Qadına nifrətin səbəbi nədir? - Mizogeniya

Qadına nifrətin səbəbi nədir? - Mizogeniya
8 mart 2022
# 17:00

Mizogeniya sözünün mənası qadın əleyhdarlığı – nifrətidir. Mizandriya kişi əleyhdarlığı – nifrəti, filogeniya qadın tərəfdarlığı – sevgisi, filoandriya isə kişi tərəfdarlığı – sevgisi deməkdir. Feminizmin populyarlığı, maskulinizmin isə çox az insanın iştirak etdiyi hərəkat olması kimi, qadın nifrəti də kişiyə nifrətdən daha populyar məsələdir.

Mizogeniya qadın əleyhdarlığı, nifrəti, qadına qarşı qısqanclıqdır. Onun nəticələri arasında ictimai mühitdən təcrid edilmə, cinsi ayrıseçkilik, düşmənçilik, ailə başçısının qadın olmaması, qadına qarşı şiddət, qadını cinsi obyekt olaraq görmək kimi hərəkətlər yer alır.

Qədim Yunanıstandan modern cəmiyyətə qədər tarixin hər dövründə müxtəlif variantları görülməkdədir. Həm dinlərin, həm də Aristoteldən başlayaraq Darvin və Hegelə qədər müxtəlif alimlərin və filosofların mizogenist düşüncələri mövcud olmuşdur. Söyüşlərin də böyük əksəriyyəti mizogenistdir, mizoandrist söyüşlər nisbətən azdır.

Mizogeniya, qadını bir nifrət obyekti halına gətirməkdən daha çox onu insanlıqdan təcrid etməkdir. Yəni, qadın doğrusuyla, yanlışıyla “normal” insan hesab olunmur. Qadının boynuna yüklənmiş bir sıra “fəzilət” var. Mizogeniya kişilərin uydurduğu düşüncə olduğuna görə, qadınları kişilərin gözündə “fəzilət”li edən xüsusiyyətlər də kişilər tərəfindən tənzimlənib. Onsuz da, əsas məsələ budur, yoxsa fəzilətli olmaq problem deyil.

Bir qadın olan Məryəmə tanrı deyə ibadət edilən dünyada mizogeniya sadəcə qadın nifrəti olaraq səciyyələndirilməməlidir. Qadın birbaşa ən uca varlıq və ya ən pis məxluq ola bilməz. Qadınlara aid edilən xüsusiyyətlər ən yaxşı ilə ən pis arasında hərəkət edən fırfıra kimidir. Qadınlığa məxsus şeyləri nə qədər ucaltsanız, bu çərçivəyə sığmayan qadınlara qarşı nifrətin artmasında o qədər iştirak etmiş olacaqsınız. Mizogeniyanın nifrət xaricindəki ölçüsü budur: kişilər tərəfindən yaxşı, müqəddəs, ali kimi təsvir edilmiş xüsusiyyətləri daşıyan qadınların təqdis edilməsi.

Məsələn, “ana olmağın müqəddəsliyi” səfsətəsini düşünək. Bunun müqəddəs qəbul edilməsi, ana olmaq istəməyən qadınlara qarşı nifrət oyandırır. Bakirəlik, iffət və s. anlayışlar qadınlara kişilər tərəfindən yapışdırılan və buna uyğun gəlməyən qadınları cəzalandıran bir sistem yaradır.

Qadınları bir qəlibə salırıq və qəlibdən kənara çıxan, qəlibə sığmayan qadınlara nifrət edirik. Əgər qadınları daşıya bilməyəcəkləri yüklərlə üz-üzə qoymasaq və onları “müqəddəs” vəzifələrə təhkim etməsək, gender bərabərliyinə daha çox yaxınlaşacağıq.

Qadına nifrətin tarixi, eralarla davam etdiyi üçün tayı-bərabəri olmayan bir nifrətin tarixidir. Tarixin əvvəlindən bu yana bəşəriyyətin bir hissəsinin digər hissəsi tərəfindən təzyiq altında saxlanılması və insanlıq şərəfinin əlindən alınması necə açıqlana bilər?

Hindistanda dul qadınların yandırılması, yeni doğulmuş qız uşaqlarının yandırılması, Şimali Afrikada qızların sünnət edilməsi, müharibə şəraitində qadınlara toplu təcavüzlər… Bütün bunlar sadəcə keçmişin vəhşilikləri deyil, həm də bu günün acı həqiqətləridir.

Hazırda mizogeniyanın sadəcə şiddətin və ədalətsizliyin nəticəsi yox, insani təkamülün və ictimai bərabərliyin qarşısında duran əngələ çevrildiyi dövrdə yaşayırıq. Amma qadınlar hələ də eyni işə eyni maaş üçün mübarizə aparır. Həqiqi gender bərabərliyi hələ də çox uzaqdadır. Dünyanın müxtəlif bölgələrində qadının vəziyyəti son əsrlərdən bu günə qədər yaxşılaşmayıb. Başqa heç bir qərəz bu qədər uzun müddət yaşamayıb və bu ölçüdə dözümlülük göstərməyib.

# 7912 dəfə oxunub

Oxşar xəbərlər

Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

11:30 11 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər