Qatardakı adam - Kamal Abdullanın yeni hekayəsi

Qatardakı adam - Kamal Abdullanın yeni hekayəsi
19 fevral 2024
# 10:16

Kulis.az Xalq yazıçısı Kamal Abdullanın "Qatardakı adam" adlı yeni hekayəsini təqdim edir.

Qatar yavaş-yavaş hərəkətə gəldi. Dərindən silkələnib ürəkdən fit verdi. Və alayarımçıq fanar işığına bürünmüş bu zavallı stansiyadan həvəslə sıyrılıb çıxaraq gecənin zülmət qaranlığına bürünmüş çöllü-biyabana daxil olmağa başladı.

Bura qədər mən kupedə tək idim. Qatar yola davam edəndə sevindim ki, kupeyə qonşu gəlmədi. Amma sevincim uzun çəkmədi. Bir qədər relslərin yeknəsəq səsini eşitdikdən sonra kupenin qapısı bayır tərəfdən dartılmağa başladı. Bir-iki uğursuz cəhddən sonra, nəhayət, qapı hücmlə yana, öz yuvasına doğru şaqqıltıyla yol edib açıldı. Uzun boyuna baxmayaraq, ikiqat olmuş yaşlı bir kişi əlində yol səbəti içəri daxil oldu:

- Salam. Axşamın xeyir.

- Salam...

Mən mümkün qədər çalışdım ki, səsimdəki üzüntü duyulmasın. Buna nail oldum ya olmadım, bilmək olmaz, amma yenicə gəlmiş bu qonşum mənim "salam"ımdan sonra sulanmış gözlərilə zənlə, bir qədər də təəccüblə mənə baxdı.

Qatar getdikcə sürətini artırırdı. Pəncərədən o tərəfdəki zil qaranlıq rəngə bürünmüş çöllü-biyaban qara dəlik kimi qatarı öz içinə sovurub udmaqda idi. Elə bir gecə düşürdü ki, elə bil, öz yerini əbədiyyən qoruyub saxlamağa gəlmişdi.

Mənim yerim alt qatda idi. Qonşum əlindəki səbəti birdəfəyə qaldırıb kupenin yuxarı mərtəbəsindəki əşyalar üçün nəzərdə tutulmuş boşluğa itələdi. Sonra bu ahıl kişi quş yüngüllüyü ilə sıçrayaraq mənimlə üzbəüzdə, amma yuxarıdakı yerinə, əlbəttə ki, əllərilə bədəninə dirsək verib atılıb oturdu, elə oturduğu yerdəcə fırlanıb üzü kupeyə döndü. Sonra bu kişi başladı soyunmağa. Əvvəlcə pencəyini çıxardı. Kəmali-qabiliyyətlə şalvarını soyundu. Qatarda tez-tez zaman keçirən adamlara xas səliqə ilə onları yatağın aşağı tərəfindəki asılqana keçirdi, əli ilə sığallayıb, nəhayət, yerinə uzandı. Bütün bunları adətkərdə şəkildə, çox böyük bir yetkinliklə etdi. Onu müşahidə eləmək maraqlı idi. Bu adam, elə bil, qatarda yaşamaq üçün doğulmuşdu. Əsl qatar adamı idi. Onun hər bir hərəkəti qatarın relslərdə çıxardığı "taq-taraq" səsinə həmahəng idi. Az qala bir adam boyda olan vaqon təkərlərinin yeknəsəq səsi onun bədəninin incə və kobud titrəyişlərinin ifadəsinə çevrilirdi. Ya da əksinə...

Qonşum yataqdakı nazik və alabəzək adyalı üstünə çəkdi. Başının altındakı alçaq yastığı əli ilə bir neçə dəfə dümsüklədi və bütün bunlardan sonra bir ah çəkib ürəyinin dərin yerindən gələn ahla birgə bu sözləri dedi: "Ya qərib imam Rza...". Sonra kupe sakitlik içində əridi.

Vaqon təkərlərinin yeknəsəq səsi aydın şəkildə eşidilməyə başladı: taq-taraq-taq-taraq...

Mən yerimin içinə girib ora-bura çönərək bədənimlə soyuq yatağı qızışdırmağa və sabaha qədər heç olmasa, gözlərimin acısını almağa çalışdım. Bir müddət keçdi. Təkərlərin yeknəsəq taqqıltısı qulağıma az qala layla kimi gəlməyə başlayanda yuxarıdan qonşumun xeyli gümrah səsi eşidildi:

- Deyirsən, məhəbbət dünyanın ən gözəl nemətidir? Belə dedin də sən?!

Mən artıq yumulmaqda olan gözlərimi zor-güc açdım. Qonşumun "imam Rza"sını xatırladım və beynimdən bunlar keçdi: "Məhəbbət barədə danışmaq üşün bundan daha namünasib vaxt tapmaq mümkün olmazdı... Belə də zülm olar?! Və həm də! Mən nə zaman bu mənasız sözləri dedim, ya qərib imam Rza?!"

- Mən səni anlayıram. - Qonşum üçün mənim onu dinləyib-dinləməməyimin bir fərqi yox idi. - Mən səni gözəl anlayıram... Çox adam belə düşünür. Amma inan mənə, belə deyil. Yuxun gəlmirsə, sənə bir əhvalat danışım. Etirazın yoxdu ki?!

Mən ancaq sükutdan ibarət cavabımla etiraz edə bilərdim. Belə bir etirazın isə qəbul ediləcəyinə ümidim yox idi. Mənim cavabımı heç kim gözləmədi.

- O ilin baharı qaysı, gilas, vişnə ağaclarının ağ çiçəklərinə bürünüb bər-bəzəkli gəlin kimi gəlmişdi...

İlk cümlə məni necə tutdusa, diqqətimi topladım.

- Mən rayon mərkəzindəki məktəbimizin sonuncu sinfində oxuyurdum. Gələcək planlarımı qururdum, onillikdən sonra hansı ali məktəbdə necə oxuyacağımı beynimdə götür-qoy edirdim. Sinfimizdəki İdbar Razi ilə böyük-böyük şəhərlərə gedəcəyimizi, gözəl-gözəl yerləri gəzəcəyimizi, sevib-seviləcəyimiz gözəl-göyçək qızları ağız ləzzətilə hər axşam həyətimizin qabağında oturub götür-qoy edirdik.

Sinfimizin bütün oğlanları bir il, iki il bundan əvvəl hansısa qızlara vurulmuşdular, bəziləri sevib-sevilirdi, bəziləri məhəbbətdən yanıb-qovrulurdu. Mən və İdbar Razi sevgi payımızı böyük şəhərə, ali məktəbə saxlayırdıq.

Relslərdən gələn yeknəsəq "taq-taraq" səsi artıq eşidilmirdi.

- O qız bizim məktəbimizə onuncu sinifdə gəldi. Ailəsiylə başqa rayondan köçmüşdülər. Onu qonşu sinfə yerləşdirdilər. Mən onu ilk dəfə məktəb dəhlizində görən kimi nəfəsim tutuldu, sinəmdə nə idisə, az qala yerindən çıxdı. Mən ona elə o saat bir könüldən-min könülə vuruldum. Sən demə, belə də olurmuş. Sonralar dəhlizdə üz-üzə gəldiyimdə gözlərinə baxmağa belə qorxurdum. Mən bu rəngdə göz heç harda görməmişdim. Yaşıl gözlərini utanmadan, çəkinmədən adama zilləyir, elə təkidlə baxırdı ki, elə bil, baxışı sənin içindən televiziya, radio dalğaları kimi keçib arxanda nə varsa, ona nüfuz edir. Sənin özünü isə yox, görmür. Yaşıl gözlər səni ahənruba kimi özünə doğru çəkir, sənin baxışını özünə sarı yönəldəndən sonra isə çox ecazkar şəkildə yana çəkilir, bu zaman gözlərinin dərinliyində gizlənmiş boşluq açılır, sənin baxışın onun gözlərinin yanından ötüb haman boşluğa yuvarlanır. Beynimdə qəribə məqamlar canlanırdı. Mən o boşluğa yaşılgözlümün zərif əndamını qucaqlayıb onunla birgə yuvarlanırdım, öpüb-öpüb dişləyib doymayırdım, bir-birimizə dünyanın bütün şirin, şəhvətli sözlərini deyə-deyə o boşluqda az qala güləşə-güləşə qalırdıq. Sonra yenə mən boşluqdan bu tərəfə məktəb dəhlizinə qayıdırdım. Onun etinasız gözləri məni yenə qaytarıb dəhlizin başına gətirirdi. Etinasız yaşıl gözlər mənə bir həqiqəti aşkar bəyan edirdi. Bu adamın mənə qarşı biganə olmasını. Məktəb dəhlizinə qayıdandan sonra mən özümə bu gen dünyada rahat yer tapa bilmirdim.

Onunla bircə kəlmə kəsmək, heç olmasa, ona olan sevinc dolu, acı dolu hisslərimi söyləmək mənim üçün əlçatmaz bir xülya idi.

Sinif yoldaşım, həyət qonşum İdbar Razi yenə də sözünün yerini bilməyə-bilməyə deyinirdi:

- Nə təhər baxırsan ə sən bu qıza?! Elə bil, yeyəcəksən onu. Nə görmüsən bu yaşılgöz sonada?! Odu, Nazlı var, ona niyə baxmırsan?! Səni görəndə yerişi də dəyişir... - İdbar Razi guya mənim halıma yanırdı.

Mən İdbar Raziyə düz-əməlli bir cavab verə bilmirdim. Ya qərib imam Rza, mən İdbar Raziyə necə deyəydim ki, bu çəlimsiz, yaşılgöz qızdan ötrü canımı belə fəda edərəm?! İdbar Razi məni anlamazdı.

Bizim məktəbin ikinci mərtəbəsində uzun bir dəhliz var. Ortadan iki yerə bölünüb sağa dönürdü. Dönən yerdə küncdə bir taxta qalağı nə zamandan bəri atılıb qalmışdı. Hamı bu taxta qalağını unudub getmişdi.

Bu taxta qalağının arxasında mən özümə bir gizli yer düzəltmişdim. Səhər orda gizlənib yaşılgözlümün məktəbə gəlməsini gözlərdim. Mən onun gəlişini dəhlizin o biri tərəfindən, hələ görünmədiyi yerdə ikən qoxusundan hiss edərdim. Taxtaların arasında bir balaca deşik açmışdım, o deşikdən baxırdım.

Həmişə birinci dərsə gecikərdi. Yaşılgözlüm boş dəhlizi dönüb qənşərimdən keçəndə ürəyim az qala dayanar və mən nəfəsim təngiyə-təngiyə bu qızın yanımdan ötərək gözdən itib sinfə girməsini izlərdim. Bəzən o gələnə qədər onu gözləmək onun gəlişindən daha ləzzətli olurdu.

O bahar məktəb həyətindəki qızılgüllər bir daha o cür bitmədi. O cür, yəni elə ürəkdən, elə ətirli, elə al-əlvan, min bir rəngli...

- Günlərin bir günü...- Burada qonşum sözlərinə ara verdi və boğazını arıtladı. Yenə qatar təkərlərinin relslərlə təmasından doğan yeknəsəq "taq-taraq" səsi qulaq deşməyə başladı.

- Qulağın məndədi?! - Qonşumun cod səsi xəncər kimi havaya saplandı.

Mən özüm yerimdə uzana-uzana, elə bil, haman baharın tüğyan edən çiçəklərini görməyə başlamışdım, o baharın rayihəsini duyurdum. Çiçəklər, həqiqətən, ürəkdən açmışdılar, qonşum deyən qədər gözəl idilər və hətta çiçək kollarının üstündə sığırçınlar civildəşə-civildəşə dövrə vururdu. Mən o baharın içində idim.

- Haman o gün mən yenə öz yerimi tutmuş idim və taxtadakı deşiyə gözlərimi dikmişdim. Budur, birinci dərsin zəngi vuruldu. O, yenə də zəng vurulandan, dəhlizdəki gediş-gəliş yığışandan sonra gəldi. Dəhlizi buruldu və taxta yığnağının yanında... yaşılgözlüm qəflətən ayaq saxladı. Gözlərini mənim baxdığım deşiyə dikdi. Belə bir yaxınlıqdan mənim gözlərim qamaşdı. Onun asta səsi yağ kimi canıma yayıldı:

- Bilirəm, ordasan. Hər gün gəlib orda gizlənib məni gözləyirsən...

Mən hərəkətsiz qalmışdım. Cınqırımı da çıxara bilmirdim. Nəfəs almağa belə qorxurdum. Məni tilsimə salmışdılar.

- İstəyirəm, biləsən. Mənim də ürəyim çoxdan səninki olub. Mən də səni dünyalar qədər sevmişəm. Hər məktəbə yaxınlaşanda ürəyim guppuldayır, səni tənəffüsdə görəcəyimi min cür xəyal edirəm. Eşit məni. Məni bir daha burda belə gözləmə. Bu taxta-tuxtanın da arxasında gizlənmə. Gəl səninlə klubda kino axşamı kinodan əvvəl görüşək. Daha heç kimdən gizlətməyək sirrimizi. Qoy bunu hamı bilsin... Danışdıq, bax, sabahdan burda durma. Mən daha gedim. Sən də get dərsə. Gec qaldıq. Amma bil. Ürəyim səninlə vurur.

Yaşılgözlüm bu sözləri dedi, mənim huşumu əlimdən aldı, gedərkən hələ bir dodaqlarını bir-birinə sıxıb taxta deşiyindən mənə hava öpücüyü də göndərdi. Mən də öz növbəmdə deşiyin bu biri tərəfində dodaqlarımı bir neçə dəfə açıb bir-birinə sıxdım. Gözlərim yaşarmışdı.

O gün məktəb həyətindəki gül-çiçəyin ətri aləmi başına götürmədimi, götürdü. Quşların şən cəh-cəhini mən bu gün də unuda bilmirəm. Yoxsa ki bu "taq-taraq"?! Adamı lap gic edir...

O gün mən başa düşdüm ki, dünyanı sevmək nə deməkdir. Bu, qarşına keçən hər adamı, tanıdın ya tanımadın, sevmək deməkdir. Mən o gün bütün dünyanı sevirdim. Təkcə onu sevmək azıma gəlmişdi. Xoşbəxtlik də bu idi - təkcə sevdiyini sevmirsən, qarşına keçən hər adamı, hətta düşmənini sevirsən. İdbar Razi belə mənə gözəl-göyçək bir oğlan kimi görünürdü.

Qatar hərəkətini yavaşıtdı. Dəmir təkərlərin canına əyləclər necə yapışdısa əttökən bir səs çıxdı. Amma qatar dayanmadı. Dərindən nəfəs dərib fısıldadı və yenə də yavaş-yavaş sürət yığmağa başladı. "Taq-taraq-taq-taraq..."

Qonşum davam edirdi:

- O günün səhəri məktəbə necə gəldiyimi xatırlamıram. Əslində, gəlmirdim, uçurdum. Bütün gecəni yatmamışdım. Fikrimdə cürbəcür xəyallar, daha dəqiq desəm, xəyalplovlar qururdum.

Dəhlizin burulan yerini az qala sürüşüb keçdim. İstədim, taxta yığnağına bir təpik vurub yanından ötüm keçim, elə bil, kimsə mənə dedi ki, gəl bu gün axırıncı dəfə bu qızı sən burda gözlə. Gələndə çıx qarşısına, əlini əlinə al, gözünü gözünə dik...

Nəhayət, zəng vuruldu, dəhlizdən əl-ayaq çəkildi. Sakitlik ətrafı bürüdü. Onun gəlişini ondan əvvəl gəlib ətrafa yayılan qoxusundan duydum. Ayaq səsləri nəhəng devlərin ayaq səsləri kimi ağır və vahiməli idi. Dəhlizin burulan yerinə çatanda dayandı. Əvvəlcə dal-dalı əyilib dəhlizin mən tərəfinə baxdı, elə bil, yoxlayırdı ki, kimsə var, yoxsa yoxdu. Sonra üzünü dəhlizin mənə görünməyən tərəfinə tutub mənim görə bilmədiyim kiminlə isə danışmağa başladı. Aramızda, təxminən, 5-6 addımlıq məsafə var idi. Amma mən onun dediklərini bircə-bircə eşidirdim.

Taq-taraq - taq-taraq...

- Onun ilk sözləri məni səksəndirmədimi, səksəndirdi. O sözlərin kimə ünvanlandığını görə bilmirdim, amma mən bu sözləri artıq tanıyırdım. Bu sözləri mən dünəndən dəfən-dəfən özüm-özümə təkrar edib əzbərləmişdim. Yaşılgözlüm deyirdi...

Taq-taraq-taq-taraq...

- Həə, yaşılgözlüm mənim görə bilmədiyim o tərəfdəki adama belə deyirdi:

- Bilirəm, hər gün burda gizlənib məni gözləyirsən. Hər gün gəlib məni gözləməkdən yorulmursan. Düz demirəm?! İstəyirəm biləsən. Mənim də ürəyim çoxdan səninki olub. Mən də səni dünyalar qədər sevmişəm. Hər məktəbə gələndə ürəyim guppuıdayır, səni necə görəcəyimi xəyal edirəm. Amma daha sən məni burda gözləmə. Gəl səninlə klubda görüşək. Kino günündə. Daha heç kimdən sirrimizi gizlətməyək. Danışdıq?! Mən daha gedim. Sən də get dərsə. Gec qaldıq. Amma ürəyim burda səninlə qalır, biləsən... Onun bu dedikləri eynən dünən dedikləri idi. Nə artıq, nə əskik...

Taq-taraq - taq-taraq...

- Yatmamısan hələ?! Yatma. Qurtarıram. Yaşılgözlüm gəlib mənim gizləndiyim taxta-tuxta qalağının qabağından keçəndə ürəyim sinəmdən çıxıb yerə, ayaqlarımın altına düşdü.

Mən öz yerimdə quruyub qalmışdım. Hərəkət eləməyə halətim yox idi. Sənin ağlına gələrmi, dəhlizin burulan yerindən, mənim görmədiyim tərəfdən kim çıxdı?!

"Taq-taraq-taq-taraq..."

- Razi çıxdı. İdbar Razi. Əyilə-əyilə, oğrun-oğrun ora-bura baxıb tez-tələsik gedib girdi sinfə.

Sən də deyirsən, məhəbbət belə gəldi, belə getdi... O vaxtdı, bu vaxtdı mən sevgi, məhəbbət nədi bilmənəm, bilmək də istəmirəm. Hər şey öldü mənimçün. İndiyənə qədər günüm bu yollarda, elə bu qatarda keçir. Di, bəsdi. Yordum səni. Yataq. Gecən xeyrə qalsın.

Mən gözlərimi yumdum. Yenə də qaysı, gilas, vişnə ağacları çıçək açan bir məktəb həyətindəydim. Gün işığı həzin-həzin nurunu ətrafa yayırdı. Torpağın ətri adamı bihuş edirdi... Birdən bu yaz təravəti ilə dolu həyətə leysan yağışı yağmağa başladı. Bir neçə saniyə içində nə gül-çiçəkdən əsər-əlamət qaldı, nə asudə-asudə uçuşan quşlardan...

Kupenin qapısı şəstlə yana açılıb şişman bələdçi qadını içəri buraxanda mən diksinib gözlərimi açdım. Yatırdımmı, ayıq idimmi - bilmirəm. Bələdçi qadının gümrah, qalın səsi kupeni başına götürdü:

- Çay, çay vaxtıdı. Çaylarınız gəldi. Qalxmaq lazımdı. Bir saatdan az vaxtımız qalıb. İnşallah, bu dəfə gecikmərik. Sən hələ bayırdakı leysan yağışa bax, yağışa... Ya qərib imam Rza...

Bələdçi qadın qəribə bir səliqə ilə əl-ayaq eləyib çay stəkanlarını, limon qabını, balaca qənd qabını kupedəki mizin üstünə düzdü.

Qonşum artıq özünə sahman-səliqə verib mənim qarşımdakı yataqda oturmuşdu. Qaşqabaqla pəncərədən çölə baxırdı. Yağışın əlindən pəncərədən o tərəfdə heç nəyi seçmək olmurdu. O isə yenə də qatarın yeknəsəq "taq-taraq" səsinin ahənginə uyğun olaraq başını aşağı-yuxarı tərpətməkdə idi.

- Sənin sevdiyin mürəbbədən qalmayıb. Bağışla...

Bələdçi qadın bu sözləri qonşuma ünvanlayıb şişman bədənini qapıya tərəf çevirməzdən əvvəl məni öz yaşıl gözlərilə diqqətlə süzərək gülümsündü, sonra köksünü ötürüb kupedən çıxdı. Qonşum bu qadının sözlərinə heç bir reaksiya vermədi.

Təkərlərin səsi yenə qulaq deşməyə başladı: taq-taraq-taq-taraq...

# 5205 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #