Ulucay Akif: "Ordan gijdədiyim üçün çıxdım"

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

13 avqust 2024
# 12:24

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Şəhərdə bütün yolları qazıblar, qazmadıqlarını hasarlayıblar, setkalayıblar, hasarlamadıqlarından da keçənə söyüş qoyublar. Ol səbəbdən hər gün işə azı bir saat gecikirəm. Daha doğrusu, gecikmirəm, yubanıram. Müdirlər işə gecikmir, yubanır.

Hə… Yolları deyirdim axı… Bu hasar içində, bu hirs içində, nə olduğu bəlli olmayan havalarda adam özünə yer tapa bilmir, bir çiçək qoxusu, bir quş səsi də, daha ürəyinə yol tapa bilmir.

Çoxdan bu qənaətə gəlmişəm ki, Bakı yaşamaq üçün nəzərdə tutulmayıb. Bu şəhər yaşamaqdan başqa hər şey – işləmək, yorulmaq, xəstələnmək və ölmək – üçün nəzərdə tutulub.

Ağlı olan başını götürüb qaçar buradan. Hərdən bir dəli şeytan deyir ki, sən də at şeirin daşını, çıx get qara Afrikaya, Rembo kimi qat başını.

Bir yandan da anamla nənəm üstümə düşüblər ki, evlən! Elə bu dəqiqə, bu saat, bu ay evlən! Axır o gün anama demişəm ki, ay mama, o gün köhnə sevgililərimdən birini gördüm, bir vaxtlar dəli kimi sevdiyim qızı deyirəm, ay Allah, insan bu qədərmi dəyişər? O nərmə-nazik, zərif, gözəl qız çevrilib olub kök bir xala. Xalaların xətrinə dəyməsin dediyim, başım üstə yerləri var, amma… Aradan nə qədər il keçib axı? O incə-mincə qız belə qısa müddətdə necə bu qədər dəyişib? Hər nəysə… Özü bilər, əri bilər. Mənə nə?

Dünən yazıçı dostlarla gözəl bir çay süfrəsində idik. Pivə içmək istədilər. Dedim, məni çıxın. Soruşdular niyə? Dedim, vallah, çiynim əzilib, qolum ağrıyır, içə bilmərəm.

Elə bildilər, məzələnirəm. Dedilər, dolama bizi, qolun nə dəxli, adama iki bakal pivə içək, istidi… Dedim, ay dostlar, niyə dolayım, çiynim əzilib deyirəm, qolumu qaldıra bilmirəm, pivə bakalını necə qaldıracam? Gücüm ancaq armudu stəkanı qaldırmağa çata bilər indi. Sağ olsunlar, qəbul elədilər, gecə yarısına qədər çay içdik.

Məclisin bir yerində Nadir Yalçın mənə tərəf əyilib, qulağıma pıçıldadı:

– Sən nöşün Feysbukdan çıxmısan ki?

Hə, bu vacib məlumatı sizə demək yadımdan çıxmışdı: bir aydır Feysbukdan çıxmışam. Çox adam da elə bilir ki, onları bloka atmışam. Amma elə deyil… Elə olsa, Nadir Yalçın çay məclisində birdən mən tərəfə əyilib, qulağıma o sualı pıçıldamazdı:

– Sən nöşün Feysbukdan çıxmısan ki?

Dodağımdan təzəcə araladığım armudu stəkanı nəlbəkisinə qoyub dostumun çilli üzünə, verəcəyim cavabı maraqla gözləyən gözlərinə baxıb dedim:

– Vallah, Nadir, gördüm çox gijdiyirəm eeee feysbukda, dedim bağlayım, rədd olsun o yana…

Nadir üzünü turşutdu. Yəqin dahi dostundan daha mənalı cavab gözləyirdi. Bəlkə də, istəyirdi ki, deyim, bəs, bezmişəm ordan, çox vaxtımı alır, romanımı yaza bilmirəm, camaatın cahilliyinə əsəbiləşirəm, əsəbiləşib özüm də ona-buna söz atıram, deyinirəm. Belə şeylər də deyə bilərdim, amma bilirdim ki, bunların heç biri səbəb deyil, ona görə də, səmimi cavab verdim:

– Vallah, Nadir, gördüm çox gijdiyirəm eee feysbukda, dedim bağlayım, rədd olsun o yana…

Doğrudan da, özümə baxdım, fikir verdim ki, son bir-iki ildə xeyli gijdəməyə başlamışam. Açığı, uşaqlıqdan bu yana gijdəməyə meyilli olmuşam. Mütəmadi və müntəzəm olaraq gijdəmişəm və həmişə bu gijdəməklərimi mənə keçiblər. Evdə sonbeşik olduğum üçün keçiblər, başqa yerlərdə də, qara qaşıma-gözümə, şirinliyimə, saflığıma, uşaqlığıma bağışlayıblar məni.

Amma indi o yaşda, o başda, o saflıq və uşaqlıqda deyiləm. Artıq evin sonbeşiyi olmağım da nəyisə dəyişmir. Anam hər səhər, axşam “Sən də evlənib, rədd olub getsəydin, başım dincələrdi”, deyir. Bunu qohum-əqrəbaya, qonum-qonşuya desə, dərd yarı… amma elə eləmir… səhər şirin çayımı qarışdıranda, axşam bir tikə çörək yeyəndə, ya da işdə oturduğum yerdə zəng edib deyir.

Yəni artıq o dövran keçib.

Həə… Gördüm son ildə xeyli gijdiyirəm… Prezidentimiz Sərəncam imzalayıb mənə mükafat verdi, Yazıçılar Birliyi ev, üç-beş yaxşı hekayə yazdım, işdə hörmətim, evdə hörmətim… Bir də gördüm qolumun altı o qədər qarpızlanıb ki, qabağımı almaq olmur. Sizə zarafat gəlməsin bu sadaladığım şeylərin eyforiyası… Gənc yaşda bu şeylərdən başının gicəllənməməyi çox çətin məsələdir. Gərək incə ip üstündə gəzən kəndirbaz qədər ehtiyatlı olasan.

Yoxsa mən?

Ona qışqır, buna qışqır… Onla dalaş, bunla dalaş…

Yazıçı dostlara da denən ki, siz kimsiniz eee, burda mən, Kolumbiyada Qabriel Qarsiya Markez…

Gördüm “uje” tamam ağını çıxardıram, rədd elədim feysbuku.

Yəni belə…

İçində heç bir ədəbi və fəlsəfi yük olmayan bu yazımı axıra qədər oxuyan hər kəsə təşəkkür edirəm. Bu aralar roman üzərində işlədiyim üçün ağlıma nəsə yazmağa yaxşı bir mövzu gəlmir, ona görə dedim, yüngülvari söhbət eləyək, dərdləşək.

Hələlik.

# 3183 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #