Ürəkbulanma - Əli Zərbəlinin hekayəsi

Ürəkbulanma - Əli Zərbəlinin hekayəsi
3 sentyabr 2024
# 09:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Əli Zərbəlinin "Ürəkbulanma" hekayəsini təqdim edir.

– Harda qaldın?

– Çatıram, çatıram.

Emil öz ad gününə gecikirdi. Yığıncaq Sahibin evində baş tutacaqdı. Bir həftə əvvəl Sahiblə arabir getdikləri boğanaq kafedə işdən sonra oturub boğazlarını yaşlayanda söhbət Emilin ad günündən düşmüş, Sahib ondan iyirmi doqquz yaşını necə və harada keçirmək istədiyini soruşmuşdu, Emil isə düz-əməlli bir cavab verə bilməmişdi.

– Vallah, heç bu haqda fikirləşməmişəm. İşdən başım ayılır ki?! Çapırlar məni ofisdə.

Sahib göy-göyərtidən ağzına dürtə-dürtə yorğunluqdan və içəridəki bürküdən qızarmış içkili gözlərini ona dikmişdi. Ancaq dinib-danışmamışdı.

– Vallah, hansısa restoranda-filan yığışmaq heç ürəyimcə deyil, elə bugünlərdə fikirləşirdim ki, ev məclislərinin yeri başqadı. Ancaq bizim ev də balacadı, on-on beş nəfərin rahat oturacağı yer deyil.

Sahib baxışlarını aşağı dikib süfrədə yeməyə nəsə axtara-axtara təklif etmişdi:

– Bizdə yığışarıq, ev genişdi, kimi istəsən, çağırarsan. Binanın altında da əla bir kababçı var. Daha nə istəyirsən?

Emil, əvvəlcə, onun bu təklifini yarıladıqları arağın müsbət təsiri kimi qiymətləndirmişdi, ancaq sonradan başa düşmüşdü ki, Sahib təklifində səmimidir.

***

Emil iyirmi dəqiqə idi ki, tıxacda ilişib qalmışdı. Hava qaralmışdı. Gələn zəngləri açıb bircə kəlmə “çatıram” deyib söndürürdü. Əslində, düz deyirdi, qarşıdakı dairəni keçsə, on dəqiqəyə orda olacaqdı. Qabaqdakı maşın karvanına baxanda bağrı çatlayırdı. Həm evdən gec çıxdığına, dostlarını gözlətdiyinə görə özünü məzəmmət edir, həm də nəhayət, ünvana çatıb işdən heç cürə vaxt edib görüşə bilmədiyi dostlarını görmək, onlarla içib keflənmək, deyib-gülmək üçün səbirsizlənirdi. Hər dəqiqədən bir köks ötürür, ayağını qaza ehmalca basıb bir neçə metrdən sonra yenidən əyləci sıxır, arxaya söykənərək əllərini sükandan çəkib başının arxasında daraqlayır, sakit axşamda motorların uğultusu, tez-tez eşidilən səbirsiz siqnallar qulağına dolub onu bezdirəndə, fikrini dağıtmaq üçün narazı və narahat baxışlarını boş-boş reklam lövhələrində, yol nişanlarında, enli şosenin kənarında görünən təkər sexində, üstündə qırmızı fonda iri ağ hərflərlə “dönər” yazılmış budkada gəzdirirdi.

Dayanmadan tırıldayan avtomobillərdən çıxan işlənmiş qaz arxa faraların qırmız-narıncı işığında aram-aram burulub havaya qalxır, havada qatı, boz təbəqə yaradıb səmadakı ulduzları görünməz edirdi. Soyuq külək işlənmiş qazın zəhərli qoxusunu yolun kənarındakı müştərisiz xudmani “fast-food” məkanından yayılan iştahaaçan qoxuya qarışdırmışdı. Sürücülərin bəziləri bir gözü yolda telefonda qurdalanır, bəziləri qapalı şüşələrin arxasında deyinir, bəziləri də boyunlarını toyuq kimi dayanmadan sağa-sola burur, qarşıda azca boş məsafə yarandığını görən kimi qaz verib tez özlərini ora soxurdular.

***

Nəhayət, yol yavaş-yavaş açılırdı. Çox keçməmiş Emil də boynunu yolun sağ tərəfinə döndərib qorxu dolu maraqla baxan digər sürücülər və sərnişinlər kimi bazar günü belə bir tıxacın niyə yarandığını başa düşdü. Dəhşətli bir qəza olmuşdu. İki maşın qabaq-qabağa toqquşmuşdu. Hər ikisi tanınmaz hala düşmüş, ön tərəfləri əzilib-bükülərək arxaya sıxılmışdı, kənardan elə görünürdü, sanki maşınlar metaldan yox kağızdan hazırlanıblar. Əzik-üzük kağız parçasını andıran metal hissələr və ətrafa səpələnmiş çilik-çilik şüşələr uzağı bir saat əvvəl hərəkətdə olan bu maşınları qəfildən həmişəlik dayandıran faciənin izlərini daşıyırdı. Maşınlardan birinin mühərrikindən maye sızırdı; polis maşının göy-qırmızı işıqları yağ və antifriz damcılarının əmələ gətirdiyi gölməçədə sayrışırdı.

Ambulans təzə gəlib çıxmışdı. Təcili tibbi yardım işçiləri çaşqın görünürdülər. Aydın məsələ idi ki, sürücülər yerindəcə keçinmişdilər, bu dəmir-dümür xarabalığından sağ çıxmaq mümkün olmazdı. Emil asta sürətlə hadisə yerinin lap yaxınlığından sürə-sürə qəzaya uğramış maşınlara ötəri nəzər saldı. Maşınlardan birinin içi boş idi. Digərinin içində isə dəmir xarabalığına pərçimlənib tikə-tikə olmuş bir bədən sallanmışdı. Emil, əvvəlcə, nə gördüyünü başa düşmədi. Gözləri getdikcə bərəldi, rəngi saraldı, ürəyi sürətlə döyünməyə başladı. Tez başını çevirdi, halı birdən pisləşmişdi, az qaldı öyüyüb sükana qaytarsın.

Emilin ürəyi belə şeylər götürmürdü. Məsələn, heç vaxt şiddət filmlərinə baxmazdı, qan aldıranda iynənin damarını necə deşməyinə, şprisin qanla dolmağına baxmağa ürək eləməzdi, həmişə başını yana tutub fikrini başqa yerə cəmləyərdi. Bütün dostları onun “ağciyər” olduğunu bilirdi, hətta bir dəfə zarafata salıb ona zorla cərrahiyə əməliyyatı videosu göstərmişdilər; cərrahın əlindəki iti neştərin qəddar parıltısı, dəri qatlarını nazik səhifələr kimi yarıb açmağı, gur lampanın altındakı qırmızı-bənövşəyi, çəhrayı rənglər, iç orqanların selikli, damarlı şəbəkəsi, yarılmış bədənin içində qurdalanan, qana və bədən mayesinə bulanmış mavi əlcəklər ürəyini vurmuşdu, halsızlaşmışdı, əliylə telefonu kənara itələyib yerindən sıçramışdı.

Polislər və tibbi yardım işçiləri köməkləşib bir-birinin içinə keçən metal hissələrinin arasında ilişib qalmış cəsədi çıxarmağa çalışır, bir şey çıxmayanda əsəbi-əsəbi deyinir, biri digərinə qaş-gözünü oynadaraq göstəriş verirdi.

Emil özündən asılı olmadan başını yenə sağa çevirdi. Polislərin və həkimlərin dartaraq çıxarmağa çalışdığı xıncım-xıncım olmuş bədənə son dəfə nəzər saldı. Qələbəliyin arasından arabir aydın görünən sinəyə sallanmış xurd-xəşil kəlləyə baxa-baxa fikrə dalmışdı. Arxasındakı maşının siqnalı onu diksindirdi, qabağa sürüb yoluna davam etdi. Maşının pəncərəsini yuxarı qaldırmamışdan şüşə qırıntılarının təkərlərin altındakı xırçıltısını eşitdi.

***

Qapını Sahib açdı. Emili qucaqlayıb təbrik elədi, kürəyinə vura-vura tələsdirdi:

– Keç içəri, keç, səni gözləyirik. Paltonu ver mənə asım.

Emilin paltosunu asanda azca nəm olduğunu hiss elədi.

– Yağır?

– Elə çox yox.

– Mısmırığını niyə sallamısan? Nəsə olub?

– Yox.

Emil geniş qonaq otağına keçdi, utancaq təbəssümlə dostlarının təbriklərinə, arzularına görə minnətdarlıq etdi, iri stolun baş tərəfində onun üçün saxlanılmış yerdə əyləşdi. Süfrədəki doqquz adamın içində iş yoldaşları da vardı, uşaqlıq dostları da. Çaşqın görünürdü, bilmirdi nə danışsın, əllərini hara qoysun, hara baxsın. Bu gün səhər bu yığıncaq haqda düşünəndə buradakı atmosferi belə təsəvvür etməmişdi. Nəsə qəribə bir gərginlik vardı sanki ətrafda. Yoxsa, bəlkə gərgin olan özü idi?

Sahib telefonunu alma boyda səsgücləndiriciyə qoşdu, Eyyub Yaqubovun səsi otağa doldu. Masaya qayıdıb oturdu, araq butulkasını açıb rumkaları doldurdu.

– Gəlin bunu vuraq, qızışaq biraz. Üzrlü sayın, ev bir az soyuqdu.

Hamı ayağa qalxdı, təbəssümlə gözlərini Emilə dikdilər, bir ağızdan onun ad gününü təbrik edib rumkalarını toqquşdurdular və onun sağlığına içdilər. Emil donuq baxışlarla başını tərpətdi, heç kimin eşitməyəcəyi səslə “çox sağ olun” dedi, hamı oturanda o da oturdu. Əlindəki rumkanı hələ də havada saxlamışdı.

– Niyə içmirsən, Emil? – ayda-ildə bir dəfə görüşdüyü, ancaq bir vaxtlar çox yaxın olduğu uşaqlıq dostu Ravil çəngəlini lülə-kababa batıra-batıra çaşqınlıqla soruşdu.

Elə bil Ravilin sualından sonra Emil əlində dolu rumka olduğunun fərqinə vardı. Diksinib ona baxdı, gülümsəməyə çalışdı.

– İçirəm, içirəm – sözünü bitirən kimi rumkanı başına çəkdi, üz-gözünü turşudub masadakı bir litrlik düşes butulkasını qamarladı.

Yeməklərə o ki var girişmişdilər. Yeyə-yeyə danışır, rumkaları doldurub sağlıq deyir, arabir masanın başında qaradinməz oturan Emilə nəzər salırdılar. Bəzən ümumi müzakirədən kənar qalanlardan kimsə Emilə sual verib söhbətə başlamağa cəhd edir, ancaq bir-iki qısa cavabdan sonra söhbət bir nöqtədə qırılırdı. Yanaşı və üz-üzə oturanlar masa ətrafındakı küydən və Emilin bir nöqtəyə zillənmiş qayğılı baxışlarından istifadə edib qaşlarını çataraq soruşurdular: Ona nə olub? Niyə bikefdir? Arabir otaqdakı küy birdən kəsilirdi, bir anlıq səssizlik çökürdü, ancaq marçıltılar və çəngəl-bıçaq cingiltisi eşidilirdi.

***

İki saata yaxın vaxt keçmişdi. Spirt yanaqları allandırmış, gözləri kefləndirmiş, qəhqəhələri gurlaşdırmışdı. Hər dəfə bir nəfər ayağa qalxıb Emilin şərəfinə sağlıq deyirdi, Emil isə əlini ürəyinə qoyub başını tərpədərək minnətdarlıq edir, gülümsəyir və yenidən masanın başında qınına çəkilib fikirli-fikirli oturmağa davam edirdi. Hərdən dostlarından biri ona yaxınlaşıb niyə kefsiz göründüyünü xəbər alır, kürəyinə vurub bu gün onun bu əlamətdar günündə hamıdan daha şən, daha canlı olmalı olduğunu deyirdi.

Emil iştahasız yesə də, rumkası dolan kimi həvəslə başına çəkirdi. İçki artıq beynini dumanlandırmış, lakin canındakı qəribə ağırlığı hələ yuyub apara bilməmişdi. Masaya düzülmüş yeməklər, dayanmadan tərpənən dodaqlar, havada uçuşan zarafatlar, səsgücləndiricinin sədalarını eşidilməz edən gülüşlər ona çox uzaq görünür, daxili təlaşı ilə ziddiyyət təşkil edirdi. Özünü nə qədər məcbur etsə də, həvəslə gözlədiyi ad günü yığıncağından heç zövq ala bilmirdi.

Yox, belə olmaz, Emil düşündü, özümə gəlməliyəm. Mənə nə olub? Yığmışam camaatı başıma, bayaqdan heykəl kimi lal-dinməz oturmuşam. Ayıbdır. Hörmətsizlikdir. Niyə belə oldum? Nə oldu mənə? Özünə gəl, Emil!

Sahib əlində dolu rumka masadan qalxdı, Emilin yanına gəlib başının üstünü kəsdirdi. Sahib artıq sərxoş idi, rumkasını da ağzına kimi doldurmuşdu, masanın baş tərəfinə çatana kimi arağın yarısını xalçanın üstünə dağıtdı, bir-iki damcı da boz şalvarına düşdü.

– Gözəl qardaşım, – Emilə tərəf əyildi, nəfəsindən kəskin spirt və sarımsaq iyi gəlirdi, Emil qeyri-iradi üzünü ondan azca çevirdi, – niyə kefin yoxdur? Nə olub? – Sahib danışdıqca Emil düşündü ki, çox güman, özünün də nəfəsindən eyni qoxu gəlir – nəsə problemin varsa, de əlimizdən nə gəlir edək də, – Sahib dirsəyini stuldan çəkib Emilin çiyninə söykədi, söz tutmayan ağzını onun qulağına dirədi, az qala dodaqları Emilin qulağına toxunurdu, – bu gün sənin ad günündür e. Üzün gülsün. Danış, gül, ye, iç. Bax hamımız sənin yaxınların yığışmışıq bu gün burda. Sən bizim əzizimizsən. Həyat gözəldir. Yaşamaq gözəldir.

Digərləri onlara diqqət kəsilmişdi və Sahibin dediyi hər sözü başlarını tərpədərək təsdiq edir, Sahibin həm də onların əvəzindən danışdığına razılıq verdiklərini göstərməyə çalışırdılar.

Emil dostunun kefli və mehriban simasına baxdı, sonra gözlərini masada gəzdirdi, dibində azca içki qalmış butulkanı götürüb rumkasını yarıya kimi doldurdu, ayağa qalxdı. Uşaqlıq dostu Ravil “gözlə!” deyib cəld ayağa qalxdı, mətbəxə yüyürdü. Bir neçə saniyə sonra əlində təzə araq butulkası qayıtdı, ona uzadılmış rumkaları doldurdu.

– Hər şey qaydasındadır, – Emil dedi, – sizin sağlığınıza, – rumka tutduğu əliylə havada kiçik xəyali bir qövs cızdı, – sağlığınıza deyirəm ha, fikir verin, elə belə söz deyil bu. Sağlıq. Yəni sağ olmaq. Sağ olun, – sözünü bitirən kimi rumkanı başına çəkdi.

Acı maye boğazını içəridən cırmaqladı, bədəninə istilik yaydı. Düşüncələrinin üstünə görünməz bir örtük endi, sehrli bir örtük – reallığın dözülməzliyini yumşaldan, yuxu kimi bir duman təbəqəsi.

Rumkanı mədəsinə boşaldanda, gözlərini yumub başına arxaya atdığı anda bir neçə saat əvvəl gördüyü mənzərə yaddaşının sahilində dəniz fənəri kimi yanıb sönmüşdü; dəmir-dümürə pərçimlənmiş bədən, çiyindən qopub sallanmış qol, partlayıb dağılmış kəllə.

Bütün ağırlığı ilə taqətdən düşüb boşalmış bədənini stula vurdu. Alnında tər puçurlamışdı. Üzünü Sahibə tutub dedi:

– Oynamaq istəyirəm, Sahib. Oynamaq.

Sahib ona baxıb kefli bir qəhqəhə çəkdi.

– Bax bu başqa məsələ!

Sonra üzünü masadakılara tutub ucadan dedi:

– Eşitdiniz, ə? Qardaşımız oynamaq istəyir.

Sahib səndələyə-səndələyə Emilə yaxınlaşdı, əlindən tutub ayağa qaldırdı. Aləm bir-birinə dəymiş stolda telefonunu axtardı, elə bil telefonu qaranlıqda əl havasına axtarırdı. Boş araq butulkasını vurub aşırdıqdan, çeçələ barmağı acika qabında buladıqdan sonra, nəhayət, telefonu tapdı, “Youtube”da nağaralı, zurnalı bir hava qoydu.

Üzlərində sərxoş məmnunluq, gözləri yumulu, əllərini açıb yöndəmsizcə oynamağa başladılar. Masadakılardan bəziləri onlara baxa-baxa mənasız zarafatlar edib gülür, bəzilərinin fikri isə öz aralarındakı sərxoş söhbətdə idi. Çox keçməmiş Emil mədəsində spazmatik bir ağrı hiss etdi. Oynayıb yırğalandıqca içi çalxalandı, ürəyi bulandı, hıçqırmağa başladı. Mədəsindəki təhdidkar narahatlığı basdırmağa cəhd etsə də, mümkün olmadı, hərəkətləri yavaşıdı, ağzını tutub aşa-aşa tualetə qaçdı. Özünü unitaza çatdıra bilmədi, tualetin qapısını açan kimi öyüyüb kafelin üstünə qusdu. İkiqat olub əlləri dizində öskürürdü. Alt dodağından sallanan tüpürcəyi qoluna sildi. Çiynində sıxılan əl hiss edəndə qızarmış, halsız gözlərini yana çevirib Sahibi gördü. Sahib kranı açıb onun rəngi avazımış üz-gözünü yudu. Aparıb yataq otağındakı çarpayıya uzatdı.

Uzan burda bir az, özünə gəl, – astadan dedi və tualetə qayıtdı. Emilin gicgahları zoqquldayır, gözlərini yuman kimi otaq başına fırlanırdı. Yataq otağının qapısının ağzında addım səsləri, daha sonra isə Sahibin kal səsini eşitdi:

– Dəymə, qoy özünə gəlsin.

Yuxuya getməyi çox çəkmədi. Ayılanda isə qonaq otağından hələ də musiqi və gülüş səsləri gəlirdi. Ona elə gəldi ki, yatmamışdan əvvəl həyat haqda nəsə çox vacib, həlledici bir qənaətə gəlmişdi. Gözlərini qaranlığa zilləyib nə qədər fikirləşsə də, bu qənaətin nə olduğunu xatırlaya bilmədi.

P.S: Bu hekayə müəllifin "Hər şey dəyişəndə" adlı hekayələr toplusunda yer alıb.

# 2483 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #