Gəncə qəbiristanlığı - Gürcü müəllifin Azərbaycanla bağlı hekayəsi

Gəncə qəbiristanlığı - Gürcü müəllifin Azərbaycanla bağlı hekayəsi
14 sentyabr 2023
# 09:00

Nasir, publisist, tərcüməçi, redaktor Aleksandr Ebanoidze Tibilisidə doğulub, 1963-cü ildə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Müxtəlif nəşrlərdə çalışıb, 1995-ci ildən “Drujba narodov” jurnalının baş redaktorudur.
A.Ebonidze yaradıcılığa ötən əsrin 60-cı illərinin əvvəllərindən başlayıb, resbublika və ümumittifaq mətbuatında hekayələri və tərcümələri çap olunub, sonralar povestləri, romanları, radio-tamaşaları, ssenariləri oxucuların, dinləyicilərin və tamaşaçıların diqqətini çəkib. Onun povest və hekayələrdən ibarət “Aşağı və yuxarı” nəsr toplusu işıq üzü görüb. İlk romanı “İki ay kənddə, yaxud imeretisayağı evlənmə” romanı (1976) böyük uğur qazanıb, əsər 15 dilə tərcümə olunub, 1979-cu ildə motivləri üzrə film çəkilib. Sonra “Ana yurdu haradadır” (1989), “İndi buraxarsan” (1996), “Oktyabr öncəduyumu” (2012) romanlarını qələmə alıb.
A.Ebaonidzenin əsərləri bir sıra mükafatlara layiq görülüb.

Kulis.az Aleksandr Ebanoidzenin Azərbaycanla bağlı yazdığı "Dağda ev" adlı hekayəsini təqdim edir.

Yadımdadı, həmin gecə yenə yuxum gəlmirdi. Qalxdım, səs salmamağa çalışa-çalışa eyvana çıxdım.
Gecə bürükülü və ulduzsuzuydu. Arabir meh ağacları gizli kədərin ahı kimi tərpədirdi. Mənim təki yuxusuzluqdan əziyyət çəkən tənha işıldaquş kədərli nəğməsini oxuyurdu. Əlascsız qüssəylə təkrarlanan zəif minor səs gecə vaxtı kiminsə cavab siqnalı sayaq qəlbimi sıxır, təxəyyülümü həyəcana gətirirdi. Dağlar çaya yaxın gəlmişdilər. Onların qorxunc qaranlığında insan məskənlərinin işıqları orda-burda kimsəsiz halda sayrışırdı. Uzaqdakı qüdrətli dağ silsilələri də yerlərini dəyişmişdilər, zinrik qaranlığın qarışığına oxşayırdılar. Dağların zirvələri zülmətdə soyuq-soyuq ağarırdı.
Eyvanın kənarında dayanıb isti məhəccərdən ikiəlli yapışmışdım. Məndən aşağıdakı yamacda üzümlük uzanıb gedirdi. Seyrəlmiş tənəklərin arasındakı əyiolmiş dirəklər qoca sərkərdədən aralı düşmüş yorğun döyüşçülərə oxşayırdılar. Evlə üzümlüyün arasında qarağat kolu bitmişdi. Əvvəlki illər kol düz dama çatırdı, yetişib partlamış giləmeyvələri elə eyvandanca dərirdik. İndi qarağat kolu qocalmış, olan-qalan qüvvəsini yarpaqlarına sərf eləmişdi. Həyətdə gavalı və gilas da qalmamışdı: çoxdan kəsilib tüstülərilə səmaya, külləri ilə torpağa qarışmışdılar.
Çox-çox aşağılarda, vadinin dərinliklərində dağların arxaslından qatar çıxdı; bir qədər sonra təkərlərin ahəngdar taqqıltısı eşidildi. Qatar işıqlarını çaya sala-sala körpünün üstündən keçdi, uzun müddət vadidə səslənən özünəməxsus taqqıltısını da arxasınca aparıb getdi.
Budu, yenidən burdayam. Qayıtmışam.
Bir vaxtlar evimizin damı altında qaranquş yuvaları qurulur, quşların həyəcan və sevinc dolu cikkiltiləri eşidilirdi. Daha yuvalar yoxdu. O yuvalar damların kirəmitlərini təzələyəndə uçurulublar: evin yüzdən artıq yaşı var, kərənləri və dirəkləri küləkdən, yağışdan və güclü yanvar qarından xarab olublar. Bacardığım qədər onların yenilənməsinə çalışdım, dostlarım vasitəsiylə münasib material tapdım: köhnə kirəmitləri alüminium şiferlə əvəz elədim. Ev, elə bil, gümrahlaşdı; yeni örtük əvvəlkindən bir qədər hündür oldu, indi tikili cavanlaşmış, şiş təpəli furajka qoymuş qoca kimi bir qədər yöndəmsiz görünür.
Həyətin o başında, qəbristanlıq tərəfdə kiçik, zümrüdə oxşayan işıq göründü; elə bil, kəndarası yolla çaşqın halda irəliləyib yanıb sönə-sönə hasarlardan keçdi, rastına çıxan ağaclardan ötdü, aşağı, üzümlüyə doğru tələsdi.
Doğma ocağın gecəsində tənha işıldaquş nə qədər kədərlidi! Deyilənə görə, dünyalarını dəyişənlərin ruhları bizə onların vasitəsiylə gəlib çatır...
Zülmətdə gözdən itən işığın arxasınca baxa-baxa bizə ev-eşik qoyub dünyadan koçənlərimiz, əcdadlarımız barədə düşünürdüm. Məni tez-tez bura gətirən, qəlbimi şirin-şirin sızladan qüvvə nəydi? Özünə susmuş səsləri və buxarıların tüstülərini hopdurmuş bu divarlarda nələr dəfn olunub?.. Əslində, mən burda uzun müddət yaşamamışdım: uşaqlığn iki ilini, müharibə illərini, bir də ömrüm boyu gəldiyim günləri keçirmişdim. Bəs, əlaqələrimiz niyə bu qədər müqəddəsdi? Burdan daha uzun müddət və daha yaxşı şəraitdə yaşadığım onlarla ev var. Amma qapını son dəfə ötrməyimə bəndəm ki, hamısı – hətta ən xoşbəxt günlərimi keçirdiklərinm də - məndən qopur, ruhumdan aralanırlar. Amma burda hər şey əksinədi. İldən-ilə mən və səsləri susmuş, qoxuları uçmuş ev bir-birimizə daha da çox bağlanırıq...

***
İlk dəfə məni bura bir yaşlı körpə olanda gətiriblər. Əlbəttə ki, görüşümüz barə də heç nə xatırlamıram, amma anamın və Mariam bibinin danışdıqları məni olub-keçənlərin iştirakçısına çevirib.
Mariam bibi iş görə-görə danışırdı, başqa cür mümkqün deyildi, daim məşğuluydu: xəmir yoğurur, çırpı doğrayır, buxarının külünü eşələyir, ocaq qalaylr, qarğıdalı kökələri bişirir, lobya arıtlayır, pendir tutur, kökələrin üzündən nazik akasiya yarpaqlarını təmizləyirdi, buna görə də söhbəti tez-tez yarımçıq qalır, hətta bəzən söhbətdən kənara çıxır, amma daim söylədiklərinin üzərinə qayıdırdı.
- Səni bura balaca vaxtı, xəstələnəndən sonra gətirdilər. Səhv eləmirəmsə, bir yaşın yenicə tamam olmuşdu... Yaxşı vaxtıydı, yay başa çatırdı, amma üzün yığımına hələ xeyli vardı... Suzi (anam Suzannanın adını gürcüsayağı belə deyirdi) deyirdi ki, bir tbilisili həkim səni möcüzə nəticəsində skarlatin xəstəliyindən sağaldıb, az qala, o dünyadan qaytarıb. Ata-ananın dilindən kağız alıb ki, bir şey olsa, onu tutmasınlar... Amma Allah köməyi olmuş səni xilas eləyib... Sən yazığın bələyini, bax, burda, bu masanın üstündə açdıq... İlahi! Adam bilmirdi ki, körpəsən, yoxsa nəsən, qurbağaya da, qurda da oxşayırdın. Ayaqlarını tərpədirdin, çığırıb-bağırırdın, göz qapaqların qıpqırmızıydı... Bizim Levansa Tbilisidən qayıdanda səni bir təriflədi, bir təriflədi ki!.. Bəs deməzsinizmi, hey böyüyü (qardaşım İqor məndən iki yaş böyük idi) tərifləyirsiniz, bir balacanı görəsiniz!.. Ona deyirəm, Leo, bala, sənin gözlərin hanı? Bəyəm, bu balaca qurbağanı İqora tay eləmək olar? Bunların ki, yerlə göy qədər fərqləri var, oğul!.. O isə deyir, dayan, ana, qoy sağalsın, yaxşılaşsın, onda görərsən... Doğrudan da Levan balam haqlı çıxdı! Düz deyirəm, oğul, gərək onda ölüb yerə girəydim. Gör necə oğlan olubsan, baxmaqla doymaq olmur! – Sonra yüngül, şaqraq gülüşlə (qocalanacan gülüşü elə bu cür – yüngül və cavan qaldı) qaqqıldayır, guya, buxarının tüstüsündən, yaxud soğandan yaşarmış gözlərini gizlincə silməyə çalışırdı.
Mariam bibini qurbağa balasından, yaxud qurddan enlikürək, alyanaqlı bitr oğlan əmələ gəlməsi yox, onun böyük oğlu Levanla bağlı unudulma dərdini canlı şəkildə xatırlatmağım sevindirirdi... Mən böyüyür, yetkinləşir, kişiləşirdim, Mariam bibisə elə hey sevimli oğlunun dediklərini yadıma salır, onun uzaqgörənliyinə sevinirdi...
Anamın başına gələnlər daha maraqlı, dramatikiydi.
- Səni yatmazdan qabaq çimizdirmək istəyirdik, badyaya su doldurub ocaqda qızdırdıq, amma görünür, çox qızdırmışdıq. Qşqırıb qucağıma atıldın, çabaladın, qıpqırmızı oldun. Soyuqlamağa da su yoxudu. Özün bilirsən ki, evimiz yamacda yerləşir, ən yaxın bulağa yarım kilometr dik yol var. “Suyun soyumağını gözləmək lazım gələcək”, - ağıllı Marqarita deyir. Yelena ah-uf eləyir, ağı deyir: “Oy, oy, oy, bacarıqsız bibilərin səni pörşələdilər!..” Mənsə, səni onun qucağına verib vedrəni götürdüm, qapıya cundum. “Suzi, hara gedirsən?! – Arxamca qışqırır. Dayan!” Marqarita məni saxlamağa çalışır, amma artıq evdən çıxmışdım, yuxarı, qəbirstanlığa doğru gedirdim. Orda, kilsənin yanında yerə yağış suyuyla dolu küp basdırılıb. Ayaqlarımı hiss eləmirəm, gözlərimi qıymışam, amma qaçıram. O qədər də uzaq deyil, amma adam qorxur!.. Bu da qəbirstanlıq. Kilsənin ətrafı bir qədər işıqlıdı, yekəqarın küpü görürəm. Qaça-qaça yaxınlaşır, vedrəni içinə salıram! Boğuq qurultu eşidilir, əks-səda verir – bul-bul-bul... Bu vaxt kilsədən cavab gəlir- kimsə gurultu salır, cırıldadır. Daş döşəmə taqqıldayır – tıq-tıq, tıq-tıq... Kimdə axsaya-axsaya gəlir. Tüklərim biz-biz olur. – Bu məqam anamın danışdığı əhvalatda ən qorxulu məqamıydı. O, gözlərini bərəldir, səsini içinə çəkirdi; qardaşımla mən də nəfəsimizi udurduq, anamsa göstərdiyi təsirə dalıb səsinin çalarını bir qədər dəyişirdi. – O illərdə kilsəmizdə təkqıçlı səfil Maksim yaşayırdı. Bura necə gəlib çıxdığını heç kəs bilmirdi, buna heç maraq göstərən də yoxudu. Məndən ötrüsə bircə bu çatışmırdı ki, gecə qəbirstanlıqda qulyabanıya rast gəlim! Bardağı doldurdum, yarısını tökə-tökə evə qaçdım. Həyətdə Yelenaya rast gəlirəm. Vicdanı narahat eləyib. “Çox cəsarətlisən!” – O, dillənir, mehribanlıqla və günahkar halda əlimə toxunur. Amma cəsarətimi bibilərin qiymətləndirmədilər, daha çox təhniz kimi qəbul elədilər...
Bu cür əhvalatlara münasibətim qəribə və tutqundu. Guya, həmin əhvalatlarda əsas iştirakçı şəxsəm, amma bununla yanaşı, sanki yoxam, hələ həddən artıq balacayam. Zamanın dumanı arasından canlı mənzərə teatr pərdəsi arxasından görünür – sevən, qayğı göstərən qadınların əhatəsində çəhrayı rəngli bir körpə var..
Özünü, az qala, bələkdən xatırlayan adamlar var. Mən o adamlardan deyiləm. Körpəylə bağlı əhvalatlar xatirə sayılmır, bu, eşitdiklərini danışmaqdı. Mənim yaddaşım sonradan işə qarışır. Onun dərinliklərində görə bildiyim ən erkən əhvalat müharibə vaxtından bir neçə mənzərədi.

***
Tbilisi, ev.
Kerosin lampasıyla işıqlandırılmış iri otaq. Qırmızımtıl, tutqun, azca titrək işıq. Evin küncləri qaranlıqdı, bu da ağır təəssürat yaradır, elə bil, künclərdə təhlükə gizlənib. Qulağım ağrıyır, dərinliklərdə, qulağımın deşiklərini təsəvvür elədiyimdən də daha dərinlərdə bərk zoqquldayır. Qulağımı tutub zıqqıldayır, qeyri-şüuri qızdırmağa çalışıram. Anama elə gəlir, ağrıdan yox, acından ağlayıram. Məni əzablarımın bu cür adi izahı (inciklik də ağrı kimi kəskin şəkildə yadda qalır) incidir. Anam boş şkafda eşələnir, nəhayət, bir tikə qarğıdalı kökəsi tapır, kerosin ocağının üstündə o tərəf-bu tərəfə çevirib qızdırır. Kiflənmiş kökənin qırağından birtəhər dişləyirəm, ağzımı bərk yaralayır, yalnız ovcumda bir qədər yumşalmış son tikələri çətinlik çəkmədən gəvələyirəm. Təəccüblüdü ki, qulağımın ağrısı keçir. Evin künclərindəki zülmət də bir qədər çəkilir...

***
Tbilisi, həyət.
Həyətin böyük bir hissəsinə çaylaq daşı döşənib. Az hissəsi xırda ot bitmiş torpaqdı. Torpaq olan hissədə iki iri ağac – barsız cökə və uzunsov, ağımtıl-sarı meyvələri olan tut - bitib.
Həyət üç tərəfdən oymalı eyvanlarla əhatə olunub, məkanı uçub-dağılmış teatra oxşadır; dördüncü tərəf üç barmaqlıqlı pəncərəsi olan hündür divardı. Divarın dibində qapısı açıq iri zibil yeşiyi var, orda siçovullar qaçışırlar.
Arabir həyətin qaranlıq çıxışında nimdaş paltarlı qoca-qoltaq adamlar görünür, cürbəcür səslər çıxara-çıxara köhnə-köşkül şeylər almağı, qab-qacaq qalaylamağı, pəncərələrə şüşə salmağı, gül əkmək üçün torpaq, samovar təmizləmək üçün qum təklif eləyirlər. Bəzən onları gəzərgi xanəndələr - Behbudovsayağı oxuyan iribaşlı, tökməbədənli kişi, faciəvi görkəmi, ağıçının ulartısına oxşar ürəkpaçalayan repertuarı olan yaşlı erməni qadını - əvəz eləyirlər...
O adamsa heç nəzərə çarpmadan peyda oldu, elə bil, kərpic divardan çıxdı, yaxud havadan əmələ gəldi, qapının ağzında, navalçanın altında, son yağışdan sonra yaranmış gölməçənin içində dururdu. O, heç nə istəmir, heç nə təklif eləmir, küncdə cəzalandırılmış, cəzadan bezmiş, amma səsini çıxarmağa cəsarət eləməyən adam kimi dayanırdı. Əynində çirkli sırıqlı, yamaqlı şalvar vardı, əlində nəsə tutur, arabir diqqəti cəlb eləmək üçün irəli uzadırdı: utancaq şagird müəllimin sualına bu cür sual verir, amma onu nə şagirdlər, nə müəllimlər görürlər.
Yadımda deyil, hardansa məlum oldu ki, o, əsir almandı, əlindəkisə özünün düzəltdiyi paltar tutqaclarıdı. Yazıq kişi özünün dilsiz çəkingənliyilə bircə tutqac belə sata bilmirdi.
O, yaddaşımda elə beləcə - qapının qaranlıq küncündə, günahın və tövbənib dilsiz təcəssümü kimi qaldı.

***
Kirovabad (Gəncə). Hərbi hospitalın yaxınlığındakı şəhər qəbirstanlığı.
Gildən tikilmiş şəhərətrafı evlər, Asiya bürküsü. Uzaqlarda göz işlədikcə lalə zəmisi dalğalanır. Qıpqırmızı fondan aralıdakı ön plandasa naməlum tikililər nizamsız halda sıralanıb. Taxtadan və fanerdən çatılmış, üzərində beşguşəli ulduz olan tikililər Spassk qülləsinin əmək təlimi dərsində düzəldilmiş maketinə oxşayır. Bəzilərinə ulduz əvəzinə göyümtül-boz propellerlər – par-par parıldayan iki pər - bərkidilib. Onlar təzə qəbirlərin üzərində qoyulmuş abidədirlər. Qəbirlərin təpəcikləri yatıb, abidələr əyilib. Səmanın ortasındakı günəş uşaq rəsmini andırır.

***
Kənd. Bağımızın yanındakı təpə.
Çiçəkləmiş kolun yanında bir oğlan durur.
Bilirəm ki, təpədəki oğlan mənəm – amma bu gün bir yığın kağızla əyləşmiş məni ondan, ən azı, yetmiş il ayırır, yaddaşım zamanı asanlıqla idarə eləsə də, bu qədər məsafədə ehtiyatlı olsam, daha yaxşıdı.
...Çox-çox əvvəllər - hətta təsəvvür eləmək belə çətin olduğu qədər çoxdan - çiçəkləmiş kolluğun yanından qaça-qaça ötüb-keçirdim, ağlagəlməz dərəcədə incə, zərif olan qoxu məni ayaq saxlamağa məcbur elədi. Yaz günüydü, çiçəkli may ayı gəlmişdi, bütün İmeretia - qaymaqçiçəyi, inciçiçəyi, yasəmən, akasiya, jasmin, itburnu, qərənfil, bənövşə, mimoza, maqnoliya, çöl çiyələyi və nanə - ətir saçırdı... Amma məni vuran qoxu hamısından gözəl, bununla yanaşı, zərif, incəydi. Bir cəhəti vardı, öz üstünlüyünü bildirir, həm də, elə bil, utanırdı. Geyinib-keçinmiş, dəbdəbəli qadını yox, balaca şahzadəni andırırdı.
Artıq tələbə olanda kənddəki qohumlarımdan bağın qırağında hansı kolun çiçəklədiyini soruşanda əllərini yellədilər: “Nə bilək axı! Yadımızda deyil...”
Həmin vaxt kol doğranmış, izi-tozu qalmamışdı. Sanki yalnız mənə ifadəsi mümkün olmayan sözlərlə nəsə demək və yox olmaq üçün bitmişdi...
Keçmişin quyusunda çətinliklə seçilən mənzərələr bax, bunlardı. Sonra mənim yaddaşımın bələdçidi məktublar olur.
Dağldakı ev ötən həyatın nə səslərini, nə də qoxularını saxlayıb, amma iyirmü üç məktuba – atamla müharibənin başlanğıcında səfərbərliyə alınan dayım Levanın müharibə ərəfəsindəki yazışmalarına – toxunmayıb. Məktublar 1941-ci ilin yay-payız aylarında yazılıb, yazanlar cəbhəyə yola düşməmişdən əvvəl hərbi hazırlıq keçirdilər – atam Suxumi yaxınlığındakı Qodoridə, Levan Bakı ətrafındakı Ələtdə.
Tələsik yazılmış – xüsusilə gürcü dilində olanlar – məktubları asta-asta oxumaq lazım gəlir, diqqətini cəmləşdirməli olursan, bəzi yerləri oxunmur, bir neçə kəlməni də heç cür ayırd eləyə bilmədim. Amma o məktubların aydın sadəliyini tamam daddım. Heyrətamiz dərəcədə işıqlı olan məktublar qarşılıqlı qayğı, sevgi və mehribanlıqla doludu. Hə qorxu, nə səksəkə, nə ehtiyat var. Yalnız çox-çox uzaqlarda, qarğı dağların üzərində qara bulud var, narahatlıq gözəgörünməz çalağan kimi yaxınlaşır, amma Qafqaz sıra dağları bizi etibarlı şəkildə qoruyur.
Məktubların dörddə üçü Levana yazılıb. Onların evə necə qayıdıb gəldiklərini aydınlaşdıra bilmədim, amma ağlagəlməz təsadüf nəticəsində geçmiş qəfildən geri döndü, gözlərimin qabağında müharibənin ilk ayları canlandı.
Atamın və Levanın məktubları bir-birindən çox fərqlənir, bu da tamamilə başadüşüləndi: atam gənc arvadını iki azyaşlı uşaqla qoyub cəbhəyə yola düşürdü. Leonun məktublarındasa qayğısızlıq, bir qədər də üzəyarı uşaq hərdəmxəyallığı duyulur. Onun başlıca qayğısı evdə qoyub getdiyi çoxsaylı doğmalarının səhhətidi, özü üçünsə, yalnız “papiros və yazmaq üçün kağız” istəyir.
Atam üçünsə məktublardan göründüyü kimi, başlıcası, birinci qışdan sağ çıxmaqdı. Şəxsi acizliyindən əzab çəkə-çəkə özünə təlqin eləməyə çalışırdı ki, müharibə tezliklə başa çatacaq, ilk vaxtlarda da bacılarından xahiş eləyirdi ki, anama kömək eləsinlər, bizi uşaq bağçasına verib özü işləməyə məcbur olmasın. Onun nikbinliyinin nədən – sadəlövhlüyündən, yoxsa yaxınlaşan faciədən - müdafiə üçün özünüaldatma üsulundan ibarət olduğunu ayırd eləmək çətin idi.
Hələliksə Qara dəniz sahilinin payız mövsümünü xatırladan idilliyaya oxşar bir şey vardı!
“Suzi sentyabrın 26-da yanıma gəlib ayın 29-nacan qaldı. Hər şey çox gözəl oldu. O, qatarda bələdçidən Qodori barədə soruşanda Senakiyə, ərinin yanına gedən bir yerli qadınla tanış olub, həmin qadın bizi evində yerləşdirdi, yataq otağını da verdi. Evin üç otağında yalnız o və baldızı yaşayırdı. Hər ikisi bizə yaxşı münasibət bəslədilər. Suzi burdan 8 kq kardof, 3 kq soğan, kilosu 10 rubl olan 3 kq əla donuz əti apardı. Ancaq axırda hava pisləşdi, yağış yağdı, onun evə necə gedib çıxdığını bilmirəm”.
Anam həmin səfər barədə bizə dəfələrlə danışmışdı, o da iki gənc gürcü qadının qonaqpərvərliyinə heyrətlənməyə bilmirdi. Amma onun danışığına idilliyaya yumor və həyəcan, bir növ, cənub ədviyyatı qatdığı hiss olunurdu. Əvvəlcə anamı senakili yol yoldaşının zahiri görünüşü – kor-kobud əndamlı, bığlı, gər səsli, ağzında pomadadan qızarmış “Belomor” və diliacı imiş, quldurların, yaxud fahişələrin başçısına oxşayırmış, - elə qorxudub ki, dəvəti qəbul eləməzdən əvvəl bütün cəsarətini toplamalı olub. Anam ürəyi əsə-əsə özünü vaqondan düşməyə məcbur eləyib, qoyun kimi onun dalına düşüb, qəsəbənin kənarında qaralan evlərə sarı gedib... Əslindəsə quldur qadın gənc, gözəl ər-arvadı üç gün qayğıyla əhatə eləyən çox xeyirxah, nəzakətli xanımmışş. (Mənə elə gəlir, onların gözəlliyi qocalmaqda olan qadına təsir eləyib). Allah da adil zarafatçıdı, valideynlərimə son görüş üçün şərait yaradan xilaskar mələyi nədənsə bu görkəmdə göndərib.
Leo dayı məktublarını həyati təfərrüatlarla doldururdu.
“Burda kölgə azdı, - o xidməti yerini təsvir eləyir, - demək olar, ağac yoxdu, güclü küləklər əsir, elə bil, qum qasırğasıdı, amma dnizin lap yaxınlığında dayanıram, bu hamısının əvəzini çıxır.
Buranın üzümü yaxşıdı, bizim üzümə oxşayır, ləzzətlə yeyirəm...”
Birindən başqa ütün yazışma, bütün məktublar dəqiq marşrutla – dağdakı evdən orduya, ordudan dağdakı evə - hərəkət eləyib, cəmi bir məktub o tapdanmış çığırdan kənara çıxıb, ordudan orduya, Qodoridən Ələtə göndərilib. Oktyabrın 10-da atam əmisi oğluna yazır:
“Leo, əziz qardaşım, bu payız dilimizə üzüm vurmadıq. Heç olmasa, sən orda, Şulaveridə ye. Mən burda yerli “İzabella” yeyirəm, ucuzdu, kilosu rubl yarımdı, amma dadı daha pisdi, duz dadır. Gəl Vaxtanqa (Levanın xəstəliyə görə orduya çağtılmamış qardaşı) tapşırıq verək ki, bizim əvəzimizə Dziruli şabalıdı yesin, macari (hələ tam yetişməmiş şirintəhər şərab) içsin.”

***
Atamın məktubunun bu yerində yazışmaya müdaxilə eləyirəm, çünki buna ciddi əsasım var. Qəribə deyilmi ki, atam “İzabella”nı bəyənmir, bizim tərəflərin üzümünə üstünlük verir, Dzirulu şabalıdını və qaynayan təzə şərabı yada salır, həmin məqamda da Qafqaz sıra dağlarının o tərəfində müharibə daha da qızışır. Bizimkilər var qüvvələriylə çarpışırlar. Minsk, Kiyev, Xarkov, Smolensk əldən gedib. Odessa təhvil verilib, Sevastopol təslim olub, düşmən Moskva altına çatıb. Geriyə bir addım da yol yoxdu! Yüz minlərlə əsgər həlak olub, yüz minlərlə əsgər də əsir düşüb. Atamın məktubu oktyabrın 10-da yazılıb, memuarlardan aydın olduğu kimi, Stalin oktyabrın 10-da Jukovun Qərb cəbhəsinə yola düşməsini əmr eləyir. Belə çıxır ki, həmin məqamda Leo Dziruli şabalıdı, təzə şərab, və “İzabella” barədə oxuyur, Moskvada çaşqınlıq artır, oktyabırın 16-sə hadisələrinə az qalır.
Nəsə belə deyil, düz gəlmir. Ehtimal ki, siyasi məlumat yayanlara yeni səfərbər olunanları qorxutmamaq üçün cəbhədə əsl vəziyyət barədə məlumat verməyi qadağan eləyiblərmiş. Amma atamın özünün psixoloji müdafizə üsulunu daha da təkmilləşdirdiyi daha ağlabatandı. Kirovabadda və Batumidə ən yeni İES-nı işə salmış gənc, bacarıqlı mühəndis, ailənin əziz övladı, uşaqlığı dörd bacısının qayğı dolu mühitində keçmiş adam ölümdən əvvəl bütün bunlardan əl çəkməyə hazır deyildi. Məncə, mətanətlə, gülə-gülə ölümə qarşı getdi, ölüməsə 76 gün qalırdı.

***
Ailənin sevimlisi, gənc Leoya hamı - əmisi qızları, yaxınları, yeznəsi, kiçik bacısı, bacısı oğulları, böyüklərin diqtəsilə yazan kiçiklər, tanımadığımız, ya tələbə yoldaşları, ya da qonşuda yaşayan nazlı-qəmzəli qızlar – məktub yazırdılar: “Salam Levan, əlbəttə ki, yadına düşsəm, sənə kimin məktub yazdığını öyrənəndə necə təəccüblənəcəyini təsəvvür eləyirəm… Qız oğlana birinci məktub yazırsa, deməli, zəmanə çox dəyişib. Amma indi siz əsgərsiniz – ölkənin ən vacib adamlarısınız, mən də sənə birinci məktub yazdığıma görə utanmıram”.
Amma yazışmada ən yaxşısı Mariam bibi və Qabriel əminin məktubudu. Onlar başqalarından tamamilə fərqlənirdilər. İndiki adamların acığına məktublarını tamam, sözbəsöz vermək lazımdı.
Qabriel əmi oğluna anamın Qodoriyə, atamın yanına getməsi barədə yazır, ehtiyatla əlavə eləyir: “Sənin yanına, Ələtə də getmək olardı, o qədər də uzaq deyil. Amma heç vaxtım yoxdu. Quraqlıq olduğundan üzüm tez yetişib. Deyirsən ki, üzüm üçü darıxırsan. Neyləmək olar, sən indi əsgərsən, döz. Təki dözümdən pis bir şey baş verməsin”.
Mariam bibinin məktublarının birində qırx birinci ilin sentyabrında ailənin başına gələn kədərli əhvalat – xidməti ezamiyyətlə əlaqədar Bakıdan Kutaisiyə gəlmiş Levanla görüşə bilməmələri - əks olunmuşdu.
Ezamiyyət barədə əvvəlcədən xəbərdar edilmiş Mariam bibi görüşə səbirsizliklə hazırlaşırdı: cürbəcür şirniyyatlar, yeməklər bişirmiş, balaca kisələrə fındıq və əncir qurusu yığmışdı; lap son məqamda xaçapuri bişirmiş, dəsmala bükmüşdü ki, heç olmasa, bir qədər isti qalsın, bütün ailənin xeyir-duasıyla yola düşmüşdü (kəndimizdən Kutaisiyə təxminən 70 kilometrdi), amma naməlum səbəblər üzündən görüşə bilməmişdilər. Bu acı, təskinliyi olamayan əsl faciəydi. Mariam bibi göz yaşları axıda-axıda, ağılsızlığına, acizliyinə görə özünü lənətləyə-lənətləyə evə qayıtdı. Əvvəlcə iş-gücdən əl çəkdi, iki gün işləmədi, necə deyərlər, əlini ağdan qaraya vurmadı, ancaq dəhşətli öncəduyumdan məhv olmuş halda ağladı.
Məktubların arasında o vaxt on beş yaşında olan bibim oğlu (ağıllı Marqaritanın oğlu) Butsanın çox qısa məktubu da var: “Leo anana tez-tez məktub yaz, - lap həmyaşıdı kimi öyüd-nəsihət verir, - çünki Kutaisidən qayıdanda sionra elə hey ah-uf eləyir, zıqqıldayır, ağlamaqdan əldən düşüb, baxanın yazığı gəlir”.
Məktublardan göründüyü kimi, Mariam bibinin özünə gəlməsi, oğluna aydın, mehribanlıqla dolu məktub yazması beş ay çəkib, həm də məktubunda görüşə bilmədiklərindən təəssüfünü bildirməyib. Bu barədə bir kəlmə də yazmayıb, ancaq indi yaşadığını və dözdüyünü qeyd eləyib.
“Bu payız Suzi və uşaqlar bizdədilər. O qədər gözəl uşaqlardı ki, adam baxmaqdan doymur. Eyvanda ora bura addımlayır, hey təkrar eləyirlər ki, tezliklə “nemesləri qırmaq” üçün cəbhəyə gedəcəklər, onda da ataları və Levan əmiləri geri qayıdacaqlar.
Oğlum, sən məhsul və üzümlük barədə soruşursan. Hələ üzüm yığımı başlamayıb, amma yetişib, məhsul yaxşıdı. Amma hamını üzümlükdə bir yerdə görmədiyimə görə, buna sevinmirəm. Bu yay da heç xoşuma gəlmədi, payız da üzümü güldürmür, görüm başımıza bu müsibəti gətirənin üzü heç gülməsin”.
Bu məktubların heyrətamiz xüsusiyyətlərindən biri – üzümlüklərin və iki balaca oğlanın bölünməz bütövlüyüdü. Öyüdlər, nasrahatlıqlar, istəklər adi tərzdə, həm də istər-istəməz bayağı sözlərlə ifadə olunub: “Səhhətin necədi?”, “özünü qoru”, “Bizim üçün narahat olma”, “özünü soyuğa vermə”, “diribaş ol”, “pul lazım olsa, xəbər ver, utanma”; yalnız söhbət üzümlükdən və uşaqlardan düşəndə sözlər, az qala, alışıb yanır, hərarət və işıqla dolur.
“İndi yəqin Dzirulada üzüm yığımının qızğın çağıdı!.. Üç gün əvvəl aşırımdan keçib Kazbeqidən ötdük. İndi quzey yamaclarda yerimizi möhkəmləndiririk. Burda artıq ilk qar yağıb. Mən Vətənin bütün müdafiəçiləri kimi, sağ-salamat, gümraham, mənə görə narahat olmayın. Sizdə nə yenilik var? Saşenka necədi?”
Bu Levan əminin son məktubudu. Məktub sarımtıl rəngli qalan və şumal açıqcanın üstündə, həddən artıq xırda və sıx xəttlə yazılıb. Açıqcanın aşağı küncü sürtülüb, orda qohumlarımızın adlarını oxumaqdan çox, güman eləmək olur: Marqarita, Tino, Nuska, Yelene, Şalva, Zurab, Burtsa, Marqo, Reziko, tanımadığım Tsusa... Yalnız “çoxlu-çoxlu öpürəm” sözləri aydın oxunur. Amma bu cür darmacalda “Saşenka necədi?” soruşmağa yer tapılıb. Ümumiyyətlə, Leo əmi, cəbhə qayğıları və təhlükələri arasında yenicə dil açan, fışıltı ilə danışan yekəbaş oğlanı necə yada salmısan?
Bu mənəm, Leo əmi, ananla müvahisəyə girişib müdafiə elədiyin həmin qurbağayaoxşar oğlanam. İndi qocalmışam, Leo əmi, səni heç xatırlamıram – yalnız dumanlı halda yadıma gəlirsən, nə sifətlər, nə səslər yadımdadı. Amma səni yadıma salan kimi, gözlərim yaşarır. Niyə mənə Saşenka deyirdin, Leo əmi? Gürcü dilinin öz əzizləmə qaydaları var, o sözlər körpə uşağa sevgini və mehribanlığı daha yaxşı ifadə eləyir: Saşiko, Saşura, Sandrik!.. Mənə niyə Saşenka deyirdin, Leo əmi, bu məni niyə bu qədər təsirləndirir? İllər keçib, çox-çox illər ötüb. Ətrafımda Ələtə məktub yazan, dağdakı bu evdə yaşayan heç kəs qalmayıb. Heç ağlıma belə gətirə bilmirəm, amma ola bilsin, tezliklə həmin evin özü də yoxa çıxacaq. Bu barədə düşünürəm, ahıl adamın göz yaşları yanaqlarıma axır.
Mən dağdakı evin sakinlərini xatırlayan axırıncı adamam. Onların arasında yaşadığıma görə bəxtim çox gətirib! Bəlkə, elə dağdakı ev izsiz-tozsuz yox olmasın deyə, əlimə qələm götürmüşəm...

Leo əminin son məktubunda məni bir tarix düşünməyə məcbur elədi: açıqcanın yuxarı sol küncündə “25/II-1942” tarixi aydın oxunur. Ömrüm boyu əminydim ki, atam və Leo eyni döyüşdə - qırx birinci ildə Kerçə faciəvi şəkildə desant çıxarılanda - birgə həlak olublar, əfsanənin, kiçik ailə sərdabasının yıxılıb-dağılması məndən ötrü zərbə oldu: sanki ömürlərinin son məqamında qardaşların yaxınlığı onların vəziyyətini bir qədər yaxşılaşdıracaqdı. Amma onla ayrı-ayrı həlak olmuşdular.
İlk Kerç desantı müharibənin əvvəlində baş verən ən hazırlıqsız, ən faciəvi əməliyyatlardanıydı. Memuarlardan, ensiklopediyalardan əlavə məlumatlar almaqla atamın soyuq Kerç sularında həlak olmasını təsvir eləmək üçün şərqi Krıma yaxşı bələdəm – onları dekabrın axırlarında, dan yeri ağaranda desant gəmilərindən dənizə itələyiblər. Amma o məlumatlardan heç nə götürməyəcəyəm. Boğazlarınadək suya bata-bata tüfənglərini başları üzərinə qaldırmış, buz kimi soyuq suda boğula-boğula çabalayan əsgərlərimizin gülləbaran edilməsi səhnəsi dözülməzdi.
Dərk eləmək nə qədər çətin olsa da müharibə hələ təzəcə qızışırdı, atam və Leo əmisə arrtıq həlak olmuşdular: atamın otuz altı, Leo əminin iyirmi iki yaşı vardı.
Qafqaz sıra dağları üzərindəki bulud dəhşətli dərəcədə qaralmışdı, ölüm gətirən şimşəklər çaxırdı.
Uzaqlarda fırlanan həyəcan çalağanı daş kimi bizim həyətə düşdü, iki cücəni, iki yetim qalmış körpəni caynağına aldı.
Amma doğmalarımız yanımızdaydılar. Bizim məhv olmağımıza imkan vermədilər.

Tərcümə etdi: Nəriman Əbdülrəhmanlı

# 2630 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
# # #