Könül Kərimova: “Məşhurluğuma görə ona borcluyam" – Müsahibə

Könül Kərimova: “Məşhurluğuma görə ona borcluyam" – Müsahibə
6 sentyabr 2021
# 08:59

Kulis.az Əməkdar artist Könül Kərimova ilə müsahibəni təqdim edir.

- Könül xanım, pandemiya səbəbi ilə bir çox sənət adamı kimi siz də xeyl vaxt evə qapanmalı oldunuz. Çətin olmadı?

- Əslində mənim üçün çətin olmadı. Çünki beynim çox yorğun idi. İstirahətə o qədər ehtiyacım vardı ki, ona görə də qapadılma dövründə o qədər də çətinlik çəkmədim. Evimə, mətbəxə bağlı adamam. Kefim olayanda belə evdə, mətbəximdə əhvalımı bərpa edə bilirəm.

- Qadın mətbəxdə çox olanda bezir. Bəlkə siz az olduğunuz üçün bezmirsiniz?

- Vallah mən bezmirəm. Ola bilər ki, qonaq çox olsun, onda yorula bilərəm. Məni tanıyanlar da, ətrafımdakı insanlar da bilirlər ki, bu yaşıma qədər hələ heç kim mənə səhər yeməyi hazırlamayıb ki, mən də oturub bəh-bəhlə yeyim. Bu mənim öz xasiyyətimdən gələn şeydir. Anam deyir ki, sən dörddə, beşdə oxuyanda dərsdən gəlib görəndə ki, yemək hazırdı, küsürdin. Deyirdin ki, qoyun mən də gəlim, yemək bişirməyə kömək edim. Xörəyin hazırlama prosesindən zövq alırdım. Anam həmişə deyirdi ki, Allahın yadından çıxıb, sənə səs verib, sən elə aşpaz olacaqdın. Tək xörək bişirməkdən yox, çay dəmləməkdən də zövq alıram. Ümumiyyətlə, ev ab-havasını sevirəm. Bu mənə rahatlıq gətirir. Mən əslində gəzməyi, səyahəti sevirəm. Amma bir şərtlə ki, gedib o şəhər sənin, bu şəhər mənim gəzməyim, hardasa məskunlaşıb, oturum. Qonaq gedəcəyim evdə əlim-qolum bağlı oturacamsa, orda rahat ola bilmirəm. Hətta bəzən səfərə çıxanda, yollarda restoranda əyləşib bir tikə çörək yeyəndə, o restoranların mətbəxinə də müdaxilə edirəm.

- Könül xanım bildiyim qədəri ilə mühafizəkar ailədə böyümüsünüz. Necə oldu ki, müğənni ola bildiniz?

- Biz qarabağlıyıq. Bu dəqiqə mənim anamı da dindirsən oxuyacaq. Oxuya bilməyən müğənnilərdən yaxşı oxuyar (gülür). Xalalarım evdə zümzümə edəndə adam valeh olur. Atam rəhmətlik mühəndis-texnoloq idi, amma evimizdə nağara, piano, qarmon da vardı. Yəni nəslimizdə hamının çox gözəl səsi olub. Birinə şapalaq vursan, başlayacaq oxumağa (gülür). Ona görə bacım da, mən də, bizim balalarımız da musiqi təhsili almışıq. Bizdə bircə qardaşım musiqi sahəsinə yox, hüquq sahəsinə istiqamətlənib. Onun da çox güclü musiqi duyumu var.

- Yəni xanəndəliyi seçməyinizə heç bir etiraz olmamışdı?

-Yox, qəti şəkildə. Musiqi sənətinə isə məni anam gətirib. O dövrdə də, elə bil, mənim bəxtimdən idi, ya nə idisə, musiqiçi olmaq matah peşə sayılırdı. Mənim bacım məndən qəşəng olub. Mən sonradan qəşəngləşdim (gülür). Amma mənə gələn elçilər ondan çox idi. Bunun da səbəbi o idi ki, mən oxuyan idim. Yəni xanəndəlik o dövrdə çox hörmətli sənət idi. Nə qədər istəyənim olsa da, sənətə bağlı idim. Həm də bir az forslanırdım ki, axı mən xanəndəyəm.

- Canıyanan və məsuliyyətli insansınız. Bu mənada tanınan adam olmaq, bütöv bir nəslin, qohum-əqrəbanın problemlərini həll etmək çətin deyil?

- Əslində məni yoran bax elə sənin dediyin məsələlərdi. Özümə qalsa, heç vaxt yorulmaram. Bəzən o qədər yorğun oluram, evdə məndən soruşurlar ki, sənə nə olub? Taqətim olmur ki, onlara cavab verim. Beynimdə o qədər götür-qoy edib öz-özümə danışıram ki, adamlara cavab verməyə heyim qalmır. İnsan öz-özünə nə qədər danışar? Adamlara baxıram, amma fikrim başqa yerdədir. Hərdən evdə oturub söhbət edəndə qohumlarım mənə deyir ki, Könül, burdasan? Demirəm, hamıya vaxtı-vaxtında kömək edirəm, çatdırıram, bacardığım qədər etməyə çalışıram. Bəzən ailə üzvlərim məni qınayırlar ki, camaatın dərdi sənə qalıb? Özümlə bacarmıram. Biri var, bilməyim ki, kiminsə evində nə baş verib. Biri var bilim. Axı mən hiss edirəm ki, filankəs darda, çətinlikdədir. Misalçün, bir rəfiqəmlə danışanda onun "salam" yazmağından bilirəm ki, nə isə narahatlığı var. Bu da məni günlərlə narahat edir. Özümü həmin adama mütləq çatdırmalıyam. Demirəm ki, dünyanı aparıb ona verirəm. Hər halda sən məni qohumlarımdan, qonşularımdan, musiqiçi dostlarımdan soruş, gör nə deyəcəklər? Mən kirayənşinlə birgə özümə ev alandan sonra on il onları həmin evdə heç bir təmənna olmadan saxlamışam. Təmirdən sonra da onlara deyə bilmədim ki, evimdən çıxın. Evdə hərə mənə bir söz deyir, bir atmaca atırdı. Elə özmünkülər deyridi ki, bu, nə deməkdi, harda yazılıb? Deyirdim, mən onlara heç nə deyə bilmərəm.

- Onlara "gedin" deməyə sizə nə mane olurdu?

- O evi alanda bilmirdim onun içərisində daxma kimi bir ev və bu evdə yaşayan, kirayə qalan adamlar var. Mən də dedim ki, indiyə qədər qalıbsa, tərpətməyin, qalsın. Onsuz da mən orda hələ təmir işləri görəcəm, elə mənə bir həyan lazımdır. Üstündən bir həftə keçdi, möhkəm qar yağdı, şaxta düşdü. Qar dizdən idi, küçələrə çıxmaq mümkün deyildi. Narahat olmağa başladım. Eşitmişdim ki, üç balaca körpə də var. Yoldaşıma dedim, gedək onlara dəyək, görək salamatdılar? İnanırsan, getdim, kənd arvadları kimi yağ, ət, qatıq, şor, təndir çörəyinə qədər bazarlıq elədim. Hələ bazarlıq edəndən sonra yoldaşıma dedim ki, birdən onların soyuducusu olmaz, bu qədər ərzağı nə edərlər? Nə isə evə gəlib çatanda hiss elədim ki, bu ailə məni narahat qarşıladı. Elə bildilər onları çıxartmağa gəlmişəm. Dedim, narahat olmayın, biz sizi çıxartmağa gəlməmişik, baş çəkmək üçün gəldik. Təsəvvür elə, əlimizdəki zənbillərlə təəccüblə biz onlara, onlar da bizə baxır. Donub qalmışıq. Dar bir otaq idi. Bir tərəfdən oturduq. Ağlıma gələn düz idi. Gördüm, soyuducuları yoxdur. Qadın ded, narahat olmayın, ərzaqları çöldə ləyən var, onun altına yığırıq. Uşaqların başın sığallayıb adlarını soruşanda məlum oldu ki, qızın adı Ləman, oğlanın adı Rəşaddı. Mənim də oğlumun adı Rəşad, qızımın adı Ləmandır. Dilim tutuldu, heç nə deyə bilmədim. Kövrəldim. Öz-özümə dedim, ay Allah nə qəribədir, bir Ləman və Rəşad yaxşı evdə yaşayır, o biriləri belə daxmada. Bundan sonra mən onlara necə deyə bilərdim ki, evimdən çıxın? Düz on il qaldılar. Həmin uşaqlar orda böyüdülər. Rəşadla Ləman deyəndə, mənimkilərlə birgə dördü də ayağa qalxırdı.

- Sizin zəhmətinizi itirmədilər?

- Mən heç kimdən heç nə istəmirəm. Yaxşılığı ona görə eləmirsən ki, kimsə əvəzini qaytarsın. Həm də onun nəyi var ki, mənə nəsə də versin? Mən onları o zamana kimi gözlədim ki, uşaqlar böyüsün, ana işə girə bilsin. Elə də oldu. Biz deyə-gülə ayrıldıq.

Hərdən mən evdə ailə üzvlərimdən küsürəm. Onlar elə bilirlər, mən yerli-yersiz kimə gəldi əl atıram. Elə deyil. Mən yerində, lazım olanda kömək etməyi xoşlayıram. Düzdür, adamlar vari, qohum əqrəbası ehtiyac içindədir, özü xeyriyyəçilik edir. Mən elə deyiləm.

- Çox adam düşünür ki, sizin muğamlıq səsiniz vardı. Bunun üçün də hərdən deyirlər, heyif Könülün səsindən. Niyə heyif?

- Mən heç də heyifslənmirəm. İndi hər sözdən bir söz çıxarırlar. Amma cürət edib deyəcəm ki, mən mahnı janrını çox sevmişəm. Hətta o vaxtı “Dan ulduzu” ansamblının bir buraxlışını qaçırmırdım. Bu mənada muğam sinfinə tamamilə təsadüfən gedib düşdüm. O zaman iki fakültə vardı. Ya vokalistliyi oxumalıydın, ya da muğamı. Mahnı janrı yox idi. Mən də məcburən muğam istiqamətinə getdim. Orta məktəbi bitirəndən sonra anam məni gimnaziyaya - Əfsər Cavanşirovun yanına apardı ki, musiqidən kənar düşməyim. Əfsər müəllimlə Oqtay Rəcəbov məni yoxladıqları vaxt birdən Əfsər müəllim Oqtay müəllimə baxıb dedi ki, bəlkə burda bir xanəndəlik fakültəsi açasan? Burda istedadlı uşaqlar çoxdur. Bundan sonra onlar elə bizim yanımızda Həbib Bayramova, Tükəzban İsmayılovaya zəng vurdular. Beləcə gözümün qarşısında gimnaziyada xanəndəlik kursu açıldı. Səhəri gün beş-altı uşaq da gəldi. Amma diqqət mənim üzərimdə idi. Tükəzban xanım idi müəllimim. İlk dərsdə mənə dedi ki, qızım, bir xalq mahnısı oxu görüm. “Bülbüllər” mahnısını oxudum. Heç o vaxtdan bu yana o mahnını oxumamışam (gülür). Sonra dedi, indi bir zəngulə vur görüm. Dedim, zəngulə nədir? Güldü, dedi, indi mən sənə bir “Qatar” öyrədəcəm ki, hamı məətəl qalacaq. Sənin qəşəng səsin var. Başladı “Qatar” muğamından zəngulələr etməyə. Altı ayın içərisində o məni öyrətdi. Amma mənim ağlıma da gəlməzdi ki, muğam ifa edərəm. Yəni pis anlaşılmasın, muğama sevgim yox idi. Sonradan Bülbül adına gimnaziyaya getmək istədim. Hər il müsabiqələr keçirilirdi. Mən gedib qatıldım, üç turdan keçdim. Sonuncu tur Filarmoniyada oldu. Biz Şövkət Ələkbərovanın, Niyazinin, Süleyman Ələsgərovun, İslam Rzayevin, Arif Babayevin, Canəli Əkbərovun qarşısında çıxış etməliydik. Mənimlə birgə Elçin Cəlilov, Könül Xasıyeva, Nuriyə Əhmədova, Zakir Əliyev, Aybəniz Haşımova da vardı.

- Heç biri zəif olmayıb...

- Hə də. İndi özün düşün, gör, bizi kimlər seçirdi. Onda indiki kimi sms-lə seçilmirdilər. Ona görə də indi ortalıqda olanlar faciəvi təsir bağışlayır. Adlarını müğənni qoyublar, dilləri də nə boyda. Yox səsləri ilə bu gün səhnədə at oynadırlar. Deyir, utanmasan, oynamağa nə var? Onlar beşcə gün efirə çıxmasınlar, oxumasınlar, həmin dəqiqə də unudulacaqlar. Mən bəzən efirə çıxmağa tənbəllik edirəm. Tez yorulan, tənbəl adam olduğum üçün. Nə qədər gec çıxsam da, unudulmuram. Pandemiyadan sonra Moskvaya gedəndə orda mənə olan sevgi məni dəhşətə gətirdi.

- Bülbülə daxil oldunuz?

- Həyəcanla evə qəbul olunmağımız haqqında məktubun gəlməsini gözlədik. Mən qəbul olundum. Arif müəllimin sinfinə düşdüm. Onun sinfində qız az idi, ona görə də özü məni seçdi. Bizim sinifdə oxuyan uşaqların çoxu məşhur olmadı. Amma zəif uşaq yox idi, hamımız bir-birimizlə rəqabət aparırdıq, öyrənirdik. Səmimi bir etiraf edəcəm. Bəlkə də içinin ən zəifi mən idim. Çünki çoxu dağ adamları idi.

- Dağ havasının insan səsinə təsiri var sizcə?

- Var. Təmiz havası olan bölgələrdən çıxan adamlarda balaca səs eşitməzsən. Onlar qışqıranda da təzyiqlə qışqırırlar. Yəni bizim uşaqlar istedadlı idilər. Bülbüldən sonra məni Musiqi Akademiyasına göndərdilər. Ordan məzun oldum. Arif müəllim məni akademiyaya layiq bilmişdi. Bu yaxınlarda getdim Arif müəllimi gördüm. Xəstəliyinə görə bir az kövrəldim də...

- Ümumiyyətlə, etibarlı adamsınız?

- Hə (gülür). Bəzən mən kiməsə etibarsız görünə bilərəm. Məndən gileylənə bilər. Amma insanlar da düşünməlidirlər ki, əgər mənim səsim gəlmirsə, deməli, hanısısa problemin içərisindəyəm, ruh düşkünlüyüm var, özümə qapanmışam.

- Sənət dünyasının görünən tərəfi var, bir də görünməyən tərəfi. Bu baxımdan Azərbaycanda qadın müğənni olmaq necədir?

- Çox çətindir. Özü də insan təkcə kənardan zərbə almır. Baxmayaraq ki, məni bu sənətə anam döyə-döyə gətirib, amma məni incidib də. Bir dəfə xor dərsinə getmədiyimə görə anam saçımdan tutub sürüdü. Yəni anam nə qədər mənə dəstək olsa da, o qədər də hökmlü idi. “Onu bağışlamaq olarmı” filmindəki ana obrazı eynilə mənim anamı xatırladır. Mən onu hər dəqiqə gülən görməmişəm. Çox çətin, zəhmli adam idi. Uşaq vaxtı tez-tez küsərdim. Deyirdim, sən bizimlə ögey ana kimi davranırsan. Hərdən deyirdim, bəlkə sən heç bizim anamız deyilsən. Bununla yanaşı məni sənətlə məşğul olmağa o məcbur edirdi. Mahnılarıma, geyimimə qədər qarışırdı. Kimin sözlərinə hansı bəstəkarın mahnısını oxuyuramsa, bunu anam mütləq bilməliydi. Rəhmətlik Məhəbbət Kazımovla işlədiyim vaxtlar mən də xırda bir əməliyyat keçirtmişdim. Mətanət İsgəndərli tort alıb bizə gəlmişdi. Çay içə-içə deyib-güldüyümüz vaxt anam zəng vurdu. Onda da təzə mahnı yazdırmışdım. Anam məndən həmin mahnının şairinin və bəstəkarının adını soruşdu. Bəstəkar tanınan adam deyildi. Anamın buna acığı tutdu. Sağollaşandan sonra gördüm, Mətanət mənə baxdı, gözü doldu. Dedi, can ay Könül. Yəni o, mənim anamla danışarkən necə çəkindiyimi hiss edib məyus olmuşdu. Hələ mən konsert verəndə əgər paltarım, saçım, makiyajım onun xoşuna gəlməsə, dünyanı dağıdardı.

- Az yaşınız olmayıb axı, qarşı çıxmırdınız?

- Yox, həmişə ondan çəkinmişik. Mən qırx yaşıma qədər ondan çəkinmişəm. Anamın səsi gələndə nə hala düşdüyümü təsvir edə bilmərəm. Stress yaşamışıq. İndi şükür Allaha ki, bir az sakitləşib.

- Sizə zərər vururdu?

- Əlbəttə. Elə olurdu, sənətimdən də küsüb, inciyirdim. Hərdən deyirdim, bu qədər də hökmranlıq olmaz. Amma bir tərəfdən də düşünürəm ki, o, bizi düzgün tərbiyə edib. Buna əminəm. Hətta indi deyirəm ki, düz edib. Çünki bu sənət çox çətin sənətdir. Bəlkə də anam haqlı idi. Çünki bütün hallarda o, məni qoruyurdu.

- Onda ailə qurmağınızda da ananızın rolu olub...

- Əlbəttə. O, bizi kimə versəydi, getməliydik. Bizim ixtiyarımız yox idi onun sözündən çıxaq. Məni 21 yaşımda öz bacısı oğluna verdi. Mən də elə yeniyetməlikdən bilirdim ki, xalam oğluna gedəcəm. Sizə bir söz deyim, müğənnilik sənəti ilə bərabər mən ailə qurmağa da həvəsli idim. İstəyirdim çoxlu uşaqlarım olsun. Bunu arzulayırdım. O vaxtı mənim üçün fərqi yox idi, kimə ərə versəydilər, sakitcə gedəcəkdim. Ailə qurum, uşaqlarım olsun sevgisi vardı içimdə. O sevgi də mənə rəhmətlik Elçin Cəlilovdan gəlmişdi. Anası onu 18 yaşında xalası qızı ilə evləndirmişdi. Bir gün eşitdim Elçinin oğlu olub. Bu, mənim üçün çox maraqlı bir proses idi. Düşünürdüm ki, 20 yaşında onun oğlu olubsa, on ildən sonra bu oğlan Elçinin dostu olacaq. Mən də bu fikirlə tez ailə qurmağa can atırdım.

- Arzuladıqlarınızı gördünüz?

- Bəs necə. İndi bu yaşımda mənim nəvəm var. Hələ mənim qızım bir az sözümə baxmadı. Tez getsəydi, daha tez nənə olardım. Amma inan Allaha, mənim içimdən keçən ən səmimi arzu əlli yaşında nənə olmaq idi. Elə də oldu.

- Ananızın sizə tətbiq etdiyi sərtliyi, siz uşaqlarınıza etmədiniz?

- Yox. Anam bizə gələndə mənə acıqlanırdı ki, sən uşaqlarla çox yumşaq davranırsan.

- Ancaq yaşanmayan arzular sonralar insana əziyyət verir. Bu baxımdan gənclikdə yaşamadıqlarınız sonralar sizi incitmədi?

- Yaşamadım. Yəqin, bundan sonra da yaşamayacam. Mənim həyatımda indi həmin zaman gəlib çatıb. İndi bunu dərk edirəm. Bəlkə indiki ağlım olsaydı, xanım olaraq öz xoşbəxtliyimi də düşünərdim. Mən düşünmədim. Düşündüm ki, uşaqlar olsun, onların sevgisi olsun. O sevgi məni yaşadacaq. Amma zaman gəlib çatır, axırda tək qalırsan. Belə çıxır ki, bizim haqqımız yoxdur xoşbəxt olmağa. Bax, mən sənət adamıyam, amma mən də bu şeylərin əziyyətini çəkirəm.

Elə bilrilər, sənət adamları sərbəst olur. Mən heç vaxt sərbəst olmamışam. Qardaşım məndən yeddi yaş balacadır. Ona layla çalıb yatırtdığım günlər yadıma düşür. Onun da bizim üstümüzdə zəhmi olub. Mən indi də, bu yaşımda da ondan çəkinirəm. Ailədə qoyulan tərbiyə 80, 90 yaşa qədər gedir. İndi sizə müsahibə verəndə belə düşünürəm ki, necə edim, necə danışım ki, övladlarım mənim hansısa sözümdən çəkinməsinlər, narahat olmasınlar. Ağzını Allah yoluna qoyub, ar eləmədən danışanların sorğu-sualı yoxdur. Sərbəst, özləri üçün yaşayan adamlardılar. Biz artistik. Amma səhnə başqa, onun arxası, real həyat başqadır. Əgər mənim qızım, oğlum mənə görə utansa, mən çox əziyyət çəkərəm. Utanmaqdan, biabır olmaqdan həmişə qorxmuşam. Biz elə bilirik ki, uşaqlarımız böyüyəndən sonra biz rahatlıq tapacağıq. Elə olmur.

- Məsuliyyət daha da artır...

- Əlbəttə. Sən demə mən uşaqlar balaca olanda xoşbəxt olmuşam. Həyatı başa düşməmişik. İndi başa düşürük. Getdikcə çiyinlərimizin yükü daha da çoxalır.

- Həssas adamsınız?

- Çox. Bunun əziyyətini də çox çəkirəm. Axı insan hər yerdə özünü müdafiə edə bilmir. Bir də baxırsan, qarşındakı adam sənə yalan danışır. Məcbur olursan ki, onun yalanını həzm edib udasan. Evə gedəndən sonra onun yalanı mənə əziyyət verir, başım ağrıyır. Dərk etməyən adama mən onun yalan danışdığını necə izah edim? Bizim işimiz çox çətindir. Bir toyda görün nə qədər adamın sifarişini, istəyini yerinə yetirməli oluram. Bu, həssas, hissiyyatlı adam üçün asan deyil. Hər sahədə belədir. Ailəmdə də belə həssasam. Mən övladlarıma o qədər bağlı oldum ki, özümü unutdum. Zəif tərəfim budur. Bir də onda ayıldım ki, artıq gecdir. Mənim ömrüm bilirsən nəyə bənzəyir? Elə bil nəyisə salıb itirmişəm və indiyə qədər də elə hey onu axtarıram. Bilirəm, artıq itirdiyimi heç vaxt tapa bilməyəcəm, çox gecikmişəm. Yenə də gözüm axtarır. İndi tapsam da, heç nə edə bilməyəcəm.

- Tənhalıq sizə nə qədər kömək edir?

- Mən çox tənhayam. Özümə məxsus təkliyim var.

- Orda rahatsınız?

- Darıxıram orda. İndiyə qədər rahat idim. Ancaq indi dəhşətli dərəcədə darıxıram.

- Nə üçün darıxırsınız?

- Mən də insanam. İnsan istəyir ki, onun həmsöhbəti olsun. Baxırsan balaca körpə uşaqdı, özünə dost axtarır. Tək darıxır. Çox çətin, keşməkeşli yol gəlmişəm. Mənim nə qızım, nə oğlum məni başa düşə bilər.

- Heç yoxlamısınız?

- Yox. Mən öz dünyamda hamıdan çox uzağam. Onlar məni anlayır. Amma belə pis çıxmasın, insanlar çox vaxt nələrisə pis başa düşürlər. “Tıq-tıq xanım” nağılı var ha, bax, mənimki ona bənzəyir. Onun kimi özümə dost axtarıram.

- Sirrinizi etibar edəcəyiniz adam var?

- Var. Əslində, sirrim yoxdur. Amma ürək sözlərimi bölüşə biləcəyim dostum var. Onun da adı Könüldür. Zaqatalanın kəndində yaşayır. Biz onunla on beş yaşımızdan dostluq edirik. Mən səmimi adamam. Özüm olmayanda yoruluram, ürəyim partlayır. İstəyir xoşa gəlsin, istəyir gəlməsin. Səhv olsun, düz olsun, ürəyimdən keçəni deyəcəm. Ona görə də bu gün çalışıram ki, səninlə səmimi danışım. Amma üzrlü hesab elə ki, indi səninlə yetmiş faiz səmimiyəm. Deyə bilməyəcəyim o qədər şeylər var ki. Əslində mən çox xoşbəxt sənətçiyəm. Çox yaxşı, səliqəli sənət adamlarına, musiqiçilərə rast gəlmişəm, çirkli həyat yaşamamışam. İndiki müğənnilər haqqında faktlarla iyrənc şeylər eşidəndə, deyirəm, yox, ola bilməz. Dostlarım mənə, mənim sadəlöhvlüyümə gülürlər. Çünki mən heç vaxt pis işlərin içində olmamışam. Bəzən hansısa kiçik bir səhvim olanda belə mən onu bacıma deyə bilmirəm. Elə bilirəm, o, bunu bilsə, məni bağışlamaz. Mənim ailəmi yaxından tanıyanlar deyirlər, sən necə müğənni olmusan?

- Bəs ailəniz sizi qoruyur?

- Hə. Onlar mənə çox böyük hörmət edirlər. Bacım, qardaşım mənimlə nəfəs alırlar. Mənim zarafatyana bir sağlığım var. Deyirəm, Allahın sizə yazığı gəlsin, mənə dəyməsin. Başqa insanların həyat tərzini, ailələrini görəndən sonra mənim öz ailəmə hörmətim daha da çoxalıb. Özümü xoşbəxt hiss etmişəm.

- Toylara getməyiniz necə başlandı?

- Universiteti bitirəndən sonra ailə qurdum. Bir-iki il səhnədən uzaq düşdüm. Çünki oğlum anadan olmuşdu. Mən də ona o qədər bağlıydım ki, onu kiminsə ümidinə qoyub gedə bilmirdim. Bu barədə bu günə qədər heç yerdə deməmişəm. İlk dəfədir sənə deyirəm. Oğlum 1992-ci ilin yanvar ayında anadan oldu. Çox dəhşətli, qanlı-qadalı günlər idi. İndi də “Fəryad” filminə baxanda mənə çox pis təsir edir. Oğlum həmin filmdəki doğum evində anadan olub. Onda yoldaşım Xocalıda vuruşurdu, müharibədə idi. Qəfildən vəziyyətim pisləşdi. Anamla taksi tutub xəstəxanaya getdik. Taksi yolun yarısına kimi gəldi. Dedi, mən burdan o yana gedə bilmərəm. Yollarda tanklar vardı, hər yer bağlı, qar da dizdən. Mən anamla o vəziyyətdə yolu sürünə-sürünə, işgəncə ilə getdim. Hələ bir dəfə büdrədim də. Xəstəxanaya çatanda həkimlər bizi qarşıladı. Ondan sonrası yadımda deyil. Yəni oğlum belə əziyyətlə dünyaya gəlmişdi. Mənə çox əziz idi. İstəmirdim heç kim onu qucağına götürsün. Anam məndən onu yalvara-yalvara alırdı ki, get bir az dincəl, mən baxım.

Bir gün rəfiqəm Könül ağladı ki, niyə qoymursan mən sənin oğlunu öpüb qucaqlayım? Oğlum anadan olandan sonra gördük ailədə dolanmaq olmur, maddi vəziyyət çətindir. Bir dəfə həkim gəldi oğluma baxdı. Dedi, olmaz belə, bu uşaq yaxşı qidalanmır. Biz həkimin dediklərini edə bilmirdik. Sonra anam dedi ki, götür, get kəndə. Getdim Ağcabədidə bir-iki ay qaldım, oğlum özünə gəldi. Bir gün qayınanam məni çağırdı, dedi, bala, o uşağı ya mənə ver, ya da anana, get sənətinlə məşğul ol. Səni biz elə belə almamışıq. Oxumağına, o gözəl səsinə görə almışıq. Niyə yatmısan? Uşaq böyüyəcək. Məni çığırda-çığırda uşağımdan ayırıb toya yolladılar (gülür).

- Bir neçə il Məhəbbət Kazımovla çalışdınız. Onu necə xatırlayırsınız?

- Məhəbbət bir az çılğın adam idi. Ona qədər mən bayaq adlarını saydığım müəllimlərdən dərs almışdım, toylara da getmişdim. Məni də hamı Arif müəllimin istedadlı tələbəsi kimi tanıyırdı. İlk dəfə Arif müəllim, mən, Könül Xasıyeva birgə toya getdik. Bir gün mənə Aftandil İsrafilov zəng vurub Ucara toya dəvət etdi. Əlavə etdi ki, toyu Məhəbbət Kazımov aparacaq. Məhəbbət müəllim də deyib ki, toya yaxşı, istedadı bir qız gətirin. Hətta bir neçə qız da gətirmişdilər. Mən də çox həyəcanlı idim, əsim-əsim əsirdim. Qəşəng bir "Segah" oxudum. Qızlar da oxuyanda mən onlara qısqanclıqla baxırdım. Hətta mənə elə gəldi ki, onlar məndən yaxşı oxudu. Mən oxuyandan sonra Məhəbbət mənə baxıb dedi, bəri bax, sən haralısan? Dedim, Ağcabədili. Dedi, hə, deyirəm axı, bu qəşəng səs hardandır. Sən nömrəni de, yazsınlar, biz deyəsən, birlikdə işləyəcəyik. Dedim, Məhəbbət müəllim, mən yaxşı oxumadım, səsim yerində deyildi. Cavab verdi ki, mənim qulağım yaxşı eşidir (gülür).

Elə o toyun səhəri Məhəbbət müəllim zəng vurdu. Ondan sonra birgə işə başladıq. Amma çox narahat, çəkingən idim. O vaxtı mən çox həvəsli idim. İlk duetimiz “Bənövşə bəndə düşə” mahnısını oxuduq. O mahnını Ramiz Mirişli mənə yazmışdı, mən tək oxumuşdum. Sonra dedim, Məhəbbət müəllim, gəl, o mahnını duet oxuyaq.

- Neçə il birlikdə oxudunuz?

- İki il. Amma elə bil, illərlə birlikdə işləmişik. O vaxtı biz çox həvəslə, dayanmadan, gecə-gündüz işləyirdik. Hətta həmin ərəfədə mənim özümün yazdığım mahnılar da oldu. Həmişə mənə zarafatla deyirdi ki, Üzeyirin nəvəsi, gəl bu mahnının filan yerini düzəlt. Onun özünün də musiqiləri vardı. Mən bu məsələni bir az gec açıqladım. Bəziləri inandı, bəziləri inanmadı. Qısqananlar da oldu ki, niyə bunları o vaxtı demirdin, indi deyirsən? “Qız, Allahın bəlasıdır gözlərin”, “Təkcə mənim olaydın”, “Laçınım” mahnılarının musiqilərini yazdım. Məhəbbətə qədər isə mən “Yar başına dönüm sənin” mahnısını yazmışdım. Sözləri Zemfira Əlişqızının idi. Bu “Səbuhi” studiyasında çıxan ovaxtkı kasetlərin üz qabığında da var.

- Biz bunları Məhəbbət Kazımovun mahnıları kimi bilirik.

- Bəli. O vaxtı müğənni mahnı yaza bilməzdi. Yəni buna icazə yox idi. Bu mahnılar efirə anonim gedirdi. İllər keçəndən sonra dedilər, əşi, elə qoy belə getsin, Məhəbbətin adı ilə çıxsın bu mahnılar.

- Sizi qoruyudu?

- Çox qoruyurdu. Çılğın adam idi, xasiyyəti o qədər də mülayim deyildi. Çətin xarakterli, ziddiyyətli idi. Amma məni qoruyurdu. İnan, ayrılmaq üçün aramızda ciddi heç bir səbəb olmadı. Mən bilirdim ki, müstəqil oxumaq gücüm var. İstəyirdim, solo karyeramı qurum.

- Amma buna görə sizdən incidi...

- Çox incidi. Ona musiqi ilə bağlı istəklərimi başa salmaq çətin oldu. O, hətta elə bildi ki, məni kimlərsə öyrədir. Amma elə deyildi.

- İndi mahnı bəstələyirsiniz?

- Təbim gələndə olur. “Təkcə mənim olaydın” mahnımı da bu yaxınlarda mənim ifamda eşidəcəksiniz. Bu mahnının da məzəli tarixi var. Onun sözlərini yazan xanımı qısqanmışdım. İstəyirdim, dəstədə qadın ifaçı, bəstəkar mən olum. Məhəbbət də müəllifin adını gizlətmişdi. Mən soruşanda demişdi, bir qoca kişi yazıb. Konsert vaxtı bildim ki, Ceylan adlı xanım yazıb. Mən təbii ki, bayaq adlarını saydığım ustadlardan dərslər almışam. Amma Samirə, mənim tanınmağımda Məhəbbət Kazımovun çox böyük rolu olub. Mən bunu dansam, günah etmiş olaram. Ona görə də bir neçə il onun yanında oldum ki, mənə dəstək olsun. Təbii, yaxşı ifaçı olmasaydım, insanlar məni sevməzdi. İfama görə insanlar məni sevdilər. Çox şükür. Amma məşhurluğuma görə ona borcluyam.

- Dünyasını dəyişəndə, sizdən incik getdi, ya barışmışdınız?

- Barışdıq. Ad alanda onu birinci mən təbrik elədim, verilişimə çağırdım. İndi sevinirəm ki, nə yaxşı bunu etdim.

- Cabbar Musayevlə iş birliyinizdə sizin üçün ayrıca səhifə açıldı...

- Cabbar Musayevlə iş birliyinə başladığım gün elə bil, mənim üçün nəfəslik açıldı. Mən o vaxta qədər çox əziyyət çəkmişdim. 22 yaşımdan 32 yaşıma qədər çox dəhşətli çətinliklər yaşadım. Hərdən deyirəm, elə bil, əsgərlikdə idim. Sadəcə bu əsgərlik on il çəkib. Cabbar müəllimə qədər, elə bil, mənim həyatımda tutqun, soyuq hava idi. Ondan sonra Günəş doğdu. Onunla iş birliyimiz mənim təsəvvürümdə yaratmayacağım qədər dönüş nöqtəsi oldu. İnanmırdım onunla bizim işbirliyimiz ola. Əlimi üzmüşdüm. İnanmazdım ki, onun Nazpəri Dostəliyeva ilə iş birliyi bitə, mənimlə davam edə. Mənim, ümumiyyətlə, bütün həyatım möcüzələrlə doludur. Yaxşı musiqiçi olmaq olar, amma yaxşı insan olmaq çox çətindir. Müğənni səhnədə güclü olmalıdır. Musiqiçilər onun döyüşçüləri olmalıdılar. Cabbar Musayevlə mən səhnədə çox gücləndim. Həyata böyük inamla addımlamağa başladım. Bildim ki, hər şeyə çatacam. Elə də oldu. Mən ondan atalıq, qardaşlıq, dostluq gördüm. O, məni heç vaxt büdrəməyə qoymadı.

- Hansı mahnınız sizi daha yaxşı ifadə edir?

- “Nə yazıq bəndəyəm” mahnısı. Mənim könül dünyam o mahnıdır.

- Yaşantılarınız, keçdiyiniz yol sənət adamı kimi sizə nə qazandırdı?

- Nələrisə itirirəm, geri düşürəm, günlərim, aylarım gedir. Kənardan gələn söz-söhbət olmasa, daha çox işlər görərəm. Mən hərdən düşünürəm ki, zəif qadınam, amma deyiləm, güclüyəm. Bircə gecə-gündüz Allaha dua edirəm ki, məni balalarımla sınağa çəkməsin. Mən ona dözə bilmərəm. Yəni mənim ən həssas yerim balalarımdı. Mən pisliyi çox asanlıqla unuduram. Mənə kim pislik etsə, yadımda qalmaz, amma mənim övladıma qarşı kimsə səhv etsə, onu bağışlamaram. Nəinki bağışlamaram, hətta əlimdən xəta çıxar. Bunu etiraf edirəm. Çünki mən bütün ömrümü onlara həsr etmişəm. Öz qadınlığımı tamamilə unutmuşam. Mənə deyəndə ki, xoşbəxtsən? Donub qalıram, düşünürəm, sual verirəm. Deyirəm nə soruşdunuz, bir də təkrar edin. Cavab tapa bilmirəm xoşbəxtsən sualına. Bu suala cavab tapa bilməməyimin qarşılığında mənim ailəmi, balamı incitmək olmaz. Zəhmətimin qarşılığı bu olmamalıdır.

# 26312 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #