Fidan Bayramova: Hər adına bir arvad - Yeni imza

 Fidan Bayramova:  Hər adına bir arvad - Yeni imza
25 noyabr 2024
# 17:00

Kulis.az Fidan Bayramovanın "Hər adına bir arvad" adlı ilk hekayəsini təqdim edir.

Bir dostum danışırdı:

Çayxanada kefsiz-kefsiz oturmuşdum. Bir gün əvvəl arvadla ciddi mübahisəmiz olmuşdu. Elə dediyini deyir ki, məni xaricə istirahətə apar. Nə var-nə var, Nazilənin əri ildə dörd dəfə, hər sezon xaricə bilet alır. Ay anam-bacım, mən də onun əri kimi əliəyrilik eləsəm, mən də apararam. Amma indi gəl arvadı başa sal, başa sala bilirsənsə. Deyir, sən də əliəyrilik elə, kimdən əksiksən? Vallah, mən heç cür baş açmıram, əyri olmaq nə vaxtdan düzlük olub? Ya bizi böyüdəndə belini düz tut demək əvəzinə əlini əyri tut deməliydilər? Xülasə, arvad mənimlə yola getmir, mən də onunla. Deyirəm, bəlkə xaricə yola çıxsaq yola gedərdik. Belə zarafat eləməyimə fikir vermə, ürəyim qan ağlayır. Deyirlər ee, insanı səfərdə tanıyarlar. Vallah, yalan sözdür, insanı əsas səfərə gedə bilməyəndə tanıyarlar. Mən də beləcə tanış olurdum həyat yoldaşımla. Anam da bir tərəfdən mənim yaxamdan yapışıb ki, boşa bunu, bundan sənə arvad olan deyil, get Südabənin qızını al. Südabə də elə bil seçilmiş addır e. Hamının Südabə adında bir tanışı, onun da ərə getməmiş, onu alacaq adamı startda gözləyən yaxşı, savadlı, əlindən hər iş gələn qızı var. Nəsə, başını nə ağrıdım, eləcə çayxanada oturub, boşanıb başqası ilə evlənsəm zərərə düşərəm, ya xeyir götürərəm kimi düşüncələr içində idim ki, Əli Səfər Seyid Əzim Maarif girdi içəri. Bəli, adı elə bu cürdür: Əli Səfər Seyid Əzim Maarif! O vaxt ailəlikcə oturublar ad qoymağa, nəslin də bir neçə başbiləni olub. Hərə bir ad deyib. Qərara gələ bilməyiblər. Görüblər qan düşəcək, onlar da hamısını qoyublar uşağa. Mənsə ona eləcə Əlisəfər, bəzən Əli, bəzən də Səfər deyirəm. Nəysə... Məni görən kimi üzündəki pərtlik bir az da artdı, gəldi oturdu yanımda, heç salam verməmiş başladı danışmağa:

– Vallah, mən bezmişəm, belə də dərd olar?! Özümü öldürəcəm! Özümün də canı qurtarsın, camaatın da...

Bu belə deyəndə dişlədim barmağımı, dedim vay, bu mənə dərd danışmağa gəlib. Ha əlləşdim, vuruşdum, qaçmaq üçün heç bir bəhanə gəlmədi ağlıma. Elə istəyirdim ki, bundan qabaq mən öz dərdimi açım, qərarım beynimdə tamamlanmamış, aldı sazı əlinə, başladı e:

– Ay qardaş, sən de, vurum öldürüm özümü?

– Nolub axı? – həvəssiz soruşdum.

– Ta nolacaq? Dünən elçiliyə getmişdim...

– Kim üçün? Oğluna?

– Nə oğluma? Özüm üçün...

– Necə? Yenə?

– Yenə deyəndə ki, başa düşmədim...

Bu da həftə səkkiz, mən doqquz elçiliyə gedir. Deyəsən, hər adı üçün başqa arvad almaq fikrindədir.

– Yaxşı, danış görək noldu, vermədilər qızı? Qız da deyirəm, yəqin, yetkin qadın idi...

– Qadın olmağına qadındır, amma... hər nəysə... Fikrimi yayındırma!

Nəsə, bu başladı danışmağa. Düzü, bu danışdıqca mənim öz dərdim çıxdı yadımdan. Hətta kefim də açıldı. Amma özümü elə göstərdim ki, guya lap dərdindən dəli olmuşam. Bunu eləməkdə ustayam. Deyəsən, tək elədiyim əyrilik budur, bunun da mənə heç bir faydası yoxdur. İnsanlar yaxşı dinləyici olduğumu düşünüb, elə dərdini mənə tökür. Arvad deyir ki, bu qədər dərd sevən idin, heç olmasa psixoloq olardın, yağ-bal içində yaşayardıq. Bir yandan düz deyir zalımın qızı, indi onlardan çox qazanan var? Camaatı dəli edib, sonra da sağaldırlar. Amma Əlisəfəri dəli edən mən deyildim. Gözlə, danışıram. Fikrimi tam Əlisəfərə cəmləmişdim, amma məncə, bunun onun üçün elə də fərqi yox idi, gözünü yumub, ağzını açmışdı. Deyirəm, hər şey də elə bundan olur da, bəlkə arada ağzımızı yumub, gözümüzü açsaq daha yaxşı olardı?! Hər nəysə, fəlsəfəni qoyuram bir tərəfə. Nə deyirdim? Hə, Əlisəfər danışırdı:

- Heç nə, anamı da saldım böyrümə, gülümü filanımı götürdüm, getdik bunlara.

- Nə vaxtdan elçiliyə kişi də gedir?

- Əşi, daha ona vaxt yoxdur. Heç birimiz açılmamış qönçə deyilik ki... Getdim ki, qohum-qardaşına özümü göstərim, sadə bir üzük taxaq. Sonra da nikah, vəssalam, şüttamam.

- Noldu bəs?

- Gözlə, danışıram da. İmkan vermirsən axı. Deməli, getdik, qapını döydük, gözəl bir qız açdı qapını. Bacısı imiş. Düzü, bir az heyfsiləndim ki, niyə birinci bu qızı görməmişəm.

- Day keçib, getmişkən onu da alardın da, bir də iki dəfə get-gəl olmasın.

- Zarafat yeridir? Sənə burda dərdimi danışıram.

- Danış qardaş, danış. – İşə bir bax, həm pulsuz-parasız dərdinə qulaq asıram, həm də söz eşidirəm. Dəhşətdir, vallah.

- Heç nə, keçdik oturduq. Anamı da güclə gətirmişəm, mənə sifət göstərir. Nə qədər dümsükləyirəm, xeyri yoxdu. Özün bilirsən də, axırıncı toyumu ləğv elətdirəndən sonra evdən qovmuşdu məni. Neyləyim? Toy olana qədər başqasına vuruldum da, mən də insanam. Nəsə... İndi də guya mənimlə danışmır. Əşi, danışmırsan, danışma, heç olmasa bunlara bildirmə də. Yox ee, elə gözünü süzə-süzə qalmışdı.

- Yəqin, Südabənin qızını almaq istəyirmiş də sənə.

- Südabə kimdi? Qızı var?

- Sənlik deyil, söhbətini elə. – Bu kişi o biri dünyaya getsə, ordakı mələklərlə də sıra ilə evlənər, çox arsız adamdır.

Bunları ürəyimdə düşünürdüm. Üzə vurmurdum. Arada söz atsam da, çox vaxt başa düşmürdü. Ümumiyyətlə, heç vaxt sözü düz üzə deyə bilmirəm. Deyəsən, burda da nəsə düz öyrətməyiblər. Elə bircə pul qazanmağa qalmışdı bu əyri olmamaq söhbəti. Ehh, pul barədə düşündükcə yadıma arvadla olan dava düşürdü, o da yadıma düşəndə qanım qaralırdı, bu da bir tərəfdən evlilik-evlilik salıb. Evlənənin də belə, evlənməyi çıxardanın da... Lap hövsələm daraldı. Bu hələ də gözü bağlı danışırdı. Digər masadakı nərdə baxdım, lap ürəyim istədi. Görəsən, danışıb nə vaxt qurtarar?

- Gör mənə nə deyir...

Vay Allah, görəsən nə deyirmiş, heç qulaq asmırdım. Fikrim qonşu masadakı iş söhbətinə getmişdi. Deyir, indi bir qoyub, beş götürürsən. Bu nə işdir ki elə? Atam olsa, haram puldu deyərdi. Masaya baxıram, bir maşın açarı, partlamağa çalışan pul qabı, iki telefon, ikisi də son model. İş əyridi, düzdü bilmirəm, amma bunlar lap dimdikdir. Belləri, başları elə dikdir ki, az qalır tavana dəysin. Bir də özümə baxıram. Elə bükülmüşəm ki, elə bil bu dəqiqə dolma kimi qazana qoyub bişirəcəklər. Dikəlmək istədim, birdən qarnımdan elə qurultu qopdu ki, tez bayaqkı bükülü formamı aldım. Elə yaxşı oldu, səs qarnımda büzüşüb qaldı. Bu da dayanmaq bilmirdi.

- Hə, vay, vay, gör ee... – Yalandan dedim.

- Hə, hələ gözlə, davamı var.

Batdıq...

- Deməli, elə ki keçirdim mətləbə, qapı döyüldü. Sən demə, bunun bir də boyda özündən böyük oğlu varmış. Girdi otağa, mən çaşıb durdum ayağa, durduğum üçün də otura bilmədim. Təsəvvür elə, mən yaşda kişi, balaca uşağa ayaq üstə salam verdim. Nəsə, bu oturdu. İstədim mətləbə keçim, bu dəfə bu gördüm boğazını arıtlayır. Dayanıb gözlədim. Mənə diqqətlə baxdı, sonra əsgərə gedib-getmədiyimi soruşdu. Mən də dedim ki, müəyyən səbəblərdən əsgərdə olmamışam. Məni bir də süzdü. Biz əsgərdə olmayan oğlana, ım, yox, oğlana demədi, əsgərdə olmayan yaşlı kişiyə, hə yaşlı kişiyə, sən Allah, mənim haram yaşlıdır? Nəsə, bu yaşlı kişiyə qız vermirmiş. Mən də dedim ki, birincisi, mən yaşlı deyiləm, ikincisi də, sənin anan qız deyil. Mən belə deyəndə hamı mənə qəribə baxdı, bir zırpı kişi durdu ayağa, gəldi üstümə, anam qabağını kəsdi. Qoy, necə var elə danışım. Deməli, bu gəldi ha üstümə, anam qalxdı, qabağında dayandı, dedi “əə, nə qoçu kimi üstümüzə gəlirsən? Deyəsən tək görmüsən, mənim oğlum səni qatdıyıb qoyar”. Anam bilmirdi e söhbət nədir, heç mən də bilmirdim, ondan da əlavə mən bu zırpı kişini necə qatdayım axı, üç dəfə qatdansa, yenə də məndən böyükdür. Nəsə, mən anamın arxasında deyildim, o mənim qabağımda idi. Bunlar vay-şüvən saldılar ki, sən demə, oğlanın anası ərli-mərli qadın imiş, mənim elçi gəldiyimin uşağı yoxdur, özü də qız uşağıdır.

- Bu daha yaxşı deyil?

- Yaxşıdır ee, yaxşı olmağına. Amma mən deyirdim, bu daha uşaq-muşaq istəməz də. İndi gəl birini də buna ver. İndidən sonra mənim uşaq saxlayan yaşımdır? Özümdə itə tökdür. Hərəsindən iki dənə.

- Axırı noldu? Ala bildin qızı?

- Yox ee, sən konsertə qulaq as. Bir azdan içəri bir qadın girdi. Sən demə, bu da mənim üçüncü arvadımla eyni yerdə işləyirmiş. Anamla bu bir-birinə əməllicə sifət eləyəndən sonra qız qayıdıb deyəsən ki, “bu arvad saxlayan deyil, buna qız verməyin”. Dedim, harda görmüsən? Arvad bəyəm toyuq-cücədir onu saxlayım? Getmək istədi, gedənə də dayan demək yoxdu bizim aləmdə. Necə demişəm?

- Sizin aləm hansıdı?

- Əşi, nəsə, söhbəti qarışdırma. Buna belə dedim. Cin vurdu başına. Deyir, guya mən üçüncü arvadı ikinci arvadın acığına almışam. Özüm ölüm, yalan söhbətdi. O vaxt ikinci arvadımın kiminləsə hərisi olduğunu bildim, dedim, qoy mən bundan əvvəl evlənim ki, bunun adına pis söz deməsinlər. Bu da mənim sağolum. Sonra da guya mən başqa arvadlara göz qoyurammış, nə bilim, bununla dava edən kimi, başqa qadınlarla yazışırammış. Yalandı qardaş, yalan. Mən o vaxt əsəbimi buna tökməyim deyə, gedib başqa qadınlara tökürdüm. Bunun dediyi sözə bax. Axırda da peçatını qoydu ki, bu qadın gedən kimi, gedib əvvəlki arvadıma barışmaq üçün yalvarmışam. Bəli, yalvarmışam, yalan demirəm, amma barışmaq üçün yox, evdən pay istəməsin deyə başını allatmaq üçün. Bu da mənim əziyyətimin sağolu.

- Ondan sonra çıxdız?

- Kaş elə orda durub çıxardım, mən nə bilərdim ki? Elə bu söhbətlər olduqca, mən piltə-piltə tək tökürdüm. Axırı anam gördü çox pis oluram, estafeti götürdü üstünə. Dedi, mənə bax az, əyrimçə, sənin o yerə-göyə sığdıra bilmədiyin rəfiqən bizim evə gələndə bir qayçı belə gətirməmişdi, nə atdanıb-düşürsüz? Yandırır onu boşayıb başqasını alması? Belə əcəb edir boşayır, sonra? Sonrası da heç nə, qız da qayıdıb deyəsən ki, oğlun demişdi, anam bir-iki ilə o biri dünyaya gedər, biz də evi təmir edib, yeni əşyalar alarıq. Anam mənə elə baxdı ki, orda yarım yerə girdi, hələ çıxmayıb, 1.70 boyumdan 1.40 qalmışam. Nəsə, orda əlim anamdan da üzüldü, nə qədər bunların üstünə şər atıb, başımdan eləmək istədimsə, alınmadı. Zəli qızı zəli, elə yapışıb ki, qopmaq bilmirdi. Bütün paxırlarımı, ee, paxırlarımı deyirəm, yəni bütün yalanları üstümə yıxdı, sonra çıxıb getdi. Bu gedən kimi dediklərinin hamısını yalanlayıb, özümü təmizə çıxartdım.

- Keçmiş olsun, qardaş.

- Keçmədi, qardaş, keçmədi, qulaq as. Deməli, bunları razı salan kimi istədim üzüyü çıxardım, gördüm ki, üzük yoxdur. Yadıma düşdü ki, pencəyimin cibində idi, onu da içəri aparmışdılar. Xahiş elədim, gətirdilər. Həvəsləndim ki, üzüyü çıxardım, gördüm yenə yoxdur. Nə qədər axtardım, tapmadım. Hamı mənə baxırdı, mən də hamıya. Dedim, üzük yoxdur. “Necə yoxdur?” – qızın atası gözümün içinə baxırdı. Elə bil kişi illərdi bu anı gözləyib. Yəqin ki də gözləyib. “Yoxdur, burda idi. Gələndə cibimdə idi”. “Nə demək istəyirsən? Deyirsən biz götürmüşük?” – bayaqkı bacı oğlunun ağzından az qaldı köpük gəlsin. “Onu mən demirəm, siz deyirsiz”. “Hə? Tək görmüsüz bizi? – anam da bir tərəfdən dinc dayanmırdı. Ayağını tapdaladım ki, sussun. Susmurdu. – Oğlum, göstər onlara”. “Ay ana, göstər, göstər, imkan versən, göstərəcəm!” – Bunu o mənada deməmişdim, amma artıq özümün də nəyi nə mənada dediyim tam bilmirdim. “Bura üzüksüz gəlib hoqqa çıxardırsan?” “Vallah, burda idi. Deyirəm, bəlkə oralara düşüb”. “Düşübsə, orda olar!” – qayınata özünü deyəsən, Don Karliona kimi hiss edirdi. Axırı ki, gedib baxdılar, axtardılar, heç yerdən çıxmadı. Axtaranlar əli boş qayıtdılar. İndi hamı yenə mənə baxırdı. Üzümdə nə axtarırdılar, bilmirəm. Əsəbiləşib, özümdən çıxmaq istədim. “Hanı üzük? Bəsdir oyun oynadız!” Guya əsəbiləşmişdim. Üzük də, üzük ola. Dördüncü arvadıma, ucuz düşəndə əldən aldığım üzük idi, gedəndə başıma çırpmışdı. Dedim bir də rasxod olmasın da, üzük üzükdür. Yenə də bu harayı salmışdım ki, qoy kim götürübsə ortalığa çıxsın. Bu vaxt, birinci arvadım zəng elədi. Pulu göndərməyi unutmuşdum. Uşaqlar böyüyüb eşşək boyda olmuşdu, yenə də həyasızlığına salıb, aliment alırdı məndən. Mən də vərdiş eləmişdim verməyə, həm də baxma, lazımdı mənə səs-küy? Onsuz da başımdan dərd əskik olmur. Bir az da əsəbiləşdim. Dedim, heç hənanın yeridir? Üzünə bağladım telefonu. Bu qadın da məndən nə istəyirdi bilmirəm, üstündən illər keçib, yenə yaxamdan əl çəkmir. İndi nə olsun ki, ona dəfələrlə xəyanət edib, səfillik içində yaşadıb, iki uşağı ilə qoyub getmişəm, amma əsas odur, pencəyi götürüb çıxmışam evdən. Düzdü, onun anasıgilin evində idik həmin vaxt, çünki qız demək olar ki, mənə gələndən anasıgildə yaşayırdı, amma bunun söhbətimizə aidiyyatı yoxdur. Əsas odur, pencəyi götürüb çıxmışam. Düz demirən? Düz demirəmsə, de ki, düz demirsən.

Düz dediyini dedim. Artıq düzlüklə əyriliyi tamamilə bir-birinə qarışdırmışdım. Fikrim də əriməkdə olan plitka şokoladda qalmışdı. Bu danışan vaxt götürüb ağzıma atsam, pis çıxardı görəsən? Ürəyim də yaman istəyir. “Aha, aha, sonra?” deyib, danışmağı üçün həvəsləndirdim. Fikirləşdim ki, bəlkə danışanda yenə gözünü bağlayar, mən də fürsətdən istifadə edib şokoladı atardım ağzıma. Amma bir yandan da nəsə maraqlı gəlirdi, kaş tum da olardı. İndi televiziyada verilən komediyalardan daha maraqlıdır.

- Heç nə, qardaş, başını nə ağrıdım, başını ağrıtmıram?

Cavab verməyimə macal tapmamış, yenə ağzını açdı, amma bu dəfə gözünü yummadı.

- Bunlar dedi, mən dedim, bunlar dedi, mən dedim. Axır ki, üzük ortalığa çıxmadı. Mən də guya istədim qabaqdangəlmişlik edim. Nəsə, qoy, elə olduğu kimi danışım, daha yaxşı başa düş. İstədim aranı sakitləşdirim, mədəni vəziyyət alıb, mülayimliklə dedim: “Belə görürəm ki, üzük bu evdə itib, onda elə hesab edin ki, mən verdim, siz də götürdüz”, – guya ağıllıyam da. “Dayan görüm ə, guya bu söz dedi də. Nə sən üzük vermisən, nə biz almışıq, ağlına gələni danışma!” – Ata yaman ata idi, abrımı ətəyimə bükməsə əl çəkməyəcəydi. “Aa, bura bax ey, Mərdsən, nərdsən, bilmirəm, ağlın ona-buna getməsin ha! – Anam yenə dayanmırdı, - oğlum burdadı deyirsə, burdadı, kim götürübsə, tez versin!” “Az, nə ağzına gələni danışırsan? Oğru-zadıq biz sənin üçün?” - Səhərdən həyadan göyə yüksəlməkdə olan anasının da iç üzü çıxdı ortaya. “Burda oğurlanıbsa, hər halda biz özümüz, öz üzüyümüzü oğurlamadıq da”. “Sizdən nə desən çıxar. Bu heç arvad saxlayana da oxşamır”. “Xanım, xahiş edirəm, anacan, belə sözlər...” “Ə, sən saxla. Sənin hələ mənim nənəmə ana deməyinə çox var”. “Sən balacasan, otur yerində!” “Sənin kimi əsgərdən qaçan deyiləm”. “Mənim çox əsaslı səbəblərim var!” – Elə dedim, elə bil tribunada çıxış edirəm. “Nədi? Korsan? Ya topalsan?” “Kor deyil, maşallah, gözü yaman açıqdır, gündə bir qadın aldığına görə...” - Anası bu dəfə də guya hansısa günorta verilişlərinin birində sitat deyirdi. “Ən azından, əliəyri deyil”. - Anam nəsə tapdı məni müdafiə etmək üçün.

Bu söz məni tutdu. Əliəyri deyil. Yəqin, mənim üçün də eynən bu ifadəni işlədərdilər, “hər nədir, nə zibildir, əsas odur, əliəyri deyil”.

- Aha, sonrasını da qoy danışım, az qalıb, qutarır. – Əlisəfər dayanmırdı. – Bu sözdən sonra bilmirəm noldu, amma kimsə mənim saçımın tökülmüş yerindən bir qapaz ilişdirdi. Dönüb baxdım ki, anam vurub. Sonradan dedi ki, bilmədən olub. Amma inanmadım, bilirəm ki, fürsətdən istifadə edib başıma qapaz ilişdirib. Haqqı var, yazıq arvadı neçənci dəfədir ya elçilikdə, ya nişanda, ya da toydan sonra peşman edirəm. Nəsə, aləm dəydi bir-birinə. Bizi yaxşıca çırpdılar. Ara yerdə anamın parikini də itirdik. Evə gələndən məni öldürür ki, get, parikimi gətir. Hara gedim, ay balam? Bura da gizlənə-gizlənə gəlmişəm.

Özümü saxlaya bilməyib sözünü kəsdim:

- Yoxsa səni izləyib-eləyirlər? Elədirsə, gedib polisə deyək.

- Yox əşi.

- Yoxsa başqa arvadların duyuq düşüb, üstünə gələrlər deyə qorxursan?

- Yox ee, onlar öyrəşiblər mənim hər il iki dəfə evlənməyimə, əvvəl ildə bir dəfə idi, indi iki dəfə. Lap siqaret kimidir qardaş, əvvəlcə bir-bir başlayırsan, sonra çoxalır. Mənim qorxum başqa şeydir.

- Nədir? De görək.

- Mən küçəyə çıxmağa qorxuram, çünki qadın görmək istəmirəm. Qorxuram ki, görsəm, özümü saxlaya bilməyib evlənim. Deyir, iyirmi bir gün bunu eləməsəm, vərdişim yavaş-yavaş itəcək.

- Elə şey olar?

- Yox qardaş, bu dəfə tam qərarımı vermişəm. Bu zəhrimar hər şeydən betər imiş, elə bil, xalta olub, keçib boğazıma. Anam yazıq da yaman əziyyət çəkir. Bir oğul böyüdəsən, o da evlənmək xəstəsi ola. Anam bəzən başını yolub deyir ki, kaş sənin yerinə kor qızım olardı, sonra sözünü geri alır ki, birdən o kor qız da mənim kimisinə rast gələrdi, lap bədbəxtçilik olardı. Belə, qardaş. Bu da belə.

- Bəs üzük noldu?

- Heç nə, yoxa çıxdı. Bir sözlə, ip də getdi, it də getdi. Yenə üzük qalsaydı, gələn dəfə evlənəndə... Ay Allah, mən nə danışıram? Dilim-dilim olasan, dilim.

Bunu deyib başını aşağı əydi. Elçilik şokoladıma oxşayır deyib, şokoladı götürdü, atdı ağzına. Şokolad da belə getdi. Mən də acı çaydan bir-iki qurtum alıb, qonşu masadakı söhbətə qulaq asmağa davam elədim. Bu dəfə də kimsə bir qoyub, on götürürdü.

Sonra noldu? Heç nə, indi, deyəsən, Əlisəfər yeni bir nişana hazırlaşır. Deyirlər, Südabənin qızına nişan aparacaq. Mən də pullarımı yığıb, arvadı yayda Antalyaya aparmağa qərar vermişəm. Düzdü, hələ ki qırağa qoyduğum əllicə manatdır, onun da yarısına interneti ödəyəcəm. Amma işdi, əlimi əyə bilsəm, ola bilsin, daha çox pul yığaram.

# 8517 dəfə oxunub

Oxşar xəbərlər

"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

12:00 29 noyabr 2024
Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

09:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
# # #