Əlifba sırası ilə - Nicat Məmmədov yazır...

Əlifba sırası ilə - Nicat Məmmədov yazır...
25 yanvar 2023
# 11:30

Kulis.az Nicat Məmmədovun esselərini təqdim edir.

Analoq

Əlifbanın hər hərfinin yalnız bir dəfə işlədildiyi ("heterohərf") panqrammanı dodekafon musiqisinin qurulma metodunun təxmini analoqu hesab etmək olarmı?

Bağlılıq

Hər şey bir-birilə bağlıdır, ən azı diskursiv müstəvidə. Rabitəsizlikdən danışan "Mən aydan danışıram, sən çaydan" atalar sözündə də bu cür bağlılıq var: çay sözü ay ilə həmqafiyədir, çayın içində ay var, Heraklitin çayı Qekatanın ayını əks etdirir.

Ana dilinin atalar sözü.

Calaq - 2

"Hansı tərəfə üz tutsanız, Allahın üzü (səmti) oradır". (Bəqərə, 115).

"Hər tərəfdə olan, yəqin ki, Allahdır". (Vvedenski).

Dialoq - 2

- Mən şüuraltının, təhtəlşüurun quruluşunu getdikcə daha yaxşı başa düşürəm. Sənə olan sevgim ən saf, qatqısız sublimasiyadır. Orta əsr mistikləri və ibrani peyğəmbərləri Allahı belə sevirdilər. Və bütün istəklərinə rəğmən Onunla görüşməkdən çəkinirdilər. Amma indi qarşımda bir sual durur: mən səni sevirəmmi (niyə məhz səni?), yoxsa sənə olan sevgimi (belə ali eqoizm) sevirəm? Bütün bunlar ən azından çox maraqlıdır. Eləmi?

- Hə... maraqlıdır. Amma mən istərdim ki, məndən qaçmayasan... Mən də səni sevirəm. Səni. Sənə olan sevgimi deyil.

Double bind

Şeytan "double bind" mexanizmini yaşayan ilk varlıqdır.

Qreqori Beytson yazır ki, şizofreniyanın kommunikativ səbəbi "double bind"dır - yəni subyekt iki bir-birini istisna edən əmri həyata keçirməlidir.

"Məndən başqasına ibadət etməyin" - deyir Allah. Sonra O, Adəmi yaradır və mələklərdən Adəmin onlardan üstün olduğunu iddia edərək ilk insana ibadət etməyi tələb edir. Yalnız Şeytan imtina edir, axı Allahın birinci əmri ikinciyə ziddir. Şeytan bunun nəticəsində lənətlənir.

Şeytan/satan yunanca "parçalayan", "bölən" deməkdir.

Şizofreniya yunanca "parçalanmış şüur" deməkdir.

Əl-ayaq

Çayxanada bəstəkarlarla dramaturgiya və digər şeylər barədə söhbətləşirdik. Söhbət zamanı Ayaz dedi ki, Moskva konservatoriyasında çoxlu çinli var, özü də hamısı bəstəkar yox, ifaçı-musiqiçi təhsili alırlar, həm də hamısının əla texnikası, sürəti, təmiz artikulyasiyası və s. var; əlavə etdi ki, nadir hallarda aralarından bəstəkar çıxır, amma hamısı nəfis ifaçılardır - "sağ ilə ifa edirlər, solda dişlənmiş qamburger tuturlar". Buna cavab olaraq dedim ki, bu çox normaldır, çünki bu, onların genetik əl yaddaşına həkk olunub - kunq-fu, fasiləsiz məşqlər, ifa sənətində isə eynilə idmandakı kimidir, kiçik yaşdan fasiləsiz məşqlərlə uğur qazanmaq olur.

Futbol üzrə dünya çempionatının ən qızğın vaxtıdır. Azarkeşlər, mübahisələr, ehtiras.

Kimsə Braziliya yığmasını xoşlayır, kimsə yox, bu təbiidir. Lakin heç kim Braziliyanın oynaya bildiyini, bunu bacardığını və məharətlə etdiyini inkar etmir.

Məncə, bu ayaqların genetik, qan yaddaşı sayəsində baş verir - axı məhz onlar kapoeyranın yaradıcısıdır.

Görüş

Yağışlı bir axşam səninlə sığınacaq, yemək, şərab və bədənini paylaşan, başqa bir aləmdən gələn incə, az qala şəffaf və gözəl elçi. "Başqasını seç, - deyə düşündün. - insan varlığında gizlənən birisini deyil". Amma o, öz adıyla üst-üstə düşərək mehriban idi, gecə isə onun saçları kimi uzun və qara. Bir vaxtlar bir-birinizin ata və qızı, ana və oğlu, qardaş və bacısı idiniz. Bu da Kitabda yazılmışdı. Cildlənmiş Kitab masa üzərində dururdu. Siz isə çarpayıda çılpaq uzanmışdız. Çılpaq palçıq. Oddan çıxmış çılpaq gil. Bir-birinizi pıçıltı ilə, qışqırıq ilə oxuyurdunuz ki, Kitab sükuta dalsın, sükuta qərq olsun.

Qovulmuşlar. Üzləri tərə batmışlar.

Həqiqətin quruluşu

Mövcud olan hər şey bütövlükdə mövcuddur. Amma heç kim nəsnəni tam qavramağa qadir deyil. Bütövlük müşahidəçinin şüurunda baxış nöqtələrinin dəyişməsi, hərəkət, obyektin müxtəlif tərəfinə keçməsi hesabına qurulur. Yaxud müxtəlif tərəfdə duran bir neçə müşahidəçinin danışıqları sayəsində. Həqiqət bax belə qurulur.

İnsanın aqibəti

Üçölçülü fəzada yaşayaraq biz, ancaq önümüzdə olanı aydın görürük, qalan beş tərəf biliyimizdən yayınır. İnsanın aqibəti birini bilib beşini bilməməkdir və ona görə də altı-beş altı-beş danışmaqdır.

İslam

İslam "Quran"da "qəlbin genişlənməsi (inşirah)" olaraq təyin edilir. (Ərəb və rus dillərindəki bu "şir"ləri bəyənirəm, "inşirah" və "rasşirenie") "İnşirah" sözü "genişlənmə" ilə yanaşı, "izah, şərh" mənasını da daşıyır və semantik olaraq "şərh" / kommentariya ilə bağlıdır. Məsələn, "Quran"da deyilir ki, Allah "İslamı qəbul etmək üçün qəlblərimizi genişləndirdi". Bu sətirləri müasirlik, xüsusən də psixologiya baxımından başa düşmək üçün "ürəyi" "şüur"la (görəsən, "inşirah" və "şüur" etimoloji cəhətdən bağlıdırmı?) əvəz etməyə çalışmaq və "şüur genişləməsi" ifadəsini əldə etmək olar, başqa sözlə desək, psixodelik təcrübə. Burada dərhal yadımıza həm ağıl və ürək vəhdətinə can atan hesixastların təcrübəsi, həm də ürəyi dərketmə orqan kimi qavrayan sufilər düşür. Rus dilindəki "lev" fars dilində isə "şir" deməkdir; "Bi Cizin"in oxuduğu kimi "hər bir xristianda şir ürəyi olmalıdır".

Məsələn, "Quran"da İbrahimin, Musanın, İsanın müsəlman olduqları və namaz qıldığı deyilir. "Müsəlman" adı altında sadəcə "möminlər"i anlamaq asandır. Bəs dua haqqında nə demək olar? Onlar da rükət, səcdə və s. riayət ediblərmi? Ola bilsin ki, burada köməyimizə sanskritcə "namaste" ("namah" - baş əymək, "te" - sizə" sözlərindən törəyib) sözü gəlməlidir, geniş mənası belədir: "məndəki ilahi səndəki ilahini qəbul edir və onunla birləşir".

Fərqli çalarlar əldə etməyə təşnə olan sıfır belə alınır.

Qrammatika

Работать над...

...üzərində işləmək

work at/on...

Feil ilə ön söz birləşməsinin vəhdəti bizə işdə ucalma ideyasından xəbər verir. Buna görə də iş obyekti nə qədər yüksəkdirsə, işçi də bir o qədər yüksəlir. Ən yüksək səviyyə: öz üzərində işləmək və özünə qarşı tənqidi münasibət göstərmək, özünə məsafəli yanaşmaq və bütün bunların nəticəsində fərdlə Mütləq arasındakı məsafəni qısaltmaq.

Metafizika

Kitablar. Yüzlərlə, minlərlə hekayə: insanlar doğulur, ölür, həzz alır, iztirab çəkir... Bütün bu hekayələr söz sayəsində mümkün olur. Bütün sözlər hərflərdən ibarətdir, hərflər isə kağız üzərində mürəkkəb konfiqurasiyalarıdır. Ancaq mürəkkəb və kağızdan da o tərəfə gedib çıxmaq olar. Həm mürəkkəb, həm də kağız, bütün daşıyıcılar atomlardan ibarət təbii elementlərdən hazırlanır. Atomlar isə demək olar ki, tamamilə boşluqdan ibarətdir.

Beləliklə, hər bir ardıcıl təhlil ilkin səbəbə - Boşluğa gəlib çıxır.

Plüralizm - dualizm - monizm - nihilizm. Bütün bunlar metafizikadır. Heç bir əsaslı nəticəyə gəlib çıxmayan məşğuliyyət.

Münasibətlər

Dünya ədəbiyyatının bütün süjetlərini aşağıdakılarla ehtiva etmək olarmı?

Kişi qadının - ana, bacı, həyat yoldaşı, qızı, Anima vasitəsilə özünü tapır.

Qadın uşaq vasitəsilə özünü tapır.

Uşaq valideynləri vasitəsilə özünü tapır.

Bu üçlükdə ən asılı və həssas vəziyyətdə olan kişidir.

Kişi olaraq doğulmaq ən ciddi sınaqdır - dörd real və bir xəyali qadınla münasibətdə olmaq. Görünür, bu, simvolik olaraq İslamın dörd arvad almağa icazə verməsi ilə bağlı ola bilər.

Beləcə, bir Avropa bayağı deyiminin ikinci mənası üzə çıxır (bütün bayağılıqlar güclü numinoz qüvvəyə malikdir, lakin "bayağılığın sirrini açmaq üçün əvvəlcə onu mifləşdirmək lazımdır", Jean-Jacques Ranciere): "Kişi bütün həyatı boyu beş qadın tanımayıbsa, kişi deyil".

Şərqdə bu və ya digər axtarışlarında yönünü itirmiş bir gəncə "Evlən və hər şey keçib gedəcək" deyirlər. Bu ifadəyə "həmişə-fərqli-mənada" prinsipini tətbiq etsək, aydın olacaq ki, Anima ilə əlaqənin qurulması, qadınsallığın inteqrasiyası nəzərdə tutulur.

"Sufi qadını vasitəsilə Allaha qovuşur". Yaxud daoizmdə buna bənzər bir anlayış: "Kişiliyi öyrən, amma qadınlığa üstünlük ver və o zaman sən Dünyanın məcrası olacaqsan. Dünyanın məcrası olduqda, ən ali de səninlə olacaq və sən yenidən körpəliyə qayıdacaqsan".

Roman

Sovet Azərbaycanında yaşamış asovet, sandıq ədəbiyyatı yazan adamın təsadüfən tapılmış gündəlikləri formasında çıxış edən bir roman yazmaq. O dövrün - 60-cı, 70-ci illərin qəzetlərinə baş vurmaq lazım olacaq. Bu roman digər sovet ölkələri ədəbiyyatından fərqli olaraq XX əsr Azərbaycan ədəbiyyatında asovet, sandıq ədəbiyyatı xəttinin yoxluğunun bir növ kompensasiyası ola bilər. Müəllifə Kortazarın Morellisinin şərəfinə Marallı soyadı vermək olar.

Sakitlik

"Şeir mükəmməl sakitliyin universallığını çatdırmazsa, onu şeir adlandırmaq olmaz". Louis Zukofsky-nin bu fikri, şübhəsiz ki, qədim hind poetikasının nəzəriyyəçilərindən biri Udbhatanın niyyəti ilə səsləşir. Udbhata mövcud səkkiz növ rasa, yəni poetik əhval-ruhiyyəyə (erotizm, ironiya, mərhəmət və s.) doqquzuncunu - dünyadan imtinaya, zahidliyə aparan sakitliyi də əlavə etmək zərurətini əsaslandırmışdı.

Dəcəl və dəccal. Əgər bu sözlər həqiqətən də eyniköklüdürsə, o zaman belə bir nəticəyə gələ bilərik ki, Allah - mütləq sakitlikdir.

Şairin işi

...təşbehlərdən təsbeh düzəltmək...

...word ilə vird etmək...

Taksi

Dövrlərin dəyişməsi, Sovet İttifaqından müstəqillik dövrünə keçid Bakı taksilərində qəribə şəkildə əks olundu. Mənim uşaqlığımda taksilərdəki güzgüdən prujin kimi sallanan şeytan asırdılar, indi isə ancaq islama aid atributlar, üzərlik, gözmuncuğu. Din indi hər yerdədir, amma iman varmı?

Universal süjet - 1

Qəhrəman nəyisə arzulayır, bu nəsnənin yoxluğu qəhrəmana iztirab verir. Məqsədə aparan yolda o, məqsədə çatmağa kömək edən və mane olan insanlarla, şəraitlə qarşılaşır. Məqsədinə çatdıqdan sonra qəhrəman ən yüksək dəyəri - bilik və xoşbəxtliyi əldə edir. O, öz xalqına qayıdıb hekayəsini bölüşür ki, xalqının iztirabını yüngülləşdirsin.

Universal süjet - 2

Borxes deyir ki, cəmi 4 süjet var, Jorj Polti 36 dramatik situasiya haqqında yazır. Amma əslində yalnız bir süjet var: Təkin Cəmə keçidi və Cəmin yenidən Tək olmaq istəyi.

# 2890 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #