Qulam əmimin toyu - Qəşəm Nəcəfzadənin yeni hekayəsi

Qulam əmimin toyu - Qəşəm Nəcəfzadənin yeni hekayəsi
13 fevral 2024
# 09:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Qəşəm Nəcəfzadənin "Qulam əmimin toyu" adlı yeni hekayəsini təqdim edir.

Yaylağa yenicə çıxmışıq, Çalbayıra. Dəlidağın başında hələ qar var. Əyriqar yeni-yeni Günəşə gülümsəyir. Hər dəfə bizim alaçıq daha böyük olur. İndi lap böyük tikirik. Çünki əmimə toy eləməliyik. Nənəm deyir, içində gərdək qurulacaq.

Babam Qara Söyünün Araz aşığındandı, Kür topuğundan. Heç nə vecinə deyil. İşi-gücü fermamıza gəlib çıxan aşıqları oxutmaqdı, adam güləşdirməkdi, hərəsinə bir kök erkək bağışlamaqdı.

Yatağımıza Qara Söyünün ferması deyilir. Əgər babama bu fermanın prezidenti deyilərsə, bilin ki, onun icraçı direktoru yüz faiz nənəmdir. Əsas məsələləri nənəm həll eləyir.

Elə nənəm qoymadı, kiçik əmim Qulamı əsgər getməyə. Getsəydi, başımıza bu oyunlar gəlməzdi! Nənəm Kənd Sovet sədrinə iki dənə İran gəbəsi verdi ki, bu işi ört-basdır elə. Həm qoyuna gedənim yoxdu, həm də sonbeşiyimdi... Qulamdan ayrı dura bilmirəm. Kənd sovetinin sədri dedi, onda gərək uşağı xəstə çıxardaq, həkimə də bir gəbə verməlisən. Nənəm razılaşdı.

1967-cü ilin oktyabrı, mən uşaq, nənəm demiş, ağzım da yalaq, yəni yırtıq, daha doğrusu, xəbərçi. Heç kəs mənim yanımda söz danışmır ki, sabah bütün fermaya “düy” vuracam. Bir dəfə nənəmi çiməndə görmüşdüm, düz bir il hamı mənim ağzımı yummaqla məşğul oldu. Babam nənəmi cırnatmaq üçün mənə deyirdi, başına dönüm, nənən çiməndə nə gördün? Elə ki, danışmağa başlayırdım, məni iynə vurmaqla qorxudurdular, hoppaya alırdılar, çiyə verirdilər, xoruz bağışlayırdılar... Axır ki, gördüklərimi heç kəsə deyə bilmirdim. Gül kimi xəbəri unutdum getdi.

İndi deyirəm, gör nə qədər pis adam olmuşam, heç məndə insaf deyilən şey yoxmuş. Arvadlar çiməndə məndən xəlvət çimirdilər.

Bu səhər qulağım bir xəbər çaldı. Gördüm nənəm anama deyir ki, həkim sabah tezdən gələcək. Gördülər ki, mən qulaq asıram, dalını çevirdilər ki, guya həkim mənə iynə vurmağa gələcək, məni gizlətmək lazımdı. Dedim, sən öl, burda bir iş var, iki əməl.

Əmimin yerini ayrı alaçıqda salmışdılar. Səhər idi. Güdükdə durmuşdum. Dedilər həkim gəlir, nənəm tez əmimin döşəyinə bir stəkan su caladı. Həkimə dedilər ki, guya əmim hər axşam döşəyinə sidik salır. Mənə elə bu lazım idi, qışqıra-qışqıra qaçdım: “Uy dad! Əmim yerinə işəyir” - dedim. Hamı yığışdı başıma. Anam məni tutub yanbızımdan dərin bir çimdik götürdü.

Bir stəkan suya görə əmim əsgərliyə getmədi, getsəydi, bundan yaxşı idi. Fermada biabır olduq, nənəm sürünü əmimə otartmağına otartdı, amma biz haradan biləydik ki, əmimin evlənməyi qoyunun quzu salmağı kimi bir şey olacaq.

Qonşular hər səhər bizim qapıya boylanırdılar ki, görsünlər çölə yorğan-döşək sərmişik, ya yox.

Əmimin evlənmək vaxtı gələndə hansı qızı dedilər, daş atıb başını tutdu ki, yox e... öldür məni o oğlana getmərəm. Nənəm hansı qapını döydü, hamı “yox” dedi. Səbəbi də məlum.

Axırda nənəm kəndimizdən əlini üzüb qız üçün tor atdı başqa kəndlərə. Qardaş, xəbər gedib ora da çıxıbmış. Nənəm istəyirdi əmimə çoban qızı alsın, məsələn, pendir mayalasın, qursaq tutsun, suluq, kətəməz, bulama bişirsin, koramaz düzəltsin, bir sözlə, nənəmin ferma məktəbinin əlaçı şagirdi olsun.

Əmim də elə-belə əmi deyil ha! Hər gecə gedib, Tatallardan bir dəvə gətirib kəsir, qonum-qonşı səhərə kimi dəvəni alışma (bölüşdürür) eləyir. Səhər əmim bəhanə eləyir ki, mən qoyuna gedə bilmərəm, bəs dəvədən qorxuram... Guya əmim dəvəni tanımır, görən kimi qaçıb evə girir ki, qoymayın, o nədirsə, gəlib bizi yeyəcək! Əmimin oyunu olsun, halbuki axşam düşəndə dəvəni tək “xıx”ırdır.

Axır ki, nənəm uzaq bir yerə ilmə atdı, ilmə o saat tutdu. Öyrəndi ki, Karrar yatağında bir qız var, əsl əmimin malıdır, nənəmin də tələbəsi. Qızın da adı nə olsa yaxşıdır? Minayə.

Qız anasının ağzı arandı, gördük ki, razıdılar. Nənəm bir üzük götürdü, bir yaylıq, yaylığı üzüyə keçirib bağladı, atamla getdi Karrar yatağına. Məni də apardılar. Nənəm əmimi tərifləyəndə böyürdən qəfil ağzımdan qaçırtdım ki, əmim hər gecə bir dəvə kəsir, amma dəvədən qorxur. Mənə fikir verən olmadı, dedilər yəqin xəstə-zadam.

Qıızın anası dedi ki, Minayə bu il 4 gəbə toxuyub. 4 garvıdı (lay), 18 qoyunu, 5 inəyi, 1 dəvəsi (düşündüm ki, əmim kəsəcək), 7 keçisi, bir atı (yanı dayçalı), bir eşşəyi (yanı qoduqlu), 4 dəst yorğan döşəyi, 2 fərməşi, 2 səhəngi, cəhrəsi, didilmiş yunu, dördayağı, oxlovu, daha nə bilim... canım sənə desin, hər şeyi var! Qızım qurulu evdi, əlləri qızıldı, bax, bu saat sizə bağırbeyin bişirsin, suluq tutsun, qatığa çalansı lazım deyil, seyid nəvəsidi, çeçələ barmağını südə vuran kimi uyuşur, adama küpə (bankə) qoysun, ayağını yusun, baş-ayaq ütsün. Əlindən hər iş gəlir!

Gördüm ki, nənəmin alnı Qoşqar dağı kimi açıldı, hər iki əlini belinə qoyub yüngülcə yırğalandı, elə bircə cümlə dedi: “Eynən özüməm!”

Qayıdıb gəldik fermamıza. Nənəm dedi ki, toyu gərək tez eləyək, elə dağa çıxan kimi aşıq vurduraq. Yoxsa Əliqulular camaatı Karrara hökmən bir xəbər çatdıracaq. Elə bil nənəmin ağzı fal imiş. Dağa çıxan kimi qızın anası gəlib dedi ki, sizə veriləsi qızımız yoxdur. Çünki oğlanın əsgərliyə getməməyinin səbəbini bilirik. Nənəm dəli oldu. Axırda nənəm məni gələn arvada göstərib dedi ki, bu balam ölsün, əgər onda elə bir xəstəlik varsa! Bir gecə bu uşaq əmisi ilə yatıb, döşəyi də o, isladıb.

Nənəm məni yaman yerdən vurdu. Çimdiyi vaxtın hayıfını çıxdı. Bilmədim nə edim? Dayım qızı bu sözü eşidən kimi qaçdı hamını xəbərləməyə.

Arvad nənəmə inanıb getdi.

İndi dağdayıq, Çalbayırda. Atam iri ev tikib, nənəm evin bir küncündə qırmızı gərdək qurub, ətəkləri qırçınlıdır. Səhərdən keçib oturmuşam gərdəyin dalında. Qızın anası da bizdədi. Birdən nənəm mənə acıqlandı, dedi, a gədə, çıx çölə, yoxsa gərdəyin dalını isladarsan! Gördü pis oldum. Yağlı yeməyin ortasında həzm dərmanı Mezim forte içilən kimi mənə yüngülvarı bir “başına dönüm” –dedi ki, bu söhbət mənə çox ağırlıq eləməsin, çimmək məsələsi yadıma düşməsin.

Nənəm yaman nənədir. Bir dəfə mənə bu cür qarğımışdı: “Görüm səni qırmızı gərdək üzü görməyəsən!” Acığı tutanda balaca qızlara belə deyirdi: “Görüm üstünüzə şalvar bağı açılmasın!”

İndi qapımızda toydu Qulam əmim ilk dəfədir ki, qoyuna getməyib. Bəy kostiyumunu geyib özünü ona - buna göstərir. Itlər Qulam əmimi tanımır, ciddi yox, sözgəlişi bir – iki ağız hərdən ona hürürlər.

Kiçik bacım Sevil anadan olan ili (bu düşür Şıxəli Qurbanov ölən ilə, yəni 1967) quyruq doğan vaxt, yəni avqust ayının 15-dən sonra, qoyun qırxınından bir az əvvəl balabançı Həsrət Hüseynov gəlmişdi yaylağa, Murad təpəsinə- özü ilə xanəndə Eynulla Cəbrayılovu da gətirmişdi- babam Qara Söyünün kiçik oğlu, yəni əmim Qulamın toyuna. Qara Söyünün ferması düz Murad təpəsinin ətəyində idi. Sağılan sürü yalda , buruq qoçlar çeyillikdə (sucuq yerlər). Arvadlar ora-bura qaçmaqda, uşaqlar arxalarınca yüyürməkdə. İtlər hürüşməkdə, atlar kişnəməkdə. Mənim də yaşım 10-dan 2 ay kəm. Hər şey bugünkü kimi yadımda...

Murad təpəsinin ətəyində bir yay səhəri. Çiçəklər kəpənəkləri, arıları dəli eləməkdə. Həsrət Hüseynov balabanı sazlamaqda, Eynulla da boğazını arıtlamaqda. Atlıların biri gedir, biri gəlir. İtlər bir atlını ötürür, başqa bir atlını qarşılayır. Bir sözlə, ferma qazan kimi qaynayır. Qazan dedim, yadıma elə qazan düşdü. Ocağın üstündə düz on dənə qazan, hər qazanın başında bir arvad, hər arvadın əlində bir kəfkir var! Arvadlar qazanların qapaqlarını elə sürətlə, ya da bir az da hirslə elə açıb - örtürlər ki, şaqqıltıya itlər hürüşür. Hərdən arvadlar kəfkirləri qazanın qırağına bərk-bərk vururlar. Bu, o deməkdir ki, ya düyü ötüb, ya da qovurmanın duzu kəmdi. Duz gətirin, ya da belə olar ki, hər şey əladır, arvadlar şücaətlərinin təntənəsi kimi zəfər zənglərini çalırlar.

Subay sürü Murad təpəsini aşmaqda idi, çobansız otlayırdı, çobanı göndərmişdilər Sarıxanlı fermasına ki, adamları toya dəvət eləsin. Belə adamlara tərəkəmə camaatı “təklifçi” deyir. Çobanın da əsli kürd, düz Minkəndin aşağı tərəfindən, adı da Musa... Təklif mətni də iki cümlədən ibarət: “Adı Söyün toy eləyir, bu gün əvvəlidir, sabah axırı.” Yəni iki gün.

Musa burda qalsın, gələk Qara Söyünün- babamın yanına.
Birdən Qara Söyün Həsrət Hüseynova dedi:

- Aşıq, əgər o balabanınla yalı aşan o sürünü aşağı, çayın qırağına tökə bilsən, sənə 10 erkək bağışlayacam.

Hamı məəttəl qaldı. Toplaşdılar Aşıq Həsrətin başına. Artıq qoyunun yarısı gədiyi aşmışdı. Həsrət Hüseynov balabanı sazladı, bir-iki dəfə ordunu doldurub boşaltdı, ayağının birini götürüb birini qoydu, bir addım qabağa getdi, iki addım dala. Sağa baxdı zənən, sola baxdı kişi. Babam ortada, söykənib çomağına.

Aşıq Həsrət bir-iki dəfə “düd-düd” elədi, sonra başladı nə başladı. Elə bil Murad təpəsinin sinəsinə səs yağışı yağdı. Elə bil sürü səsdən islandı, səmtini fermaya tərəf çevirdi, qoyunlar mələşə-mələşə töküldü fermanın ayağındakı çaya. Babam dediyi kimi də elədi. Sürüdən aşıq Həsrət üçün 10 erkək ayırtdırdı.

Babam Qara Söyünün belə mərd xasiyyətləri çox idi. Aranda - Şirinqum qışlağında rus pəhləvanını yıxan çobana da 10 erkək bağışlamışdı.

İndi 10 erkəyi alan Aşıq Həsrət böyük şövqlə çalır, Eynulla Cəbrayılov da oxuyur. Nənəmin təzə gəlini Minayə də nazlanır. Təzə gəlinmiş deyə, hələlik hamı tərifləyirmiş, guya Eynulla Cəbrayılov da “Gün var min aya deyər” mahnısını elə Minayəyə qoşubmuş. Əliqulular camaatının qız-gəlini yanıb yaxılırlar ki, niyə bizim adımız Minayə deyil və toy olanda aşıqlar niyə bizim adımıza mahnı qoşmayıb?

Nəsə... Adında “min” və “aya” sözlərinin olmasına baxmayaraq, Minayanın boyu ata minməyə çatmır. Axırda qızın böyük əmisi Minayəni “hopp” eləyib qaldırır atın belinə. Ayağı heç üzəngiyə də dəymir. Bir kişi atın yüyənini çəkir, biri də Minayəni atın üstündə bərk-bərk tutur ki, yıxılmasın. Atla cəmi-cümlətanı əlli addım yol gedib oğlan evinə çatırlar. Gəlini dayısı atdan düşürən kimi, Eynulla Cəbrayılov başlayır “Minayə” mahnısını oxumağa: “Gətir içək çay, Minaya”

Qız-gəlinin ürəyi partlayır ki, bax, elə indicə aşıq Minayəyə bir şeir qoşdu. (Minayə indiyə kimi elə bilir, aşıq o mahnını onun üçün qoşub). Qız-gəlin mağarda, Minayə gəlin otağında, yəni çadır iqamətgahında, qırmızı gərdəyin dalında. Aşıq mağara baxıb yenə bir mahnı oxuyur.

Ağız süddür, dodaq qaymaq
Dilin batıb bala, Nərgiz!

Sən demə, Minayənin kiçik bacısının adı Nərgizmiş. Arvadlar xayın-xayın pıçıldaşırlar ki, tanrı bəxtəvərinin bacısına da mahnı qoşdular. Heç bizim admızı çəkib eləyən yoxdur.

Elə oradaca söz yayılır ki, yəqin babam Qara Söyün hər mahnıya görə 10 erkək verib aşığa. Bu vaxt ağzı əyri arvadın biri qayıdır ki, əgər aşıq mənim adıma elə şeir qoşa ha, ərim o saat həmin aşığı beşaçılanla dəlmə-deşik eləyər. Arvadlar hamısı bir ağızdan: “Bizim kişi də o cür eləyər” - deyirlər. Arvad nədi, aşıq adına söz qoşdu nədi? Hətta arvadın biri gedib ərinə deyir ki, mən bu toyda qala bilmərəm, aşıq adamın adına söz qoşur. Birdən durdu mənim adıma bir söz dedi, onda başımıza haranın daşını tökərik?! Əri dedi, sən öl, həmin aşığı o saat qanına bələrəm!

Kişinin ürəyi soyumadı, durub getdi Minayənin əri Qulam əmimin yanına. Dedi, hanı ə, sənin kişiliyin? Kürdəmirli aşıq gəlib sənin arvadına, baldızına söz qoşur. Qulam əmim də gedib atası Qara Söyünə bu məsələni açdı. Söyün də Qulama bərk acıqlandı, dedi, get dinməzcə otur yerində!

İndi gəlin gərdəkdədir. Başqa uşaqlar gərdəyin dalında siçan-pişik oynayırlar. Ağzımın suyu axır. Mən gərdəyin arxasına keçən kimi qızın yengəsi tez üstümə qışqırır: “Ay uşaq, çölə!” Məni gərdəyə yaxın qoymurlar. Dayım qızı da məni lağa qoyur. Ölmüş deyəsən indidən naz eləyir.

Bu vədə sizə kimdən deyim, Minayənin kiçik bacısı Nərgizdən! Mahnı oxunan kimi Nərgiz obanın cavanlarının gözündən yayınmır. Hamı elçi düşür Nərgizə. O saat toyda Nərgizi gizlədirlər ki, götürüb qaçan olmasın. Ən təhlükəsiz yer Minayənin yanı idi: gərdəyin dalı! Nərgizi aparıb qoyurlar ora. Mağardan səs gəlirdi.

Sən Tahiri küsdürübsən,
Qol-qanadın sındırıbsan.
Gələn yolun kəsdiribsən,
Necə gəlim yola, Nərgiz.

Sən demə, Nərgizə elçi düşən cavanların birinin adı Tahir imiş. Tahir bir yerdə dayanmır, qar sovruğu eləyir. Anası da deyir, bala, adın Nərgizlə çıxdı, gərək onu alasan. Tahir sakitləşir. Qulam əmim səbirsizliklə gözləyir ki, kaş Tahirin adı Nərgizlə çıxdığı kimi, onunku da Minayə ilə çıxaydı. Eynulla da dünya görmüş adam idi, yenə “Minayə” mahnısını oxuyur, axırını da belə gətirir: “Süz Qulama çay, Minaya”

Qulamın kopü alınır. Mağardakı arvadların bəziləri kədərlənir. Ha özünü dartırlarsa, adlarına mahnı qoşulmur. Qəm dəryasına batırlar.

Ay doğanda toy qurtarır. Nərgizi Minayanın yanından çıxarıb indi Qulam əmimi Minayənin yanına aparırlar.

Nənəmin də toyda əsas işi ondan ibarət olur ki, ancaq təzə gəlinin cer-cehizini yerbəyer eləyir, gəlib-gedənə gəlinini tərifləyir. Barmaqla südü çalmaq məsələsi dediklərinin nəqarəti olur.

Səhər açılır. Təmiz havada səs bərk gedən olur axı. Görürlər ki, Murad təpəsinin döşündə dünən toya adamları dəvət edən “təklifçi” kürd Musa ferma tərəfə baxıb oxuyur. Nəqəratı da arada sürünü haylamaq olur.

Tərəkəmələr lovğadı,
Hər biri bir darğadı.
İçdikləri dovğadı,
Vurduqları qarğadı.

Yeməkləri qovurmoydu,
Yanındakı dolmoydu.
Oxuyan Ejnulloydu,
Çalan da Həsrət, hoydu!

Qara Söyün o saat başa düşür ki, onun zəhmət haqqını verməyib. Qulama deyir, ay gədə, get onu tut gətir yanıma, iki saz erkək verəjəm...

Qulam əmim tərpənmir, üzü Murad təpəsinə tərəf dayanıb, heç kəsin üzünə baxmır, itlər də daha onu tanımır. Nənəm arxadan gəlib Qulam əmimin başına düz çevirə-çevirə deyir: - Ay Söyün, kiri Qulam daha dünənki, Qulam deyil, bəy balama gədə demə.

# 3495 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #