Üzüm oğruları - Şəfiqə Şəfanın yeni hekayəsi

Üzüm oğruları - Şəfiqə Şəfanın yeni hekayəsi
24 oktyabr 2023
# 09:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsi çərçivəsində Şəfiqə Şəfanın “Üzüm oğruları” adlı yeni hekayəsini təqdim edir.

İki gündür yuxuda üzüm görürəm. Yuxu nədi, ayıq vaxtı belə gözümün önündə salxım-salxım, sarı-kəhrəba üzüm gilələri bərq vurur. Bilmirəm bu xəstəhal istək hardan gəldi... Bəlkə də, mövsümüdür... O gün bazara da yeşik-yeşik daşıyırdılar, alan kim, dadına baxan kim... Meylim çəkə bilər, amma yuxuma girəcək qədərmi?! Özüm cənubluyam, üzümə heç vaxt tamarzı qalmamışam. Hər mövsümündə rayondan yeşiklə göndərərdilər, bolluğundan bezərdik. Elə o vaxtdan üzüm meyvə siyahımda ən sona düşüb. Di gəl indi pulumun son manatlarını hesabladığım bir vaxtda könlümə necə şeytancasına giribsə, əl çəkmir. İşdən çıxmışdım. Üç-beş manat pulum qalmışdı. Əlimdə-ovcumda qalanlarla ən vacib ərzağı almışdım. Hələ şəhərə gedib əmək kitabçamı götürməliydim. Belə bir vaxtda artıq xərc edə biməzdim. Nə üzüm əşi! İndi candı da, könlünə düşüb, keçər.

Əl-üzümə su vurub, bir taxtdan, köhnə tək kreslodan, nimdaş xalçadan ibarət təkotaqlı kirayə evimə göz gəzdirdim. Şkaf olmadığından qırışmasın deyə, qapının kənarından asdığım paltarı götürdüm. Əlimlə “ütü”ləyib sahmanladım. Geyinib, üzümə-gözümə əl gəzdirib çıxdım. Bu gedişlə günortaya ancaq qayıdardım.

Nə matah oldu bu üzüm... gözüməmi görünür, şeytan oyunudumu, anlamadım. Yol boyu başımı hansı tərəfə çevirdim, üzüm gördüm. Avtobusda üzüm yeyən uşaq, dayanacaqda bir torba üzüm almış qoca, hətta yol kənarında meyvə satanlar da vedrə-vedrə üzümləri gözümə soxurdular. Qeyri-ixtiyari udqundum. Çoxdandı yemədiyimdən dadına yadırğamışdım. Yox, belə olmaz, qayıdanbaş iki salxım da olsa gərək alım, yoxsa şişərəm. Nə var bunda utanacaq, pulum buna çatır.

Köhnə zavod binasının tanış rütubət iyi burnuma vurdu. Dar, alaqaranlıq pilləkəni qalxdım, keçmiş iş yoldaşlarım məni xoş qarşıladılar. Hamısı ilə mehribanca görüşdüm, ordan-burdan, havadan-sudan danışdıq. Mühasib sənədləri hazırlayana qədər mətbəxə keçdim. Bu idarəni hələ də doğma hesab edirdim, üstəlik işin gedişatına da mane olmaq istəmirdim deyə çayımı mətbəxdə içmək istədim.

Mətbəxə girər-girməz gözüm işıqlandı. Daha doğrusu, gözüm əvvəlcə gördüyünə inanmadı. Stolun ortasında təzəcə yuyulmuş, üstündəki su damcıları səhər şehi kimi parıldayan bir tabaq üzüm qoyulmuşdu. Həm də sapsarı, kişmiş! İlahi, sən məni nəylə sınayırsan?! Yəni o qədər imtahan növlərini keçdik bir salxımdamı kəsiləcəkdim?.. Əlimlə toxundum, hələ də inanmırdım, necə deyərlər, bilsəydim dərgahın qapısı açıqdı, başqa şey arzulayardım, qismət üzümə imiş... Ömründə kimsənin malına nədi, çöpünə də göz dikməmişəm. Amma indi... Tez qapıya boylandım, arxayınlıq olsun deyə kip örtdüm. Bir salxımla nolacaq ki... Bircə salxım... Gilələyib şirəli üzümləri ləzzətlə çeynədim. Elə bil dilimə məlhəm yayıldı. Hələ bu ləzzətlə üzüm yediyimi xatırlamırdım. Uşaq vaxtı əlimin arxası ilə itələdiyim, yarımçıq gilələyib yediyim üzümlərin “ahı”ydı yəqin... Bir də ayıldım ki, bir tabaq üzümü təkbaşına yeyib qurtarmışam. Xəcalətimdən bir də qapıya sarı baxıb tez üzümün çöplərini topladım. Zibil qabına elə-beləcə ata bilməzdim, duyuq düşərdilər. Soyuducunun üstündəki saralmış qəzet dəstəsindən bir parça qopardıb çöpləri yığdım. Qabı sudan keçirib kənara təzəcə qoymuşdum ki, qapı zərblə açıldı. Sürücü idi – İlyas. Kobud, amma ürəyi pambıq kimi yumşaq əyalət adamıydı. Məni görcək üzü aydınlandı, lopa bığları qulaqlarının kənarına qədər dartıldı. Xətrimi çox istəyirdi. Hal-əhval tutandan sonra danışa-danışa stolun üstünə baxdı. Mat-məəttəl gözlərini döyüb, tez soyuducunu açdı. Axtardığını orda da tapmayıb duruxdu. Nə axtardığını bilirdim, üzüm onun imiş, sifətim xəcalətimdən od tutub yandı, necə etiraf edim axı?.. Kişi handan-hana donquldandı:

- O boyda tabaq hara yoxa çıxdı?! Götürüb yeyiblər ki? Hamının payını vermişdim də... Gərək elə bunu da yeyəydilər? – yaşlı kişinin üzündə uşaq pərtliyi vardı. Gözlərini üzümə qırpa-qırpa qalmışdı. Özümü o yerə qoymayıb ağzını aradım:
- Əşi, ay İlyas dayı, nübardı, hər kim yeyib yeyib də. Halal xoşu olsun, - sanki qarğıyıb burnumdan gətirəcək deyə qabaqdangəlmişlik elədim. – Deməli kimdirsə, onun qisməti imiş.

Kişi başını qaldırmadan, utancaq səslə dedi:
- Yox, qızım. O üzüm onu yeyənin qisməti deyildi. Sənin payın idi. Səninçün ayırıb qoymuşdum.

Qulaqlarıma inanmadım. Sevinc qarışıq təəccüblə, udquna-udquna təkrar soruşdum:
- Mənim?
- Həə, heyif... Arzum ürəyimdə qaldı. – deyib kətili altına çəkdi.

Anlamadım, nə arzusu? Sualımı gözlərimdən oxudu. İri, zəhmətkeş əllərini lopa bığlarına, alnının az qala yarısını tutmuş pırpız qaşlarına çəkib sözə başladı:
- Qaçqın düşəndə başımızı elə itirmişdik ki, bilmirdik neynəyək, hara üz tutaq. Çoxu Bakıya, Sumqayıta köç edirdi. Amma böyük şəhərlər gözümə dağ kimi görünürdü. Bu boyda külfətnən, südəmər körpəynən neylərdim oralarda. Ustəlik anam da xəstəydi. Elə çox uzağa getmədik. Dedilər Biləsuvarda qaçqın şəhərciyi var. Bir müddət orda qaldıq, amma anamın ağrıları rütubətli, soyuq çadırda lap artdı. Gecə-gündüz inildəyirdi. Bazarda yük daşıyıb qəpik-quruşla güclə dolanırdıq. Qaçqın payı da nə idi ki... Bir gün bazarda bir kişi məni yanına çağırdı. Neçə gündü məni izləyirmiş, yazığı gəlib. Dedi, Cəlilabaddanam, qardaşım şəhərdə yaşayır evi boşdu, gətir külfətini orda yaşa. Ev də yiyəsizlikdən ovulub tökülməsin. Özün də ki İran bazarında da işləyə bilərsən. Nə təhər sevindim, Allah... Yanımca gəldi, maşını da özü tutdu, yığışıb getdik. Rahatımız qaydasına düşdü, amma dolanışığımız çətin idi. Mənim də belimdə yırtığım var, ağırlıq olmaz əslində. Adımın kəramətinnəndi, ya nə, bu kişi yenə də Xızır kimi dadıma yetişdi. Gördü zülm çəkirəm, məni üzümlüyə qarovulçu düzəltdi. Canım dincəlməyinə dincəldi, amma maaşı az idi. Heç ayın sonunu görmürdü. Neynəyim, neynəməyim... hər axşam gizlincə bir-iki kilo üzüm dərib aparırdım. Satmağa yox ha, heç olmasa səhər uşaqlar yeməyə bir şey olsun. Yaxşı iş görmürdüm, əlbəttə, məni o əziyyətdən çıxarıb iş vermişdilər, o boyda ərazini tapşırmışdılar, mənsə... O hansı şairin sözüdü – ehtiyac qul eylər qəhrəmanı da?
- Səməd Vurğunun, - ləngimədən cavab verdim.
- Əhsən! Həə... – lopa bığları yana dartıldı. Qürur dolu baxışlarlarla məni süzüb davam elədi. – Bir gün üzümlüyün sahibiydi, ya kimiydi bilmirəm. O vaxt onsuz da Sovet dağılmışdı, başıpozuq vaxtlar idi. Üzümlüyü də yavaş-yavaş söküb yerini gənc ailələrə pay torpaq verirdilər. Deyəsən üzümlük də özəlləşmişdi. Hər nəysə o kişini iki-üç dəfə görmüşdüm, gəlib-gedirdi. Məni yanına çağırdı. Dalağım sancdı, dedim vəssalam, xəbər tutubmuş, indi abrımı ətəyimə bükəcək. Rüsvayçılıqdan gərək buralardan baş götürəm gedəm. Mən bu günədək haram tikə yeməmişdim. Həə, kişi çağırdı hal-əhval tutdu, güzəranımla maraqlandı. Üstündən də qayıdıb dedi ki, İlyas, yadımızdan çıxıb sənə deməmişik, xəbərin olsun ki, buranın işçilərinə hər gün iki-üç kilo üzüm aparmağa icazə var. Ay Allah... xəcalətimdən öldüm yerə girdim. Bildim ki, xəbəri var, amma məni utandırmamaq üçün bu cür deyir, yəni haqqındı, gizlin götürmə. Bir söz demədim, eləcə dil-ağız elədim.

Susub sol yanı üstünə çevrildi. Fikirli-fikirli dizini sığallayıb dedi:
- Yaxşı ki, oralarda çox qalmadıq. Yeznəm Bakıdaydı, məni yanına çağırırdı. Yerim-yurdum burdakı kimi rahat olmasa da ya qismət deyib getdim. Mən bu illər ərzində çox əziyyətlər çəkdim, amma neynək, kişi hər nə qədər çətinlik görsə də, dözər, ailəsini dolandırar, balalarını böyüdər... İndi özün görürsən, elə sürücülüklə başımı girləyirəm. Oğlum da böyüyüb, əl tutur. Şükür. Sonralar eşitdim sahibkar rəhmətə gedib. Onun ölüm xəbərini verən keçmiş iş yoldaşımın dediyinə görə, üzüm həqiqətən də hər kəsin payına düşürmüş. Nə bilim... yəqin öz payımı gizlin də olsa götürməyim, oğurluq sayılmaz. Ancaq yenə də ürəyimdə qaldı, kaş ki vaxtında etiraf edib üzr istəyərdim. O vaxtdan içimdə qəribə, uşaqcasına bir arzu vardı. İmkan düşsün, mən o üzümlərdən az da olsa geri verim. Özü də mütləq bir cəlilabadlı olsun. Təsəvvür edirsən, mən təzəlikcə öyrənmişəm sənin o zonadan olduğunu. Guya nolacaqdı ki, bir yeşiklə. Amma vicdanım rahatlayacaqdı. O da ki...

Birdən yerindən dik atılıb qapıya üz tutdu.
- Ay İlyas dayı, noldu, hara gedirsən?
- Əşi, oturub burda burnumu sallayanacan gedim yenə alım da. Yoxsa ürəyimdə qalar, vallah. Sənin payın...
- İlyas dayı, - kişinin sözünü kəsib gülümsədim. – Mənim payım çatıb, arxayın ol.
- Necə? Axı sən gələndə yox idi! Bəs üzüm hanı?
Əlimi qarnıma qoyub gülə-gülə:
- Bax burda! İndi qoy vicdanımız rahat olsun. Biz hər ikimiz elə öz üzüm payımızı oğurlamışıq... – dedim. Üzüm oğruları bir-birilərinə baxıb eləcə gülüşdülər. Bu dəfə arın-arxayın, gözlərindən gülürdülər.

# 2440 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #