"O, Xalq şairi adına çoxdan layiqdir..." - Vaqif Bayatlı - 75

"O, Xalq şairi adına çoxdan layiqdir..." - Vaqif Bayatlı - 75
1 oktyabr 2023
# 12:00

Bu gün tanınmış şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlının doğum günüdür. Ustad şairin 75 yaşı tamam olur.

Kulis.az bu münasibətlə şairin dostlarının, qələm yoldaşlarının ürək sözlərini, arzularını təqdim edir.

Xalq yazıçısı Kamal Abdulla: "Vaqif mənim ən sevimli şairlərimdən biridir. Mən onun haqqında esselərimdə xeyli yazmışam. Bundan əlavə, o mənim sevimli dostumdur.
Onun isti, səmimi münasibətini mən qırx qıfılla kilidlənmiş guşənəşin hücrəsindən də hiss edirəm. Vaqif həyatında ölməzlik qazanmış, adını ədəbiyyat, mədəniyyət səhifəmizə inamla yazmış adamdır.
Vaqif varmıdır, yoxmudur - bilmirəm.

O, dənizin ortasında möhtəşəm bir xəyaldır. Vaqif ruhu, Vaqif əxlaqı bizim hamımıza hava, su kimi lazım idi. Vaqif Bayatlı da bunu bizə verdi.”

Xalq yazıçısı Elçin Əfəndiyev: “Vaqif Bayatlı bizim böyük şairlərimizdən biridir. Onun 75 illiyi mənim üçün bir tərəfdən də gözlənilməzdir. Ona görə ki, mənim nəzərimdə o həmişə enerjili, şövqlə yazan, həqiqəti deyən, hamıya xeyirxah münasibət bəsləyən cavan bir şairdir.

Amma digər tərəfdən bu 75 ilin müdrikliyi artıq cavan yaşlarından onun qələmində var idi və bu gün də davam edir. Bu gün mənim üçün çox xoşdur ki, o həmin gənclik şövqü ilə, ehtirası ilə davam edir. Ürəyindəki xeyirxahlıq da onun istedadını, cavanlığını qocalmağa qoymur.”


Xalq şairi Sabir Rüstəmxanlı: “Vaqif öz dəsti-xətti olan adamdır. Vaqifi çox sevirəm. Gənclik illərindən Bakıda baş tutan ilk görüşümüzdən şeirləri, şəxsiyyəti ilə ürəyimə yatan biri olub. Hər cəhətdən mənə yaxın bir adamdır. Haqqında yazılarım da var. Vaqif öz dəsti-xətti olan bir adamdır.

Ədəbiyyatımızda Vaqifin dediyi söz həmişə başqalarının dediyi sözlərdən seçilib. Vaqif gözəl insani keyfiyyətləri, yurd sevgisi ilə də fərqlənməyi bacarıb.

Onu həmişə gənc bilmişəm. Vaqif müəllimlə yanaşı Tamam xanım da bir qəhrəmandır. O, Vaqifə layiq bir xanımdır. Onların ikisini də çox sevirəm.

Vaqifin poeziyası haqqında danışılıb, yazılıb. Bundan sonra da danışılacaq. Onun gənclik illərində yazdığı bir çox şeirlər var ki, indi də hələ dilimizdə səslənir. "Soğan bahalanıb" və s. şeirləri kimi.

İndi Vaqif çox az görünür. Az gördüyüm adamları adətən unuduram. Vaqifsə elə deyil. Onu unutmuram, onun üçün ürəkdən darıxıram.

Darıxanda haqqında yazıram. Vaqifin misraları yadıma düşür:

Min ildi, milyon ildi
Göylərdə ayaqyalın
Sənə sarı qaçıram,
ayaqlarım sevinir,
yolum sevinir, Allah,
Hər gün sənin göyünə
mismarlanır, dincəlir,
qolum sevinir, Allah.

Vaqif Allahına, haqqa, ədalətə bağlı adamdır.

O, yazır ki, mənim üçün zaman anlayışı yoxdur. Mən hər an insan düşüncəsinin, zamanın ayaqları dəyməyən torpaqlarda var gəl etməkdəyəm.

Vaqif dünyanın ən qədim dərdiyəm deyir:

Heç dağların daşların yadına da gəlməz
O qədər qədiməm çoxdan unudulmuşam....

Belə gözəl şeirləri var. Mən onu ürəkdən təbrik edirəm. İnanıram ki, 75 yaşına qədər mənim yaddaşımda gənc, qara saçları üzünə tökülmüş, yorulmadan Bakının küçələrini gəzib-dolaşan, xırda konfliktlərdən uzaq, təmiz ruhlu biri kimi qalan Vaqif 100 yaşı olanda da belə olacaq. Oxucular onu belə xatırlayacaq.”



Şair Əlisəmid Kür:

"Dünyanın ən gözəl, ən varlı ölkəsinin
ən qəmli dustaqxanasından
ən ağlamalı, ən gülməli
dəlixanasına köçürüləndə
bir daha şükr etdim
bu varlı məmləkətin
bir udum havasına
bir qurtum suyuna
bir də boğazımdan keçməyən
bir tikə ölü halvasına..."

Tənqidçi, ədəbiyyatşünas Cavanşir Yusifli: “Hər bir milli ədəbiyyatın özünəxas taleyi olur, klassik dövrdən, ortaçağdan bu günə qədər baş verən hadisələr, daha düzgünü ədəbi hadisələr həmin tale və “məntiqin” yaratdığı nəsnələrdir. Hansı dildə yaranmasından asılı olmayaq bu coğrafiyada klassik poeziya müasirliyə, ədəbi hadisələrin gedişatına öz bildiyi şəkildə “müdaxilə” medir. Bunu prosesin içində olan MÜƏLLİF daha yaxşı duya və şərh edə bilər. Ancaq bu elə bir məsələdir ki, kimsə onu açmaq istəməz, çünki sənin nəfəsinə açılması münasib olmayan sirr kimi gəlir.

Səməd Vurğundan üzü bəri bizim şeir qatdan-qata təzələndi, yaddaşımızda bu təzəliyi, türfəliyi yaradanların adları yazıldı. Onlardan biri də Vaqif Bayatlı Odərdir. Onun leksikasında, nitqində (poetik niqtində-!) Hüseyn Cavid artefaktlarını müşahidə etmişəm, bu məınada bəzi mətnlərindəki teatrallıq intonasiyanın dəyişməsi ilə müşayiət edilib, yəni qoşa gedib onunla. Bu şeirlərin içində ƏLİ KƏRİM poeziyasının məsumluğu var, yəni: nədirsə, öz nəfəsimdən gəlib, hər şeyi içimdə doğduğu şəkildə vərəqə toxum kimi səpmişəm.

Hər bir şair, əgər o, doğrudan da bir ilahi səs, nəfəs... və fərd kimi milyon-milyon səsin, nəfəsin və fərdlər toplusunun içindən sıyrılıb özünü təsdiq edə bilirsə (Nazim Hikmət demişkən, bu göy qübbəsini nəfəsinə sığdıra bilirsə), demək ondan heç zaman və heç bir təsadüfdə cəm halında, ümumi əsaslarla bəhs etmək dzgün deyildir.

Vaqifin elə şeirləri var, hansısa mərhələnin sonunda yazılan və həmin mərhələni tamamlayan, qapadan (bu şeirsiz o mərhələ olmazdı-!) mətn keyfiyyətinə malikdir, məsələn:

Xan ceyranın qaçışında,
Ən şahanə uçuşunda,
Ya alnında, ya döşündə,
Bir ox yeri var,yeri var.

Düşməzsən şahlıq atından,
Göyün yeddinci qatından,
Hər bəyaz telin altında,
Bir ah yeri var,yeri var.

Ən kimsəsiz küçə sənin,
Küçə sənin,gecə mənim,
Sən bağlayan pəncərənin ,
Bir dön bəri bax yeri var...

Bu mərhələyə Müşfiqin “Mən dönsəm də, sən dönməzsən...” misralı şeiri də daxildir. Əli Kərimin 1958-ci ildə, çox cavan yaşında yazdığı “Qayıt” şeiri də belə bir keyfiyyətə malikdir. Bu “son mərhələ şeirinin” özəlliyi odur ki, həmişə yeni, indi bu dəqiqə pıçıltı ilə deyilmiş təsiri bağışlayır. Heç zaman köhnəlmir... Həm də və ən əsası: o şeirlərdəki dərd, qüssə, tale qisməti... dönüb-dönüb müəllifin öz başına gəlir.
Yağış kimi yağır, qar kimi səpələnir, bu, qaçılması mümkün olmayan aqibətdir, ona görə də şairlik təhlükə bəsləyən sənətdir...”


Şair Qulu Ağsəs: “Vaqif Bayatlı hər mənada mənə doğmadır. Həm şair kimi, həm insan olaraq. Səhhəti imkan verəndə həmişə zəng vurur qızımla danışır. Öz fikirlərini onunla bölüşür. Həm də qızımın ingilis dilinin filologiyasına qəbul olunmasında onun da böyük rolu oldu. O həmişə qızımla ingilis dilində danışırdı və istəyirdi ki, o ingilis ədəbiyyatının tədqiqatçısı olsun. Bu Vaqif babanın doğum gününə bizim ən gözəl hədiyyəmiz oldu.

Eyni zamanda təxmini 5-6 il öncə onun çap olunmamış əlyazmalarını topladım. "Ulduz" jurnalında onu kitab kimi çap elədik. Onu Mədəniyyət Nazirliyinə “Qızıl Kəlimə” komitəsinə təqdim etdik. Bəri başdan da əmin idim ki, Vaqifin şeirləri olan almanax orda qızıl kəliməni almalıdır. Çox sevinirəm ki, Vaqif müəllimin şeirləri mənim "Ulduz"un təqdimatı ilə qızıl kəliməyə layiq görüldü. Biz o sevinci Tamam xanım, Əhməd Qəşəmoğlu ilə birlikdə Muğam mərkəzində yaşadıq. Vaqif müəllimin adına çox sevindim.

Sonrası da uğurlu oldu. Vaqif müəllim nazirlikdən mükafat aldı, ardınca Əməkdar incəsənət xadimi adına layiq görüldü.

İndi üçüncü mükafatı gözləyirəm. Vaqif Bayatlı Xalq şairi adına çoxdan layiqdir. Çox istərdim, 75 illiyində o bu adı da alsın.

Vaqif hər şeirində oxucusunu heyrətləndirməyi bacaran, onu intizarda qoyan misilsiz şairdir. Bənddən-bəndə, misradan-misraya adlayanda onun nə deyə biləcəyini heç cür qəsd eləyə bilmirsən. Vafiqi öpürəm, bağrıma basıram. Ona şeirləri qədər ömür arzulayardım, amma burda bir az bəlağət var. Çünki Vaqifin şeirləri mənə elə gəlir ki, ölümsüzdür.”


Şair Xanəmir Telmanoğlu: “Uzun illərin təkliyində deyil, sürgünündə olan şair…

V.B.Odərin adı çəkilində, uzaqdan da olsa, adamı sənətin havası, şairin nəfəsi vurur.

Bütün ədəbi münasibətləri gördükdən sonra, bildirirəm ki, orta məktəbdə oxuduğum illərdə ucqar bir kənddən məktubla göndərdiyim şeirləri “Ulduz” ədəbi jurnalında Vaqif Baytlı Odər çap etməsəydi, bəlkə də, mənim yazılarımı hələ də kimsə çap etməyəcəkdi.

Onun şeirimizdə cəsarətli, qorxmaz poetik addımı göstərdi ki, şairin önündə oxucu, oxucunun qarşısında şair olmamlıdır. Oxucu, şairin qarşında bariyer yaradan, sədd çəkən, cəbhə açan gücdür. Şairin qarşısında Allahdan başqa heç bir güc, nəsnə olmamalıdır. Şair, birtərəfli hücum taktikası işlək olan qüvvədir. Onunla qarşılıqlı mübadilə üsulu ilə davranıldığında, o zaman şair, sossial - ictimai sifariş şüuru şarlatançılıq dəllallığlna aludə olan bir məxluqa çevrilir. Yaşadığımız dövrdə örnəkləri az deyil.

Vaqif Bayatlı Odər kimi şairimizi oxuduqca düşünürsən ki,

Şair, ömrü boyu oxucu öldürməklə məşğul olmalıdır. Gerçək şairin bu fani dünyada və bu oyunbaz aləmdə yeganə çıxış yolu oxucu adlı gücə zor tətbiq etməsi, qəddarca taarruzunu onun üzərində gerçəklışdirməsidir. Yoxsa bu oxucu - şair mübadilə axını müəllifi oxucu edəcək, oxucunu isə kütlə. Hansı ki, insanlığın işıqlı gələcəyini düşünən şairlər ömrü boyu insanı kütlədən ayırıb xalqa, millətə, mədəniyyətə qovuşdurmaqla (ucaltmaqla) uğraşıb.

Bütün zamanlar boyunca şairin yalqızlığının, birtərəfli yaşam üsulunun əlindən alınması uğrunda qırğınlar səngimək bilməyib.

Vaqif Bayatlı Odər bu ölkədə poeziya tərbiyəçisi missiyasını ləyaqətlə yerinə yetirən şairdir. O, poeziya üzərində müəllifi yazdıqlarına şübhəylə yanaşmağa vadar edən şairdir. Onun bu kimliyinin və kişiliyinin qisasını hələ ki toplum Vaqifi yalqızlığa itməklə alır.

Vaqif Bayatlı Odər də H. Cavid kimi təkdir. İllərdir bizlərin daixili ərazimizdəki həbsxanalarda yatıb, sürgünlərdə unudulub. Onun unudulması birbaşa sürgün(lük) olmasıyla bağlıdır. Xalq öz bənzər və oxşarını, illah da ortağını sevməz. Bu xalqın ən sultanı onun içində də var desəm, şişirtmiş olmaram!! Niyə, çünki o, poeziyamızın spirtual alanında poetik təkamülümüzü çağdaş dönəmdə təşkil edən, metafizik duyum və ovqatımızı xalqın dilində (əlində oucunda) mədəniyyətə yedirən bir ozandır.

Əziz şairimizi yubileyi münasibəti ilə təbrik edirəm. Onun yalnız sağlığını istəyirəm…”

Yazıçı Zahid Sarıtorpaq - O, həm də dərdlə barışdırır...

“O, həm də dərdlə barışdırır...
Sevdiyim nəsnələrin rəsmini cızmaq əlimdən yetərincə gəlmir. Sevdiyim insanların haqqında söz deməyə də həmişə çətinlik çəkirəm.

Elə şeylər var, istəsən də, istəməsən də, rəsmlərinimi deyim, bir hal kimi ağlasığmaz kölgə-görüntülərinimi deyim, şüurun, hissin qavramağa acizlik etdiyi ilahi səslərinimi deyim – nələrini isə, sinirlərinə çəkib yaşasan da izah edə bilmirsən. Amma qəribə də olsa, bir də ayılıb görürsən, onları haçansa sirli-sirli Can Kətanına köçürmüsən artıq. Bir də görürsən içinin divarlarında sərgilənib, barın-barxanan kimi yükünə dönüb və bunların ömür saxlancına çevrilməsindən məmnunsan. Bunlar qazanc-qismətlərindir, sözlə bəyana gəlməyənlərdir, fırçaya yatmayanlardır, nota düşməyənlərdir. Onların arasında bir üzün işığı da ola bilər, bir duanın sehri də ola bilər, sularda axıb gedən bir gül ləçəyi də, bir şeirin ovqatı da… Qavramda bəyansız qalan bu sürreal ştrixlər, dərinlərə getsən, lap ilahi işarələr kimi də yozular. Amma sən ixtiyar sahibi olmadığın üçün neyləyə bilərsən axı? Şərhdən ötrü qiyam etsən, yozumun urvatsız olar. Bəyanı mümkün olan hər hansı çəkdiyimiz bir yük qeyri-şüuri ola bilər, amma qeyri-hissi ola bilməz heç vaxt. Yəni ağzı bağlı çuvalda nə olduğunu bilməyə bilərsən, amma bu çuval çiynindədirsə, ağır, ya yüngül olduğunu hiss etməməyin olumsuz bir şey...

Vaqif Bayatlı Odər şeirinin tutumu heç də məna zənginliyi, yəni şüura güclü təsir göstərərək kontakt yaratması ilə deyil, daha çox onun hissi çalarlarınin insan ruhunda sərbəst gəzişmələri, oralarda ərköyün-ərköyün bir uşaq çılğınlığı ilə, necə deyərlər, dinc durmaması, aləmi biri-birinə vurmasıyla ölçülür. Onun şeirləriylə tanış olurkən içində təlatümlər yaşayan oxucunu yalnız bir yol gözləyir: sevgi yolu. O yol da özlüyündə başqa bir yola – barış yoluna aparır.O sevə-sevə sevdirir, sevdirə-sevdirə barışdırır. Sevgi və barış bu ilginc poeziyanın ən mühüm dayaqlarıdır.

Elmi arşınları Vaqif şeirinə tətbiq eləmək çox primitiv görünərdi. Bunu ona görə demirəm ki, bu məsələlərin fərqində olanlar bu gün yox dərəcəsindədir. Yox, sadəcə hər cür “izm”lər onun şeirləri üstünə hayqırıb gələ bilər, amma son nəticədə utanc içində, pərt halda yanından ötüşər. “Niyə”sinin şərhə ehtiyacı yoxdu ki... İlgilənənlər bunu şeirlərdən sorsun gərək. Ən doğru cavab elə şeirlərin özündədir.

Hər şairin bir özək şeiri olur. Qalan bütün şeirləri o özəyin kökündən, budağından su içir əslində. Vaqif Bayatlı Odərin özək şeiri yoxdur. Onun bütün şeirləri qaib bir mənbəyə söykənərək (mücərrəd yox, anlaşılan, duyulan – amma qaib) çox güclü qidalanır, özü də, bu zaman tükənmək bilməyən enerji çağlayanına çevrilir. Öz-özlüyündə o, ortalığa qoyduğu məhsula görə yalnız həmən sirli, qaib ucalığa borcludur. Deyən tapılar ki, onun yaradıcılığında irfanın islamdan öncəki dönəmlərinin, lap antiklərə gedib çıxan çağlarının ahəngləri var. Amma necə? Güclü Tanrıçılıq baxımından bu, kənardan belə görünə bilər. Bu anlamın islamda təsəvvüflə, sufi dünyagörüşləri ilə kamilləşdiyini və tarixə azman söz ustaları doğurduğunu nəzərə alsaq ortada bitkin bir konsepsiya durmalıdı.

Hərdən Vaqif Bayatlı Odər şeirində bu dünyagörüşlərinin çox güclü elementləri ortaya çıxsa da, əslində bir küll halında götürsək onun yaradıcılığında belə bir konkret konsepsiya yoxdur. Əvəzində belə bir ovqat var: sanki uzaqlara əbədi getdiyini dərk edərək evdən tələsik çıxan mifik bir varlıqdı söz yiyəsi; o, nəyisə unudub evdə qoyduğunu anlayaraq, sürətlə geri dönür, evi ələk-fələk eləyir, amma axtardığını tapır, ya tapmır, bu sirr olaraq qalır.

O, yenidən yoluna davam eləyir, yol onu yenidən kərən-kərən həmən ünvana gətirir, yenidən həmən proses təkrarlanır. O, bu gəlim-gedimin sirrini hamıdan gizlədərək, oxucunu intizarda saxlayır. Oxucu isə öz növbəsində hər şeyi unudaraq, yalnız o sirri öyrənməyə can atdığı üçün bu ovqata qatılaraq ona tabe olur, özündən xəbərsiz, sözün yaxşı mənasında, itaət edir – sehirlənmənin sadə anlamını təxminən belə yozur: ələk-fələk olunan yalnız və yalnız ucalar ucası, sirlər məkanı Göy Üzüdü.

Bəs axtarılan nə idi? O tapıldımı? Bəs bu mübhəm sevda hardan çilənir? Bu sirr açılacaqmı? Insanı insana, gülü gülə sevdirən bu sirri öyrənmək mümkün olacaqmı? Hara gedir o mübhəm sirlər sahibi? Yenidən Göy Üzünə! İtiyinin ardıyca! Və gərdiş beləcə başlanır Könül Kainatında – dövrə vura-vura, rəqs edə-edə, sonralar özü də etiraf edəcək bunu, hamını bu rəqsə çağıracaq...
Bu hisslərin aurası içində olmaq hər cür kamil, bitkin konsepsiyadan, proqramdan ucalarda dayanır. Bayaq qeyd etdiyim kimi bir uşaq çılğınlığıyla dinc durmadan aləmi biri-birinə vurmağa bənzəyən bu bədii hökmüranlığa olduqca səmimi bağlılıq əslində heç şairin düşünülmüş amacı da deyil. Bunu ilk baxışda çox sadə, bənzərsiz, öz təbirincə desək, “qanadlı şeirlər”in özləri diqtə eləyir. Elə buna görə də, V.B.Odər yaradıcılığında şeirin klassik anlamı çökmür və itirmir, çağdaş anlamı isə ucalaraq qazanır.

Burda da onun sevdirici və barışdırıcı mövqeyi özünü göstərir. Onun poeziyası, sadə şəkildə izah etsək, nəinki insanların, eləcə də, şeirimizin dünəniylə bu günü arasında sevgi və barış nöqtəsidir. Dünyagirlikdən çox-çox uzaq olan şairin şeirlərində bir damla göz yaşıyla, bir şamla, ya bir gül ləçəyilə üzə çıxan dərdlərdən, sevdalardan şeirə tapınan bütün haqq aşiqlərinə ruh yükü bağlamaq daha asandır, nəinki mücərrədliyin daşqırmaz aynalarında oynaşan dərkolunmaz kabuslardan.

Bəzən insan sövq-təbii nəsə cana yaxın bir itkisini axtarmaq durumuna düşür, hisslərin caynağında ümidsizlikdən üzülür. Amma bilmir neyləsin. Bax elədə o, həmişə təzə-tər olan Vaqif Bayatlı Odər şeirinə üz tutsa, uzun illərin müşahidələrindən doğan qənaətimə görə, həm yarası qaysaqlanar, həm də dili şükran dualarına gələr tezliklə. Yəni sehrin bircə düyməsi də olsa qırılıb düşər ovcuna.

O, ayrılıqları da sevdirir – itkiləri qaytarırmış kimi...
O, həm də dərdlə barışdırır – duyulmadan, özü demişkən, “yupyumru bir eşq ilə...”

Doğum günün, yubileyin kutlu olsun, Sözün misilsiz doğması, Böyük Ustad!”

# 3850 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #