Kulis.az “İllərin mahnısı” layihəsindən “Bəri bax” mahnısı haqda faktları təqdim edir.
Söhbət açacağımız bu mahnı Azərbaycanın qədim mahnılarından biri olan “Ay bəri bax, bəri bax”dır.
Yazılı mənbələr əsasında bizə məlum olur ki, mahnının yaranışı çox qədim zamanlara gedib çıxır və geniş areala sahibdir. İndinin özündə də Türkiyədə, Anadolu tərəflərdə, eləcə də Cənubi Azərbaycanda mahnı məşhurdur, oxunur, dillər əzbərinə çevrilib.
***
Folklorşünasların dediyinə görə, ən düzgün variant aşağıdakı variantdır:
Pəncərədən daş gələr, Ay bəri bax, bəri bax
Xumar gözdən yaş gələr, Ay bəri bax, bəri bax,
Səni mənə versələr, Ay bəri bax, bəri bax,
Allaha da xoş gələr, Ay bəri bax, bəri bax.
Nəqərat:
Telləri burma, gözləri xurma,
Uzaqda durma, boynunu burma
Gəl, bəri-bəri, ay can alan bəri bax.
Bəri bax..., ay bəri bax,
Bəri bax..., ay bəri bax,
Bəri bax, ay bəri bax, bəri bax.
Pəncərənin milləri, Ay bəri bax, bəri bax,
Аçıb qızılgülləri, Ay bəri bax, bəri bax,
Oğlanı yoldan eylər, Ay bəri bax, bəri bax,
Qızın şirin dilləri, Ay bəri bax, bəri bax.
Nəqərat:
Pəncərəni bağlama, Ay bəri bax, bəri bax,
Mən gedirəm ağlama, Ay bəri bax, bəri bax,
Gedib yenə gələrəm, Ay bəri bax, bəri bax,
Özgəyə bel bağlama, Ay bəri bax, bəri bax.
Mahnının tam mətni Həmid Araslının redaktəsi altında nəşr edilən "Azərbaycan klassik ədəbiyyat kitabxanasının" ilk cildində (Bakı, 1982) çap olunub.
Bu mahnı mətni müxtəlif və çoxsaylı bəndlərlə oxunub. Bayatı formasındakı mətndəki bəndlərin sayı 9-dur. Təbii ki, bura nəqarət də daxildir. Bəhs etdiyimiz səbəb ucbatından bir sıra problemlər üzə çıxıb: indiyədək bu mahnı lentə alınarkən ciddi nəzarət olmayıb və mahnını kim necə istəyib eləcə də oxuyub. Sözlərdə təhriflər, mətndə pərakəndəlik baş alıb gedib.
***
Mahnının poetik mətnini “Ay bəri bax, bəri bax” adı ilə 1938-ci ildə ilk dəfə folklorşünas Hümmət Əlizadə tərtibçisi olduğu “Aşıqlar” adlı kitabda təqdim edib. Üç bəndlik bu mətndə maraq doğuran odur ki, hər bənd “aquşqa” (müasir ifaçılıqda “pəncərə”) sözü ilə başlayır. Sonuncu bənd isə indiki ifaçılıqda unudulub, yaddan çıxıb:
Aquşqada quş mənəm,
Uç desələr, uçmaram,
Yar mənə qaş-göz eylər,
Mən heç başa düşmərəm.
Mahnının ilk bəndində “aquşqadan daş gəlir” misrasında “gəlir” əvəzinə “gələr” oxunmalıdır. Belə olduqda fikir tamamlanır, əks halda həmin bənddə uyğunsuzluq yaranır və mahiyyət itir. Bu səhv müasir ifaçılıqda da davam edib. İkinci bənddə isə “Aquşqanın milləri, Açılıb qızılgülləri” – dedikdə ikinci misrada 8 heca yaranır, bayatılar isə 7 hecalıdır, bu baxımdan “açıb qızılgülləri” olmalıdır. Mahnıdakı “aquşka” da təhrif edilib, sözün kökü “ağuşga”dır. Bu, dilimizin arxaik sözü olub nəfəsgah, nəfəslik, yəni kiçik ölçülü pəncərə mənasında işlədilib. Olsun ki ağuşga da bir çox türk sözləri kimi slavyan xalqlarının dilinə keçmiş və akoşka şəklində tələffüz olunub. Bu söz barədə bəzi türk qaynaqlarında da bilgi verilir.
***
Tədqiqatçı-jurnalist Maşallah Xudubəyli də bildirir ki, pəncərə “aquşqa”dan çox qədim sözdür. Yəni mahnı yarananda öncə pəncərə, sonra “ağuşga”, nəhayət, yenidən pəncərə sözü işlədilib.
***
Bir maraqlı fakt da var. Deyilənə görə, mətndə həmçinin hər misradan sonra “Ay bəri bax, bəri bax” sözləri yazılmayıb. Deyilən iradlara baxmayaraq Hümmət Əlizadənin təqdim etdiyi mətn ilkin qaynaq kimi çox dəyərli və etibarlı sayılır.
“Bəri bax”ın ilk lent lazısı ötən əsrin əvvəllərində baş tutur. İngiltərə qrammafon firmasının iştirakı ilə 1906-cı ildə Bakı milyonçusu və xanəndəsi Seyid Mirbabayev “Bəri bax” mahnısını lentə yazdırıb.
***
Mahnını ilk dəfə nota köçürən isə Müslüm Maqomayev olmuşdu. Müslüm Maqomayev mahnını Bülbülün ifasında nota köçürmüşdü. Bülbülün ifasındakı “Ay bəri-bəri, bəri bax” mahnısında da iki bənd başqa variantlarda işlənir, burada nəqərat da daxil olmaqla digər üç bənd isə tamam fərqlidir. Bülbül mahnının instrumental müqəddiməsinə söz qoşmuş və nəqəratda istifadə etmişdir. Bu da mahnıya gözəllik və dinamika gətirib. O, bu yeniliyi ikinci və dördüncü bəndlərdən sonra nəqəratda ifa eləyib.
***
1910-cu ildə “Bəri bax” mahnısı Şuşada yaşayan erməni tarçalan Muxan Ter-Akopov tərəfindən oxunub. Həmin mahnı qrammofona yazılıb və xronometrajı 2:55 dəqiqədir. Şuşada oxunan mahnıda fərqlilik var: dörd bəndlik mətn digər variantlarla üst-üstə düşmür. Bu mətndə hər misradan sonra “Ay bəri bax, bəri bax” sözləri işlənməyib, bu misra yalnız bəndlərin sonunda deyilir. Üçüncü bənddə “Vay alagöz, bəri bax”, ikinci və dördüncü bəndlərdə isə “Bir də bəri bax, bəri bax” sözləri nəqarət şəklində oxunub. “Pəncərədən daş gələr” misrası isə sonuncu bənddə eşidilir. Eyni zamanda gürcülərin də bu mahnını oxuduğu haqda məlumat var. Gürcü mahnısında “pəncərə” sözünün dəyişməməsi də maraqlıdır. Hətta məşhur Vaxtanq Kikabidzenin də repertuarında “Ay bəri bax, bəri bax” həmişə olub. Daha doğrusu, hazırladığı Qafqaz poppurisinə bu mahnını da əlavə edib. Və mahnıdakı “Ay bəri bax, bəri bax” yerini Azərbaycan dilində oxuyub. Həmin ifanı sonradan Manana da oxumağa başladı və yenidən gündəmə gətirdi.
***
Mahnının yaranma tarixçəsi haqda dəqiq məlumat olmasa da, bir şeyi çox yaxşı bilmək olur. Mahnının süjeti elə başlıqda özünü ələ verir. Məlum olur ki, sevgililərdən biri pəncərəyə tərəf “Ay bəri bax, bəri bax” deyib və bu deyiş mahnıya başlıq kimi seçilib.
***
Maraqlı bir fakt isə odur ki, Şuşa variantı “Bayramınız mübarək, Aquşqadan baxanlar” sözləri ilə başlayır. Ola bilsin, mahnı Novruz bayramlarının birində, bayat elində yaranmışdır. Çünki poetik mətn bayatılardan ibarətdir. Mətndən bəlli olur ki, qız tək deyil, yanında rəfiqələri var və onlar da ağuşqadan boylanırlar.
***
Mahnı boyu qız him-cimlə, oğlan isə ifayla sözünü deyir. Adətən xalq mahnılarımızda ilk olaraq oğlan qıza sevgisini bəyan edir. Bu mahnıda isə əksinədir, qız oğlanı sevdiyini bildirir. İlk bənd bu sözlərlə başlayır: “Pəncərədən daş gələr, Xumar gözdən yaş gələr”. Deməli, şıltaq qız kiçik, fındıqdan da balaca ölçüdə olan daşı pəncərədən sevdiyi oğlana atır. Daş oğlana dəydikdən sonra pəncərəyə sarı boylananda qızı gözüyaşlı görür, yəni oğlanla görüşə bilmədiyi üçün ağlayır. Oğlan da ona görə “Xumar gözdən yaş gələr” sözlərini oxuyur. Üçüncü və dördüncü misralarda oğlan: “Səni mənə versələr, Allaha da xoş gələr” – söyləyərək, qızın him-ciminə müsbət cavab verir. Burada sovet ideologiyasına uyğun gəlmədiyindən, “Allaha da” əvəzinə “Hər görənə”, “Ellərə də” və ya “Hamıya da” sözləri oxunub.
***
Mahnı özü sujeti misra-misra hörür. Deməli, ikinci bəndin ilk və ikinci misralarında “Pəncərənin milləri, Аçıb qızılgülləri” – deyilir. Bu nə deməkdir? Oğlanın oxuduğunu eşidən qızın rəfiqələri pəncərənin milləri arasından oğlana tərəf boylanırlar. Aşiq oğlan da mahnıda qızların hər birini qızılgülə bənzədir. Üçüncü və dördüncü misralarda deyilir: “Oğlanı yoldan eylər, Qızın şirin dilləri”. Göründüyü kimi, qız “şirin dil” ilə oğlanı yoldan çıxarır. Amma bu “şirin dil” oxumaqla deyil, him-cimlə təqdim olunur. Qızın bu hisslərini oğlan oxumaqla dinləyiciyə çatdırır.
***
Əslində mahnıda hər şey çox üzdəndir. Məsələn, üçüncü bənddə eyhamla deyilən, sətiraltı mənalar yoxdur. Hər şey açıq və aydın şəkildə göstərilir. Oğlan, bir növ, sağollaşır, qıza arxayın olmasını, heç kəsə könül verməməsini söyləyir və sevgisinə sadiq qalacağını bildirir. Hümmət Əlizadənin təqdim etdiyi variantda da üçüncü bənd məzmun və mahiyyətcə müasir varianta yaxındır.
Aquşqada quş mənəm,
Uç desələr, uçmaram,
Yar mənə qaş-göz eylər,
Mən heç başa düşmərəm.
***
Bilindiyi kimi, Azərbaycan xalq mahnılarının spesifik quruluşu və xüsusiyyətləri var. Mahnılar bir neçə bənddən ibarət olur və hər bənd nəqəratla tamamlanır. Nəqəratın melodiyası və sözləri adətən dəyişmir və hər bəndin sonunda təkrarlanır. Bu mahnının da nəqəratında eyni ifadə – “bəri bax” 7 dəfə təkrarlanır.
***
“Bəri bax”ı Səxavət Məmmədov, Zaur Rzayev, Mənsum İbrahimov, Arif Babayev, Brilliant Dadaşova kimi ifaçılar oxuyub və mahnını daha da sevdiriblər. Rauf Babayevin yetirmələri və “Qaya” qrupunun sələfləri sayılan kiçik yaşlı ifaçılardan ibarət “Bəri bax” qrupu yaradılmışdı. O vaxt kiçik yaşlıların oxuduğu ilk mahnı da “Bəri bax” mahnısı olmuşdu. “Bəri bax” həmçinin tez-tez filmlərimizdə və tamaşalarımızda da istifadə olunub. Məsələn, “Bakılılar”, “Dərviş Parisi partladır” filmlərində fraqmental şəkildə bu mahnını eşidirik.
***
Mahnı haqqında yayılmış və əfsanəyə çevrilmiş bir hekayə var. 1908-ci ilin mart-sentyabr aylarında Stalin Bakıda Bayıl türməsində həbsdə yatıb. Stalinlə əlaqə qurmaq üçün mahnının sözlərindən, yəni “Pəncədən daş gəlir” misrasından parol kimi istifadə olunub. Deməli, Stalinə yazılı informasiyanı ötürmək üçün vərəqləri kiçik daşlara büküb onun saxlandığı otağın pəncərəsindən içəri atırdılar və cavab məktubu da eyni şəkildə qaytarılırdı. Daş atılmazdan əvvəl həbsxananın Stalin saxlanıldığı otağın həndəvərində mahnının “Pəncərədən daş gəlir, Ay bəri bax, bəri bax” sözləri oxunurdu. Stalin də daşı tutmaq üçün hazır vəziyyətdə dayanır və atılan daşı tuturdu. Sonra Stalin türmədən Məhəmməd Əmin Rəsulzadənin köməyi ilə qaçır. Deyilənə görə, Stalin “Ay bəri bax, bəri bax” mahnısını sonrakı illərdə də həvəslə dinləyərərək həbsxana həyatını xatırlayarmış.
***
1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti on günlüyündə Üzeyir Hacıbəyli “Böyük Teatr”da “Koroğlu” operasını tamaşaya qoyarkən şəxsən Stalini də dəvət edir. Stalin söyləyir ki, əgər orada “Pəncərədən daş gəlir” oxunacaqsa, mütləq gələrəm. Üzeyir bəy də “əlbəttə həmin mahnı ifa olunacaq” – söyləyir. Deyilənə görə, Üzeyir bəy tamaşanın uyğun bir məqamında, xorun ifasında Stalinin sevdiyi mahnını səsləndirir, o da musiqiçiləri ayaqüstə alqışlayır.