Əllərimlə səni boğacam - Bircənin romanı

Əllərimlə səni boğacam - Bircənin romanı
19 iyun 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Həmin həftənin şənbə günü Yeqovaya şahidlik eləyən o üç qadın yenə qapımı döydü. Bu dəfə qadınları içəri buraxmadım, elə qapının ağzındanca onları al dillə yola saldığım vaxt pilləkənin ayağında Həmidin başı peyda oldu. Missionerləri görər-görməz ağzına gələni deyib söyüb onları qapıdan qovdu.

Qadınlar yaxalarını onun əlindən birtəhər qoparıb getdilər, bundan sonra mənim yaxam qaldı Doneşin müdam nahaq qana bulaşıq əlində. İçəri gircək başladı, nə başladı. Yaxşı ki, evdə heç kəs yoxudu, qızlar Lalənin qızını da götürüb şəhərə çıxmışdılar.

- Mən özümü it kimi ora-bura vururam, tur danışıram, bilet sifariş verirəm, səni ailəmlə birgə xaricə aparmaq istəyirəm, sən də mənim arxamda iş çevirirsən?

- Mən heç yerə gedən deyiləm, özünü yorma. Ayrı planlarım var.

- Sənin nə plan qurduğunu mən yaxşı bilirəm. Başının dəstəsini qoyub gedə bilməzsən axı.

- İndi ki qanırsan beləyəm, rədd ol başımdan.

Həmid qollarımdan yapışıb kürəyimi divara çırpdı, onu təpikləyib əlindən çıxdım. Öz əlacsızlığıyla barışıbmış kimi dedi:

- Şeytana papış tikən, hamıya fırıldaq gələn mən olmuşam. Mən qarışıq bu qədər adamın başına necə corab hörə bilirsən, anlamıram.

Onun məni mahir kələkbaz donunda görməsi mənə şeytani bir həzz verdi, güldüm:

- Görürsən ki, həyatda səndən betəri də varmış. Sən özünə yaxşı ləqəb tapmısan – Lenin. Gərək mən də axtaram özümə layiq bir ayama qoşam.

- Gözlə, bir azdan qayıdıb sənin adını alnına yazacam, hamının yanında səni biabır eləyəcəm, - deyə-deyə pillələri iki-iki düşüb getdi.

Fürsətdən yararlanıb evi silib-süpürməyə başladım. Sonra aşağı düşüb bayram süfrəsinin əyər-əskiyini düzəltmək üçün marketə dəydim. Lalənin balalarına Şaxta baba hədiyyəsi aldım. Evə qayıdanda idarəmizin təhlükəsizliyinə cavabdeh olan mühafizə polisi Farizə zəng vurdum, başıma gələnləri tanıdığım başqa qadının problemi kimi ona danışdım, ondan qardaş məsləhəti istədim. Bu dəm qapım necə döyüldüsə səsini xəttin o başında Fariz də eşitdi.

- Bircə xanım, deyəsən bu, “aç qapını gələk səni öldürək” döyməyidi, - dedi.

- Qonşum həmişə qapımızı belə döyür, - deyib telefonu qapadım, qapını açdım.

Domba gözlərini svetoforun qırmızı işığı kimi üzümə tuşlamış Həmid əlindəki bürməli kağızı üstümə tullayıb piyli gövdəsini divana yıxdı:

- Buna nə deyəcəksən?

Vərəqlər başdan-ayağa xırda-xırda rəqəmlərlə doluydu. Kağızları bir neçə dəfə o üz-bu üzə çevirdim, heç nə başa düşmədim. Mən də eynən özü kimi vərəqləri bürmələyib onun üstünə fırıldatdım:

- Başım çıxmır, nədi bunlar?

- Deyim nədi?

- De.

Kağızları bir-birindən ayırıb masanın üstünə sərdi:

- Bu, sənin üzdə olan telefonuna gələn-gedən zənglərin siyahısı, bu da gizlətdiyin telefondakı zənglər, mesajlar.

Eynək taxıb gözümü hərəsi bir adın-ünvanın şifrəsi olan rəqəmlərə zillədim, sonra vərəqləri qəfildən büküb-büküşdürüb ovcumda əziklədim.

Həmid məni geri itələyib kağızları yerdən götürdü. Arvadının gəzdirdiyi gizli telefonun danışıq, ismarış siyahısını qarşısına sərib milyonluq bank çeki kimi həris-həris sığalladı:

- Bu, sənin ölüm kağızındı, bax görürsən, taleyin mənim əlimdədi – istəsəm səni məhv eləyərəm, istəsəm bağışlayaram. Ona görə də ağıllı ol, sakitcə gəl otur yanımda, de görüm bu adam kimdi. Sən bir gündə bu nömrəyə otuz dəfə zəng vurmusan, saysız-hesabsız mesaj göndərmisən. Gizli telefonunda ancaq bir adamın nömrəsi var. Hərdən aşkardakı telefonunla da o nömrəyə zəng vurmusan. Sən məni elə labirintə salmısan, özüm də çaş-baş qalmışam.

Onu təmkinlə dinləyir, deyəcəklərimi ürəyimdə vərəvurd eləyirdim. Birdən qalxıb evin içində axtarışa başladı:

- Hanı gizlətdiyin telefon, dur ver onu mənə.

- Mənim bir telefonum var, o da göz qabağındadı, - dedim. - Ayrı telefonum olmayıb, heç kimə başqa nömrədən zəng vurmamışam, mesaj da yazmamışam.

- Ay hay, sən dedin mən də inandım! İndi gördün Leninəm mən, tanıdın indi məni?

- Çox şey bilməyə çalışma, elə yerindən tələyə düşərsən, evin yıxılar.

- Mənə meydan oxuyursan? Sənin kimi aferistə hələ rast gəlməmişəm. Bu qədər bicliyi harda öyrənmisən? Çıxart telefonu, elə yanımda həmin adama zəng vur.

- Tapa bilirsən tap gətir, zəng vurum.

- Paho, bakirə Məryəm imiş bu!

Deyib üstümə yeridi. Yenə masanın dövrəsində qaçdı-qovdu başlandı. Ayağımın burxulmağı qədəmlərimi qırdı, hal aparmış yetirib arxadan məni vurdu. Topuğumun ağrısı beynimə işləsə də qolumu yanıma salmadım, girəvələyib mən də onu yumruqladım.

Birdən Həmid məndən aralanıb çıraq kimi söndü. Ani fikirdən sonra hamama keçib əllərini yudu, kitablarımın arasından qalın cildli Quranı tapıb gətirib masanın üstünə qoydu:

- Özünə arxayınsansa gəl and iç.

- Niyə and içim, bəyəm sənin qarşında öhdəliyim var? Məndən icazəsiz bu siyahıları sənə kim verib, nə ixtiyarla verib? Bu sübutları da götürüb polisə gedəcəm, o adamı da, səni də dama basdıracam.

- Xox, qorxdum! Təmiz adamsan gəl and iç, mən də inanım.

- Uzaq eldə uşağım, canımı sadağa dediyim beş qardaşım var. Gəl sən çox dərin qazma, Quranın iki başı olar deyiblər. And içməyə nə ehtiyac, mərdi-mərdanə deyirəm ki, bu telefondan xəbərim yoxdu.

- Danışdığın adamın adını da bilirəm, nömrə onun adınadı. Kimdi Ramil?

- Get siyahıları aldığın yerdən Ramilin kimliyini də öyrən. Mən belə adam tanımıram.

Şeytan başımın ətini yeyib beynimin hüceyrələrini tapdaq-tapdaq elədi, damarıma yol tapıb qanımın içində aşağı-yuxarı üzdü, sümüyümü çeynəyib iliyimi sümürdü, handan-hana dözməyib barmağımla Quran ayələrini döyəcləməyə başladım:

- Bu Quran haqqı o telefonun, o Ramilin, o mesajların mənə heç bir dəxli yoxdu, - dedim. - Haqlıyamsa qoy bu Quranın sahibi özü sənə görk eləsin.

Ağlaya-ağlaya müqəddəs kitabı qatlayıb aparıb yerinə qoydum. Həmid cumub Quranı yenə gətirdi, açıb qabağıma itələdi:

- İşdəkilərə, o Yeqovadan gələn arvadlara görə də and iç.

Adamın daha nə istədiyi mənə bir az gec çatdı. Duruxdum, əvvəl-əvvəl yenə and içməyə meyilləndim, ancaq onun mütrüf üzünə baxanda beynimin keyi, canımın qırışığı açıldı, ürəyimsə tərsinə – buza dönüb qəddarlaşdı. Kitabı qatlayıb öpüb gözümün üstünə qoydum, sonra da baş barmağımı şəhadət barmağımla orta barmağımın arasından çıxarıb ona bərəltdim:

- Ala, bunu görərsən! Dur s...dir mənim evimdən, alçaq! Tezliklə Allah sənə görk eləsin, gözlərimlə görüm səbbim alınsın!

***

İtələyib onu evdən çıxardım, cəftəni-kilidi bərk-bərk bağlayıb divana çökdüm. Tək qalan kimi içimə-çölümə müdhiş bir xof daraşdı.

Mövhumatdan, xurafatdan uzaq olsam da müqəddəs kitaba əl basmaqla bağlı mənə hələ iki nəsil əvvəldən miras qalmış genetik qorxum vardı. Bir zaman nənəm yaylaqda bıçaq boğazına dayanmış gəlini xilas eləmək üçün Qurana yalandan and içmişdi. O vaxtlar hələ mən bu dünyaya yol tapmamışdım...

Demək, Musa əminin çobanlarından birinin arvadı yaylaqda subay padarla gizli aşnalıq eləyir. Bir səhər sürü otlağa sürüləndən sonra dəyəsi nənəmgilin yurdundan bir az aralı olan gəlinin çığırtısı ərşə dirənir. Nənəm əlixamırlı haraya qaçır, çatanda görür əri gəlini yerə yıxıb bıçağı dirəyib boğazına. Nənəm çobanın qolundan sallaşıb nə baş verdiyini soruşur. Çoban nənəmə çəmkirir:

- Sən ağbirçəyə arxayın olub dağda-daşda qoyun otarıram, gözün hara baxırdı ki, arvadım yolunu azıb?

Nənəm dönə-dönə qınadığı, əyri yoldan qayıtmağa çağırdığı gəlini itələyib dəyəyə salır, gözü qızmış çobanı yumşaltmağa çalışır:

- Ay oğul, bir cüt körpə balan var, - deyir, - gün doğmamış əlini niyə qana bulayırsan?

Çoban nənəmin qolundan tutub dəyənin arxasına keçirir, kişi çəkmələrinin palçıqda aydın görünən izlərini göstərib deyir:

- Mən öz dəyəmin qapısından çıxıb sürünü örüşə aparmışam, bəs bu kimin çəhlimidi mənim dəyəmin arxasına dirənib?

Nənəm çəhlimə baxıb qaçır öz komasına, boxçasında gəzdirdiyi iki yarpaq boyazı (müqəddəs kitabdan ayrılmış vərəqlərə belə deyirdilər) götürüb qayıdır çobanın yanına. Quran vərəqlərini kişinin gözü qabağında əsdirə-əsdirə başlayır sidq-ürəkdən and içməyə:

- Bu Quran haqqı Rəhimi sizə ələk dalınca göndərmişdim, bu çəhlim də Rəhimin çəkmələrinin izidi.

Çoban nənəmə inanıb arvadına dəymir. Ər qoyunun dalınca gedib gavı aşan kimi nənəm gərməşov çubuğuyla gəlinin günahkar yanbızlarına bir-ikisini çəkir:

- Ay şortu, demədimmi mənim oğlanlarımı qana salma?! Qəndli qayğanaq dürməyi yedirtdiyin kələdəkindən ərində də var.

Gəlin nənəmin əl-ayağına döşənir:

- Bir qələtdi eləmişəm, qanım sənə halaldı, - deyir, - öldürürsən özün öldür, özgə ələ vermə məni.

Nənəm gəlinin üzünə lombasıyla tüpürüb:

- Bir çətən külfətim var, - deyir, - sənin kimi qanıq qancıqdan ötrü yalandan Qurana əl basdım, günahını qəzilli keçi dağarında kürəyimə şəlləndim. Balalarımın başına bir iş gəlsə səni bax bu qayışa dönmüş əllərimlə boğacam.

Köç arana dönəndə nənəm gəlinin çoban ərini atamgildən genidir, özü də qaçır qonşu rayondakı adlı-sanlı axundun yanına. Törətdiyi əməli mollaya danışır. Axund nənəmi kürəyindəki ağır yükdən azad eləyir:

- Sən gör neçə adamın canını satın almısan, - deyir, - dinimizin bir tələbi də elə budu. Qan tökülməsinə imkan verməmisən. Üstəlik, yalandan and içməklə öz günahlarının da bir qismini səni buna məcbur eləyənin belinə şəlləmisən...

Dostum, bunu xatırlayanda bir müddət sakitləşdim. Sonra qəfildən yadıma bir ayrı əhvalat düşdü. O dəqiqə dizlərim əsdi, burnumdan qan fışqırdı – müalicədən sonra ilk dəfəydi burnum əvvəlki sayaq qanayırdı...

Eminin ölümünə on gün qala fermasından xeyli mal-qara oğurlanmışdı. Mahmud əminin uzaq qohumu, otlaq, örüş üstündə Eminlə həmişə toqquşan Əjdər bir müddət ondan irəli həmin heyvanlara müştəri çıxıbmış. Oğurluq baş verəndə Emin yapışır Əjdərin yaxasından, onu oğru tutur. O da qabağından yeyən deyildi. Dədə-babadan galladar olan Əjdər nə qədər boğaz çəkirsə Emin inanmır. Onda Əjdər Quran qoltuğunda gəlir fermaya, Eminin müsibətindən vur-tut üçcə gün əvvəl xeyli adamın yanında əlini kitaba basıb oğurluqdan xəbəri olmadığını deyir.

Elgiz bunu evdə danışanda Zöhrə xala saçını yolub yelə verdi:

- Quranın iki başı var, - dedi, - Allah and içənə yox, and verənə görk eləyir. Sən niyə özbaşına belə iş tutdun?

Qədər-qismət elə gətirdi ki, Emini öldürən minanın qəlpələri ondan xeyli aralıda olan Əjdəri də parça-parça elədi. İkisi də eyni gündə torpağa qaytarıldı.

Zöhrə xala həmişə dizinə döyüb deyirdi:

- Balamı Əjdərin andı apardı...

***

İndi xovlu dəsmalı burnuma sıxıb bunları düşündükcə ətim sümüyümdən aralanırdı. Axı mənim qərib eldə uşağım vardı, niyə canımı əziz tutub azman kitabın üstünə getdim!

Qanım kəsmədikcə Həmidə, onun tutla qarpızı bir ağacda yetişdirən gülməşəkər arvadına qarğış, nifrin yağdırırdım. Hərçənd qanımın axmasından gizli bir zövq də alırdım, istəyirdim suçumu öz qanımla yaxalayım, mənim günahım üzündən kimsəyə xətər yetməsin.

Zəng səsi məni səksəndirdi, əlim ətəyimdən uzun telefonu götürdüm.

- Necəsən, niyə cavab vermirsən?

Şəfanın zəngdən geri qalmayan cingiltisi boynuma zəncir kimi dolandı. Öləziməkdə olan qanım bir az da gücürgədi, dəsmalı burnuma lap bərk sıxdım.

- Ərin mənə Qurana əl basdırdı.

- Niyə?

- Sənin telefonuna görə.

Şəfanın səsi batdı, onun susduğunu görüb ürəkləndim:

- Həmidə ürcah olduğum günə daş yağaydı kaş! Kaş o maşının altında qalıb qanıma bələnəydim! Mən canımı necə qurtarım bu sürtükdən? Heç olmasa sən mənə bir yol göstər. Ona qoşula-qoşula özüm də sırtılmışam, pozulub adamlıqdan çıxmışam. Güzgüyə baxanda özümü tanıya bilmirəm, üzümdə həya qalmayıb.

- Bircə, qadan alım, sakitləş, indi taksiyə oturub gəlirəm yanına.

- Gəlmə, ay bacı, gəlmə. Ərin soruşanda denən telefon mənimdi.

- Sən ona bir söz demədin?

- Nə barədə?

- Telefon barədə.

- Demədim, amma bir az da uzatsa deyəcəm.

- Sənə qurban olum, ayaqlarının altında ölüm, söz verirəm, daha qurtardı, tullayacam o telefonu zibilliyə.

***

Burnumun qanı dayanan kimi qaçdım kilsəyə. Yol boyu gah özümü qarğıdım, gah sümüyü sürmə olmuş Emini söydüm. O sağ olsaydı yəqin bu bəlaların heç biri məni tapmazdı. Kim bilir, bəlkə daha betər dərdlərə düçar olardım? Bir sözlə, onun yaşamağı da mənə cəhənnəm sitəmi çəkdirmişdi, ölməyi də...

Artıq kilsədə məni tanıyırdılar. Şişkin üz-gözümə baxan arıq arvad kürsünü altıma itələdi. Xeyli sonra göylərin dərinliyindən keşişin səsi eşidildi:

- Mənim sevimli övladım xoş gəlib.

Gözümün yaşını silib udqundum:

- Mən siz deyən qədər də sevimli deyiləm, müqəddəs ata.

- Səni ağladanların əlindən bizə pənah gətirmisənsə, demək, sevimlisən.

- Padre, əhvalım çox pisdi, özümü öldürmək istəyirəm, belə yaşaya bilmirəm.

- Belə, yəni necə?

- Yalan danışıram, pis adamların məni incitməsinə imkan verirəm, natəmiz adamlarla yoldaşlıq eləyirəm.

- Sənin pisliyin adamlara çoxmu zərər verir?

Fikrə getdim, kimə zərər vurduğumu xatırlamağa çalışdım:

- Pisliyin çoxunu özümə eləyirəm. Mənim halımdan xəbər tutsa doğmalarım da sarsılacaq.

- Narkotik? oğurluq?

- Yox, padre, bunlar deyil.

- Onda sən bəxtəvərsən. Bəs səni ölümə itələyən nədi? Ac-yalavacsansa, çılpaqsansa, evin, sığınacağın yoxdusa üstünə gəldiyin məbəd sənə yardım göstərə bilər.

- Sadaladıqlarınızın heç birinə ehtiyacım yoxdu.

- Yalvarıram sənə, övladım, ölməyə tələsmə. Onsuz da əvvəl-axır biz o yolu gedəcəyik. Sən indi çox dəyərlisən, gəncsən, gözəlsən, ağıllısan.

- Padre, siz məni görürsüz?

- Əlbəttə görürəm! Təkcə mən yox, göylər də səni görür.

- Göylər məni görsəydi başıma bunca dərd-bəla yağdırmazdı. Axı mən bu cılız canımla fələyin altında təkəm, vuruşmağa, çarpışmağa, özümü qorumağa daha gücüm qalmayıb. Hər yanım, hər yerim ağrıyır, içim də, çölüm də sızıldayır.

Bunu deyib sinə dolusu hönkürdüm.

- Sən orda ağla ürəyini boşalt, ancaq sözlərimi də dinlə. İlk dəfə bura gəldiyin yadındadı?

- Yox, yadıma gəlmir.

- Əziz adamın dünyadan köçmüşdü, onda da belə ağlayırdın, ölmək istəyirdin.

Xatırladım – Ağabəy həkim öldüyü günüdü həmin gün.

- Üstündən az qala dörd il keçib, amma sən yaşayırsan, eləmi? Bu böhranı ötürsən yenə yaşayacaqsan, hətta bu günləri yada salıb güləcəksən. Özündə bir az da güc tap. İndi göylərin səni gördüyünə inandınmı? Sən quruca nəfəsinlə də qiymətlisən, yer üzünü sənsən işığa bələyən.

- Mən işıq görmürəm, padre, dünya-aləm gözümdə qaranlığa qərq olub.

- Gözlərini yum, mənim dediklərimi düşün. Təsəvvür elə ki, bir səhər yuxudan oyananda yer üzündəki bütün canlıları məhv olmuş görürsən. Bu boyda şəhərdə səndən başqa heç kim qalmayıb. Açma gözlərini, gəz xaraba şəhərin hətta iti, pişiyi, siçanı, quşu da ölmüş küçələrini. Dediklərimi xəyalında canlandıra bilirsənsə mənə bir işarə ver.

- Siz təsvir elədiyiniz küçəylə addımlayıram.

- Nə qədər yaşaya bilərsən belə şəhərdə?

- Yaşaya bilərəmmi?

- Bu yer üzündəki işıq milyardlarla sənin kimi canlının işığıdı. Sən o işığın xatirinə yaşamalısan. Canına qıysan cəzan çox ağır olar.

- Belə yaşamaq cəzamı yüngülləşdirəcək?

- Cəzadanmı qorxub yaşamaq istəmirsən?

- Padre, mən şərdən-böhtandan qorunmaq üçün müqəddəs kitaba and içdim.

- Günahın olmaya-olmayamı and içdin?

- Bəli.

- Onda heç nədən qorxma.

- Övladım uzaqlardadı, onun taleyi sarıdan çox narahatam.

- Olduğu yerdə övladının həyatına təhlükə varmı?

- Yox.

- O zaman heç nədən qorxma, heç kimə qarğış tökmə. Sənin əlindən tutub bura gətirən Allah bir an belə səni gözündən qoymur. Əziz adamını itirdin, Tanrı səni yaşatdı, hətta bir az da gücləndirdi. Qalx get evinə, sənə dediklərimi fikrində tutub gur suyun altında durulan. Hamı səni sevir. Bu məbədi qəlbinə salıb səni bu qapıya yönəldən, önündə şam yandıran Allahın nuru hər an üstündə olacaq. Bütün gizlinlər bir gün aşkara çıxacaq. Hələlik sənə ancaq səbr eləmək qalır. Sən payına düşən pislikləri bol-bol dadmısan, bu gündən sonra nəsibin ancaq yaxşılıq olacaq...

# 11040 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #