Piko - Oğuz Ayvazın yeni hekayəsi

Piko - Oğuz Ayvazın yeni hekayəsi
16 may 2024
# 09:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Oğuz Ayvazın "Piko" hekayəsini təqdim edir.

– Salam, sizi Asan Xidmətdən narahat edirik.

– Buyurun.

– Yoldaşınız Nübar Həsənova bizə müraciət etmişdi. Boşanma ilə bağlı.

– Necə? Boşanma? Nə danışırsınız? Zarafatdı bu?

– Xeyr, Turqut bəy. Boşanmaq üçün bizə müraciət edib.

– Bəs mən nə etməliyəm?

– Əgər boşanmaya razısınızsa...

– Yox, yox! Axı nəyə görə boşanmaq istəyir? Səbəbini deyib?

– Düzü, səbəbini deməyib. Amma...

O gün işə tələsirdim, avtobusdan çıxıb götürülmüşdüm. Yolda zəng gəldi. Elə qaça-qaça danışmağa başladım. Müsahibim mənə boşanmaq sözünü deyəndə yerimə mıxlanmışdım. Tam səbəbini öyrəndiyim yerdə isə zəng kəsilmişdi.

Məncə, heç nə sizə aydın olmadı. Onda gəlin başdan başlayaq.

Gecələr taxtaları gəmirən siçanın səsi yuxumuzu ərşə çəkirdi. Bir yandan da külək evin içində otaqdan-otağa ulayıb əsirdi. Yorğanı üstümdən atıb qaranlıqda əlhavasına telefonumu tapıram. Telefonun fənəri ilə deyinə-deyinə eynəyimi axtarıram. Yataq isti olsa da, döşəmə soyuqdur. Soyuqluq yavaş-yavaş canıma daraşır. Ayaq səslərimdən duyuq düşən siçan səsini kəsir, təzədən yerimə qayıdanda isə işinə qaldığı yerdən davam edirdi. Haradasa hər gün eyni ssenari təkrar olunur. Arvadım yenə də donquldana-donquldana gözünü ovxalayır:
– Bu siçana çarə qıl. – deyir. – Yoxsa hər yeri murdarlayacaq.

– Pişik tapmaq lazımdır – bircə bunu deyib təzədən yerimin içinə uzanıram və nə vaxtsa, yuxunun dərin qatlarında eşələnəndə qulağımı kimsə gəmirir. Yerimdən dik atılanda səhərin açıldığını, arvadımın qızımı qucağına alıb tualetə apardığını görürəm. Qızım qurşaqdan aşağı lütdü deyə məni görən kimi əlləri ilə üzünü örtür. Onun otağı bizim yanımızdakı otaqdadır.

– Ata, pisiy alaq – üzümü yumaq üçün ayağa qalxanda qızım başımın üstünü kəsdirdi.

– Neynirsən pişiyi? – onu qucağıma aldım.

– Dostum oyacaq, ona paytay tikəcəm.

– Niyə?

– Üsüməsin deyə.

Sonrakı günlər də evimizin əsas mövzusu pişik olmuşdu. Pişiklər haqqında məqalələr oxuyur, “Google”da pişik fotolarına baxır, sənədli filmlər izləyirdik. Düzü, bir neçə “namizəd”ə baxmışdıq da. Ancaq ya mənim, ya da arvadımın ürəyincə olmurdu. Qızıma isə fərqi yox idi. O, pişiklərin hamısını sevirdi. Biz isə siçanı öldürmək üçün pişik axtarırdıq.

– Ay gəlin, ay qonşu!!!

Arvadım qulaqlıq taxıb, mahnı oxuya-oxuya qab yuyurdu, qonşu qadının səsini eşidən kimi qapını açıb hay verdi:

– Nə olub, Səkinə xala?

– Salam, qızım. Nətərsən? Uşaq nətərdi?

– Yaxşıdı, gəlin də içəri. Bir çay içək.

– Sağ ol, a bala. Əlimdə işim var. Deyirdim, bəlkə, sizdə isti su ola. Bir vedrə verərsənmi? Bizdə suyu kəsiblər.

Arvadım hamama keçdi. Suyun səsi eşidildi. Qonşu qadın qapının aralığından onu müşahidə eləyirdi. Qızım da əlində oyuncaq ayı gəlib çıxdı. Qonşu qadın onu görən kimi əzizləməyə başladı:

– Bıyy bunun saçındakı “bantik”ə zada bax. Bah-bah! Göz dəyməsin! Ağız, neçə yaşın var?

– Dörd! – deyib qızım əli ilə “üç” göstərdi.

Qonşu qadın gülümsündü:

– Pişik istəmirsən?

Bu gözlənilməz suala təkcə qızım yox, əlində su dolu vedrə olan arvadım, hələ yorğunluqdan ayağa durmayan mən də təəccübləndim. Hər ikimiz elə bil qızımın verəcəyi o mühüm cavabı gözləyirdik. Qızım utancaq-utancaq anasına baxıb asta səslə dilləndi:

– Hə...

– Onda gəl verim.

Onlar gedən kimi həyətə düşdüm. Bizim həyətdən qonşugilin həyətini rahatca görmək olurdu. Arvadım vedrəni yerə qoydu. Həyətdəki it təzə gələnləri görüb zəncirini darta-darta hürürdü. Qonşu itə təpinib, evin arxa tərəfinə keçdi. Bir azdan əlində bir qutu gəlib çıxdı.

Qutunu açanda qızım sevincək əllərini bir-birinə vurdu və yerində bir-iki dəfə tullandı. Qonşugilin yeddi pişik balası vardı. Öz həyətimizdən onlara baxanda elə bildim, rəngli konfetlərdir.

– Ağ, qaya, sayı, boz... – qızım pişikləri sayandan sonra, rənglərinə keçmişdi – Ənna, – anasını belə çağırırdı – bu nə yəngdi?

– Ala-bula.

– Aya-buya nədi?

– Ağ-qara...

– Ənna, evə apayaq bunu... – qəfildən qızım başqa pişiyi göstərdi. Bu mavru ağappaq idi.

Səkinə xala söhbətə qarışdı:

– Hansını istəyirsən apar, qızım.

– Ənna, nə ola, apayaq...

Arvadım siçan üçün axtardığımız “killer”i tapmışdı, onu qucağına alıb evə gətirdi. Qızım pişiyi qucağına almaq üçün hoppanıb-düşür, anasının köynəyini dartışdırırdı.

İpək yumşaqlığında tükləri, gözünün biri su yaşılı, digəri səma mavisi, qaşqasının ortasında xırda, xəfif kül rəngi, çəhrayı qulaqlı pişik təzə açılan gözləri ilə evimizi gözdən keçirdi və dərhal da hoppanıb divanın üstünə çıxdı.
– Adını nə qoyaq? Bəs adı?

Hərə bir ad deyirdi. Qızım baxdığı cizgi film personajlarının adını deyir, ancaq niyəsə heç biri pişiyə uyğun gəlmirdi. Pambıq, Rau, Miyau – nəsə qane olmur, münasib ad tapmaqda çətinlik çəkirdik. Arvadım instaqramda, feysbukda pişiyimizə ad təklifləri üçün statuslar yazdı, xeyri olmadı. Ağ pişik bir neçə gün adsız yaşadı. Nəhayət, uzun axtarışlardan sonra arvadım son nöqtəni qoydu: Piko.

Pikonun gəlişinə ən çox mən sevinmişdim. Bir yandan da siçanı düşünürdüm. Onsuz da, bu balaca mavru hələ siçan tuta bilməzdi. Pişiyi hər gecə qoynumda, buxağımın altında yatızdırırdım. Onun balaca canı yorğanı üstümüzə örtdüyüm andan isinir, hərdən də yumaq kimi olub dünyanın ən gözəl canlısı olurdu. Pişiyin çəhrayı qulaqlarını, yumuşaq və hamar pəncələrini dişləyirdim. Piko gələndən siçandan səs-soraq gəlmirdi. Arada özümü Pikonun anası kimi aparırdım. Qızım buna görə məndən küsür, mızıldanırdı. Günlər həftələri qovduqca ağappaq mavru böyük pişiyə çevrilirdi.

Hekayəmizin əsas günü gəlib çatmışdı! Nəhayət, Piko killerlik fəaliyyətini uğurla başa vurmuşdu. Onun ağzında siçanın quyruğu sallanırdı. Gətirib cəsədini qapının kandarına buraxdı. Elə bil hansısa şəhəri işğal eləyib komandirinin yanına qayıdan sərkərdə idi. Üz-gözündən məğrurluq yağırdı. Bizə öz qəhrəmanlığını nümayiş etdirirdi. Bircə bu mənzərə qızımı çaşdırmışdı. Pişiyin bu hərəkəti qızıma bərk toxunmuşdu. Siçanın soyumuş bədəninə tamaşa edən qızımın gözləri bərəlmişdi. O ilk dəfə ölüm səhnəsi görürdü. Üzü yazıqlaşdı, küsəyən səslə soruşdu:

– Ənna, pisiy neylədi?

Arvadım heç nə demədi. Xəkəndaz gətirdi, siçanın cəsədini götürüb zibil qutusuna tulladı. Siçanın açıq qalmış gözü soyulmuş banan qabığının arasında qaldı. Arvadım qızımın sual dolu baxışlarını vecinə almadan Pikonun başına tumar çəkdi. Ona bəy tərifi vurdu: “Halaldı oğluma. İndi ona toyuq budu verəcəm”.

Pikonun “mükafat”ı gecikmədi, tezliklə yağlı ət qabına qoyuldu. O bir göz qırpımında toyuq budunu yoxa çıxardı. Sonra əlini-üzünü yalayıb sobanın qırağında uzanıb xumarlandı. Qızım anasının çantasından gizlicə dırnaq boyasını götürdü. Pikonun incə dırnaqlarını rəngləməyə girişdi. Üçüncü dırnağını rənglədiyi yerdə heyvan div yuxusundan ayıldı, tez əlini geri çəkdi. Qızım mızıldanıb pişiyin pəncəsini təzədən özünə çəkdi. Bu vaxt Piko onun üstünə hoppandı, onlar xalçanın üzərində bir xeyli güləşdilər.

Havalar soyuq keçdiyi üçün Pikoya qıymır, evdən çıxmağına icazə vermirdik. Gecələr qucağımızda yatır, səhərlər bizi oyadıb yeməyini istəyirdi. Yeməyi gec verəndə bizdən küsür, mıs-mırığı yer süpürürdü. Axır vaxtlar masaya çıxmağa başlamışdı. Onun bu hərəkətləri məni əsəbiləşdirir, özümdən çıxarırdı. Hər dəfə hirsimi boğur, onu mətbəxə atırdım.

Bir gün səhər tezdən onun yenə masada olduğunu gördüm. Çörəyi qırıq-qırıq eləyib ətrafa dağıtmışdı. Yeməyini vermədiyimə görə bizi cəzalandırmışdı. Birdən gözüm qaraldı, əsəbin caynaqları hər tərəfimə sancıldı. Soyuq suyu başına tökdüm, hirsim soyumadı, oxlovu götürüb ardınca yüyürdüm, ayaqlarına, qarnına zərbələr vurdum. Hər zərbədən gözləri az qalırdı yerindən çıxsın. İlk dəfə idi canı ağrı hiss edir, qorxu ilə tanış olurdu. Həyəcandan bilmirdi hansı deşiyə özünü dürtsün, axırda soyuducunun arxasına gizləndi. Qəfil tutduğum işdən peşman oldum. Üzümə soyuq su çırpdım. Çayın altını alovladım. Piko hələ də gizləndiyi yerdən çıxmamışdı. Səs-küyə arvadım durdu. Ona heç nə deməsəm də, evin görkəmindən hər şeyi başa düşdü.

– Heç utanırsan? Necə insansan sən?

Arvadıma nə cavab verəcəyimi bilmirdim. Əynimi geyinib işə yollandım. Yolboyu etdiyim hərəkəti götür-qoy edir, niyə belə elədiyimi düşünürdüm. Axı pişiyin gəlişi evimizə şadyanalıq, bərəkət gətirmişdi. Hə... İçimdəki şeytan yuxudan ayılıb gözlərini açmışdı. Gecə qumar oynamış, 100 manat uduzmuşdum. Uduzduğum pulun acığını da günahsız pişikdən çıxmışdım.

15 ildi futbol oyunlarına proqnoz yazırdım. Oyunlara mərc etməyimi rəhmətlik sinif yoldaşım Rəhim öyrətmişdi. Onunla tez-tez “Topaz”a gedirdik. Sinif yoldaşım hər dəfə bir neçə oyuna təxminlərini yazırdı. Ancaq heç vaxt uda bilmirdi. Sən demə, xərçəng xəstəliyi varmış. Udduğu pulla xəstəlikdən yaxa qurtaracağını düşünürmüş. Biz bunu onun yas yerinə yığışanda qardaşından öyrənmişdik.

Rəhim öləndən sonra “Topaz”a dadandım. Təxmin etdiyim oyunlara mərc qoyur, udur, uduzurdum. Bir müddət sonra qumarın bataqlığına düşdüm. Uçuruma doğru gedirdim. Pikonun gəlişi şeytandan qaçmaq istəyim idi.

Pikonun gəlişindən 6 ay sonra qumara təzədən başladım. Artıq pişiyin varlığını unutmuşdum. Yavaş-yavaş arvadımı, qızımı da unutdum. Evə gəlir, otağıma girir, futbola yazdığım variantları böyük həyəcanla izləyirdim. Ev əhli hələ şübhələrə düşməmişdi. Elə bilirdilər yorğunam, dincəlirəm, onlarla ancaq yemək yeyəndə görüşürdük. Onda da bir gözüm telefonda qalırdı. Beləcə, günlər heç nə ifadə etmirdi. Süni həyəcanlar, saxta sevinclər, ötəri rahatlıq hissləri gün ərzində məni haldan-hala salırdı.

Bir gün yerimdən duranda Pikonun qarşımda dayanıb mənə tamaşa elədiyini gördüm. Sanki üzərimə daraşan şeytanları görə bilirdi. Qucağıma hoppandı. Başı ilə sinəmə sığındı, barmağımı yaladı. Onu tutub bir qırağa fırıldatdım. Telefonu gözümə dirəyib axşamkı oyunların siyahısına baxdım. İşə hazırlaşana qədər 3-4 oyun gözaltı elədim. Piko ayaqlarımdan yapışdı, ona təpik vurdum. Göz-gözə gəldik. Gözləri sulanmışdı.

Axşam evə gələndə arvadım işığa olan borca görə pul verdi mənə. Pulun çoxluğunu görüb yolumu qumarxanaya saldım. İçəridən siqaret və içki qoxusu gəlirdi. Qara paltarlı, pivə içən adamlar gözlərini monitora zilləmişdi. Bir neçə nəfər canlı futbol oyunlarına baxır, tez-tez oyunçulara ən ağır söyüşlər yağdırırdılar. İçəridə küçə pişiyi də vardı. Divarın küncünə sığınıb ətrafı mürgü döyən gözlərilə süzürdü. Arvadımın verdiyi pulu canlı gedən oyunların birində uduzdum.

Oradan çıxıb parka üz tutdum. Siqaret yandırdım. Bilmirdim, arvadıma nə cavab verəcəm. Telefonum zəng çalırdı. Götürüm, ya yox? Götürüm? Bəlkə, götürməyim? Özümlə davam axır-axırda öləzidi – götürməsəm, evdə yaxama çökəcək.

– Alo...

– Haradasan?

– Parkdayam. Gəlirəm. Nədir ki?

– İşıq pulunu ödəmədin?

– Ödədim, gəlirəm, iki-üç dəqiqəyə yanar.

– İşıqlar sönmüşdü e, dedim, bəlkə, yadından çıxıb.

– Yox, yox, narahat olma.

Telefonumu söndürdüm. Durub parkda o baş-bu baş gəzindim. Qıraqdan baxanda ömürlük həbsə düşmüş dustaqları xatırladardım. Pulu haradan tapacaqdım? Kimdən tapım? Bəlkə, qonşudan? Ağlabatan idi. Tez ona zəng elədim. Ona qızımın xəstələndiyini, təcili pula ehtiyacım olduğunu dedim. Qonşu and-aman elədi, gecikən kreditindən də dəm vurub başımı bir xeyli ağrıtdı.

Kor-peşman parkdan çıxdım. Əlim cibimdə qəsəbəni gəzirdim. İki saat keçmişdi, bəlkə də, daha çox. Amma hələ də pulu tapa bilmirdim. Telefonu yandırdım. Bir ağaca söykənib, bir-bir adlara baxdım. Tanış-bilişə, hətta bir-iki dəfə gördüyüm adamlara belə zəng elədim. Hamısı daş atıb başını tutdu.

Evə qayıtdım. Qapıdan içəri keçən kimi şam işığında oturan qızımı, çarpayısında uzanan arvadımı gördüm. Piko gözə dəymirdi. Arvadım tutduğum işdən duyuq düşmüşdü, dikəlib ağzını açdı, nə açdı:

– Allah bəlanı versin! Qaranlıqda qaldıq sənin ucbatından. Gedib pulları qumarda batırdın, hə? Yenə başladın, hə? Heç olmasa qızından utan. Vəssalam! Qurtardıq sənlə! Sabah anamgilə gedirəm.

Sükut çökdü. Qızımın şam işığının arxasından mənə baxdığını gördüm. Evin divarlarında hamımızın iri-iri kölgələri titrəşirdi.

– Piko hanı? – soruşdum.

– Cəhənnəmdə! Məni danışdırma!

Qızım oturduğu yerdən durub yanıma gəldi.

– Ataa, – dedi – Piko çöydə qaydı, gəlmədi...

– Nəə, niyə?..

Arvadım səsini qaldırdı:

– Hər yan bit-birədi, Selcanın saçına da birə daraşıb. Pişik də sənin əlindən boğaza yığıldı. Sənin ucbatından başını götürüb getdi. Sənin kimi qumarbaza pişik yaraşmır. Boşanacam səndən...

Həyətə düşüb qapını açdım. Qaranlıqda pişiyi səslədim: “Piş-piş, piş-piş. Piko! Piko!” Səsimə iki boz pişik gəldi. Umacaqlı gözlərlə mənə baxdılar. Ac idilər. Həyətdə, ağacın altındakı çörək qırıntılarını onlara atdım. Yaxın durmadılar. Qorxub qaçdılar. Qaranlıqda yoxa çıxdılar.

Qayıdanda arvadım hələ də deyintisindən qalmırdı:

– Sənə gəldiyim günə daş düşəydi! Nə biləydim sən qumarbazın birisən. İndi haradan tapırsan tap. Get pul gətir.

Qızım ağlamağa başladı:

– Pikonu da gətiy, ata. Nolay, nolay...

Təzədən həyətə düşdüm. Gözümün qabağına öz kölgəm gəldi. Kölgə yavaş-yavaş pillələri qalxırdı. Sonra evə girdi. Pişiyi gizlincə qutuya saldı. Arvadımla qızım yuxu bişirirdi, top atsan oyanmazdılar.

Şam işığında şeytanın təbəssümlü üzü bizə tamaşa edirdi. Şeytan qalib ədası ilə yazdığı ssenarinin filmini izləyirdi. Şamı barmağımla söndürdüm. Qaranlıq uddu bizi. Yatmağa hazırlaşanda ayağıma nəsə ilişdi. Çönüb baxdım. Pikonun yemək qabı idi. Qabın içində bir-iki çörək qırıntısı, bir də onun ağ tükü vardı. Qızım yanıma gəldi:

– Ata, – dedi, – Piko yeməy də yemədi...

Səhər Asan Xidmətdən gələn zəngdən sonra özümə yer tapa bilmədim. Mütləq bu işin axırına çıxmalıydım. Müdirdən də icazə almaq dünyanın ən ağır tapşırığı idi. Gözümün qabağına gətirəndə əsəblərim relsdən çıxırdı. Qarşısında əzilib-büzülürəm, vəziyyəti izah edirəm, o da özünü dartır, ciddi görkəm alır, daha doğrusu, sifəti mürdəşir gününə düşür... Yox, yox. İcazə alan deyiləm! Birbaşa Asan Xidmətə gedəcəm.

Asan Xidmətə çatanda ürəyim ağzıma gəlirdi. O boyda yolu qaça-qaça gəlmişdim. Məlumat mərkəzinə yaxınlaşdım, ləhləyə-ləhləyə məsələni danışdım. Şəxsiyyət vəsiqəmi istədilər. Pulqabımın içindəydi. Cibimə əl atanda pulqabı düşdü. Əyilib götürəndə başımı kiməsə vurdum. O da sağ olsun, heç nə demədən getdi. Asan Xidmətin xanım işçisi üzündə təbəssüm növbə kağızını mənə uzadıb eskalatoru göstərdi.

Şəxsiyyət vəsiqəmin şəkli, ad, soyadım yazılan hissəyə yaxınlaşanda ürəyim sakitləşmişdi. Nə yaxşı! Növbədə gözləməyə ehtiyac qalmadı. Şüşənin arxasında vəkil Mirbağır Kazımov oturmuşdu.

– Mirbağır bəy, xahiş edirəm, deyin, arvadım məndən niyə boşanmaq istəyir?

– Əvvəlcə, Turqut bəy, xahiş edirəm, nəzakətli olaq. Həyat yoldaşı desəniz, daha yaxşı olar.

– Niyə? Mən arvadım demək istəyirəm. Həyat yoldaşı demək süni gəlir.

– Yenə də. Rəsmi olaraq bu şəkildə deyilir.

– Olsun. Xahiş edirəm... Bağışlayın, çaşıram. Həyəcanlıyam. Həyat yoldaşım niyə məndən boşanmaq istəyir? Səbəbini bildirib?

– Bəli. Deyib. Düzünə qalsa, vəkillik etdiyim müddətdə bu cür qəribə səbəb görməmişəm.

– Nədir ki?

– Pişik... Aaa... Onun adı nəydi?

– Piko?

– Bəli, bəli – gülümsədi. – Pikoya görə boşanmaq istəyir.

– Necə yəni? Pikonun bura nə dəxli?

– Deyəsən, Piko qızınızın ən çox sevdiyi şey olub. O da yoxa çıxıb. Arvadınız sizin ucbatınızdan Pikonun yoxa çıxdığını düşünür.

– Mən pişiyi haradan tapım indi?

– Bilmirəm. Hər halda siz onu tapmasanız, yoldaşınız sizinlə boşanacaq.

Bayıra çıxdım. Siqaret yandırdım. Pikonu satdığım qadına zəng vurdum. Götürmədi. Yolu keçdim. Dayanacaqda dayandım. Siqaretin kötüyünü vızıldatdım. Təzədən qadına zəng vurdum. Cavab vermədi. Feysbuka girdim. Qadına oradan yazdım:

– Burdasız?

Çox keçmədi telefonuma mesaj gəldi:

– Sən nə oğraş adamsan!

Arvadım idi. Evdə noutbukda şifrəm açıq qalıbmış. Avtobus gəldi. İstədim özümü onun altına atım və lazımsız bir cəsədə çevrilim.

# 2150 dəfə oxunub

Oxşar xəbərlər

İblis onları saqqız kimi çeynəyir... - Cəhənnəmin neçə qatı var?

İblis onları saqqız kimi çeynəyir... - Cəhənnəmin neçə qatı var?

17:00 11 iyun 2024
"Həyatım təhlükə altındadır..." - Bəxtiyar Vahabzadə Əkrəm Əylislini niyə müdafiə edirdi?

"Həyatım təhlükə altındadır..." - Bəxtiyar Vahabzadə Əkrəm Əylislini niyə müdafiə edirdi?

12:00 11 iyun 2024
Ölkəni talayan, korrupsioner, mafioz qazaxlılar - Uğursuzluqlarının heyfini Səməd Vurğundan çıxanlar

Ölkəni talayan, korrupsioner, mafioz qazaxlılar - Uğursuzluqlarının heyfini Səməd Vurğundan çıxanlar

11:12 10 iyun 2024
Bağırov Şaginyanı Bakıdan nə üçün qovmuşdu? - Stalinin qərarını dəyişdirən adam

Bağırov Şaginyanı Bakıdan nə üçün qovmuşdu? - Stalinin qərarını dəyişdirən adam

12:00 9 iyun 2024
Onun tənhalığına adamın heyfi gəlirdi - İlqar Fəhmi

Onun tənhalığına adamın heyfi gəlirdi - İlqar Fəhmi

12:00 8 iyun 2024
Orxanın tuman və büstqalter fetişi var - Qismət Rüstəmov

Orxanın tuman və büstqalter fetişi var - Qismət Rüstəmov

12:00 7 iyun 2024
#
#
# # #