Elm çətirinin altındakı cəhalət, xurafat və fanatizm - Simran Qədim

Elm çətirinin altındakı cəhalət, xurafat və fanatizm - Simran Qədim
4 oktyabr 2023
# 09:00

Kulis.az Simran Qədimin "Cahilin təsəllisi" adlı yeni yazısını təqdim edir.


Bu üç anlayışa diqqət yetirək: elm, psevdoelm (saxta elm), populyar elm.

Elm faktlara, təkrar-təkrar sınaqdan keçirilə bilən təcrübələrə əsaslanır: astronomiya, fizika, kimya, biologiya, riyaziyyat... Psevdoelm faktlara, təkrar-təkrar sınaqdan keçirilə bilən təcrübələrə əsaslanmır, sadəcə, elmi təqlid edir: astrologiya (ulduz falı), xiromantiya (əl falı), ufologiya (uçan naməlum obyektlərin tədqiqi), parapsixologiya (ekstrasenslik, telepatiya, telekinez), frenologiya (kəllənin quruluşu ilə şəxsiyyət arasındakı əlaqə), fizioqnomika (üz cizgiləri ilə şəxsiyyət arasındakı əlaqə)... Populyar elm isə adından da göründüyü kimi, elmin məşhurlaşmasına, sadə, anlaşıqlı, maraqlı, bəzənsə əyləncəli dillə cəmiyyətdə yayılmasına çalışan bir anlayışdır: elmi-populyar kitablar, jurnallar, verilişlər, filmlər...

Əgər söhbət sağlam təfəkkürdən, rasional düşüncədən, reallığın dərkindən gedirsə, yalnız elmi konsepsiyalar bizi həqiqətə aparar. Müşahidə yolu ilə məlumatların toplanmasına, onların əsasında nəzəriyyələrin hazırlanmasına söykənən elm daim özünü yeniləyir, tez-tez səhvlərini etiraf edib inkişafa can atır. Məsələn, 17-ci əsrdə ağacdan düşən almalardan göydə süzən ulduzlara qədər bütün cisimlərin hərəkətini hesablaya bilən Nyuton mexanikası heç də mükəmməl deyilmiş. 20-ci əsrdə fizikadakı inqilablar bunu sübut etdi. Eynşteynin nisbilik nəzəriyyəsi başqa şərtlər altında – işıq sürətinə yaxın olanda, güclü qravitasiya sahələrində başqa qanunauyğunluqların mövcudluğunu göstərdi.

Əgər söhbət cəhalətdən, xurafatdan, fanatizmdən gedirsə, bu anlayışlar çox zərərlidir, təhlükəlidir. Bir çox hallarda elm çətiri altında cəhalətin, xurafatın, fanatizmin yayılmasına şahid oluruq. Bunu daha çox, psevdoelmdə və ya radikal ideoloji sistemlərdə görə bilərik. Məsələn, bəxt açdırmaq üçün falçılara üz tutmaq, sağalmaz xəstəlikləri müalicə etməkdən ötrü alternativ tibbi üsullara yönəlmək, nasistlər kimi irqçi siyasətin bioloji əsasları olduğunu iddia etmək.

Əgər söhbət savadlanmaqdan, maariflənməkdən, dünyagörüşünü artırmaqdan gedirsə, bu istəyin, daha dəqiqi, zərurətin başında öyrənmək dayanır. Bu mənada, elmi biliklərin, yeniliklərin kütləviləşməsi, cəmiyyətdə sadə, anlaşıqlı, maraqlı, bəzənsə əyləncəli dillə yayılması vacibdir. Odur ki buna çalışan populyar elmin dəyərini qiymətləndirməmək mümkün deyil.

Bilmədiyimizə ya heyran oluruq, ya da ondan qorxuruq. Nə göylərə qaldırmaq, nə də yerə vurmaq. Gəlin hər şeyi öz adı ilə çağıraq.
Son onilliklərdə, xüsusən məlumatın kosmik sürətlə çoxalıb-yayıldığı informasiya əsrində elm akademik dairələrdən, laboratoriyalardan çıxıb sadə insanlar arasında dolaşmağa başlayıb. Biz elmə hər yerdə rast gələ bilərik, gəlməliyik. İstər televiziyada, istər yutubda, istərsə də tiktokda. Sevmək, inanmaq, anlamaq və ya anlamaq, inanmaq, sevmək... Əgər elmi bütləşdirib toxunulmazlıq qazandırsaq, akademik mətnlər çərçivəsində sıxışdırsaq, kimsənin ondan xəbəri olmayacaq. Bəlkə, təbliğatın gücünə onu sevəcək, ona inanacağıq, amma heç vaxt anlamayacağıq. Anlamadan sevmək, anlamadan inanmaq isə təhlükəlidir. Eynən cəhalətdə, xurafatda, fanatizmdə olduğu kimi.

Aydın məsələdir ki, elm kimi ciddi bir mövzunu dərindən başa düşmək üçün cild-cild kitablar oxuyub, illərlə zəhmət çəkmək lazımdır. Amma bədii kitabları, hətta birnəfəslik canı olan detektiv romanları belə oxumağa ərinən insanlardan gecə-gündüz elmi kitablar oxumasını gözləyə bilmərik. Bu gün adamlar harada toplaşırsa, orada informasiya müharibəsi gedir. Deməli, hətta tiktokda da dəyərli kontent yaradılmalıdır (təbii ki, platformanın formatına uyğun şəkildə). Bəlkə, kimsə 20-30 saniyəlik elmi videoçarxdan həvəslənib hansısa kitab üzü açacaq. Kitab üzü açmasa da, heç olmasa, tiktokdan yutuba – müəyyən bir elmi kanala inteqrasiya edəcək.

Populyar mədəniyyətin meydan suladığı, çal-çağırın, şounun hakim olduğu bir dövrdə cəmiyyətlə elm arasında körpü qurmaq da məhz populyar mədəniyyətin, şounun üzərinə düşüb. Necə ki sənət, siyasət əlahəzrət Şoudan kömək umur, eləcə də elm ondan yararlanmağa məhkumdur. Bu işi reperə bənzəyən bir yutuber də görə bilər, nitq qabiliyyəti, öyrətmə bacarığı yüksək olan elm adamı da.

Əgər məqsəd cəmiyyəti aydınlatmaqdırsa, müxtəlif formatlardan, üslublardan yararlanmaqda qəbahət yoxdur. Əlbəttə (bəlkə də, çox təəssüf ki), elmlə şou birləşəndə ortaya qalmaqal da çıxır, sensasiya da, populizm də. Bu amillərə müəyyən qədər yan təsir, mexanizmin bir hissəsi kimi baxılmalıdır. Hər kitabda, verilişdə, hər alimdə, intellektualda bir səhv tapıb lağ etməyə başlasaq, heç nəyə nail olmayacağıq. Populyar elmə mənsub hansısa alimə, yutuberə, kitaba ağız büzüb gözdən salmağa çalışırıqsa, sual yaranır: alternativ nə təklif edirik? Bunlardan imtina edib haraya yönəlirik? “Gözdənsalma kampaniyası” onsuz da elmə yuxarıdan aşağı baxanların əlinə bir bəhanə vermirmi? Əlbəttə, alimi də tənqid edə, hər sözünə inanmaya, şübhə duya bilərik. Kimsə ideal deyil, büt deyil. Amma tənqid etməklə məsxərəyə qoymaq tamam fərqli anlayışlardır.
Elm təkcə informasiya toplusu yox, həm də düşüncə tərzidir.

Digər tərəfdən, bu gün müəllifin önəmsizləşdiyi, izləyicinin, dinləyicinin, oxucunun şərhlərinin əhəmiyyətə mindiyi postmodern dövrdə yaşayırıq. Elmə dırnaqarası yanaşanlar nəinki populyar elmə, hətta akademik yazılara da ağız büzürlər. Bilik axtarışına çıxanlar isə reperə bənzəyən elmi blogerin danışığından da, tiktokdakı elmi videoçarxdan da nəsə götürürlər. İndi tək bir söz, kiçicik bir qığılcım bəsdir ki, quqllayıb ondan kitab dolusu bilik qazanasan.

Məşhur aforizmdə vurğulanır: “Qaranlığı lənətləməkdənsə, bir şam yandır”.

Yuval Noah Harari, Celal Şengör, İlber Ortaylı, Barış Özcan, Çağrı Mert Bakırcı... Ölkəmizdə yaxşı tanınan bu adamları bir amil birləşdirir: elm, elmin cəmiyyətdə yayılması! Bu gün bütün dünyada elmi savadlılığın artırılmasına, elmi təfəkkürün gücləndirilməsinə ehtiyac var. Tələb və təklifə əsaslanan azad bazar iqtisadiyyatında mövzuyla bağlı təklif (elmi təbliğatçılar) az, tələbsə (asan yolla, fastfud tərzində elm öyrənmək istəyənlər) çoxdur. Bu halda təklifin qiyməti qalxır. Nəticədə, elmi populyarizatorlar yarım saatlıq çıxışlarına, kiçik həcmli yazılarına görə böyük məbləğlərdə qonorar alırlar. Çoxdurmu? Meqastarlara, futbol ulduzlarına baxanda nədir ki...

# 2968 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #