Səməd Vurğunun qadağan edilmiş poeması - O kimi tənqid etmişdi?

Səməd Vurğun

Səməd Vurğun

20 may 2022
# 09:00

Onu tanımayan, şəxsiyyəti və yaradıcılığı haqqında ətraflı bilgisi olmayanların dilində onun haqqında müxtəlif mənfi fikirlər səslənir: Sovet hakimiyyətinin fədaisi, məsləkdaşlarını satmış bir şair...

Həqiqətənmi, Səməd Vurğun Sovet hakimiyyətinin "vurğunu" idi?

Təqvimlər 1937-ci ili göstərir.

Amansız Sovet rejiminin tüğyan etdiyi bir il, repressiya adlı ölüm maşınının Azərbaycan yazarlarını öz cənginə aldığı həmin dəhşətli il...

Və Səməd Vurğun mətbuata çıxış edərək son zamanlar "Azərbaycan" adlı böyük bir epopeya yazdığını və bu epopeyanın 30 poemadan ibarət olduğunu söyləyirdi.

Nə idi bu 30 poemalıq Azərbaycan epopeyası və niyə tamamlanmadı?

İl 1938.

Səməd Vurğun həmin epopeyaya daxil etdiyi bir poemasını "İnqilab və mədəniyyət" jurnalında (№ 4-5) dərc etdirir. Həmin vaxt böyük səs-küyə səbəb olmuş, tənqidçilərin belə adını çəkməyə ehtiyat etdikləri bir poema - "Aslan qayası".

Sonrakı illərdə ədəbiyyatşünasların haqqında susduğu, bəzilərinin isə sadəcə adını xatırlamaqla kifayətləndiyi bir poema. Hətta 1956-cı ildə Səməd Vurğun haqqında monoqrafiya yazan tənqidçi, ədəbiyyatşünas Orucəli Həsənov belə, "Aslan qayası" poemasının üstündən sükutla keçmiş və bu poema haqqında bir kəlmə də söyləməmişdir.

İlk gündən Sovet rejimi tərəfindən senzuraya məruz qalmış poemada Səməd Vurğun Rus imperiyasını kəskin tənqid atəşinə tutmuş, onu işğalçı bir rejim adlandırmışdır.

SSRİ Yazıçılar İttifaqının Milli Komissiyasının iclasında tənqidçi P.Q.Skosıryev, Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasını qabarıq şəkildə vurğulayan və Rusiyanın işğalçılıq siyasətinə qarşı mübarizə motivləri olan "Aslan qayası" poemasını tarixi təhrif edən zərərli bir əsər adlandırmışdır.

Gəlin, peomadan bəzi hissələrə nəzər salaq.

Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı olan rus generalı Sisyanovun ölkəmizə hücumu zamanı, Səməd Vurğun rus qoşunlarının tərkibində Azərbaycanı işğal etməyə gəlmiş bir "saldat"ın dilindən bunları söyləyir :

Bir saldat əyləşmiş, seyr edir onu,

Bağrına basaraq dilli qarmonu,

Dərdini söyləyir ötən dillərə:

"Mən niyə gəlmişəm bu yad ellərə?

Lap soyub taladı bizi mülkədar,

Böyük Rusiyada səadətmi var?

Nədir çəkdiyimiz bu ölüm, bu qan?

Qırıb tökdüyümüz deyilmi insan?

Neçin göz yaşına batsın analar,

Deyin, bu qanunda ədalətmi var?

Daha sonra Səməd Vurğun rus qoşunlarını "yağı düşmən" adlandıraraq, Rusiyanın əfsanəvi qəhrəman hesab etdiyi Sisyanovu bu cür vəsf edir :

Darğın bir ölkənin qara qaşları

Çatılmış yay kimi kinlərlə dolu,

Gözləyir yağının gəldiyi yolu.

Sisyanov - o döşü medallı knyaz!

O alçaq, o çəngli-cidalı knyaz...

Şair, işğala gələn rus ordusuna hər gecənin bir gündüzü olacağını xatırladır və nədənsə bu misranı mötərizə içində qeyd edir:

Knyazın başında bir qara dəstə

Gəlir yavaş-yavaş sarayın üstə.

Durur salamına saraydakılar.

(Öyünmə! Gecənin gündüzü də var...)

Səməd Vurğun poemada əvvəldən sona qədər Azərbaycan qəhrəmanı kimi vəsf etdiyi Aslanın Sisyanovu öldürdüyü səhnəni canlandıraraq, həmin tarixi anı şanlı gün adlandırıb alqış edir və bunu, Rusiyanın "qul" gördüyü Azərbaycanın ona ilk hədiyyəsi adlandırır.

Aslanın başından tüstülər qalxır,

Qan onun beyninə sıçrayır birdən.

Açarı knyaza təslim edirkən

Çalır xəncərini onun köksünə.

Alqış tarixdəki o şanlı günə!

Al! - deyir - payını, soruşma nədir –

Çara "qullarından" ilk hədiyyədir!..

Daha sonra rus knyazının gəbərdiyi an, şair bir neçə dəfə "Salam Azərbaycana" ifadəsini işlədir. Əlbəttə, Rus knyazı obrazında Səməd Vurğun nəhəng Sovet imperiyasını vəsf edirdi. Poemanın sonlarında bunu daha aydın şəkildə sezmək olacaq :

Döşü medallı knyaz,

Cəngli-cidalı knyaz

Boyanmışdır al qana.

Salam Azərbaycana!

Halal olsun Aslana!

Onu böyüdən ana

Dağların maralıdır.

Sorsanız haralıdır:

Salam Azərbaycana!

Sonra rus ordusunun geri qaçdığını qeyd edən şair, yuxarıda mötərizə içində verdiyi misranı yenidən təkrar edir :

Qaçır dünən gələnlər

Aylıq yolu bir gündə.

Axır huyun üzündə

Kakartlı göy şapkalar...

Gecənin gündüzü var...

Qurşunlar, dinamitlər,

Sarı paqon zabitlər

Qucaqlayıb suları,

Qaçır şimala sarı.

Bu hissələrdən sonra Səməd Vurğun rus ordusunu dəfələrlər yağı, düşmən adlandırır:

Qızı görür yağılar...

Şahin kimi Mahniyar

Bizi vermə düşmana,

Apar çıxar bir yana!

Havadan qurşun yağır,

Hava qurşundan ağır.

Qabaq - dibsiz qara su,

Arxa - düşmən ordusu.

Bu misralarda isə şairlərimizi zindana salıb, ölümə təhrik edən düşmənin repressiya dalğasını nə gözəl ifadə etmişdir dahi Səməd Vurğun:

Düşmənlər gördü bizi.

Tutub hər ikimizi

Zindanlara salacaq,

Kim ölüb, kim qalacaq!

Və Səməd Vurğun öz poemasını daha şiddətli misralarla sonlandırır ki, bu misralar Stalin rejiminin qadağasına məruz qalır və uzun onilliklər ərzində işıq üzü görmür. Şairin yazı masasında əlyazma kimi qalan bu poema sonluğunda şair işğalçı Rus imperiyasının hələ də Sovet hakimiyyəti adı altında ölkəmizi zəbt və talan etdiyini çılpaq şəkildə oxucuya çatdırır.

Poemanın bu son hissəsini paylaşmadan öncə yazının əvvəlində verdiyimiz sualı təkrar edirik və cavabı oxucunun öz düşüncələrinə buraxırıq: Həqiqətənmi, Səməd Vurğun Sovet hakimiyyətinin "vurğunu" idi?

Unutmayaq, təqvimlər 1938-ci ili göstərir.

O gündən titrədi yurdun üstündə

Cütbaşlı qartalın qanlı bayrağı.

Tarixin doğduğu o qara gündə

Böyük bir ölkənin söndü çırağı.

O gündən göründü sarı paqonlar,

Boşaldı kəndçinin dolu xırmanı.

Elləri qurd kimi taladı onlar

Dedilər, padşahın sağ olsun canı.

O gündən ağladı aşığın sazı,

Dilində can yaxan dərdli haraylar.

Uçan durnaların küskün avazı

Ötdükcə dinlədi yıldızlar, aylar.

Buludlar çaxnaşdı, hava daraldı,

Cumalar* dolaşdı bizim elləri.

Bizim ipəkləri Peterburq aldı

Bəzəndi knyazın madmazelləri.

(*Cuma - hambal deməkdir)

O gündən saraldı yaşıl təbiət,

Axdı həzin-həzin Kür çayı, Araz.

Baş əydi qanuna kitab, şəriət,

Ürəklərdə zədə, baxışlarda yas.

Tər içdi, qan uddu məlal papaqlar,

Son dana, son çuval getdi vergiyə...

Bağlandı qapılar, söndü ocaqlar,

Qarılar, qocalar yalvardı göyə...

Çəkdi qamçısını azğın mülkədar

Ver dedi! Ver dedi! Çıxar belindən!

Göydə bir Allahdır, yerdə də bir çar,

Qabarlar tökülsün sənin əlindən.

Satdı mənliyini "əsilzadələr",

Çarın xidmətinə baş əydi Quran.

Bütün gördüyümü danışsam əgər,

Kağızım qurtarar, yorular insan.

Yüz il biz ayrıldıq ana dilindən,

Məktəbin adına dedik "uşkola".

Oxucum! Bir daha nəzər yetir sən

Keçdiyin o qanlı, o qorxunc yola.

Yüz il Füzuliyə həsrət qalaraq

Doğma anamıza söylədik "mama".

Yüz illik yuxuya birdən dalaraq

Yatdıq gözümüzdən yaş dama-dama.

Yüz il nəfəsini çəkə bilmədi

Şairlər oylağı böyük bir ölkə.

Yüz il öz qolunu çəkə bilmədi...

Tarix! Səninkidir bu qara ləkə!

Axdı Rusiyaya neft kəmərləri,

Daşıdı onları ilk dəmir yolu...

Tarixə hökm edən o gündən bəri,

Çalışdı yadlara Azəri oğlu.

O gündən qaraldı göydə buludlar,

Bir günəş doğmadı Azərbaycana.

O gündən saraldı çiçəklər, otlar,

Gəmimiz çıxmadı varıb bir yana...

Hazırladı: Cinciva Books

# 5827 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #