bağlı bir neçə nəfərin adını çəkim. Arif Abdullazadə adlı bir alim vardı, Allah rəhmət eləsin. Onun doktorluq dissertasiyası poeziyadakı novatorluqla bağlı. Orda bu məsələ artıq başlamışdı.

- Bu nə zaman yazılıb?

- 80-ci illərdə onun yazdıqları artıq kitab halında da çıxdı. Amma sonrakı dövrlərdə irəliləyişlər də oldu. Bir neçə adamın tədqiqatını deyə bilərəm. Məsələn, Tofiq Hacıyevin Əli Kərimin poetik dildə etdiyi novatorluqdan bəhs etdiyi məqalələri var. O məqalələrdən birini biz ön söz kimi onun kitabına qoymuşuq. Hamısının adını birdən-birə yadıma düşmür. Açığı bu sualı gözləmirdim. Ancaq iki nəfərin də adını çəkim. Biri bizim çox görkəmli tədqiqatçı Vaqif Yusiflidir. Əsil tənqidçi deyiləndə mənim yadıma düşən adam odur. Bir də Cavanşir Yusifli. Vaqif Yusiflinin də tədqiqatı müasir Azərbaycan poeziyasına həsr olunub və Əli Kərimə xüsusi bölmə həsr olunub. Cavanşirin isə iki kitabı var. Bu kitablar Əli Kərimin ədəbiyyatda nə etdiyini izah edən, bir az da olsa onu açan əsas kitablardır. Bundan başqa kimlərsə yazıbsa da mənim xəbərim yoxdur.

- Siz Əli Kərimin övladısınız və şeirlərində sizin adınız çəkilir. Eyni zamanda ədəbiyyatşünassınız. Ümumiyyətlə ədəbiyyatşünaslığın Əli Kərim yaradıcılığına verdiyi reaksiya sizi qane edirmi? Ümumiyyətlə bu barədə görülən işləri məqbul hesab edirsinizmi? Ədəbiyyatşünaslıq Əli Kərim haqqında son sözü deyibmi?

- Ümumiyyətlə Azərbaycan şeiri haqqında son söz hələ deyiləcək. Böyük bir siyahı deyə bilərəm ki, hələ onlar haqqında son söz deyilməyib. Ədəbiyyatşünaslığın bu reaksiyasını da təbii hesab edirəm. Bu olmalıdır.

- Sizin ədəbiyyatşünas kimi xüsusi istiqamətiniz nədir?

- Mən ədəbiyyat tarixçisiyəm və Əli Kərim yaradıcılığına da ədəbiyyat tarixçisi olaraq baxıram. İşimiz gələcəyin ədəbiyyat tarixini yaratmaqdır. Bu ədəbiyyat tarixidir.

- Ədəbiyyatşünas kimi Əli Kərim haqqında nə isə yazmağı düşünürsünüzmü?

- Əslində şair Əli Kərim haqqında danışmağa məni yox Cavanşir Yusiflini çağırmaq lazımdır. Belə düşünürəm ki, mənim əsas işim onun haqqında yazılan xatirələri toplamaqdır. Şairin şəxsiyyəti və yaradıcılığı bir-birindən ayrı düşünülməməlidir. Məsələn Altay Məmmədovun “Tanıdığım Əli Kərim” adlı kitabını oğlu ilə birlikdə çap etdik. Redaktoru da mənəm. Bütün xatirələri toplamaq lazımdır. Xatirə yazan rəhmətə getdisə, qurtardı. Əli Kərim rəhmətə gedəndə 10 yaşında idim və kifayət qədər xatirələrim var. Amma o vaxt Əli Kərimlə, Rəsul Rzayla, Əhməd Cəmillə dostluq etmiş Vaqif İbrahim mənə dedi ki, xatirələrimi yazmaqda tələsməyim. Çünki uşaqlıq xatirələri elədir ki, heç vaxt unudulmur. İndi başa düşürəm ki, o düz deyirdi. Məncə Əli Kərimin daxili dünyasını açmaqla, onun haqqında çox söz demək olar. Onun əsərlərində özü və dünyası var. Məsələn, romanında özü və atası var. Şeirlərində uşaqlığı var. Mən yazıram bu səpkidə və tələsmirəm.

- İri həcmli bir yazı olacaq?

- Nə varsa onu yazacam. Amma xüsusi şəkildə iri həcmli kitab yazmağa çalışmıram. Bəziləri xatirə yazanda ora lirik ricət əlavə edib kitabın süni şəkildə həcmini artırmağa çalışır. Məncə nə varsa onu yazmaq lazımdır.

- Bu yaxınlarda şairlərin şeir oxumasıyla bağlı bir məqalə oxudum. Bizim şairlər adətən öz şeirini oxumur, aktyorlar, aktrisalar oxuyur. Amma şairin özünün öz şeirini oxuması başqadır. Əli Kərim öz şeirlərini necə deyirdi?

- Əli Kərim öz şeirlərini çox yaxşı oxuyurdu. Ömrünün sonlarna yaxın Conni Rodarinin hekayələrini tərcümə edirdi və bizə oxuyurdu, bizdə yaratdığı reaksiyanı müşahidə edirdi. Ümumiyyətlə şeir oxumağı sevirdi. Aktyorlar kimi bəlağətli oxumasa da, xüsusi vurğulamaq istədiyi yerləri qeyd edirdi. Öz səsi ilə bir neçə şeiri var. Radionun fondunda o şeirlər durur. Ancaq internet məkanında yalnız Əli Kərimin öz saytında səs yazıları var.

- Hər şairdən sevdiyimiz bir şeir olur. Amma Əli Kərimdən sevdiyim bir neçə şeir var. Siz hansı şeirini sevirsiniz? Sizə həsr etdiyi şeirləri də var.

- Bizə həsr etdiyi şeirləri var. Amma mən bir şeir deyə bilməyəcəm. “Buruq” şeiri var ki, Əli Kərimin özüdür. Bulaq haqqında bir şeiri var. O şeirdə yazır ki, elə bir həyat yaratmalıyıq ki, bulağın dibindəki daşlar necə görünürsə, hər şey elə aydın olsun. Onun daxili dünyası orda açılır. Qəfil sual veriləndə, xatırladığım şeirləri deyirəm. “Atamın xatirəsi” şeirini sevirəm. Əli Kərim atasını sevirdi. O şeir Əli Kərimi açır. Anar müəllim bir xatirə danışır ki, yazıçıların istirahət evində hara gedirdiksə avtobus arxamızca gəlirdi. Orda deyir ki, Avtobus bizi tale kimi təqib edir. Əli Kərim yumor hissi olan adam idi. Dəfələrlə dostlarının yanında bu söhbətlərdə iştirak etmişəm. Zarafatlarına özü gülmürdü.

- Sovet vaxtı Əli Kərimin atası haqqında şeiri dərsliklərdə vardı. Şeiri əzbərləyib dərsdə deyib qiymət alardıq. “Moskvada oxuyurdum, tərk etdi bizi” misrasını dərsliyə salmamışdılar. Bəzən bu barədə yazıblar. Kələntər Kələntərli yazıb, başqaları yazıb. Əli Kərimin ölümünü xeyli faciələşdirmək cəhdi var. Müxtəlif adamların üstünə atırlar. Məsələn Rəsul Rza elədi, filankəs elədi deyirlər. Siz alim kimi Əli Kərimin faciəsi nə idi? Erkən ölümü nə ilə bağlı idi?

- İstənilən bir sənətkarın istedadı varsa yaşadığı dövrlə müxalif olmalıdır. Sovet dövrünün necə olduğunu bilirik. Əli Kərimin Moskvada Qorki İnstitutunda Pasternakla ünsiyyəti olmuşdu, azadlığı hiss etmişdi. Totalitar rejim onu sıxırdı. Əli Kərim karyerist adam deyildi. Maddi vəziyyətinin ağırlığına dözən yarı dərviş kimi adam idi.

- Evdə siyasi söhbətlər edirdimi?

- Əlbəttə danışırdı. 68-ci il Çexoslovakiya hadisələrindən söhbətlər edirdi. Üsyançıların tərəfində olduğunu dəqiq xatırlayıram. Ana babam iki ali təhsil almış adam idi. Hər ikisi üsyançıların tərəfində idi.

- Şeir, ədəbiyyat haqqında kimlərlə atışırdı? Kimlərlə müzakirələr edirdi?

- Çıxışlarda, şifahi olaraq çox olub. Mətbuat səhifələrində yox idi.

- Əli Kərimə qarşı hücumlar olub. Süleyman Rüstəm və Nəbi Xəzrinin gənc şairlərin əleyhinə yazdığı yazı var. Rəsul Rza onu dəstəkləmişdi. O məqaləni oxumuşam. Və məkrli deyil. Süleyman Rüstəmlə Əli Kərimin şeir anlayışı fərqli idi. O yazırdı ki, Əli Kərimin şeirlərini oxumaq üçün alim olmaq lazımdır. Bütün deyilənlərə baxmayaraq başadüşülən Süleyman Rüstəm, yox Əli Kərim qaldı.

- Elmsiz şeir yoxdur. Süleyman Rüstəm də Füzulini bilirdi. Əli Kərim Süleyman Rüstəm nəslinin nümayəndələrindən öyrənməyin tərəfdarı idi. Yaşlılardan Rəsul Rzayla, Əhməd Cəmillə söhbəti yaxşı düşürdü. Anar müəllimin “Ağ liman” əsərində Məmməd Nəsir obrazının prototipi vardı, Məmməd Əkbər. Bizimlə qonşu idi. O keçmişdən bir qəlpə kimi qalmışdı. Qəzetlərdə uzun illər işləyib həyatdan ayrılmış adam idi. Əli Kərim onu dinləməyi sevirdi. Altay müəllim kitabında yazıb ki, Deevid Kopperfild efirdə Çin səddini keçirdi, amma baxırdın Çin səddi heç bir yerdən dəlinməyib. Əli Kərim ədəbiyyatda yenilik yaratmağı buna bənzəyirdi. Yeniliyi köhnəliyə ziyan vururdu. Ümumi fəlsəfəsi bu idi. Mən bunu yazmaq istəyirəm.

- Epiqraflarında Şekspir var. Çağdaşlarından kimləri sevirdi?

- Şekspirin məşhur olmayan əsərlərini diqqətlə oxuyurdu. Tolstoyu, Dostoyevskini oxuyurdu. Pasternaka ustad kimi baxırdı. Nobellə bağlı başına gələnlərə çox üzülmüşdü. Pasternak öləndə yazmışdılar ki, Ədəbiyyat fondunun üzvü Pasternak rəhmətə gedib. Bu da ona pis təsir etmişdi. Pasternakı çox şeylərdən uzaqlaşdırmışdılar.

- Landaunun kitabında belə təqdim edirlər ki, Lenin və Nobel mükafatı laureatı.

- Elədir. Nobeli ciddiyə almırdılar.

- Müasirlərinə, məsələn Nazim Hikmətə münasibəti necə idi?

- Nazimə yazdığı şeir, Nazimin arxivində var idi. Şeirin son bəndi ruscadır. Kitablarında yoxdur. Bizdə də o şeir yoxdur. Nazimin yoldaşı da o şeiri vermədi. Sonra tapa bilmədik. Kiçik qardaşım Orxanın adını Orxan Vəlinin adına görə qoymuşdu.

- Əli Kərim Orxan Vəlini necə tanıyırdı? O vaxt kitabları-filan çap olunmurdu.

- Çox çətinliklə, çox çətin üsullarla əldə edirdi. Rəfiq Zəka gedib gəlirdi, o dərgilər gətirirdi. Moskva xətti vardı. İslam İbrahimov Əli Kərimin dostu idi və Kafkanı tənqid etmişdi. Tənqiddə əsas məqsəd tanıtmaq idi.

- Kələntər Kələntərli xatirələrində yazır ki, Əli Kərim mənə həmişə oxumağı tövsiyə edirdi və mən oxumurdum. Amma hiss olunur ki, Əli Kərim ətrafına hər zaman oxumağı məsləhət görüb. Bizdə bir balaca istedada güvənib mütaliədən uzaq olmaq mərəzi var. Səməd Vurğundan gəlmə bir şey olsa da... Səməd Vurğun “oxuma quruyarsan” deyirdi. Səməd Vurğuna münasibəti necə idi?

- İki şeir həsr etmişdi Səməd Vurğuna. Bir təzad deyim sizə, o şair olsa da daha çox oxuyurdu. İşi-gücü oxumaq idi. Bakıda filologiya fakültəsinə qəbul olmuşdu. Yataqxanada yer olmadığına görə Teatr İnstitutuna getmiş, üçüncü kursdan sonra Qorki adına ədəbiyyat İnstitutuna ən istedadlı tələbələr seçilib göndərilmişdi. Beş ildə orda oxumuşdu. Təhsili bu cür idi. Səməd Vurğunun ölümünə və tələbələrlə Səməd Vurğunun görüşü haqqında şeir yazmışdı. Hamıya deyirdi ki, bir xəritə alın evdən asın və görəcəksiniz Azərbaycanın yerini və başa düşəcəksiniz ki, dünya ədəbiyyatını oxumaq lazımdır.

- Əli Kərimin özündən yaşlı nəslə hörməti olduğunu dediniz. Amma poetik mənada mən bu hörməti görmürəm. Klassik ədəbiyyatın kanonlarını dağıdıb, özündən əvvəlki yaradıcılığa məhvedici münasibətlə yanaşıb. Əli Kərimdən sonra Azərbaycan şeiri sərbəst vəz üzərindən inkişaf etməyə başladı.

- Əli Kərim şeir yazmaq məsələsini çətinləşdirən adamlardandır. Kanonları dəyişdi. “Zəhmət çəkib dünya ədəbiyyatından oxumaq lazımdır” fikrini gətirdi.

- Böyük şairlərdən sonra yeni bir şey yazmaq çətinləşir. Əli Kərimin epiqonları çoxdurmu?

- Məncə çox deyil. Ədəbiyyatda çox deyil. Qarabağ hadisələri vaxtında tez-tez deyirdilər ki, filankəs şəhidlik zirvəsinə ucalmışdır. Bu Əli Kərimin Nəsimiyə həsr etdiyi şeirin əsas fikridir. Bu bizim üçün adiləşib. Hər gün xəbərdə verirlər və biz hiss etmirik ki, Əli Kərimin misrasıdır.

- Klassiklərə münasibəti maraqlı olub. Füzuliyə yazdığı şeiri var. “Dünya səni qocaltdı, yaşıdın olsun deyə”. Ümumiyyətlə klassiklərə münasibəti maraqlıdır...

- Dərnək müəlliminə şeir həsr edib. Yazır ki, mən Füzulinin qapısını sizin tövsiyənizlə döydüm. Daxil olmaq yox, döymək məsələsi maraqlıdır.

- Əli Kərimin Nəsimiyə, Füzuliyə münasibəti fərqlidir. Əli Kərimin şeirlərində bayağı ithafçılıq yox, ciddi ədəbi münasibət var. Bizdə adətən ithaf şeirləri bayağı, bazar səviyyəsində olub.

- Məclisdə oxunmağa hesablanıb bayağı ithaf şeirləri. Ümumiyyətlə şeir məclisdə oxunmaq üçün yazılmamalıdır.

- Əli Kərim ailədə necə idi?

- Əli Kərim uşaqlara qoşulub uşaq kimi oynayan idi. Ailəsində uşaqlarının çox olmasını, vaxtını ailəsinə həsr edən adam idi. Bu işlərdən usanmazdı. Çox diqqətcil, bizə vaxt sərf etməyi özünə rəva bilən adam idi.

- Şeirlərini gecə yazırdı?

- Bizim yaşadığımız yerdə, gecə yazmaqdan başqa şərait yox idi. Ümumiyyətlə gecələr işləyirdi. Ölümündən sonra maraqlıdır ki, çoxlu dostları ortaya çıxırdı. Bütün bununla yanaşı təkliyi çox sevirdi. Saatlarla bir ağaca tək-tənha dayanıb baxa bilərdi.Bir sevgi şeirində sənət adamları üçün əslində çox yaxşı mesaj verib, “Sən mənim qədrimi biləsən deyə, Bu cavan yaşımda ölümmü indi”. Biz Əli Kərimin qədrini cavan yaşında ölməsə də biləcəkdik.

Söhbətləşdi: Qan Turalı, Qismət Rüstəmov

Hazırladı: Cəlil Cavanşir

# 3060 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #