Ulucay Akif: "Atamın ölümündən sonra evimizə gələn falçı dedi ki..."

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

20 yanvar 2024
# 16:30

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Atamın ölümündən uzağı iki il keçmişdi, qapımıza falçı gəldi.

"Navastroyka"larda yaşayanlar bilməz, bizim buralar - Bayıl - belədi: tez-tez dəmir yığanlar, qarpız-yemiş arabaları, dilənçilər, qaraçı falçılar gəlir məhəllələrimizə.

Hə... Allah və ailəmiz şahiddir ki, uydurmuram, necə olubsa, nə olubsa, onu danışıram sizə.

Təxminən 18-19 il qabaq qapımız döyüldü. (Anamdan soruşdum indicə, dedi ki, 2006-cı il idi).

Qaraçı falçıydı qapını döyən. Su istədi. Anam su, çörək gətirdi qadına. Pul da gətirdi, amma pulu əlində saxladı, hələ vermədi. Mən də anamın yanında dayanıb üst-başından cin hürkən falçıya baxırdım.

Suyu birnəfəsə içib danışmağa başladı:

"Məni aşağı məhəllələrdən bura kimi mələklər gətirib. Get soruş, gör hansısa qapını döymüşəm? Bir dənə də qapını döyməmişəm. Bu qapıdan sonra da baxarsan arxamca, heç bir qapını döymədən gedəcəm.

Gəldim deyəm ki, sənin başının tacı gedib. Amma qorxma! Bu evdə bir ulduz var! Çox işıqlıdı! Vaxt gələcək, o ulduz parıldayacaq...".

Anam tez falçının sözünü kəsdi:

- Böyük oğlumu deyirsən e! Atilaydı adı... - bunu deyib əliylə məni də dürtdü.

Qardaşım Atilayı tanıyanlar bilir, çox elmli olub uşaqlıqdan. Dəfələrlə olimpiyadalarda qalib olub. Savadına, elminə görə biz tərəflərdə adnan tanınıb, barmaqla göstərilib. İndi də elədir. Vəkildir, hüquqşünasdır.

Həəə... Qapımıza gələn falçı sözlərinə davam elədi:

"Evinizdəki o ulduzun qələmi var. Onun sözünün, yazdığının hörməti sizi həmişə uca eləyəcək".

Falçı bunu deyən kimi anam lap sevindi:

- Allah haqqı, Atilayı deyir! Amin! İnşallah! Allah ağzından eşitsin!

Açığı, mən də çox sevindim. O günlərdə hər xoş sözə, hər ümidə hava, su kimi ehtiyacımız var idi.

Sonra falçı anama dedi ki, "elə bu sözləri demək üçün gəlmişdim qapınıza, indi get mənə dörd kilo ətin pulunu gətir".

Anam da and-aman eləyib dedi ki, o qədər pulumuz yoxdu, əlində saxladığı pulu falçıya verdi. Qadın pulu götürüb təşəkkür elədi, məhəllədəki başqa hansısa qapını döymədən getdi.

Bunu sizə niyə danışdım?

Həmin hadisədən illər sonra ədəbiyyatla məşğul olmağa başladım. Yaxşı-pis xeyli şeirlər, yazılar, hekayələr yazdım. İki kitabım çap olundu. Az çox məşhurlaşdım da. Ölkənin ən nüfuzlu ədəbiyyat saytına rəhbər oldum.

Həmin falçı yadıma düşdü. Düşündüm ki, o falçı qardaşım Atilayı yox, məni deyirmiş elə. Sözüm dəyərli oldu, özüm hörmətli... Ulduz kimi parıldadım.

İstədim anamın da yadına salım o falçını. Anamdan soruşdum ki,

"Yadına düşür, bir dəfə qapımıza falçı gəldi e... Papa təzə ölmüşdü..."

Dedi,

"Həə, yadıma düşür... 2006-ıydı".

Dedim,

"Həəə... Bəs yadındadı, o falçı dedi ki, sizin evdə bir ulduz parıldayır, sözü hörmətli olacaq..."

Anam dedi,

"Həəə... Atilayı demişdi dəə. Nədi ki?".

Dedim, "tay heç nə... eləcə yadıma düşdü"

# 5513 dəfə oxunub

Oxşar xəbərlər

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

13:30 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər