Fransada yaşayan türk yazar: “Hər gün səhər gözümüzü qadın cinayətləri ilə açırıq” – Müsahibə

Fransada yaşayan türk yazar: “Hər gün səhər gözümüzü qadın cinayətləri ilə açırıq” – Müsahibə
15 yanvar 2021
# 12:11

Kulis.az Fransada yaşayan türk əsilli yazar Rəhimə Sarıçəliklə müsahibəni təqdim edir. Xatırladaq ki. Bu günlərdə Rəhimə xanımın Azərbaycanda da hekayələr kitabı çap olunub.

- Rəhimə xanım, öncə Azərbaycanda çıxan hekayələr kitabı münasibəti ilə sizi təbrik edirəm. Necə bir hissdir Azərbaycanda çap olunmaq?

- Şərif bəy, ilk öncə bu kitaba tərcüməçi kimi töhfəniz və müsahibə təklifi üçün təşəkkür edirəm. Fürsətdən istifadə edib Rasim Qaracaya və hekayələr kitabımın digər tərcüməçisi Fidan Müşfiqə də təşəkkür etmək istərdim. Başqa bir dildə kitabın oxunması həqiqətən də çox gözəl duyğudur. Tərcümə vasitəsilə çoxsaylı oxucuya çatmaq həddindən artıq xoş hisdir. Azərbaycanlı oxucular kitabı bəyənərsə çox xoşbəxt olaram.

- Azərbaycan ədəbiyyatı haqda nə qədər bilgilisiniz? Oxuduğunuz, diqqətinizi çəkən əsərlər, imzalar varmı?

- Azərbaycan dili ilə universitet illərindən tanışam. Bu dildə dərsimiz var idi. 14-cü əsr şairləriniz mənə çox təsir edib. Nəsimi və ya Füzulini Türkiyə türkcəsinə tərcümə etmədən Azərbaycan dilində oxumaq çox xoşuma gəlir. Azərbaycan ədəbi dilini çox sevirəm. Mənim qulağıma şeir və musiqi kimi gəlir. Buna görə də kitabımın Azərbaycan dilinə tərcümə edilməsi məni çox xoşbəxt etdi. Bunun sayəsində mən də bu musiqili dildə nəsə demiş oldum.

Altı il çəkən doktorluq elmi işim bu yaxınlarda bitdi. Bu müddət ərzində elmi işimlə əlaqəli kitabları daha çox oxudum. Buna görə də müasir yazıçılarınızı oxumaq çox çətin oldu. Lakin tərcüməçi Elvin Abbasbəylinin fransız dilinə tərcümə etdiyi Hüseyn Abbaszadənin “Haradansınız Müsyö Abel” və Nəriman Nərimanovun “Bahadır və Sona” romanlarını oxudum. Bu kitabları bir gün orijinaldan oxumağı çox istərdim.

Bu aralar sizin romanınızı oxuyuram. Yeni tərcümə edib Elvin. Əslində sizi ilk dəfə “Azərbaycan ədəbiyyatı antologiyası”nda fransızca tərcümə edilmiş hekayənizlə tanıdım. Rasim bəyin yaxşı hekayələri son vaxtlar diqqətimi çox çəkir. Fransada yaşayan gənc yazıçı Nicat Kazımovu da çox təqdir edirəm.

- Siz Strasburq Universitetində türk yazıçı Sabahattin Alidən elmi iş yazmısınız və bildiyim qədər, orda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında onunla bağlı araşdırmanızın bir hissəsi çap olunacaq. Bilirsiniz ki, hələ sovet dövründən Sabahattin bəy “Xəz paltolu madonna” əsəri ilə Azərbaycanda çox məşhurdur?

- Bəli, martın sonunda işıq üzü görəcəyini düşünürəm. Sabahattin Ali haqqında düşünmək mənə çox şey verdi. Yazı dilimi çox inkişaf etdirdi. Dəyişdirdi. “Kəpəz” nəşriyyatında işıq üzü görəcək kitaba Fransada bu cür qələm sahibinin tanınmasını istədim və xüsusən də yaşadığı dövrün sosial, siyasi və ədəbi həyatını da göstərməyə çalışdım. Çünki bu yazıçı dönəmin sosial və siyasi həyatından ayrı tutulduğunda başa düşülməz. Buna görə də kitab Sabahattin Ali bioqrafiyasıdır. Yazdığım doktorluq işindən yola çıxaraq yayınlara davam etmək istəyirəm.

Sabahattin Ali “Xəz paltolu madonna” əsəri ilə sovet dövründən Azərbaycanda çox məşhur olub? Buna heç təəccüblənmədim. Yazıçının Türkiyədən daha çox Balkanlarda, Rusiyada və Almaniyada araşdırılmış olması məni həddindən artıq təəccübləndirdi. 1907-ci ildə dünyaya göz açıb. 1948-ci ildə öldürülüb. Qırx bir illik həyatına və beləcə gənc yaşına baxmayaraq yaşadığı dönəmdə sürətlə tanınan və dəyər qazanan bir yazıçı olub. Özü dönəmin türk ədəbiyyatındakı roman yazıçılarının azlığından və ya kifayət qədər olmamasından şikayət etdiyi məqalələr qələmə alıb. Onun ədəbi dühasını hər kəs qəbul edib. Əminəm, o dövrdə tərcümə indiki kimi sürətli olsaydı daha çox tanınacaqdı. “Xəz paltolu madonna” əsərinin Azərbaycan dilinə tərcüməsini görməmişəm. Bu əsər on altı dilə tərcümə edilib. Son tərcümə ingiliscəyədir.

- Sizin üçün kimdir Sabahattin Ali? Bir ədəbiyyat şəhidimi?

- Sabahattin Ali dünya klassikləri arasında layiqli yerini almalı olan bir yazıçıdır. Bəli. O, ədəbi dühadır. Yazdıqlarındakı o dadı roman və ya hekayələrini oxuduğunuz zaman həmən hiss edəcəksiniz. Doktorluq işimə görə bütün kitablarını dəfələrlə oxudum. Lakin onları yenidən oxusam, yeni zövq alacağımı bilirəm. Dilindəki sadəlik və cəmiyyətdəki hadisələrə etinasız yanaşmaması onu bu günümüzə gətirdi. Bu gün Türkiyədə “Xəz paltolu madonna” əsəri ilə ən çox oxunan yazıçıdır. Onun gənc yaşda dünyadan köçməsinə həddindən artıq üzülürəm. Əgər yaşasaydı nələr yazardı deyə hər zaman düşünürəm. Çünki Sabahattin Ali realist sosial hekayənin öncüsüdür. Özü “Hekayədə insan obrazı yaratmaq çox çətin, bəzən qeyri-mümkündür. Hekayələrin uzun ömürlüləri barmaqla sayılacaq qədər azdır” deyirdi. “Qərbdə ayaqda dura bilənlər Boccacio, Poe və bir az da Çexovdur” deyə əlavə edirdi. Sabahattin Ali dünya ədəbiyyatına çox hakim idi. Onun ölümünün Türkiyənin itkisi olduğunu demək istəyirəm.

Çünki Sabahattin Ali sadəcə roman və ya hekayə ustası deyildi. O, jurnalistika ilə də məşğul idi. Lakin çox sərt məqalələr qələmə aldı. İnandığı tək dəyər xalqın faydası üçün əmək sərf etmək idi. Dönəmin hökumətini qorxmadan tənqid edir və düşüncələrini açıq şəkildə yazırdı. Hörmətli yazıçı Hikmet Altınkaynak tərəfindən hazırlanmış “Markopaşa Yazıları ve Ötekiler” kitabı Sabahattin Alinin siyasi yazıları və Sabahattin Alinin Türkiyənin konservativ axınlarına qarşı 1944-1948-ci illərdəki polemikalardan ibarətdir. Yəni Sabahattin Ali sadəcə ədəbiyyatla deyil, xalqın hüquqları uğrunda da mübarizə aparıb. Hal-hazırda İstanbulda yaşayan musiqişünas qızı Filiz Alinin hələ də atasının sirlərlə dolu ölümünü aydınlaşdırmaq üçün mübarizə etməsi buna bir sübutdur.

- Siz Türkiyədə doğulmusunuz, Strasburqda yaşayırsınız, orda yaşayan azərbaycanlı ədəbiyyat adamları ilə yaxın ünsiyyətiniz var. Fransa-Türkiyə-Azərbaycan üçbucağında Türkiyənin və Azərbaycanın yerini necə görürsünüz?

- Əslində, Fransa xarici ədəbiyyata və ədəbiyyatçılara açıqdır. Lakin eyni zamanda Türkiyənin və Azərbaycanın yazıçılarını da tez-tez görməyə başladıq. Tərcüməçilərin bundakı rolu çox mühümdür. Onların dəstəklənməsi Türkiyə və Azərbaycan ədəbiyyatlarının daha çox tanınması deməkdir. Bu məqamda bir həssaslığın lazım olduğunu düşünürəm. Çünki fransız oxucusu xarici əsərləri oxumağı və fərqli dünyaları kəşf etməyi sevir. Amma çox əsər tərcümə edilmədiyi üçün təəssüflər olsun ki, yetərli təqdimat olmur.

Faransada yaşayan türk yazarın kitabı Azərbaycan dilində

- Orhan Pamuk türk dilində yazan və oxuyanların azlığından şikayətlənir həmişə. Fransadan bu potensial necə görünür? Türkiyənin Fransadan nəyi əskikdir?

- Yenidən tərcümə məsələsinə dönmək istərdim. Türkiyənin tərcüməyə dəstəyi yetərli deyil. Türk ədəbiyyatı yazıçısı, təbii ki, öz dilində əsər qələmə almaq istəyir. Lakin dünyaya çıxış tərcümə vasitəsilə həyata keçirilir. Bu məqamda Türkiyə hələ də gecikir. İngiliscə tərcümə bəlkə çox ola bilər, lakin başqa dillərə tərcüməyə dəstək çox azdır.

Mən ədəbi tərcümənin ədəbiyyatı gücləndirdiyini düşünürəm. Türkiyə öz ədəbiyyatını gücləndirmək üçün dünya ədəbiyyatını daha yaxından tanımalıdır. Təkbaşına qalmağın faydası yoxdur. Dünyaya açılmaq və dünya ədəbiyyatında hansı proseslərin getdiyini görmək lazımdır. Bəs dünyaya necə açılmaq olar? Təbii ki, xarici dil bilərək. Yazıçıların çoxu xarici dil bilmədikləri üçün və ya tərcümələr kifayət qədər olmadığından dünya ədəbiyyatından bəzən xəbərsiz qalırlar. “Bəzən” deyirəm, çünki dilləri bildiyi üçün və ya tərcümələr vasitəsi ilə fransız və ya ingilis ədəbiyyatından xəbəri olur. Lakin Skandinaviya və ya başqa uzaq ölkələrin ədəbiyyatından bixəbərdir. Bu məqamda ədəbi tərcümə həyati önəm daşıyır.

- Siz özünüz də tərcümələr edirsiniz...

- Bəli, mən də gücüm yetdiyi qədər bu prosesə töhfə vermək istədim. Fransız dilini bir neçə ildir öyrənmişəm. Peşəkar tərcüməçi olmasam da, bu işə başlamışım. Fransızcadan ədəbi tərcümə çox xoşuma gəlir. Anri Mişo adlı yazıçının “Asiyada bir barbar” romanını franızcadan türkcəyə tərcümə etdim və “Sel” yayın evində işıq üzü gördü. Lakin türk ədəbiyyatında fransız ədəbiyyatı yaxşı tanındığı üçün başqa ölkə ədəbiyyatından hekayələr tərcümə etmək istədim. Çünki müxtəlif yazıçıları türk oxucularına təqdim etmənin daha maraqlı olacağını düşündüm. Amma o dilləri bilmədiyim üçün fransızcaya tərcümə edilmiş əsərləri tapıb tərcümə etməyə qərar verdim. Elvin Abbasbəyli və onun monqolustanlı həmkarı Altançeçek Tulgaanın monqol dilindən fransızcaya çevirdiyi hekayələri fransızcadan türkcəyə tərcümə etməyə qərar verdim; Davaadorj Enkhboldbaatarın “Dekabr qızı”, Magvan Erdenebatın “Portret”, Sengiin Erdenenin “Günəşin durnaları”... Monqol ədəbiyyatı Türkiyədə tanınmır. Yeri gəlmişkən, Elvinin tərcümə etdiyi hekayələrin bir neçəsi artıq sizin saytınızda Azərbaycanca da yayımlanıb. Tərcümənin tərcüməsi yaxşı fikir deyil. Bunu bilirəm. Ancaq yoxdan daha yaxşıdır. Burada yenə Sabahattin Alini xatırladım. Bu sözləri o söyləyib. Türkiyədə monqol dilindən birbaşa tərcümə edən olsaydı mən fransız dilindən monqol ədəbiyyatını tərcümə etməyi heç vaxt qəbul etməz və bu hekayələri o tərcüməçiyə tövsiyə edərdim.

Monqol ədəbiyyatı Türkiyədə çox az tanınır. Lakin türk yazıçıları Monqolustanda uzun zamandır tanınır. Bu da yenə də türk dilindən edilən tərcümələr sayəsində baş verir. Eziz Nesin, Nazim Hikmet və Orhan Pamuk tərcümə edilən yazıçılardandır. Bu arada bir romanım hal-hazırda monqolcaya tərcümə edilir. Bu il ərzində Monqolustanda işıq üzü görəcəyinə ümid edirəm.

- Əlif Şəfəq kimi sizin də bədii yaradıcılığınızda qadına qarşı diskriminasiya, qadın haqları qırmızı xətt kimi keçir. Bu barədə nə deyə bilərsiniz? Yazıçı kimi məxsus olduğunuz ölkədə narahatlığınıza səbəb çoxdur deyəsən.

- Təəssüflər olsun ki, bu, belədir. Əlbəttə, Əlif Şəfəq müxtəlif dillərə tərcümə edildiyi üçün daha öndə görünə bilir. Lakin feminist nəzəriyyəsini araşdırmış və cümhuriyyətin ilk illərində yaşamış Fatma Aliye Topuz, Suat Derviş, Nezihe Muhiddin və Halide Edip Adıvar kimi həyatları bahasına mübarizə aparmış yazıçılar var. Bu mövzuda dəyərli əsərlər verən Deniz Kandiyoti, Fatmagül Berktay, Şirin Tekeli və Serpil Sancar kimi tədqiqatçı yazıçılar var. Duygu Asena, Pınar Kür, Fransada yeni kitabı çıxmış Leyla Erbil, Sevgi Soysal, Erendiz Atasü kimi yazıçılar var. Türkiyədə yaşayaraq bu mövzulardan yazan yazıçılara çox hörmət edirəm. Mən Fransada yazmağa çalışıram. Əlbəttə, dediyiniz kimi, narahatam. Bu yazıçılar da narahatdır. Əslində, nəsə sizi narahat etməsə yaza bilməyəcəksiniz.

No description available.

- Qəribədir, Almaniyada yaşayan türk əsilli ssenarist Fatih Akının “Divara qarşı” filmində də eyni problemdir. Qadın haqları... Mental dəyərlərə məğlub olan yenilik... Azərbaycanda da vəziyyət oxşardır. Bizim gənc yazıçı Sahilə yayanın Fransada - “Kəpəz” nəşriyyatında çapa hazırlanan “Şeyx” romanı da demək olar ki, qadın azadlığından bəhs edir. Sizcə bu nə ilə bağlıdır və bu mövzular Qərb üçün nə dərəcədə maraqlıdır?

- Çox gözəl sualdır. İlk öncə dəyərli rejissor Fatih Akının “Divara qarşı” filmini çox bəyəndiyimi bildirmək istərdim. Bu film 2004-cü ildə çəkilib. Əslində, bu film mövzumuz üçün yerində çəkilmiş misaldır. Çünki Avropadakı türklərdən bəhs edir. Feminizm məsələsinə görə də, dediyiniz kimi, önəmlidir, lakin başqa məsələyə görə daha da önəmlidir. Amma bu fərqli və uzun mövzudur. Biz də hörmətli şairə Nalan Çeliklə Avropadakı türklər mövzusunda kitab hazırladıq. Əslində, qadınlıq və kişilik halları... Bu kitab Strasburq Universitetində Türkologiya fakültəsinin tələbələri ilə həyata keçirdiyim fəaliyyətdən və elmi konfransdan sonra ortaya çıxıb. “Temelli Döncem Türkiyeden Fransaya Göç Hikayeleri” başlığı ilə nəşr edilib. Burada bir kitabdan bəhs etdim. Çünki Avropadakı qadın məsələləri ilə yanaşı Avropadakı türklər arasındakı feminizm mövzusu da qarşımıza çıxır. Bu mövzu ilə bağlı çox uzun danışıb sizi yormayım.

Sahilə Yayanın “Şeyx” romanını da oxumaq istərdim. Çıxınca alıb oxuyacam. Bu kitab oxunmalıdır, çünki qadın mövzuları çox yazılmalıdır. Mən belə düşünürəm. Sualınıza cavab olaraq, Fransada yaşadığım üçün bir misal verəcəm. Simona de Bovuar “İkinci cins” kitabının “Gənc qızlıq çağı” adlı birinci cildində “Cəmiyyət ilk gündən kişilərin hegemoniyası altındadır” deyir. Bunu 1976-cı ildə Fransada cərəyan edən hadisələri müşahidə edərək deyib. Bu, o deməkdir ki, məsələnin əslində Avropa ölkələri ilə əlaqəsi yoxdur. Vəziyyətə baxdığımız zaman dünya ölkələrinin Simona de Bovuarı haqlı çıxardıqlarını görürük. Əgər hər şey yolunda gedirdisə o, niyə bu mövzuda yazmağı özünə vəzifə bildi? Bunun səbəbi patriarxallıqdır. Bu, nə sadəcə Türkiyənin, nə də Azərbaycanın məsələsidir.

Üstəlik, bu gün Fransada qadınlara qarşı törədilən cinayətləri tez-tez görürük. “Femen” hərəkatı haqqında məlumatınız var. Xüsusən də Covid-19 üzündən karantin tətbiq edildiyi vaxtlarda qadınlara qarşı törədilən cinayətlərinin sayı artıb. Mən də bununla bağlı bir neçə məqalə yazmışam. Vəziyyət Türkiyədə də eynidir. Həm Türkiyədə, həm də Fransada hər gün səhər gözümüzü törədilmiş yeni qadın cinayəti ilə açırıq. Və məncə həll yolu patriarxal baxışdan qadınlar qədər kişilərin də təsirləndiyi reallığını başa düşməyimizdən keçir. Bunu başa düşüb kişilik rollarını qadınlıq rolları ilə birlikdə müzakirə etdiyimiz zaman dünyanın yaxşıya doğru irəliləyəcəyindən əminəm.

- Biz necə edə bilərik ki, müharibə, qaçqınlıq, yoxsulluq, qadın hüquqsuzluğu kimi feodal problemlərdən sıyrılıb çıxaq, daha mütərəqqi mövzularımız olsun?

- Görün nə gözəl sıralamısınız? Bəhs etdiyimiz müharibə, qaçqınlıq, yoxsulluq və qadın hüquqsuzluğu kimi problemlərin hamısı bir-biri ilə bağlıdır. Hamısının da kökündə bir problem var: patriarxal dünya sistemi. Əgər bu sistemə tənqidi yanaşsaq, həll yolu tapa bilərik.

- Bildiyim qədər irihəcmli əsərlər – romanlar da yazırsınız. Onlarda mövzu nədir?

- Hələ ki, yazıb bitirməyə çalışıram. Son iki romanın mövzusu yenə də doktorluq elmi işimin mövzusu ətrafında cərəyan edir. Yəni, cəmiyyətdəki cinsiyyət anlamından bəhs edirəm. Birinci roman kişilik mövzusuna həsr edilib. Bu məsələ son zamanların araşdırma mövzusudur. Roman universitetdə dərs deyən ananın oğluna yazdığı məktublardan ibarətdir. Əslində, feminist yazı kimi görünə bilər, lakin mən qadınların qurtuluşunun kişilərin yaxşılaşmasında görürəm. Romanımda bunu bir az sorğu-sual etməyə çalışdım. İkincisi isə görünməyən, cəmiyyətdən xaric edilmiş, lüzumsuz hesab olunan qadınlardan söz açır. Bu romanda sizin də bəhs etdiyiniz müharibə, qaçqınlıq, yoxsulluq və qadın hüquqsuzluğu kimi feodal problemlərdən bəhs etdim. Bir az vətənə sahib olmaq və ya olmamaq nə deməkdir kimi sualı araşdırdım. Lakin sonrakı roman tamamilə fərqli mövzudadır.

- Azərbaycan yazarlarına və oxucularına nə demək istərdiniz?

- Azərbaycan dili çox zəngin ədəbiyyata sahibdir. Bu zənginlikdən bəslənməniz və yüz il öncə yaşayıb yaratmış yazıçıları və şairləri başa düşə bilməyiniz çox yaxşıdır. Bizim üçün bu, təəssüf ki, belə deyil. Bir neçə il öncənin dili bizə xarici dil kimi gəlir... Məncə, Azərbaycan dünyaya Türkiyədən daha açıqdır. Bu iki müsbət xüsusiyyətin birlikdə istifadəsinin roman və hekayə yazan şəxslərə çox şey verəcəyini düşünürəm. Çünki mən yazıçıların öz dillərindən bəslənərək xaricdəki yazıçıları izləyə bilmələrini çox zəngin vəziyyət kimi görürəm. Bundan çox yararlanmalarını arzu edirəm.

- Cavablar üçün təşəkkür edirəm.

- Azərbaycan oxucularına məni tanıtdığınız və gözəl suallarınız üçün mən sizə təşəkkür edirəm.

# 3788 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #