Kulis.az Meksika yazıçısı Xuan Rulfonun "Makario" hekayəsini təqdim edir.
Mən arxın kənarında oturub qurbağaların üzə çıxmasını gözləyirəm. Dünən axşam biz yemək yeyəndə səs-küy salmağa başlayıb səhərə qədər susmadılar. Xaç anam deyir, qurbağaların şivənliyi yatmağa imkan verməyib deyə indi gözündən yuxu tökülür. Ona görə mənə tapşırıb ki, arxın yanında əlimdə taxtayla pusquya durub üzə çıxan hər qurbağaya macal verməmiş başını əzim…
Qurbağalar başdan-ayağa yaşıldır, bircə qarın hissədə rəng bir az açıq olur. Quru qurbağaları isə qara olur. Xaç anamın gözləri də qaradır. Qurbağaları yaxşıca yemək olar. Quru qurbağalarını isə yemək olmaz; amma mən quru qurbağası yemişəm, lap adi qurbağa dadı verir. Felipa deyir ki, quru qurbağalarını yemək olmaz. Felipanın gözləri pişik gözü kimi yaşıldır. Mən hər dəfə acanda mətbəxdə yeməyimi verən də Felipadır. O, qurbağaları incitməyimi heç istəmir. Yenə də xaç anam mənə belə şeylər tapşırır… Felipanı xaç anamdan daha çox istəyirəm. Amma mətbəx bazarlığını eləmək üçün cibindən pul çıxarıb Felipaya verən xaç anamdır. Felipa sadəcə mətbəxdə üç nəfərlik yemək hazırlayır. Mən onu tanıyandan bəri başqa bir işlə məşğul olmayıb. Qabları yumaq mənim işimdir. Sobaya odun daşımaq da mənlikdir. Yeməkləri xaç anam bölüşdürür. Özü yeyəndən sonra iki kiçik pay hazırlayır, biri Felipa üçün, biri də mənim üçün. Amma bəzən Felipanın iştahası olmur, onda iki pay da mənə qalır. Bax buna görə Felipanı çox istəyirəm, çünki mən həmişə ac oluram, onun payını yesəm də, doymuram. Düzdür, deyirlər ki, adam yemək yeyəndən sonra doymalıdır, ancaq mən yesəm də, doymuram, hətta mənə verilən hər şeyi yesəm də, doymaram. Felipa da bunu bilir… Camaat deyir ki, mən dəliyəm, çünki həmişə ac oluram. Bunu xaç anam eşidib, mən yox. Xaç anam məni küçəyə tək çıxmağa qoymur. Özü ilə gəzməyə çıxaranda isə həmişə kilsəyə keşişi dinləməyə aparır. Burada məni yanında otuzdurub əllərimi şalının ucuyla bağlayır. Əllərimi niyə bağladığını heç bilmirəm; amma deyir ki, mən bir dəlilik eləyə bilərəm deyə belə edir. Bir gün dedilər ki, guya mən kimisə boğmuşam; kefim istədiyi üçün hansısa qadının boğazını sıxmışam. Düzü, mənim yadıma gəlmir. Amma bunu xaç anam deyir, o isə heç vaxt yalan danışmır. O, məni yeməyə çağıranda öz payımı vermək üçün çağırdığını bilirəm, başqaları isə yemək vermək üçün çağırıb sonra daşlayırlar, mən də əliboş qaçmalı oluram. Yox, xaç anam mənimlə yaxşı rəftar edir. Ona görə onun evində özümü xoşbəxt hiss edirəm. Üstəlik, Felipa da burada yaşayır. Felipa mənə qarşı çox qayğıkeşdir. Ona görə də onu çox istəyirəm… Felipanın südü hibiskus çiçəkləri kimi şirin dadır. Mən keçi südü də içmişəm, təzəcə balalamış donuzun südünü də… yox, bunlar Felipanın südünə çata bilməz… Artıq çoxdandır ki, bizim qabırğalarımız olan yerdəki şişliklərindən süd əmmirəm. Görəsən, Felipa xaç anamın bizə bazar günləri naharda verdiyi süddən daha dadlısını hardan, necə alır? Felipa gecələr yatdığım otağa gəlir, ya üstümə çökür, ya da yanıma uzanıb mənə sıxılır, daha sonra şişliklərini çıxarır ki, onları əmim, beləcə şirin, ilıq süd axıb dilimin üstü ilə süzülür… Mən dəfələrlə aclığımı yatırmaq üçün hibiskus çiçəkləri yemişəm. Felipanın südündən də bu dad gəlir və mən süd əmməyi çiçəklərdən daha çox xoşlayıram, çünki bu vaxt Felipa məni qıdıqlayıb güldürür. Süd verəndən sonra Felipa demək olar ki, həmişə yanımda yuxuya gedir və sübhə qədər mənimlə qalır. Bu mənim işimə yarayır; çünki o yanımda olanda nə soyuqdan, nə bir gecə burada tək-tənha ölüb birbaşa Cəhənnəmə yollanmaqdan qorxmuram… Bəzi gecələr Cəhənnəm məni o qədər də qorxutmur. Bəzən də lap canıma üşütmə salır. Bir də ki, danqabaş olduğum üçün və başımı qabağıma çıxan hər yerə çırpdığım üçün əvvəl-axır Cəhənnəmə gedəcəyimi düşünərək özümü qorxutmaqdan xoşum gəlir. Amma Felipa gələndə bütün qorxularımı qovur. O, məni qıdıqlayır, özü də bunu yaxşı bacarır. Beləcə, ölüm qorxum yox olur, hətta bir anlıq yadımdan da çıxır… Felipa deyir ki, Tanrıya bütün günahlarımdan danışacaq. O, tezliklə Cənnətə gedəcək və Tanrıdan xahiş edəcək ki, bədənimi başdan-ayağa ələ keçirən pisliklərə görə məni bağışlasın. O, mənim üçün bağışlanma istəyəcək, beləcə, daha buna görə narahat olmayacam. Felipa hər gün tövbə edir. Özü pis olduğu üçün yox. Mənim içimdə çoxlu şeytanlar olduğunu düşünür və bu balaca iblisləri canımdan çıxarmaq üçün mənim əvəzimə tövbə edir. Hər gün. Hər günorta. O bütün ömrü boyu mənə bu yaxşılığı edəcək. Özü belə deyir. Ona görə də Felipanı bu qədər çox istəyirəm… Yenə də belə danqabaş olmaq böyük məsələdir. Başımı saatlarla dəhlizin sütunlarına çırpıram, amma ona heç nə olmur, baş hələ də dözür. Bəzən də başımı döşəməyə vururam; əvvəlcə yavaş-yavaş, sonra tez-tez. Səsi lap nağaranı xatırladır, elə bil, başımın içində kilsə mərasimlərində çalınan nağara səslənir. Amma kilsədə xaç anama bağlı şəkildə oturanda nağaranın danqıltısını çöldən eşidirəm… Xaç anam isə deyir ki, otağımdakı birələr, tarakanlar və əqrəblər başımı döşəməyə çırpdığım üçün Cəhənnəmdə yanacağımın xəbərçisidir. Amma mənim tək istədiyim nağaranın səsini eşitməkdir. Kaş xaç anam bunu biləydi. Əvvəlcə nağaranın səsini kilsənin içindəki kimi yaxından eşitmək, sonra tezliklə çölə çıxacağıma, həmin səsin uzaqdan, kilsənin dərinliklərindən və keşişin söhbətlərindən daha uca səsləndiyini eşitməyə ümid etmək… “Yaxşılığa aparan yol işıqlıdır. Pisliyə aparan yol isə qaranlıq”. Keşiş belə deyir… Mən hələ hər yer qaranlıq olanda oyanıb otağımdan çıxıram. Mən çölə çıxıb küçəni süpürür və gün ağarmamış otağıma qayıdıram. Nə olursa, küçədə olur. Adamlar səni görən kimi daşlayıb başını yara bilərlər. Hər yerdən üstünə itiuclu daşlar yağar. Sonra köynəyini yamamalı, günlərlə üzündəki və dizindəki yaraların keçməyini gözləməli olursan. Əllərimi yenə bağlayırlar, çünki onlar dinc durmur, yaranın qabığını soyur, qan yenidən axır. Hərçənd qanın da dadı yaxşıdır, amma yenə də Felipanın südü kimi dadlı deyil… Mən də daş-qalaq olunmamaq üçün həmişə evin içində oluram. Yemək yeyəndən dərhal sonra otağıma girib qapısını bərk-bərk bağlayıram ki, günahlarım məni qaranlıqda görüb tapmasınlar. Mən heç tarakanların hara getdiyini izləmək üçün məşəl belə yandırmıram. Yerimdə, torbaların üstündə sakitcə uzanıram və boynumda tarakan gəzişdiyini hiss edən kimi onu bir şilləyə əzirəm. Amma məşəli yandırmıram. Bir o çatışmırdı ki, günahlarım məni əlimdə məşəllə adyalımın arasına sızan tarakanları izlədiyim yerdə hazırlıqsız yaxalasın… Tarakanlar əziləndə xırçıldayır. Heç bilmirəm, sisəklər xırçıldayırmı. Sisəkləri heç vaxt öldürmürəm. Felipa deyir ki, sisəklər həmişə, nəfəs dərmədən səs-küy salırlar, beləcə, ərafda əzab çəkən ruhların harayını ört-basdır edirlər. Sisəklərin nəsli tükənən gün yer üzü müqəddəs ruhların harayı ilə dolacaq və hamımız qorxub pərən-pərən düşəcəyik. Həm də qulaqlarımı şəkləyib sisəklərin səsinə qulaq asmaqdan xoşum gəlir. Otağım sisəklə doludur. Məncə, yatdığım torbaların qatlarında sisəklər tarakanlardan çoxdur. Əqrəblər də var. Tez-tez tavandan üzüaşağı düşürlər və hər dəfə nəfəsimi tutub onların üstümdən keçib yerə çatmağını gözləməli oluram. Çünki əlim bir balaca tərpənsə, ya da sümüklərim titrəsə, bunu hiss edib dərhal sancırlar və bu ağrıdır. Bir dəfə biri Felipanı ombasından sancmışdı. O ağlayıb Müqəddəs Məryəm anaya sakitcə dua eləməyə başladı ki, bircə ombası həmişəlik korlanmasın. Mən isə onun yarasını tüpürcəkləyirdim. Bütün gecə onu tüpürcəkləmiş və onunla birlikdə dua eləmişdim, bir müddət sonra məndəki dərmanın ona yaxşı təsir eləmədiyini görüb onun ağlamağına öz gözlərimlə dəstək olmağa çalışdım… İstənilən halda otağımda olmağı hər an üstümə cummağa hazır adamların diqqətini çəkərək küçədə gəzməkdən daha çox xoşlayıram. Burada mənə heç kim heç nə etmir. Xaç anam hibiskuslarının, mərsinlərinin və narlarının çiçəklərini yediyimi görsə də, məni danlamır. O, həmişə ac olduğumu bilir. Bilir ki, bu aclığım heç vaxt bitməyəcək. Bilir ki, daim orda-burda ağzıma bir şey atsam da, mədəm heç vaxt dolmayacaq. O, piyli donuzlara verilən islanmış noxudu da, arıq donuzlara verilən quru qarğıdalını da yediyimi bilir. Sübhdən gecəyədək ac gəzdiyimi bilir. Nə qədər ki, bu evdə yemək tapıram, buranı tərk etməyəcəm. Çünki mənə elə gəlir ki, yeməyi kəsdiyim gün öləcəm və onda dəqiq birbaşa Cəhənnəmə yollanacam. Orada isə məni nə üzümə xoş baxan Felipa, nə xaç anamın hədiyyəsi olan, boynumdan asdığım müqəddəs çiyin bəzəyi xilas edəcək… Arxın yanında dayanıb qurbağaların çıxmağını gözləyirəm. Tərslikdən danışdığım müddətdə biri də çıxmadı. Bundan sonra da ortaya çıxmasalar, mən yuxuya gedə bilərəm, onda onları öldürə bilməyəcəm, xaç anam onların oxumağını eşidib yata bilməyəcək və çox əsəbləşəcək. Onda xaç anam çoxsaylı müqəddəslərin birindən mənim dalımca şeytanları göndərməyi xahiş edəcək. Şeytanlar gəlib məni birbaşa əbədi əzabların çəkildiyi yerə aparacaq, biz heç ərafda da dayanmayacağıq və mən orada olan atamla, anamı görə bilməyəcəm… Yaxşısı budur, danışmağa davam edim… Bu dünyada ən çox istədiyim şey Felipanın ləzzətli, hibiskus çiçəklərindən axan bal kimi şirin südünün dadına bir də baxa bilməkdir…
İspancadan tərcümə: İlahə Əkbər