Həmin idman müəlliminin yerində hər kəs ola bilərdi – Sevinc Elsevər yazır...

Həmin idman müəlliminin yerində hər kəs ola bilərdi – Sevinc Elsevər yazır...
3 may 2023
# 14:30

Kulis.az Sevinc Elsevərin “Qanun, vicdan, Tanrı qarşısında...” adlı yeni yazısını təqdim edir.

Azyaşlı uşaq idman müəlliminin əlində ölüb. Hadisənin videosunu izləməmişəm. O qədər güclü deyiləm. Video qarşıma çıxıb, ilk saniyələrdən ötürmüşəm.

Ancaq baxanlar travma aldıqlarını, onlara pis təsir etdiklərini deyirlər. Əlbəttə, bir damcı ürəyi olan adama pis təsir etməlidir. Söhbət cəmi yeddi yaşlı körpədən gedir.

Dəhşətli hadisədir! Ancaq ən dəhşətlisi odur ki, hadisə baş verəndən sonra ilkin tibbi yardım gecikib. Buna da səbəb deyilənlərə görə, hadisəni törədən müəllim olub. Uşağın yaxın qohumları açıqlama yayıblar ki, uşağı evinə aparıblar, vaxt itiriblər. Deyilənə görə, müəllim deyibmiş ki, hadisənin mənim dərsimdə baş verdiyini bildirməyin, deyin ki, həyətdə oynayanda olub. Adam mat qalır. Belə vəziyyətlərdə adam necə özünü, xilas olmağını düşünür?!

Məsələ təkcə hadisənin baş verməsi deyil. Hadisə olandan sonrakı münasibətdir. Hamının başına bədbəxt hadisələr gələ bilər. Maşın sürdüyü yerdə qarşısına adam çıxar, vurar. Kimisə bilmədən itələyib yıxar və s.
Ancaq hadisə olandan sonra kömək eləmək əvəzinə, törətdiyi əməlin günahının, vəbalının təmizlənməsi üçün çırpınmaq əvəzinə, qanundan necə qaçmağı, məsuliyyətdən yayınmağı düşünə bilmək artıq o hadisəni qəsdən eləmək kimi bir şeydir.

2019-cu ilin yazıydı. Oğlumu Masazırda oxuduğu məktəbdən götürməyə getmişdim. Adi günlərdəki kimi. Axırıncı dərsin zəngi vurulsa da, bizim sinfin uşaqları gəlib çıxmaq bilmirdi. Uşaqlarının dalınca gələn analar bir yerə toplaşıb söhbət edirdilər.

Bizim müəllim həmişə uşaqları gec buraxırdı. Guya koridorda basabasa düşməsinlər deyə. Heç nədən şübhələnmədim, əlbəttə.

Uşaqlardan biri gəldi qaça-qaça, “ Xala, Rəşid yıxılıb, ağlayır, müəllim sizi çağırır” – dedi.
Yüyürdüm məktəbə sarı. Qapıdakı qadını başa salınca, içəri buraxılmağa nail olunca, xeyli əsəb xərclədim. Sinfə çatanda gördüm ki, uşağımın ağlamaqdan üz-gözü şişib. Müəllimsə ondan tələb edir ki, uşaq ayağını yerə bassın, heç nəyi yoxdur, bir balaca əzilib. Uşağımın bir ayağı havada qalmışdı, dərhal qısalmışdı. Məni görən kimi yalvardı:

– Ana, nolar ayağıma dəyməsinlər, ayağım çox ağrıyır!
Çaş-baş qalmışdım. Neyləyəcəyimi bilmirdim. Əvvəlcə uşağı sakitləşdirməyə çalışırdım ki, qorxmasın.
– Həkimə aparmalıyıq, həkimə! – dedim. Dalımca gələn valideynlərin bəziləri də həkimə aparmalısan deyirdilər. Ancaq müəllim israr edirdi:
– Heç nəyi yoxdur, apar evə, buz qoy, keçib gedəcək! Həkimə aparma! Yalandan gipsə qoyacaqlar, deyəcəklər sınıb, pulunu alacaqlar.

Onda əlbəttə, başa düşmürdüm ki, müəllim niyə uşağı həkimə aparmağımı istəmir. Direktorun da hadisədən xəbəri oldu. Ancaq buna rəğmən təcili tibbi yardım çağırmadılar. Uşağımı qucağıma aldım. Tərpədə də bilmirdim, tərpəndikcə uşaq qışqırırdı. Hər dəfə qışqırdıqca elə bil ürəyimə bıçaq soxurdular. Sən demə, sınan bud sümüyü ətinə batırmış, sümük ətə batdıqca uşağım fəryad qoparırmış. Sınığı tərpətmək olmazmış. Dərhal məktəbə təcili yardım maşını çağırılmalı, uşağın ayağı lazımi tibbi materiallarla sarılmalı, sonra uşaq xəstəxanaya çatdırılmalıydı.
Ancaq bütün bu proseslərin heç biri olmadı. Valideynlərdən birinin maşınıyla uşağı saat yarımlıq tıxacda hadisədən təxminən 2 saatdan da çox keçəndən sonra xəstəxanaya çatdıra bildik. Beş dəqiqədən sonra həkimlər xəbər verdilər ki, uşağınızın bud sümüyü sınıb.

Onda öz-özümə dedim ki, nə yaxşı evə aparmamışam, aparıb buz qoyub gözləməmişəm. Ancaq hər şeyi yenə səhv eləmişdim. Uşağın bir ayağının qısalmağından başa düşməliydim ki, sınıq baş verib.
Məktəbdə bizə biologiya dərsi keçmişdilər, bəli! Anatomiya da! Ancaq nə öyrətmişdilər? Əzbərçiliyi! Amma uşaqlara insanın əzalarının, minlərlə otun, böcəyin, quşun adını əzbərlətmək yerinə, başına bəlalar hardan gələ bilər onu öyrətmək lazımdır, başına bir hadisə gələndə çıxış yolunu necə tapmalıdır onu başa salmaq lazımdır.

Müəllim işini bilirmiş! Təcili yardım maşınının məktəbin içinə girməyi, uşağı ordan xəstəxanaya aparmağı işinə yaramırmış. Məhz ona görə də ağzımı açıb şikayət edəndə, yazıb pozmuşdular ki, guya uşaq sinif otağında yox, məktəbin həyətində yıxılıb. Sonra məktəb kollektivi evimizə gəldi, elə özümüzünkülər, böyüklər, ağsaqqallar, ağbirçəklər başladılar ki, bir işdir olub, qismətdir, taledir, evdə də yıxıla bilərdi. Fakt o idi ki, məktəbdə yıxılmışdı, məni yandıran uşağın yıxılmağı da deyildi, həmin vəziyyətdə bizə kömək olunmamasıydı. Demək olar ki, məktəbdən qovulub çıxarılmağımız idi. Bu cür hallarda körpə uşağa kömək eləmək əvəzinə, müəllim necə özünü düşünə bilmişdi, hələ də anlamıram. Dərhal beyni ona çalışmışdı ki, ay aman, bu azyaşlı mənim nəzarətimdə olanda yıxıldı, qıçı sındı, bunu burdan uzaqlaşdırmaq lazımdır. Getsin, harda nə iş görür- görsün, təki məndən uzaq olsun.

Bütün bunları mən sonra başa düşəcəkdim.

Həmin vaxt hamı belə deyirdi: iş olanda olur, evində də olacaqdı.

Heç kimə başa sala bilmirdim ki, məsələ müəllimin hadisəyə münasibətidir. Köməksiz buraxmasıdır. Həmçinin məktəb rəhbərliyinin.

Həm də yanıb-yaxılırdım ki, hələ sentyabrda direktorun kabinetində olmuş, bizi köçürdükləri sinif otağından narahat olduğumu demişdim. Kimya kabinetini ləğv edib 2-ci sinif şagirdləri üçün sinif otağına çevirmişdilər. Yer kafel, sürüşkən, sinfin də ortasında üç yerdə dimdik su borusu. “Uşaqlar o borulara ilişib yıxılarlar, heç olmasa boruları kəsin!” – deyəndə, direktor qayıdıb demişdi ki, o boruları kəsməyə ixtiyarı yoxdur, guya su götürüb gedər məktəbi. Uşaq məhz o borulardan birinə ilişib yıxılmışdı. Qorxduğum başıma gəlmişdi, yəni. Kor-kor, gör-gör, hadisə olacaqdı. Bir il qabaq da həmin sinif otağında başqa bir uşaq yıxılıb başını yarmışmış, bunu sonra öyrənəcəkdim.

Bu cür hallarda valideynlər ayıq olmalıdır. Ən xırda hadisədə belə daha betərindən qorxmaq lazımdır.
Məktəbdə, idman zalında, üzgüçülük hovuzunda uşağınızın başına bir iş gəlmişdirsə, məsuliyyət daşıyan adam birinci növbədə təəssüf ki, özünü düşünəcək. Təcili tibbi yardım, həkim çağırmaq yerinə, işin içindən özünü necə sıyırmağı ölçüb-biçəcək. Nəticədə də vaxt uşağın əleyhinə işləyəcək. Bu maşınla yolda adam vurub qaçmaq kimidir. Əlbəttə ki, belə hadisə başına gələn müəllim, məşqçi üçün də ağlamaq lazımdır. Heç bir müəllim bu vəziyyətə düşmək istəməz. Ancaq düşübsə, birinci növbədə insanlığı, humanizmi yaddan çıxarmamalıdır. Ən böyük məsələ uşağa, zərərçəkənə kömək etmək, onu vəziyyətdən çıxartmaq olmalıdır.

Müəllimləri də bu yöndə maarifləndirmək lazımdır. “Belə vəziyyətə düşsən, nə edərsən?” – deyə, onları sorğu-sual eləmək, yönləndirmək, praktik məşqlər keçmək gərəkdir.

İdman vacibdir. İdman sağlamlıqdır, gücdür, qüvvədir. Sağlam bədəndə sağlam ruh olar deyiblər. Hamı özünümüdafiə üçün cibində bıçaq, beşbarmaq, tapança gəzdirə bilməz. Arzusundayıq ki, insanların bir-birinə qol gücünü göstərməyəcəyi bir dünyada yaşayaq. Ancaq belə dünya yoxdur, yəqin ki, olmayacaq.

Özünümüdafiəni öyrənmək üçün uşaqlara idman öyrətmək yaxşı ənənədir. Eşidəndə ki, Şuşa alınanda oğullarımız əlbəyaxa vuruşublar, dişləriylə, qollarıyla qalib gəliblər. Onda düşündüm ki, illərlə idmana olan maraq, gənclərin idmana yönləndirilməsi havayı deyilmiş.

Kaş elə kişilərin içindəki savaş yanğısı hərb meydanında deyil, idman meydançalarında sönsün. İdmana yolladığımız uşaqlara öyrətməliyik ki, şiddətdən, küçə davalarından uzaq olsun. Onlar başa düşməlidirlər ki, yoldaşlarını, qardaşlarını döymək, incitmək üçün idmana getmirlər. Sağlam və güclü olmaq üçün idmanla məşğul olurlar. Yeri gələndə özlərini və başqalarını, zəifləri müdafiə eləmək üçün.

Bunu təkcə valideynlər öyrətməməlidir. Elə idman müəllimləri də öyrətməlidir balaca idmançılara.

Bu hadisədən sonra nə qədər valideyn uşağını idmana yazdırmağa çəkinəcək, ehtiyat edəcək.

Həyat minalanmış sahədir. Ayağını harda, nə vaxt minanın üstünə basacaqsan bilinmir. Ancaq minaya basdınmı, bax onda vəziyyətdən necə çıxmağı düzgün hesablamaq lazımdır. Deməyim o ki, həmin idman müəlliminin yerində hər kəs ola bilərdi. İstəmədən zərər vermək! Bundan pis nə ola bilər? Ancaq həlledici anda özünü yox, zərərçəkəni düşünmək ən doğru yoldur. Çünki sənin xilasın elə zərərçəkənin xilasındadır! İstər qanun, istər vicdan, istər də Tanrı qarşısında!

# 4098 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #