Kulis ədəbi mühitin qaya-adasıdır – Yazıçılar “Kulis”i belə təbrik etdilər

Kulis ədəbi mühitin qaya-adasıdır – Yazıçılar “Kulis”i belə təbrik etdilər
4 aprel 2023
# 15:00

Bu gün “Kulis”in 12 yaşı tamam olur. Bu münasibətlə yazıçılar öz fikirlərini, arzularını bizimlə bölüşüb.

Kamal Abdulla: “Kulis mənəvi ehtiyac duyduğum saytdır. Burada yeni ideyalar ve yeni imzalara tez-tez rast gəlmək olur. Deməzdim ki, burada çap olunan hamını eyni səviyyədə və şəkildə qəbul edirəm. Amma yaşından və səviyyəsindən asılı olmayaraq müasirlərimin fikirləri ən azından maraqlıdır. Kulisdə bu fikirlər bir-birini itələmir, onlar bir-birinə bəzən qarşı olsa da, hansısa mənada həmahənglik təşkil edirlər. Kulis mənim üçün bu həmahəngliyi ilə diqqətəlayiq və maraqlıdır”.

Kamal Abdulla ömrü: yalnız faktlarla

Sabir Rüstəmxanlı: “Kulis.az mənim mütəmadi baxdığım, izlədiyim bir saytdır. Çox peşəkar və dəyərli işçiləri var. Hamısı istedadlı qələm sahibləridirlər. Kulisi fərqləndirən cəhətlərdən biri odur ki, o əsasən gənc ədəbi nəslin yaradıcılığını çap edir. Ədəbiyyatın mühüm problemləri ilə bağlı yazılar dərc edir. Gündəmdəki siyasi hadisələrə qarışmadan ədəbiyyatın inkişafına çalışır. Belə bir peşəkar sayt bütün ədəbiyyat adamları üçün çox vacib olmalıdır. Hərdən mən də Kulisdə çıxış edirəm. Gənc dostlarımızla əməkdaşlıq etmək mənə xoşdur. Bütün kollektivə uğurlar arzu edirəm”.

Sabir Rüstəmxanlı: "Kimi vəzifədən çıxarırlarsa mülkləri ortaya çıxır"

Mirmehdi Ağaoğlu: “Cənub-şərqi Asiya tərəflərin dənizlərində bir cür qaya-adalar var – televizorda görmüşəm – suyun içində dimdik dayanır. Milyon illərin suyu da yanından elədən-belə, belədən-elə gəlib keçir. Kulisi də bizim bu ədəbi mühitdə həmən təmtəkcə, dimdik dayanmış qaya-adaya bənzədirəm. Ətrafında müəyyən saytlar yaranır, yaşayır, dövrünü başa vurur, Kulis isə qalır. Hər şeyin sürətlə dəyişdiyi dövrümüzdə bir sayt üçün, xüsusilə ədəbiyyat saytı üçün 12 yaş kifayət qədər böyükdür. Özü də nəzərə alsaq ədəbiyyata, mədəniyyətə marağın bu qədər az olduğu cəmiyyətimizdə Kulisin bu zirvəni qoruyub saxlaması nə qədər böyük əziyyət, zəhmət hesabına başa gəlir, onda Kulisin dəyəri birə-min artır. Keçmiş kulisçi kimi (yeri gəlmişkən bu söz də artıq özünə yaşam haqqı qazanıb, bir növ ədəbi termin olub) bu zəhmətin nə qədər çətin başa gəldiyinin iştirakçısı-şahidi olmuşam. Kulisin varlığı dövründə onlarla qələm adamının yolu buradan keçib, yüzlərlə müəllif burada çap olunub, çap olunmağa can atıb. Bundan sonra da qoy belə olsun, Kulis daim yaşasın. Onu yaradanları, əməyi olanları, bütün kulisçiləri, oxucuları təbrik edirəm. 12 yaşın mübarək, əziz Kulis!”.

Mirmehdi Ağaoğlu: "AYB də Anar kimi qocalıb"

Aqşin Yenisey: “Kulis hazırda Azərbaycanda yeganə ədəbiyyat platformasıdır. İstəyərdim ki, onun kontingenti daha da genişlənsin. Əhatə dairəsi daha da böyüsün. Cəmiyyətin düşüncəsindəki, cəmiyyətin fikirlərinin yeniləşməsindəki xidməti daha zəngin olsun. Azərbaycan ədəbiyyatının tarixində “Molla Nəsrəddin”, “Füyuzat” kimi bir jurnal çap olunub, xalqımızın maariflənməsində öz mövqeyini qoruyub. İstəyərdim ki, Kulis də belə bir mövqeyə sahib olsun”.

Aqşin Yenisey ermənilərdən roman yazır

Rəşad Məcid: “Kulisin 12 yaşını təbrik edirəm. Kulis bu 12 il müddətində Azərbaycan ədəbiyyatında yeni gənclərin ortaya çıxmasında böyük rol oynayıb. Müasir metodlarla ədəbiyyatın gündəmdə qalmasına, ədəbiyyata diqqətin çoxalmasına çalışıb. Kulisdə çalışan gənclər istedadlıdırlar. Daim hərəkətdədirlər. Mən, xüsusilə, Kulisin sosial şəbəkə ünvanlarında Azərbaycanın dəyərli ziyalılarının ad günlərini və anım günlərini daim xatırlatmasını çox bəyənirəm. Onlar ziyalıları ictimaiyyətə tanıdırlar. Bu baxımdan ədəbi mühitdə Kulisin öz yeri var. Sizə daha da çox uğurlar arzu edirəm”.

Rəşad Məcid: “Anardan sonra Yazıçılar Birliyi...” – Müsahibə

Şərif Ağayar: “Kulis Azərbaycan mədəniyyət tarixində çox əhəmiyyətli bir mərhələdir. Onlayn media işində ən böyük, uzunömürlü və ən geniş layihədir. Bir çoxumuzun burda böyük zəhməti var. Şəxsən mən, Kulisdə əlimdən gəldiyi qədər vicdanla işləmişəm. Heç vaxt yola verməyə çalışmamışam. Hətta bu obyektivliyə görə çoxsaylı düşmən qazanmışam. Bu, mənim öz xarakterimdən də artıq Kulisin – ilk baş redaktor Qan Turalının, o biri redaktor dostlarımız Fərid Mirzəyevin, Ağa Cəfərlinin, Mirmehdi Ağaoğlunun və başqalarının qoyduğu ənənə idi. Kulisə arzum uzunömürlü olması, eyni zamanda obyektivliyi qoruyub saxlamasıdır. Ən azı mədəni müstəvidəki azadlıq Kulisin həmişə baş tacı olub. O tacı salıb itirmək olmaz. Əks halda uzunömürlülüyün də bir mənası qalmaz. Mətbuatın indiki çətin durumunda buna nail olmaq asan deyil. Lakin başqa yol da yoxdur”.

Şərif Ağayar yeni sayt açır

Qismət Rüstəmov: “Kulis mədəniyyət yönümlü saytlar içində ənənəvi mediadan yeni mediaya keçidin, bəlkə də, ilk uğurlu nümunəsidir. O, gözümüzün qabağında yaranıb, böyüyüb. Onun öz aktuallığını, şöhrətini indiyəcən saxlamasının səbəbi "12 il" sözündədir; mədəniyyət üçün ən vacib şərtlərdən biri mütəmadilikdir, davamlılıqdır. Bu mənada Kulis artıq ədəbiyyat tarixinə düşüb. Məncə, yeni media ilə ənənəvi medianın arasındakı məsafə böyüdükcə, zaman daha çox kulisin xeyrinə işləyəcək. Təbriklər, sevgilər, sayğılar!”.

Qismətdən yeni kitab sürprizi - Yaxında

Şəhriyar del Gerani: “Kulis mənim az qala hər gün baxdığım bir pəncərədir. Bu fərəhsiz və stimulsuz ədəbi mühiti bu pəncərədən izləmək, deyəsən, ümid yeridir həm də. Kulissiz çətin olardı. Yəni pəncərəsiz otaq kimi bir yer düşünək. Mübarək olsun 12 yaşı. Eşqlər!”.

Üç-beş kitab oxuyanların zərəri

Sevinc Elsevər: “Kulis.az-ın yeni yaşını təbrik edirəm! Ona uğurlar, uzun ömür arzulayıram. Kulis həmişə doğma olub. Dost, mehriban, əziz bilmişəm onu. Bol oxucu, maraqlı layihələr arzulayıram. Kulis.az deyəndə bizim ədəbi nəslin gəncliyi yada düşür. Hər aprel saytın yeni yaşı qeyd olunanda istər-istəməz xəyalımız yarandığı ilk vaxtlara və gəncliyə qayıdır. Arzum budur, onu həmişə yaxşı xatırlayaq”.

Azad - Sevinc Elsevərin hekayəsi

Rasim Qaraca: “Bir ölkədəki demokratiyanın, insan azadlığının səviyyəsini bəzən müstəqil ədəbiyyat jurnallarının sayı ilə ölçürlər. Məsələn, bir müstəqil şeir dərgisi yaşaya bilirsə, nəfəs alırsa və bu cür dərgilərin sayı çoxdursa demək o ölkədə hər şey yaxşıdır... Kulisi və orada çalışanları təbrik edirəm, uğurlar arzulayıram!”.

Kultura.az

Elnarə Akimova: “Kulis.az saytı gözümüzün önündə böyüyən ədəbiyyat portalıdır. Bu illər ərzində dayandığı pyedestaldan enmədi, söz bu ünvanda daha böyük auditoriyaya ünvanlandı, cari məsələlərdən tutmuş ədəbiyyat tariximizin ən dərin qatlarına dair mövzular bu saytda müzakirə predmetinə çevrildi. Gündəmin nəbzini tutan kəsərli yazılar, ölkənin tanınmış ədəbi-ictimai simaları ilə maraqlı müsahibələr, senzura müdaxiləsinə məruz qalmayan açıq fikirlər, ciddi hekayə müzakirələri saytın oxunaqlığını stimullaşdıran amillər sırasında qeyd olunmalıdı. 12 yaşlı Kulis.az saytını təbrik edir, sözün əbədi ucalığında qərar tutmağı arzulayıram”.

Elnarə Akimova: "Uşaq ədəbiyyatının elmi müstəvidə daha dərindən  öyrənilməsi əsas hədəfimizdir" - Müsahibə | Edebiyyatqazeti.az

Cəlil Cavanşir: “Kulis.az mənim hər gün maraqla izlədiyim yeganə saytdır. Nə xoş ki, həyatımın ən gözəl və yazar kimi ən məhsuldar dövrləri məhz bu saytla bağlıdır. Doğma Kulisin bütün kollektivini təbrik edirəm. Eyni zamanda yolu Kulislə kəsişən bütün ədəbiyyat adamlarını təbrik edirəm. Çünki Kulis hər zaman ədəbiyyatın ruporu olub. Və əminəm ki bu gün də Kulisdə çap olunmaq prestijdir. Daha gözəl, daha uğurlu və parlaq illərə!”.

Cəlil Cavanşir Şəhriyara cavab verdi: "Yanında deyiləm!"

Rəbiqə Nazimqızı: “Kulis son dövrlərin Azərbaycan ədəbiyyatı tarixində qalacaq mədəniyyət saytlarından biri və birincisidir. Başqa mədəniyyət saytları da var. Amma onlar daha akademikdirlər. Beləcə, çətin ,mürəkkəb dövrdə Kulis kimi bir saytı ayaqda saxlamaq özü qəhrəmanlıqdır. Yəni ona maddiyyat yatırmaq qəhrəmanlıqdır. Mən bu qəhrəmanların hər birinə, rəhbərə, yaradıcı və texniki heyətdə təmsil olunan bütün dostlara təşəkkür edirəm. Onlara uğurlar, mətanət və çoxlu pul arzu edirəm. Qoy Kulisdən kifayət qədər yaxşı qazanmağı bacarsınlar. Oxucu sayı həddən artıq çox olsun. O gün olsun ki, Kulis öz müxbirlərini Kann festivalına, Oskar mərasiminə göndərə bilsin.

Kulis öz yazarlarına yaxşı qonorar verə bilsin. Düzdür, indi bu çox çətindir. Bir saytı yaşatmaq asan iş deyil. Kulis həmişə yazıçılara, ədəbiyyat adamlarına diqqəti ilə seçilib. Xüsusilə də mənə qarşı belə olub. Bir az küsülü olduğumuz vaxtlarda belə yaradıcılığıma biganə qalmayıb. Ad günlərimdə, bayramlarda həmişə Kulisdən diqqət görmüşəm. Düşünürəm ki, tək deyiləm. Bütün yaradıcı həmkarlarım da mənim kimi düşünürlər. Kulis bir tutunacaq, istinadgah, stimuldur. Bundan sonra da belə qalacağına inanıram”.


# 2641 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #