Məhəmməd peyğəmbərin şəxsiyyətinə, əməllərinə pərəstiş edən dahi: "Quran - kitabların kitabıdır"

Məhəmməd peyğəmbərin şəxsiyyətinə, əməllərinə pərəstiş edən dahi: "Quran - kitabların kitabıdır"
21 dekabr 2023
# 17:00


Məlum olduğu kimi, xalqlar məhz tərcümə vasitəsilə bir-birlərinin tarixi, adət-ənənəsi, mədəniyyəti ilə tanış ola bilir, söz ustalarının ölməz əsərlərini öz doğma dillərində oxumaq imkanı əldə edirlər. Müəyyən dövrlərdə müxtəlif alim və filosoflar tərcüməçi peşəsinə yüksək qiymət vermiş, mədəni, iqtisadi və s. əlaqələrin inkişafında onun əvəzsiz rolunu qeyd etmişlər. Tərcümənin çoxəsrlik tarixə malik zirvəsi isə bədii tərcümə və onun ən çətin növü sayılan poetik tərcümədir. Məhz bu ali sənətin sayəsində xalqların bədii təfəkkürü formalaşıb-zənginləşir, millətlərin mənəvi sərvətləri bir-biri ilə qaynayıb qarışaraq bəşəriyyətin mədəni-tarixi təkamülünü təmin edir.

Kulis.az Hötenin İslam sevgisi haqqında yazını təqdim edir.

Şair Korney Çukovski bədii tərcüməni belə təsəvvür edirdi: "Tərcüməçinin yaradıcılıq ilhamı yalnız o vaxt səmərəli ola bilər ki, orijinaldan ayrılmasın, amma hərfən, yəni sözbəsöz, kəlmə-kəlmə tərcümə üsulundan yaxasını qurtarsın, təbəssümü təbəssümlə, musiqini musiqi ilə, səmimiliyi səmimiliklə təcəssüm etdirsin, fikrin kəskinliyini, hissin dərinliyini, obrazın parlaqlığını, rənglərin və səslərin füsunkarlığını, intonasiyanın ahəngdarlığını oxucuya çatdırsın". Diqqət yetirək:

Bahardır gözəlin bir cüt gözü də,

Ağıl başdan çıxıb kəməndə düşür.

Dolub bülbülü də, qızılgülü də,

Hamı bu tilsimə, bu bəndə düşür.

Heyrət içindədir lal meşələr də,

Hər yarpaq elə bil bir yaşıl budaq

Sükut içindədir yuxulu təpə,

Kölgəsi uzanıb özündən qabaq.

Klassik alman şairləri Y.V.Höte və H.Haynenin lirik şeirlərindən bir qismini alman dilindən Azərbaycan türkcəsinə tərcümə edən mütərcim Ələkbər Qubatovun "Lirika" adlı kitabında belə poetik parçalar təqdim olunub. Tərcümə olunmuş hər əsər tərcüməçinin sənətkarlığı, ustalığıdır. O, hər iki dilin bütün səviyyələrini nəzərə almaqla, yaradıcılıq işi görür, dilin bütün imkanlarını yeni incilərlə zənginləşdirir. Bəzən tərcümə o dərəcədə mükəmməl, təbii olur ki, oxucu onu orijinal əsər kimi qəbul edir. H.Haynenin bir şeirinin tərcüməsindən aşağıdakı misralara diqqət yetirək:

İlahi, bu gözəl yay günlərində,

Yaralı canımla qəm yeyirəm mən.

Çəkilib meşənin xəlvət yerində,

Adamlardan uzaq inləyirəm mən.

Bahara həsr olunmuş bir şeirin tərcüməsindən isə aşağıdakı misralara diqqət edək:

Alışıb baharın mavi gözləri,

Otlar arasından dünyanı süzür

Bu zərif, bu şehli bənövşələri,

Xəyalım bir qızın telinə düzür.

Yaranmış qənaət bundan ibarətdir ki, tərcümə orijinalın məzmunu ilə forması arasındakı dialektik vəhdəti qoruya, dilin leksik, sintaktik, üslub imkanlarını, təsvir və ifadə vasitələrini oxucuya çatdıra bilib.

V.Hötenin ən məşhur əsəri "Faust"dan sonra ikinci sırada, heç şübhəsiz, "Qərb-Şərq Divanı" hesab olunur. Bu əsərdə şair müsəlman dünyasının ən məşhur və tarixi şəxsiyyətlərinə, o cümlədən Məhəmməd peyğəmbərə, dahi Azərbaycan şairi Nizami Gəncəviyə, bütün dünyanı lərzəyə salan türk sərkərdəsi Əmir Teymura, Hafiz Şiraziyə və digərlərinə şeirlər həsr edib.

Onun "Qərb-Şərq Divanı"nın professor Ə.Qubatovun tərcüməsində tədqiq və təhlil obyekti kimi seçilməsinin səbəbi budur ki, dahi alman şairinin bu şah əsərinin hər hansı inkişaf etmiş ədəbi dilə, o cümlədən müasir Azərbaycan ədəbi dilinə poetik tərcüməsi tərcüməçilik sənətinin, bir növ, ensiklopediyasına çevrildiyinə görə onun dərindən və hərtərəfli öyrənilməsi bədii tərcümə tarixi, nəzəriyyəsi və təcrübəsini xeyli zənginləşdirə bilər. Fikrimizcə, Höteni zəngin Şərq müsəlman mənəviyyatına qovuşduran mənbə İslamın mənəvi-ruhani dəyərləri olub.

Cənnəti vəsf edən əsl müsəlman,

Elə bil oranı görüb gəlibdir.

Əlində İslamın təməli Quran,

Hər sözü könlünə hörüb gəlibdir –

deyən Höte, müqəddəs peyğəmbərimiz Məhəmmədin şəxsiyyətinə və əməllərinə olan heyrət və vurğunluğunu gizlədə bilməyib. "Ey şirin cocuğum" adlı lirik ricətində Höte dünyanın peyğəmbərləri sırasında Məhəmməd Peyğəmbərə verdiyi qiyməti, ürəyində gəzdirdiyi sevgini qanadlı misralarına köçürüb:

Gerçəkdən gerçəyə oldu pənahım

Ulu Məhəmmədi sən yaxşı tanı

Bil, yoxdu Allahdan başqa Allahım,

Deyərək fəth etdi bütün dünyanı.

İrqindən, dinindən asılı olmayaraq bütün insanlığın, bəşər övladının mənəvi-ruhani dünyasına min bir naxış, özəllik və gözəllik bəxş edən islami zənginlikləri görüb dəyərləndirmək, əslində, ən böyük insanlıq duyğusunun, müdrikliyin əlamətidir.

Höte özü də elm adamı olduğu üçün alimə yüksək qiymət verir:

Nə qədər olsa da şeirlərimdə,

Qurani-Kərimə zidd kəlimələr.

Düz yol müsəlmana fərz yerində

İlahi nizamla alimdən gələr.

O, Şərq dünyasının gözəllik ila­həsi Züleyxaya ithafən yazır:

Uzun barmaqların zərif əlinə,

Yaraşır bir qönçə yuxusu kimi.

Dünyanın özü də möhtacdı sənə,

Əbədi gözəllik qoxusu kimi.

Hötenin öz əsərlərində daha çox və israrla dilə gətirdiyi dəyərlər sevgi, barış, hürriyyət, qardaşlıq, gözəllik, yaxşılıqdır.

Fikrin, dərin düşüncələrin qanadlarında dini-ruhani dəyərlərimizin gözündən su içən Hötenin Qərbin də, Şərqin də insanlarına olan məhəbbəti onun poeziyasının ana xəttini təşkil edir. İnsan hara baxırsa-baxsın, orada Allahı görür:

Dünyanın Şərqi də Allahındır, bil,

Dünyanın Qərbi də bil, Allahındır!

Quzey də, Güney də ayrı yer deyil

Sülh içində hər xalq, el Allahındır!

Bəli, mən bu tərcümələrdə könlümüzü özünə ram edən bir duyğu, bir sevgi gördüm. Bu duyğu və sevginin ən uca qaynağını isə müsəlman Şərqindən, Məhəmməd dünyasından alman şairi Hötenin ürəyinə, zehninə köçərək, işıqlı misralara çevrilən İlahi eşqin cazibəsində axtardım.

"Aydinyol.aztc.gov.az"

# 1499 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #