Ədəbi düşüncənin bəşəri miqyası - Mətanət Vahid Azər Turandan yazır

Ədəbi düşüncənin bəşəri miqyası - Mətanət Vahid Azər Turandan yazır
16 sentyabr 2023
# 18:25

Kulis.az Mətanət Vahidin yazısını təqdim edir.

Ədəbi düşüncənin bəşəri miqyası “1900-cü il. "Tanrı öldü!" deyən Nitsşe ağlını itirdi, dəli oldu və öldü. XX yüzil Nitsşenin ölümü ilə başladı. Mən bir diriyəm, etdi məni dəfn təsadüf - Zində görünən bir sürü mövtalər içində.

Bu, iyirmi doqquz yaşlı Dəlilər mühibbinin - Dəlilər dostunun - Məhəmməd Hadinin fəryadıdır... İyirmi doqquz yaşında isə Edvard Munkun bir az embriona, bir az mələyə, bir az insana, bir az ruha, bir az kabusa, bir az da skeletə bənzəyən qəhrəmanı körpünün üstündə fəryad qopartdı...” - Haqqında söz açacağım kitaba adı verilmiş “Fəryadın metafizikası” essesi bu sözlərlə başlayır.

Mətni bilən, ahəngi duyan oxucu Azər Turanın intonasiyasını elə ilk notlardan tanıyır. Onun ədəbi ağrılardan doğulan yazılarının əksəriyyəti kimi, bu məqalə də, kitab da əsrin estetik ağrısıdır. Fəqət burada ağrı varsa da, nihilizmə yuvarlanma yoxdur. Azər Turanın bütün nəticələrin səbəblərini açıqlayan mətnlərində həmişə bir çıxış yolu var – işıq gələn tərəf…
"XX əsr - fəryadın metafizikası" yalnız əsrin ədəbiyyatını hərtərəfli tədqiq etməklə deyil, həmçinin bütövlükdə sənətə yanaşma sərgiləməklə tamamilə dövrün estetik dalğasına köklənir. Azər Turanın düşüncə sistemində mətnlər ədəbiyyat sərhədini aşıb fəlsəfi-psixoloji, tarixi-siyasi və ictimai-mədəni çalarlar qazanmaqla sonsuz üfüqlərə qanad açır.

“Bəlkə də modernizm aldanışlar dövrünün yalnız XX yüzildə tapılmış adıdır” deyən müəllifə görə, iyirminci əsr insan tarixində iztirabların ən çox üzdə olduğu, göyüzünün qan rənginə boyandığı dönəmdir. İntibah, xristian nihilizmi, dekadans – Azər Turanın ötən əsrə münasibətindəki məntiq zəncirində ard-arda düzülüb səbəb-nəticə əlaqəsi ilə bağlanan halqalardır.
Onun fenomenal ədəbi-tarixi yaddaşı çağdaş ictimai-mədəni şüura universal baxış sərgiləməsinə imkan verir. Zaman kontekstində müqayisəli təhlilə əsaslanan esse və tədqiqatlarında ədəbiyyatımızın tarixinin sözdə tarix olaraq qaldığını deyil, bu günün prizmasından canlılığını, təsir gücünü faktlarda izləyə bilirik. Azər Turanın esse və tədqiqatları aktuallığı və produktivliyi ilə seçdiyi mövzularla bağlı çoxillik stereotiplərə müxaliflikdir.

“XX əsr – fəryadın metafizikası” kitabında toplanmazdan öncə əksəriyyətini “Ədəbiyyat qəzeti” səhifələrində oxuduğumuz bu mətnlər müəllifin konseptual düşüncə sistemindən xəbər verir. Kitabın adı bəzən anlaşılmazlıq doğursa da, onun adekvatlığını, XX əsrin bütün parametrləri ilə fəryada kökləndiyini məzmundan izləmək imkanımız olur. Bu fəryadı doğuran böhranın kökündə nə dayandığı araşdırılır, milli ədəbiyyat və mədəniyyətin dünyaya nisbətən təxminən yarım əsr yubanma ilə yaranmasına əsas səbəb olaraq sovet dönəmi görülür. Halbuki daha öncə Norveçdə Munk “Haray” çəkəndə burada çığırtısını Hadi eşidir, eyni ağrı və əzabı əsərinə yansıda bilirdi. Bu gün isə ədəbiyyat sanki dünyadan qopmuş və onun arxasınca kölgə kimi sürünməkdədir.
Bütün fəaliyyəti boyu mədəniyyətin cəmiyyət həyatındakı roluna diqqət çəkən Azər Turan öz fəlsəfi konsepsiyasında mədəni yaddaş mövzusuna mühüm yer ayırır. Onun esselərində düşüncə seli bir zaman plastından digərinə keçid edib yenidən geri qayıtmaqla yaddaş məkanında rahatlıqla rəqs edir. “XX əsr - fəryadın metafizikası” kitabında da ədəbiyyatşünasın müxtəlif tarixi epoxalarda rahatlıqla dolaşan miqyaslı düşüncə arealı aydın görünməkdədir.
Ən kiçik həcmli esselərində belə, Azər Turan mütləq şəkildə bəhs etdiyi mətn və ya bütövlükdə müəllif yaradıcılığının ideya-estetik dəyərini vermək, fəlsəfə və mədəniyyətlər sistemində, tipoloji təsnifatda yerini müəyyələşdirməyi prioritetə çevirməklə ədəbiyyata universal baxış sərgiləyir. “XX əsr - fəryadın metafizikası” sübut edir ki, mədəniyyət və ədəbiyyatın güzgüsündən boylanan sənət tarix və siyasət müstəvisində yalnız vahid estetik prinsiplərə söykənərsə, böyüklüyə iddia edə bilər.

Filologiya elmləri doktoru Elnarə Akimova giriş sözündə kitabın dəqiq qiymətini verir: “Əslində, Azər Turanın yaradıcılığının bütün qatlarından keçən estetik qayə - modern dünya savaşı bu kitabda bir daha hüdudlarına yetir. Zəmini eyni mövqedən - millət və yurd sevdası, əzəmətinə heyran qılınan türklük ruhu, kökünə və bütövlüyünə boylanan yaddaş işığı üzərində gəlsə də, bütünlükdə modern düşüncə xətti, dünya mədəniyyəti və sənəti kontekstində davam tapır.”
Azər Turanın yaradıcılığı çağdaş ədəbiyyatımızı bəşəri kontekstdən qopmağa qoymayan, milli əyalətçiliyə meyillənmə ilə sənət mübarizəsidir. Bizdə çox vaxt yersiz və gərəksiz səsləndirilən “dünyaya çıxa bilmirik” ah-zarına mükəmməl cavablardan biri də onun dünya ədəbi fikrinə inteqrasiya edən esseləridir.

Dünyaya çıxa bilməmə yanlış qurulmuş mexanizmin nəticəsi olsa da, “dünya səviyyəli” mətnlərimiz də var, qlobal düşünən söz, sənət adamlarımız da. Azər Turanın yalnız sözügedən kitabında deyil, ayrı-ayrı müəlliflərin yaradıcılığına həsr olunmuş monoqrafiyaları daxil, bütün ədəbi mətnləri dünya ədəbiyyatı kontekstində yaranır. Dolayısı ilə, hər esseni oxuyarkən mövzu ilə bağlı “dünya haradadır, biz haradayıq” sualına bu və ya digər dərəcədə cavab tapa bilirik. Haqqında bəhs etdiyi mətnin şərhi zamanı Azər Turan həmin müəllifin, əsərin dünyaya nə verdiyinin dəqiq konturlarını cızır.
Bu baxımdan “XX əsr - fəryadın metafizikası” kitabında ən çox diqqəti cəlb edən, fikrimcə, “Ceyms Coys və Əli bəy Hüeynzadə” məqaləsidir. Bu iki miqyaslı əsəri bir müstəviyə gətirməklə Azər Turan “ən gərəkli kitablarımızdan biri olan “Siyasəti-fürusət” üçün heç bir əyar müəyyənləşdirmədiyimizi, belə demək olarsa, bizim olanı dünyaya təqdim edə bilmədiyimizi vurğulamağa çalışır. Məqalə boyunca aparılan müqayisəli təhlillər müəllif niyyətini açıq bəyan edir: XX əsrdə müxtəlif ölkələrdə fərqli ədəbi-estetik ənənələr əsasında yaranmış bu iki əsəri parallel təhlil etməklə Azərbaycan modernizminin düşüncə arealını dəqiqləşdirmək cəhdi.
Onun istisnasız olaraq bütün əsərləri digər mətnlər, sənətlər və dövrlərlə daim inteqrasiyada olaraq yazı müstəvisində böyük bir tor əmələ gətirir. Azər Turan ədəbi-bədii təhlil və şərhlərində mətnə interdisiplinar və intermedial yanaşma tətbiq etməyin tərəfdarı olan ədəbiyyatşünaslardandır. Bu anlayış və terminlərin adını çəkməsə də, esselərinin əhəmiyyətli bir qismini müxtəlif elm və sənətlərin sintezi, simbiozu üzərində düşünərək yazır.
“Fəryadın metafizikası” essesində Azər Turan norveçli ekspresionist rəssam Edvard Munkun 1893-1910-cu illər arasında çəkdiyi “Fəryad” (başqa variantlarda “Qışqırtı”, “Çığırtı”, “Haray” və s.) rəsmini Məhəmməd Hadinin 1917-ci ildə Bakıda çap olunmuş “Əlvahi-intibah” poemasının dili ilə şərh edir: “Sevdiyim və etiraf edim ki, həm də içindəki ağrıya dözmədiyim hər iki əsər barədə birdən yazmağımın səbəbi Munkun qışqıran insanını, bu qışqırtının metafizik mənalarını və sirlərini Hadinin "Əlvahi-intibah"ı qədər dəqiq yorumlayacaq başqa bir poetik örnəyin varlığını xəyalıma belə gətirə bilməməyimdir.” Müəllifin düşüncəsincə, hər iki sənətkarın birinin söz, digərinin fırça ilə rəsmini çəkdiyi fəryad heyrətdən boğulmaq həddinə çatdırılmış, tənha, ağrıları ilə baş-başa buraxılmış insanın qışqırığıdır.

Sənətdə modernizmin başlanğıcının xəbərçisi olan bu əsərlərin təhlilindən görə bilirik ki, təsviri sənət yalnız öz kateqoriyasından olana deyil, söz sənətinə də əhəmiyyətli təsir göstərə biləcək gücdədir (yaxud da əksinə). Eynisini musiqi haqqında da söyləmək olar. Elmlə incəsənətin sintezində intellektual-analitik prinsip üstünlük təşkil edirsə, ədəbi tənqidi incəsənətə yaxınlaşdıran cəhət özünüifadədir. Bu baxımdan Azər Turanın ədəbi tənqidi mətnləri həm də ideoloji dəyərləndirmə ilə diqqət çəkir.
Əvvəllər tez-tez deyilirdi ki, tənqid ədəbi prosesə yön verməli, onu arxasınca aparmaq gücündə olmalıdır. Çağdaş proses üçün aktuallığını itirmiş bu məsələ üzərində digər yazılarımda geniş dayandığımdan, sadəcə, qeyd edim ki, Azər Turanın ədəbi tənqidi və xüsusən problematik ədəbiyyatşünaslıq mətnləri əksər hallarda ədəbi-ictimai fikrə təsir göstərməklə yanaşı, perspektivləri proqnozlaşdırma gücünə də malikdir. Təbii ki, təsir gücü əsasən mexanizmin ümumi fəaliyyətindən asılı olduğu üçün sonrakı mərhələləri idarə etmək heç də hər zaman ədəbiyyatşünasdan asılı olmur.

Bununla belə, Azər Turanın yaradıcılığında konkret produktiv təkliflərin seçilib irəli sürüldüyünü, həyata keçirilməsi üçün mümkün ilk addımları özünün atdığını izləyə bilirik. Məsələn, kitabdakı “Xalid Səid Xocayev” adlı əhatəli araşdırmasında Azər Turan yazır: “Zəngin elmi fəaliyyətinin bəhrəsi olan əlyazmaları üzə çıxarılmadıqca, Xalid Səidin tərcüməsində “Divan-luğat-it türk” nəşr olunmadıqca o böyük ruh aram ola bilərmi? Olmaz, olmayacaq…” 2022-ci ilin sentyabrında isə ədəbiyyatşünas "Sirli" seyfin tilsimini kim qıracaq, yaxud "Divanü Lüğat-it-Türk"ün Azərbaycanda ilk tərcüməsi niyə üzə çıxarılmır?" adlı məqaləsi ilə problemi yenidən aktuallaşdırır.

Yazı çap olunandan sonra Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli məsələni dərindən araşdıracağını, əgər "Divan" tərcüməsinin əlyazması, deyildiyi kimi, Dilçilik İnstitunun seyfindədirsə, mütləq tapılıb tədqiq olunacağını söz verir. Nəhayət, bu istiqamətdə Azər Turanın 2008-ci ildən başlayan davamlı fəaliyyəti sirli seyfin 86 il davam edən tilsiminin qırılmasına səbəb olur.

Bu il aprelin 15-də Azər Turan bu sahədəki yorulmaz fəaliyyətini geniş işıqlandıran məqalə (br növ, hesabat) yazaraq Xalid Səid Xocayevin tərcümə etdiyi "Divanü lüğət-it-türk"ün tapıldığı, nəşrə hazırlandığı xəbərini ictimaiyyətə çatdırmaqla yanaşı, yeni bir təklif verir: “İndi Ümummilli liderin 100 illiyidir. "Heydər Əliyev İli"dir. Divan tərcüməsinin nəşri bu tarixi zamana - "Heydər Əliyev İli"nə Milli Elmlər Akademiyasının ən mükəmməl töhfəsi olardı.”
60 illiyi ərəfəsində yaradıcılığından söz açmaq üçün “XX əsr - fəryadın metafizikası” toplusunu seçməyimin səbəbi Azər Turanın irsindən ana xətt kimi keçən bütün mütərəqqi cəhətlərin bu kitabda ideal şəkildə cəm olmasıdır. 400 səhifəlik əhatəli kitabda yuxarıda qeyd edilən məqalələrdən başqa, “Çarmıxa çəkilmiş Ruhun Məryəm Anası (A.Axmatova)”, “Ədəbiyyatın ilk daş yuxusu”, “Rəqs edən dilin şairi – Yahya Kamal Bayatlı”, “Sürüşür qəlbimdə soyuq bir kədər”, “Çingiz Aytmatovun ağ buludu” və s. kimi məqalə və esselər söylənənlərin bariz nümunəsidir. Baş redaktor kimi “Ədəbiyyat qəzeti”nə modern dünyanı gətirən Azər Turan bu yolçuluğa öz mətnlərindən başlayır, mayak olub arxasınca aparır. Kimin qəbul edib-etməməsindən asılı olmayaraq onun bəlli sütunlara dayanan “modern savaş”ı məktəb formalaşdırmaqdadır.

Kitabın Fuad Köprülü və Zəki Vəlidi Toğandan bəhs edən bölməsini Azər Turan “Tarix yazanlar” adlandırır. Təvazökar sələfləri kimi, bu gün adların, titulların dalınca qaçmayan, amma sözün əsl mənasında, fundamental yaradıcılığa malik nəhəng ədəbiyyatşünas Azər Turan çağımızın ədəbiyyat tarixini yazanların öndə gedənlərindəndir.

# 3272 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #