Rasim Qaracadan hekayə: Çaqqalla görüş

Rasim Qaracadan hekayə: Çaqqalla görüş
12 oktyabr 2021
# 09:00

Kulis.az "Hekayə Günü" Rasim Qaracanın “Çaqqalla görüş” hekayəsini təqdim edir.

Avqust ayının axırlarıydı. Professor Azər Ramizov “Elmlər Akademiyası” metrosundan çıxıb sağ tərəfə döndü, böyük magistral yolu keçib üzüaşağı, keçmiş Yasamal Məhkəməsi tərəflərdə yerləşən evinə doğru istiqamət aldı. Halı bir az pəjmürdəydi, yavaş addımlarla irəliləyir, aradabir dayanıb fikirli-fikirli nəyəsə baxırdı: bilmək olmurdu düşünür, yoxsa, sadəcə, müşahidə aparırdı. Filologiya elmləri doktoruydu, sözlərə qarşı həssaslıq onda hər şeydə gizli bir məna görmək adəti yaratmışdı. Bəzən, yanından keçən adamların ağzından çıxan təsadüfi bir söz onu düşünməyə vadar edir, o təsadüfi kəlmədən tutub naməlum adamın portretini xəyalında qurmaq istəyirdi. Kim bilir, bəlkə də bu yaşlı adamın bir naxoşluğu vardı, ayaq saxlayıb hansısa ağrının keçib getməsini gözləyirdi. Lakin sən demə o, fərqində olmadan, özünün bu yavaş hərəkətləriylə yaxınlaşmaqda olan ölüm anını yaxalamaq, ölüm məkanına tam zamanında yetişmək istəyirmiş.

Növbəti dəfə yenə ayaq saxlamalı oldu. Bu səfər az qala piyada yolunu kəsən “Qazel” maşınının yanında. Azər müəllimin diqqətini çəkən yaşıl zolaqlı qarpız küməsiydi. Günəşdən yanmış iki cavan oğlan, – biri kuzovun içərisində, o biri yerdə qarpızları maşından boşaldır, eyni zamanda müştəri çağırmaqdan da qalmırdılar.

Azər Ramizov əvvəlcə cavanlara bir xeyli baxdı, onların sağlam qollarını, qarpızı necə ustalıqla atıb havadaca tutmalarını seyr etdi, şirin Aran ləhcəsində danışmalarına qulaq asdı. Sonra gözlərini qarpızlara zillədi, belə iri, parlaq, bostan qoxusu verən, canlı təbiətdən təzəcə qoparılıb gətirilən gözəl meyvələrin hər biri bir dünyaydı. Sanki uzun illərdi qarpız görməyən birisinin həsrətilə dərindən ah çəkdi. Bu gözəl varlıqlardan birini alıb evə aparmağı qərara aldı. Hələlik qarpız yemək ağlından keçmirdi. Sadəcə, bu enerji kürəsiylə bərabər olmaq, onu yaxından seyr etmək, qoxlamaq və toxunmaq istəyirdi.

Satıcıların başı başqa müştərilərə qarışmışkən özü üçün qarpız seçməyə məşğul oldu, bu işin bilicisi kimi şappıldatdı, sonra çırtmaladı, daha sonra birini götürüb qulaq bərabərində sıxdı, “aha, bu yaxşıdır” – deyib, satıcıya uzatmaq istəyəndə fərqinə vardı, bu gözəl qoxulu yuvarlaq canlının üzərində cızıqlar vardı. Bıçaq izi ola bilərdi, ya da maşına yükləyəndə harasa toxunmuşdu. Yerinə qoymaq istəyəndə cavan satıcı dilləndi:

- Müəllim, çaqqal cırmaqlayıb, başqa bir şey deyil.

- Çaqqal cırmaqlayıb?

- Hə, çaqqal. Özü də indi cırmaqlamayıb, qarpız hələ balaca olanda. Görürsüz yara qaysaq bağlayıb…

Qabığın üzərində üç şırım vardı. Şırımlardan biri, ortada olanı lap dərinə işləmişdi, az qala qırmızımtıl ətə çatırdı, qalanları üzdən idi. Həqiqətən yara qaysaq bağlamışdı, təzə vaxtlarda incə olan cırmaqlar qarpız böyüdükcə genişlənmiş, bir çaqqal izindən daha çox qarpızın üzərindəki ləkələrə bənzəmişdi.

Azər müəllimin üzündə təbəssüm və heyrət qarışıq qəribə bir ifadə yarandı, həyatın bu cür kiçik cilvələri onun üçün maraqlıydı. Qarpızı yerinə qoyub bir an xəyala daldı. Dodaqlarını tərpədərək öz-özünə, yavaşca “çaqqal” dedi. Bu sözün səslənişi də maraqlıydı. Görəsən, etimologiyası nədir? Burada, maşınların səsindən, benzin qoxusundan, yolun əks tərəfindəki inşaatda qazıntı aparan ekskavatorun ətrafa yaydığı toz-torpaqdan uzaqda, kimsəsiz çöllərdə bir çaqqalın azad-xürrəm yaşayıb gecələr qarpız cırmaqlaması nə qədər şirin bir xəyal idi. Birdən-birə bu hiss varlığına hakim kəsildi, çaqqalı düşündü, gözlərinin önündə canlandırmağa çalışdı bu balaca varlığı və bu xəyalın əlçatmazlığı ilə dərindən ah çəkdi. Bəlkə də xəyallarına bir az gerçəklik qazandırmaqdan ötrü qarabala satıcıdan soruşdu:

- Qarpızı hardan gətirmisiz?

- İmişli rayonundan?

- Hansı kənddən?

- Azadkənd kəndi.

Hə, indi daha aydın təsəvvür yarandı. İmişli rayonunda heç zaman olmamışdı. Ancaq Aran rayonu olduğunu, əhalinin bostançılıqla məşğul olduğunu bilirdi.

- Hə, deməli İmişli rayonu, Azadkənd kəndi… Nə isə, bunu mənimçün çək.

Qarpızı alıb yola düzəldi. Şəhərin sıxıcı həyatını, indi, avqust sona çataçatda rayonda olmanın bir ayrı ləzzəti olduğunu düşündü. Bir azdan soyuqlar düşəcək, dərslər başlayacaq, bu xəyallar elə xəyal olaraq qalacaqdı.

Gedə-gedə kimsənin sevmədiyi, itlərə qısqırtdığı, daşla, tüfənglə vurduğu balaca çaqqalı düşündü, bu qarpızı cırmaqlayan o sevimsiz heyvan allah bilir nəyə görə qarpızı yeməyib, sadəcə, cırmaqlayıb və qaçıb. Görəsən sonrakı taleyi necə olub, sağdır yoxsa ölüb? İndiki zamanda çaqqalların yaşaması çətinləşib. Bir anlığa təsəvvüründə canlandırdı Azər müəllim, cəsarətini toplayıb tüpürürsən hər şeyə, - əslində, böyük cəsarət də istəməz, gör ha, heç kiçik cəsarətlərə də artıq iradəmiz yetərsiz olub, - yollanırsan həmin o Azadkənd kəndinə. Bostandakı o çardaqda, heç olmasa, bir gecə yatmaq, çaqqalların ulartısını eşitmək hər şeyə bədəl ola bilərdi. Getsinmi, getməsinmi, tüpürsünmü hər şeyə, yoxsa tüpürməsinmi?

Ciddi-ciddi düşünürdü bunları. Nə qazanacaqdı bu səfərindən? Heç nə, gecənin bir aləmində bostançı çardağına yaxınlaşan çaqqalın işaran gözlərini görməkdən başqa bir qazancı olmayacaqdı. Əvəzində, öz həyatında heç vaxt etmədiyi bir işi gerçəkləşdirəcəkdi: illərlə alışmış olduğu bu monoton həyatın həbsxanasından çıxacaqdı, çaqqalla görüş bu anda onuncun elə azadlığın özü idi. Bəlkə də çardaqdan aşağıya enib qarpız ləklərinin arasıyla bu məzlum heyvana tərəf gedəcək, yaxınlaşıb başını sığallayacaq, qucaqlayıb tüklü başını sinəsinə sıxacaqdı. Qaranlıq gecənin, ulduzlu səmanın tənhalığında bir müddət beləcə səssiz dayanacaqdılar. Bundan böyük qazanc ola bilərdimi? Həm də, bu nə sualdır, - öz-özünə dedi, - professor adamsan, ayıb deyilmi hər şeydə bir qazanc güdmək? Sən qazanmayacaqsan, ancaq çaqqal qazanacaq, görəcək ki, insan heç də qorxulu varlıq deyil…

Başqaları üçün qorxulu olmamaq düşüncəsinin üzünə vurduğu təbəssümlə yolu keçmək üçün yaşıl işığın yanmasını gözlədiyi anda dəhşətli zərbədən Azər müəllimin gözləri qaraldı, ayaq üstə dayana bilməyib aşdı, asfalta sərildi. Əlindəki qarpız zərblə yerə dəyib parçalandı, bir az keçəndən sonra qarpızın suyu müəllimin kəlləsindən axan qana qarışdı. Yol işıqlarının son anında sürətlə yolu keçən dördgöz “Mersedes” artıq yola çıxmış bir piyadanı vurmamaq üçün sola dönərək yol kənarındakı reklam dirəyinə çırpılmış və dirəkdən qopan kiçik bir metal parçası tam olaraq professorun başını nişan almışdı. Professor ölümün bir santimetrliyindən dönən piyadanı, maşının dirəyə çırpılma anını, hətta metal parçasının uçaraq ona tərəf gəldiyini görmüşdü, – bütün bunlar bir anda baş vermişdi - tam çaqqalla qucaqlaşma anında. Zərbə yavaş idi, ancaq elə bu yavaş zərbə də qoca professoru o dünyalıq etməyə yetmişdi.

# 5595 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #