Fransa kəşfiyyatının gizli elektron sandığına necə sızdım? - Fransızların Bakıda çəkdiyi serialın əsl məqsədi

Fransa kəşfiyyatının gizli elektron sandığına necə sızdım? - Fransızların Bakıda çəkdiyi serialın əsl məqsədi
27 iyun 2024
# 15:05

Kulis.az Həmid Herisçinin "Azərbaycan əks-kəşfiyyatının Bondianası" adlı yeni yazısını təqdim edir.


Ortabab hakerəm. Bilgisayarım köhnədi. Düyməsi laxdı.

Açanda məcbur qalıb barmağımı bir müddət bu lax düymə üzərində yubadıram.

Bu gün də bu eyni, məni bezdirən, cin atına mindirən hərəkətləri təkrarladım.

Tələskənliyimin, səbirsizliyimin səbəbi var: bilgisayarıma yüklənmiş videogörüntülər “Tam məxfi!” qrifi ilə işarələnib. Altyazıları, şərhləri fransızcadır.

Fransız əks-kəşfiyyatı “DGSE”-nin rəqəmsal, elektron ünvanları sözdə...üzdə guya əlçatmazdı. Alınmaz Bastiliya qalasıdır guya. Qurumun rəsmi elektron ünvanına girsəz (https://www.dgse.gouv.fr/en), ilk baxışda ən müasir dizayn aləminə düşəcəksiz guya. Elə biləcəksiz yadplanetlilərin uçan boşqabına daxil olubsuz.

Ancaq bütün bu zahiri parıltılara aldanmayın. Fransa kəşfiyyatı “DGSE”-nin əsl, gizli, tam qapalı, müstəqil elektron ünvanına girməyin bircə yolu var-gərək köhnə bakılılar kimi tərsinə danışmağı bacarasan. Detallar, “Qarğa dili” adlı bədii hekayəmdədi (https://sim-sim.az/h%C9%99mid-herisci-qarga-dili/).

Hekayəmi oxusaz, Fransa kəşfiyyatının gizli elektron sandığına sızmağım sizi əsla təəccübləndirməyəcək. Mən kimilərə “Qızıl güvə” də deyirlər bəzi məxfi qurumlarda.

Le bureau des légendes : Meilleure série française du moment ? - VOO

Bu cür güvələr...bu cür qüvvələr ən qapalı seyflərə girməyi bacarırlar.

“Direction Générale de la Sécurité Extérieure” saytlarının, arxivlərinin müqavimətini qıranacan, day sizdən nə gizlin, xeyli tər axıtsam da, axırda istədiyimə çatdım.

Bəzi peşəkarların “Büro” adlandırdığı bu qurum, 2010-2020-ci illərdə Güney Qafqazda çox fəal olub. Bakıda, “Azərbaycan Geologiya və Geofizika İnstitu”nda uzunmüddətli əməliyyat aparıb.
Fransızların məqsədi...

MƏQSƏD

Fransa kəşfiyyatı DGSE-nin Bakıdakı baş hədəfi Azərbaycan seysmoloqlarının elmi araşdırmalarıydı. Əlimə keçən ilk videogörüntülər məhz “Azərbaycan Geologiya və Geofizika İnstitutu” ərazisində lentə alınıb.

“Phénomène, Rocambole” kod isimli qadın agent Marin Liazo, bir gün Parisdə iki fərqli ünvandan-həm İsrail kəşfiyyatı Mossaddan, həm Fransız əkskəşfiyyatı DGSE-dən təxminən eyni sifarişi alır.

O, Bakıya gedib orda beynəlxalq seysmoloji konfansda yaddaqalan elmi məruzə etməlidir.

Marin Liazo əvvəllər İranda da seysmoloji mövzunu mənimsəyib. Tehran “Qeologiya” institutunda oxşar staj keçib. Şahpur Zamani adlı birisi ilə Şərqin “Min bir gecə” nağıllarını yaşayıb. Sepah tərəfindən güdülüb. Dindirilib. Ancaq sudan quru çıxmağı bacarıb ən son nəticədə.

Tehrandan sonra Marin Liazo bu ssenarini eynən Bakıda təkrarlamalıdır.

Videoçəkilişlərin biri, Parisin ən romantik ünvanında - Bulon meşəsində aparılıb.

Adətən, ilk sevgi romanları fransızlar üçün məhz bu yaxın coğrafiyadan başlayır.

Casus, yaxud sevgi məcaraları üçün Bulon meşəsi əla start meydançasıdır.

İlk sifarişçi - “Snupiy” kod isimli cazibədar bir “maço” (həm də Mossad agenti), Marinə deyir ki, Bakıya gedib orda seysmoloji məruzə etməlisiz.

Bəs siz kimi naşı, diletant bir qızcığaz tapıntıdır. Peşəkar Azərbaycan əks-kəşfiyyatı guya bu cür həvəskar alimi əsla ciddiyə almaz.

İkinci sifarişçi ilə görüş qapalı məkanda - göz klinikasında, oftalmoloqun qəbulunda lentə alınıb. Anri Duflo adlı DGSE rəhbəri, sən demə, öz agentləri ilə bu ünvanda görüşür. Söhbət zamanı agent “Phénomène” özünü naşı agent kimi yox, əsl peşəkar kimi aparır.

Bakı səfərinin sirlərini, qonorarını oftalmoloq şefiylə bittə-bittə dəqiqləşdirir.

Hər iki lenti müqayisə edib axır öz qərarımı verirəm-Marin Liazonun, Məşədi İbad demiş, iki adaxlısı varmış Bakıda. Həm Mossadla sevişirdi Bakının “Hilton” otelində, həm də fransız kəşfiyyatı DGSE-ylə.

DETAL: Çəkilişlərə baxınca ilk qeydimi dəftərçəmə etdim. Süni intelekt “ChatGPT Plus”a öz suallarımı verdim. Cavabında o dedi: “Azərbaycan tərəfi, o cümlədən, Mossad, Marin Liazonu elə lap Tehrandan üzübəri güdürdü. Azərbaycan, Mossad, DGSE əkskəşfiyyatları arasındakı siçan-pişik, yaxud “Seysmoloji” oyun bax bu nöqtədən başladı. Tərəflər bütün növbəti addımlarını nəzarətdə saxlayırdılar.

Ən vacibi son nöqtəydi. Ən vacibi-son nöqtədə əsas, həlledici addımı atmaqdı.

Məqsəd, qısaydı: agent “Phenomena”nın balaca, mini fleşbeki nə vaxt Azərbaycan seysmoloqu Yelena Çehrəqanlının bilgisayarına daxil olacaq?

İran atom dosyesini iflic edəcək “Stuxnet, Stars” viruslarının yalançı növü nə vaxt Fransa kəşfiyyatına ötürüləcək?

BAKIDA

İkinci videogörüntü Bakıda keçirilən beynəlxalq seysmoloji konfransda lentə alınıb. Marin Liazo“İnternet və Seysmologiya” adlı məruzəsi ilə Bakı alimlərinin diqqətini özünə cəlb edib. Yelena Çehrəqanlı adlı bizim seysmoloq, “Phénomène”yə, yəni Marin Liazoya bizim “Geologiya və Geofizika İnstitu”nda iş təklif edir.

Diqqət! İnstitut direktoru “Müsyo Ağayev” kimi təqdim olunur bu operativ gizli çəkilişlərdə. Kadrarxası səslə, qaçan xəttlə qeyd edilir ki, bu iş təklifi 6 ay müddətilə məhdudlaşır.

Camal İbrahim adlı yekəqarın, bığlı, şişman birisi bu strateji institutda təhlükəsizliyi təmin edir guya. Standart iş proseduruna görə, bu təhlükəsizlik uzmanı, xanım madumazel Marin Liazonu “yalan poliqrafından”dan keçirməlidir.

Marin Liazo təcrübəli olsa da, yalan poliqrafından uğurla keçəcəyinə tam əmin deyil. Növbəti, Bakının Hilton otelində çəkilmiş videoda “Snupiy”- Marin Liazonun Bakıda kuratoru bu qızcığaza yalan poliqrafını aldatmaq qaydalarını öyrədir.

LENTLƏRİN DEŞİFRƏSİ

Paris. DGSE-in baş qərargahı. Bakı əməliyyatlarını idarə edən “yaradıcı heyət” Mossadla gizli oyunlardan qorxur.

Xəzər ətrafı ölkələrin seysmik monitorinq sistemi eynidi. Birdi. Özbəkistan, Türkmənistan, Qazaxıstan və ən vacibi Azərbaycan seysmik stansiyaları bir qapalı şəbəkədir. İranın seysmik xəritəsi də məhz bu şəbəkədən nəzarətə götürülə bilər. Şəbəkəni nəzarətə götürmək, Fransız kəşfiyyatı üçün hava, su qədər vacibdi. Nəticədə, İranın atom dosyesinə, nüvə sınaqlarına çıxış əldə edə bilərik.

Otaqdakılardan biri qeyd edir:

"Fransa, habelə BMT Təhlükəsizlik Şurasının digər üzvləri Vyanada razılığa gəliblər. İran öz atom dosyesini bizim nəzarətimizə verərək, əvəzində öz neftini dünya bazarına çıxarmaq haqqı qazanır. Aldığı mənfəət çox sıfırlı rəqəmlər, bilin, Fransa Aerokosmik sənayesinə yatırılacaq. İran tərəfi, 300 ədəd “Airbus A320” sifariş edəcək bizim Airbus SE, SAS aerokosmik şirkətinə. Mossad, ABŞ-ın “Boing” azman-dev şirkətləri bu razılığı qarşıdırlar. Min bir oyun çıxaracaqlar ki, anlaşma reallaşmasın. İranın nüvə proqramına sızacaqlar".

Son qərar belədi:

Mossadın “Stuxnet, Stars” bilgisayar virusları İran atom sənayesini iflic etmək istəyir. Bakıda, Yelena Çehreqaninin bilgisayarında...


VİRUS VƏ ANTİVİRUS

Fransa kəşfiyyatı, gördüyümüz kimi, Azərbaycan seysmoloji monitorinq qrupuna sızmaq istəyirdi 2010-cu illərdə. Fransanın maraqları İranla eyniydi təxminən. Tehranda seysmoloq kimi işləyən Marin Liazonun Bakıya transferi də bu məqsədləri güdürdü.

DGSE təəccüblənməyin Bakıda, əslində, İran agenturasını əvəzləyirdi hətta. Əməliyyatlarının ana hədəfi Bakıda “Stuxnet, Stars” bilgisayar virislarını ələ keçirmək, sonra antivurusların yaratmaq idi.

İran atom dosyesini Mossaddan, İsrail viruslarından qorumağa xatir DGSE bizim Bakıda çox incə bir əməliyyata əl atır. “Phénomène” agentinin fleşbekini bizim seysmoqraf Yelena Şehrəqanlının bilgisayarına yerləşdirirlər.

Qalır bircə oğurlanmış “Stuxnet, Stars” viruslarının antivirusunu, antidotunu yaratmaq işi.

Bunun da öhdəsindən Parisdəki peşəkar hakerlər gələr, inşallah.

Fransa kəşfiyyatının Bakıda ermənilərə işləməsi Aysberqin ancaq görünən tərəfidi. Mənzərənin tamı deyil. Alt qatda Tehranla əməkdaşlıq da var.

AMMA

Sonrakı “X fayllar”, videogörüntülər DGSE-nin Bakıda Mossadla toqquşmalarını əhatələyir.

“Phénomène”-nin ikili oyunu, görünür, elə əvvəlcədən Azərbaycan əkskəşfiyyatına bəlli idi.

Əks-kəşfiyyatda qətllər, həbslər istisnadır. Burda gərək aşkarladığın casus şəbəkəsinə bolluca dezo, yəni dezinformasiya ötürəsən. Özünü gic yerinə qoyasan.

Guya heç nə bilmirsən.

Videogörüntülərdən belə bəlli olur ki, Azərbaycan əks-kəşfiyyatı bilərəkdən DGSE-ə Bakıda geniş imkanlar yaradıb. İcazə verib ən qapalı ünvanlarda çəkiliş aparsınlar, dronlar uçurtsunlar və s.

Bütün mərhələlərdə Fransaya, Phénomène”-yə yaşıl işıq yandıran Azərbaycan əkskəşfiyyatı gördüyümüz kimi, düşməni yalnız azdırırdı.

Məqsəd ancaq sonda, axırmacalda Parisə öldürücü zərbə endirmək idi.

Azərbaycan “Bondiana”sını, Ceyms Bondlarını, uzun plaş və xəncər cəngavərlərini, görünür, rəsmi Paris, DGSE düzgün dəyərləndirməyib. Bir o qədər peşəkar bilməyib.

SERİAL YOXSA?

Dünyanın əsl sirləri deyirsiz gizlində, qırx kodlu seyflərdə saxlanılır?

Yox...

Sirlər, o cümlədən, ifşaedici videolar aşkarda gizlədilir, adətən. Misal üçün adi seriallarda. Kitab səhifələrində.

Fransız kəşfiyyatının Bakı kadrları da aşkarda gizlədilmişdi.

Məşhur “Le Bureau des Légendes” serialında.

Fransada bu casus serialının indiyədək 5 mövsümü, 50 seriyası yayımlanıb. 1-ci mövsüm 2017-ci ilin 27 aprelində mavi ekranlara çıxarılıb. Serial 2020-ci ilin mayında 5-ci mövsümündə sona çatıb. London “Amazon Prime” kanalında bu serial eyni uğurla 2016-cı ildən göstərilib.

Casus seriallarının aşiqi britaniyalıların da dərin sevgisini qazansa da...

Baxmayaraq ki, 3-cü mövsümü sırf Azərbaycana aiddi.

Bu film hələ də bizim kinosevərlərin diqqətinə çatdırılmayıb.

Düzü, bu cür filmlər, əslində, real kəşfiyyat əməliyyatlarının azdırıcı ssenariləridir.

“AZTV 1”-in Fransa oxşarı “Kanal+”, bu serialı DGSE kəşfiyyatı ilə birgə, əl-ələ çəkib.

Fransa kəşfiyyatının Azərbaycandakı, habelə dünyanın dörd guşəsindəki digər əməliyyatları məhz bu serialda modelləşdirilib. İki film çəkilib Azərbaycanda - biri, geniş tamaşaçı kütləsi üçün. Gözaldadıcı, beyinazdırıcı məzmunda.

Digəri isə...həə..sizə bayaqdan deşifrələdiyimiz vedeokadrlardı.

Serialın son kadrları Bakı otellərinin birində İsrail kəşfiyyatı ilə Fransız DGSE-nin toqquşması ilə başlayıb, axır, danışıqlar masası arxasında müzakirələri ilə yadda qalır.

Filmdə azərbaycanca mətnlər boldu. Gizli səs yazıları, filmdə xüsusi fon kimi yadda qalır. Görünür, bu səslər efirə basdırılmış gizli minalardı. Öz gələcək qurbanlarını səbirlə gözləyirlər. Lazımdırsa, o səsləri deşifrələməyə də hazıram.

Serialdakı Bakı Şərq ekzotikasından məhrumdu. Rejissor Erik Roşar Bakını ən müasir Avropa şəhərlərindən ayırmayıb. Film boyu biz İlham Əliyevlə Heydər Əliyevin, Azərbaycan milli bayrağının dəfələrlə təkrarlanan görüntülərini seyr edəcəyik.

Filmin süjet xəttinə, gərgin dramaturgiyasına bu görüntülər çox təbii daxil edilib. Bakı avtovağzalında çəkilmiş kadrlar, sərnişinlər isə, vallah, çox diridi. Təsirlidi. O cümlədən, qaçan xətlə gedən, avtobusların alnını bəzəyən “Bakı-Mahaçqala” yazısı, doğrudan da, filmə gözəl rəng çalarları, dirilik görüntüsü qatır.

Tamaşaçıya Bakını sevdirir.

Erik Roşarın Bakısı gözəldi.

Sağ əli, bizim sserialların başına.

ƏSLİNDƏ

Seriala baxanda yenə də böyük Mirzə Fətəl Axundova rəhmət oxudum. Seysmologiya, süni zəlzələ mövzusunu o, “Le Bureau des Légendes” serialından düz 150 il öncə məşhur “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyasında qələmə alıb.

Fransızların Azərbaycana aid bu son filmində yenə həmin zəlzələ, seysmologiya mövzusuna baş vurmaları, qayıtmaları düzü məndə bir qürur hissi yaratdı.

Fransa bizimlə münasibətdə hələ də “Dərviş Məstəli şah” dövründədir.

O süjetdən hər ikimiz, deyəsən, ayrıla bilmirik.

Mistikadır bu? Yaxud həyatın, Qafqazın pozulmaz, sonsuz, bitməyən serialı?

Dəqiq heç nə deyə bilmərəm.

Ancaq bir başqa Azərbaycan filminin təkrarı da var bu serialda.

Müqayisə üçün götürün 1964-cü ildə, "Azərbaycanfilm" studiyasında çəkilmiş “İstintaq davam edir” casus filmini. Süjet də, çəkiliş məkanları da burda eynidir - Azərbaycan Geologiya və Geofizika İnstitutu.

Bizim filmdə geoloq alim Sərdar Əzimov xarici kəşfiyyatın qurbanına çevrilir. Geoloji xəritələri, projeləri təhlükə altına düşür.

Xarici casus Çeremisina, yəni o vaxtkı “Phénomène”, efirə atdığı “Təcili dərman göndərin. Nimfa” şifrəqramıyla, istintaqa start verir.

Filmin triqqeri budu.

Aradan xeyli vaxt ötdükdən sonra bu şifrəqram, nəhayət ki, Fransa kəşfiyyatı DGSE-in pelenginə, yəni nəzarətinə düşdü.

“Qulağına çatdı” desək, daha düzgün olar, məncə.

Fransızlar bu şifrəqramı deşifrələyəndə hardan biləydilər ki, Azərbaycan çekistləri hələ ötən əsrin 60-cı illərindən Geologiya, Geofizika İnstitutlarımızda anticasus tədbirləri hazırlayıblar.

“İstintaq davam edir” filmində biz də öz “iteratsiya”mızı-yəni cari anticasus əməliyyatlarımızı modelləşdirmişik. Geologiya İnstitunun maketini qurmuşuq orda. Agent Haukun oxşarını hazırlamışıq hətta.

Fransızlara məsləhət verərdim öz filmlərini çəkməmişdən öncə bir bizim də filmlərimizə baxaydılar.

Fransız müsyo Jordanlarını Qafqazda ilk dəfə, bəlkə, elə Mirzə Fətəli Axundov deşifrələyib. Komediya janrında azdırıb bu vacib casus əhvalatını.

Müsyo Jordanın real oxşarı o vaxtkı fransız botaniki Anri Muadır. Deyilənlərə görə o həm də fransız kəşfiyyatçısı olub. Kəpənəktutan toruna çoxlarını salıb. Ancaq Mirzə Fətəlidən başqa kimsə əsl sifətini, əsl torunu görməyib bu dırnaqarası botanikin.

P. S. 2023 –cü ilin dekabrın 20-də Fransa prezidenti Emmanuel Makron, Azərbaycanda, habelə digər ölkələrdə buraxdığı kobud səhvlərə görə DGSE rəhbəri Bernar Emyeni istefaya göndərib.

Sabahkı gün DGSE tarixinə qara hərflərlə həkk edilib-dünya mətbuatı “DGSE şəbəkəsi Azərbaycanda deşifrə edildi” xəbərini yayıb. Fransızlar məcbur qalıblar eynəklərinin tərini silsinlər. Xəbəri dönə-dönə oxusunlar yad mətbuat ünvanlardan.

Hadisələrin ilk əcəl zəngi isə 4 dekabr 2023 çalınıb. Məhz bu tarixdə Fransa vətəndaşı Martin Rayan Azərbaycan əks-kəşfiyyatı tərəfindən saxlanılıb. Az sonra ifadələr verməyə başlayıb.

Son nəticədə Fransa səfiri Ann Buayon Azərbaycan XİN-nə çağrılıb. İki səfirlik işçisi “persona non qrata” elan edilib.

Ümid edirik bu epizod nə vaxtsa “Le Bureau des Légendes” serialının 6-cı mövsümünə start verəcək.

Rejissor Erik Roşarın diqqətindən yayınmayacaq.

Yoxsa bu fransız serialı yarımçıq görünəcək tələbkar kino həvəskarlarına.

# 5526 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #