Lotu Arzu – Orxan Saffaridən yeni hekayə

Lotu Arzu – Orxan Saffaridən yeni hekayə
6 iyun 2020
# 18:27

Kulis.az Orxan Saffarinin "Lotu Arzu" hekayəsini təqdim edir.

- Eşitdin də, Arzu sroka getdi.

- Yaxşı da, indi niyə?!

- Qənini bıçaqlayıb. Qan gözün nətər tutubsa, düz 13 bıçaq vurub. Lap aşsüzən edib e, yazığı. O, Tom və Jerry cizgi filmində var e, Tom deşik-deşik olur, su içən kimi də bədənindən fışqırır, elə bil, gülləri sulayan qabdı.

- Bahooo, onlar ki, yaxın dost idilər. Cavanlıqda canbir qəlbdə olublar. Görəsən, aralarından nə keçib ki?

- Hə vallah, mən də bilmədim. Amma deyəsən, qadın söhbətidir. Bəlkə də belə deyil. Hərənin əlində bir vedrəsi hazırdı da qoşmağa...

- Əşşi, guya Arzuya nə fərqi var ki? Onunçün çöl də bayır kimidi. Həm də, yəqin bu dəfə açılmayan işlər də qalacaq belində, əlli-ayaqlı gedəcək.

- Nə bilim, vallah. Heç o yetim də bir ağ gün görmədi. Ömrü elə məhkəmə zallarında, varanoklarda keçdi. Allah qapısını açsın - deyib, üzü məhləyə tərəf düzəldim.

***

Həmişə yolda gələndə nələrsə, daha dəqiq, içimdə dərin-dərin məsələlər haqqında düşünürəm. Dərin də deyəndəki yazmaq haqqında. Yarım qalmış yazılarımı necə bitirəcəyimi, təzə nə yazacağımı, oxuyacağımı. Elə indi ani olaraq yazmağı düşünsəm də, beynimin sağ yarımkürəsini Arzu işğal eləmişdi.

Arzu bizim tərəflərdə ad çıxarmış oğlandı. Yəni, oğlan deyəndə yekə kişidir. Nəinki bizim tərəflərdə, demək olar ki, bütün şəhər başına and içir. Yaxşı hörməti var, şəhərdə bir neçə obyekt ona "dolya" - da verir. Hələ mənim bilmədiyim nə qədər iş-güc... Moskvada da tanıyırlar onu. Üç-dörd il də orda həbs yatıb. O vaxt elə bilirdim ki, xarici ölkə təkcə Moskvadır. Hamı çörək dalınca ora gedirdi. Amma həmişə yaxşı olmurdu. Nə qədər uşağın başını yedilər, tabutları gəldi. Qəbrə sağ baş aparmayan biri olsa da, Arzu həbs olunmaqla yetindi. Min şükür, srokunu oturub, sapsağlam, mərdi-mərdanə gəldi.

Bildiyim odur ki, gecə klubunda ermənilər şıdırğı oynayan vaxtı mahnını kəsib, dostları ilə "Bakılı balasıyam"-ı çaldırmışdı. Yeri gəlmişkən, bu hadisədə indi bıçaqladığı Qəni də olub. Amma o, həbsdən canını qurtara bilmişdi. Sonrası da məlum, qırğın çıxıb, erməniləri şül-küt ediblər. Arzunu da basıblar içəri. Yəqin, qürbət eldə məhbəs çox ağır olar. Nə bilim əşşi, Arzu bilər. Mən hələ çörək dalınca da sərhədi adlamamışam.

İnternetdə Amonun Arzunu məhkəmə zalına aparan yerdə videosu da var. Həmin videoya baxanda mən də yaman həvəslənirəm, bir anlıq istəyirəm Arzu olam.

Çoxları ona böyük qardaş deyir, hörmətini gətirir. Sağ olsun, o özü də mənim xətrimi çox istəyir. Lap uşaqlıqdan tanıyıram onu. Hər dəfə məni görcək "arıq-çəlimsiz, burnu fırtlıqlı bir uşaq idin, İndi maşallah, qabağına duran olmaz. Nər oğlu nərsən!"- deyir. Başqa adam olsa bəlkə də bezərəm. Amma o, bunu mənə nə qədər çox desə də heç vaxt bezmirəm. Hələ xoşhallanıram da.

Mən ta uşaqlıqdan onunla fəxr eləmişəm. Yaxından-uzaqdan onu tanıyanlara Arzu ilə münasibətimi eşitdirirdim ki, yəni mən də elə belə adam deyiləm, bu meydanda mənim də payım var. Tay-tuşlarım da bilirdi ki, xətrimə dəyən olsa, Arzu gəlib bağlayar söhbəti.

Arzunun Aslan adında özü kimi dəliqanli bir oğlu da var. Mən Aslandan üç-dörd alça fəsli böyük olaram ya olmaram. Yaşına baxma, tay-tuşları arasında sayılıb-seçilən oğlandı. Dədəsi kimi Aslan da məktəbdən çox bölmə görüb. Deyəsən, Arzu oğlunun da özü kimi olduğuna sevinir. Çünki neçə dəfə Aslanı bölmədən çıxartmağını fəxrlə danışdığının şahid olmuşam. Arzu özü hələ 15 yaşında olanda polisin budundan bıçaqla vurub, 19 yaşına kimi də həbsdə olub. Üç il "detskidə", bir il də deyəsən, Bayılda yatmışdı.

Bayıldan söhbət düşəndə arzu deyirdi ki, orda divarlarda güllələr gizlədirdik. Pesoxdan zaddan əlimizə nə düşürdüsə, araq çəkirdik. Elə danışırdı ki, elə bil, ora kayf eləməyə getmişdi. Uzun müddət sonra Bayıl türməsi söküləndə künc-bucağda söz-söhbət gəzdi ki, divardan güllə, daraq, limonka çıxıb. Daha bilmirəm nə qədər gerçək idi, nə qədər yalan. Arzunun başına nə müsibətlər gəlmişdi, bir Allah bilir, bir də padelnikləri, bir də mən. Yazıq dədəsi Xanhüseyn müəllim də iflicdən gedibmiş. Özü də, düz həbsxananın qabağında. Atası sayılıb seçilən ziyalılardan idi. Ədəbiyyat müəllimi idi.

Arzunun həbslərinin ardı-arası isə sonra da kəsilməyib. Ara-sıra bir-iki il yatıb çıxırmış. Zalım oğluna, həbsxana elə bil arzu və istəklər verilişidir. Göbəyini varanokda kəsiblər, qolu qandal görməyəndə qaşınma tutur. Hərdən bikarlayanda həbsxanadan maraqlı söhbətlər edir, mənə də nəyi yazıb-yazmamağı məsləhət verirdi.

Yazıçılığımdan xəbəri var idi. Mənə elə gəlir Xanhüseyn müəllimə xatir çox istəyirdi məni. Arzu bu yolun yolçusu olsa da, həbsdə olduqca ciddi kitablar da oxuyub. Vallah, Tolstoy haqqında elə danışırdı, Coysu, Tomas Eliotu elə tərifləyirdi, elə bil, yazıçı budur, lotu mən. Adam da "Səfillər" romanından ağız dolusu danışıb, gedib obyektdən dolya yığar? Vallah, elə hekayə budur, götür yaz.

***

Hə, bunu da deyim. Arzu adında bir dostum da var. Lotu arzunun adı çəkiləndə ağlıma qan-dava, bu Arzunun adı gələndə manikür-pedikür gəlir. Gedən gələndə elə hey bu Arzuynan məzələnirdi. Rast gələn "Ay mənim Arzu qızım" mahnısını zümzümə edib, gülürdü. Hələ o gün bir nəfər yanımda dedi ki, ayə, Arzu Rzayev zadsan? Bu səydərəm də əlini başına tutasan ki, görmürsən, mənim saçım var?

Bərəkəllah, day sözüm yoxdu...

Amma Lotu Arzu başqadır. Qırxa yaxın yaşı var, hələ bir dəfə də eşitməmişəm ki, kimsə ikilikdə belə onun adı ilə məzələnsin, desin, bunun adı niyə belədi? Lotu Arzunun görünüşü də fərqli idi. Həmişə fikirləşirdim ki, iki Arzu yekəlikdə olan adamlar bu cansız-cəsədsiz adamdan niyə qorxur? Qara şəbə bığları olsa da, üçkünc, çopur sifətinə yaraşmırdı. Qollarının damarı o qədər qabarıq idi ki, mala otursa, çətinlik çəkməzdi. Camaat belində qəməlti gəzdirəndə, bu da xəncər gəzdirirdi. Silahı gizləsə də, xəncəri açıq-aşkar idi. Polislər də görürdü. Dəyib dolaşmırdılar, üstəlik, polislərdən pul da alırdı.

Özüm şahidiyəm ki, gənc serjantlar ondan necə çəkinir, hörmət edirdilər. Görən kimi ikiəlli görüşər, qulluq üçün növbəyə dayanırdılar.

İndi mən hərdən düşünürəm ki, görən, manikür-pedikür Arzunun ürəyindən lotu arzusu olmaq keçibmi?

Evə çatmışdım. Yazı masama keçib, yarım qalmış hekayəmi tamamlamaq istəyirdim. Yolda da Qəninin qohumu qabağıma çıxdı, amma o haqda ürək edib soruşmadım. Həm də biraz çəkindim. Niyə çəkindim heç özüm də bilmədim. Burda nə var ki? Bu da Arzu deyil ki, soxub sroka getsin...

Elə bu dəm yadıma Lotu Arzunun bir sözü düşdü.

"Yaxşı kişinin qoluna qandal bilərzik kimidir".

İndi nə etməli? Həbsxanaya Arzuya kitab göndərmək lazımdı. Kitablarımı eşələyib yaxşı kitablar seçmək istəyirəm.

"Arzulardan sonrakı şəhər" - Hə, bu olar. Elə adına uyğun, Həm də yerli müəllifidir. Oxusun. Zarafatsız, Arzu ciddi oxucudur. Ta o boyda Talstoyu oxuyub. İndi neyləyək ki, taleyi belə gətirib, arzularına çata bilməyib. Amma indiyədək heç onda ən böyük arzusu haqqında da soruşmamışam. Yanına gedib, ondan bir müsahibə də almaq olar. Nəysə. Mən hekayəmi davam edim.

***

Kitablardan seçib, masama oturdum. Hekayənin finalını heç cür yaza bilmirdim. Bilmirdim qəhrəmanı öldürüm, yoxsa qazamata göndərim? Açığı, öldürməyə əlim gəlmir.

Qazamata göndərəcəmsə, neçə il iş verim? Orda press verimmi? Yanına peredaçi aparsınlar, yoxsa bəyquş kimi görüşünə gələn olmasın? Bəlkə nadzorlar sıxışdırsın biraz?

Bir cümlə yazıb, üçünü birdən pozurdum. Deyəsən, bu hekayə alınmayacaq, bəyənməyəcəklər - düşündüm.

Bəlkə yazmayım? Əşi, yox e, gül kimi mövzudu. Özü də, undergraund hekayədi. Gecədən səhərə kimi qan tər içində yazmışam. Yaxşı hekayə olmasa, üstündə bu qədər əlləşməzdim.

***

Hərdən hekayələrimin içinə girib, onlarla dostluq da etmək istəyirəm. Amma bəzi obrazlarımdan qorxuram. Elə indi yazdığım hekayənin obrazı kimi. Qorxuludur. Zalım oğlu, gözünü qırpmadan məni fələyin qəminə verər. Onsuz zəhləsi də qaçır. Yəqin hiss elədiniz. Başına açmadığım oyun, hərdən də adına qoşmadığım şəbədə qalmadı. Obrazdı da, qəzəblənər. Olmadı elə, oldu belə? Gəl, indi çıx bunu yaz. Girərəm birdən hekayəyə, tutar aparar birinci-ikinci cümləyə ki, bu nədi yazmısan, ay yazar? Elə ordaca sildirər mənə. Axı, yazmaq haqqında mənə məsləhətləri olub. Yox, yazıçı azadlığımı da bir obraza qurban verə bilmərəm. Bunun allahı mən deyiləm? Əsəbiləşib istədiyimi edərəm! - bunu lap qəzəblənib dedim.

Bir tərəfdən də ürəyim yanır. Bu zalım balasının da arzuları var axı. Birtəhər edib, yaxşı bitirməliyəm.

***

Pəncərədən çölə baxıb, düşünürdüm. Neyləyim, nə yazım? Hərdən bir əlimi çənəmə də qoyub, özümü böyük yazılçılara oxşadıram.

Qərar verdim. Öldürməyəcəm! Amma cəzası da mütləqdir! Ta bu qədər şey edib, rahat buraxarammı? İnsan öldürmək asan gəlməsin.

Yazdığım vərəq də dolmaq üzrə idi. Hekayəni bu cür bitirdim;

"Arzu bəlkə də öz içində Qəninin qanına girdiyinə peşman idi. Ona görə içində deyirəm ki, Arzu heç vaxt peşman olmur. Özü də deyirdi ki, oğru heç vaxt əməlindən peşman olmaz.

***

Qəni öldü. Onunla birlikdə arzuları da, ümidləri də öldü. Daha bir də onunçün bahar olmayacaq.

Arzu isə qalan ömrünü qazamat da keçirəcək. Onsuz Arzuya elə də fərq eləmir.

Arzudur da, tutursan gedir...

# 5401 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #