Aşıq Ələsgərin nəticəsi: “Onun Səhnəbanuya olan məhəbbəti heç vaxt ölmədi” - Müsahibə

Aşıq Ələsgərin nəticəsi: “Onun Səhnəbanuya olan məhəbbəti heç vaxt ölmədi” - Müsahibə
16 may 2021
# 09:00

Kulis.az Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərlə müsahibəni təqdim edir.

- Xətai bəy, bir az istərdim nəsil şəcərənizdən danışasınız.

- Dədə Ələsgərin atası Alıməmməd kişi özü şair təbli olub. Onun atasının adı Allahverdi, onun da atasının adı Talıbxan olub. O, öz dövründə övliya kimi tanınıb. Deyilənə görə, onun ocağına maral gələrmiş. Bir gün elə bir hadisə olur, maral daha gəlmir. Talıbxan deyir, nə isə haramlıq baş verib. Sonradan məlum olur ki, evin gəlinlərindən biri qonşu ilə yaxşı rəftar etməyib. Bu səbəbdən ocaqdakı müqəddəslik itib. Bir neçə il keçəndən sonra maral yenidən gəlməyə başlayır.

Aşıq Ələsgərin beş oğlu, altı qızı olub. Onun iki oğlu Həsən və Həşim cavan ikən dünyasını dəyişir. Üç oğlu - Bəşir, Abduləzim və Talıb qalır. Hər üçünün şeir demək qabiliyyəti varmış. Təəssüf ki, onların yaradıcılığı haqqında məlumat xalqa istənilən qədər çatdırılmır. Dədə Ələsgər ocağını bu gün araşdırsalar, ortaya böyük materiallar çıxar. Talıb babamın sözlərinə görə, bizim nəslin əvvəli Şah İsmayıl Xətaiyə gedib çıxır.

Aşıq Ələsgərin qardaşı Məşədi Salahın da başına çox qəribə hadisələr gəlib. Qurban adlı oğlu Aşıq Ələsgərin şəyirdlərindən imiş. O da cavan ikən dünyasını dəyişib. Digər oğlunun adı isə Növrəs İman olub. Çox savadlı, istedadlı imiş. Dədə Ələsgər ilk dəfə onun şeirini eşidəndə ağlayıb. Növrəs İman ondan ağlamağının səbəbini soruşanda, cavab verib ki, bu istedadı qaldırmağa gücün çatmayacaq, mən sənin son gününə ağlayıram. Sonralar doğurdan da onun həyatı faciə ilə bitir - itkin düşür, öldü-qaldısı bilinmir. Məşədi Salahın o biri oğlu da aşıq olub. Dediyim odur ki, bizim ocaqda doğulan uşaqlar hamısı sazlı-sözlü, istedadlı adamlar olublar. Həm də doğulandan elə söz, musiqi mühitinə düşüblər.

- Amma ən çox Aşıq Ələsgərin ulduzu parlayıb?

- Təbii. Ələsgərə yalnız aşıq demək doğru deyil. O, şifahi xalq ədəbiyyatında çox dərin iz qoyub. Şeirlərini dərindən mənimsədikcə, araşdırdıqca, görürsən, onunku Allah vergisidir. O, heç vaxt öz şeirlərini yazmayıb. Deyirlər, Aşıq Ələsgər savadsız olub, yazı-pozu bilməyib. Bu, belə deyil. Aşıq Ələsgər savadsız yox, təhsilsiz idi. O, həddindən artıq savadlı, mütaliəli insan olub. Din adamları ilə söhbətlər edirmiş, şeirlərində İtaliyadakı hadisələrdən söhbət açıb, dünyada gedən proseslərdən məlumatlı imiş. Hətta haqq aşığı olduğu üçün bəzən bir sıra şeyləri yuxusunda görürmüş. O, şeirlərində Məhəmməd peyğəmbərdən, Əlidən bəhs edirdi. Onları da yuxusunda görürmüş. Əlini həmişə özünün ustadı sayıb. Aşıq Ələsgər təkcə şair yox, həm də övliyadır. Onun alqışı, qarğışı yerinə yetərmiş. Nədənsə narazı qalsa, həmin iş baş tutmaz, hansı işə razı olsa, onun çox gözəl gələcəyi olarmış.

- Qan davalarını yatızdırırmış...

- Əlbəttə. Göycədən Kəlbəcərə gələndən sonra deyirmişlər ki, Aşıq Ələsgər dəyirmançıdır. Əslində, dəyirmançı olmayıb, dəyirmanda oturub. Kəlbəcərdə iki kənd arasında qan davası düşüb, kənd camaatı bir-birinə qarşı düşmənçilik aparıb. İki kəndinsə bircə dəyirmanı varmış, bir-birinin qorxusundan dəyirmana gedə bilmirlərmiş. Kənd ağsaqqalları düşünüb, daşınıb, Aşıq Ələsgəri dəyirmana göndərirlər. Ələsgər dəyirmanda oturanda heç kim bir-biri ilə dava etmirmiş. Aşıq Ələsgər o dövrdə kifayət qədər tanınırdı, məclislər yola verirdi, dolanışığı da kifayət qədər yaxşı idi. Nənəm deyirdi, təzə çıxan vaxt mis qab-qacağı asma tərəzinin bir gözünə, qızılı da o biri gözünə qoyarmışlar. Yəni mis qabı qızılla başa-baş dəyişiblər. Bundan başqa, Ələsgərin oğlu Bəşir mahir atıcı imiş. O, rus kağız pulları təzə çıxanda, qızıl pulu rus pula dəyişir. Ovaxtı kağız pul çox dəbdə imiş. Onun evi söküləndə ordan üç meşok kağız pul çıxdı.

- Aşıq Ələsgərdən yadigar kimi hansı əşya qalıb?

- Onun öz əli ilə düzəltdiyi cəhrə, nehrə, taxta qaşıq vardı. Amma özünün şəxsi əşyası qalmayıb. Sazını sağlığında Kəlbəcərli bir dostuna verib. Sonradan xeyli araşdırsaq da, həmin sazla bağlı məlumat əldə edə bilmədik.

- Şəxsi həyatı, xüsusən yeniyetməlik, gənclik illəri çox əziyyətli olub. Qapısında qulluq etdiyi kişinin qızı Səhnəbanuya vurulub, amma qovuşa bilməyib...

- O vaxtı onların kəndlərinin zəngin kişilərindən biri olan Kərbalayi Qurban Alməmməd kişinin yanına gəlib Ələsgəri ev işlərində ona kömək etmək üçün istəyib. Əvəzində pul təklif edib. Alməmməd kişinin də ailəsi böyük imiş, razılaşıb. Ələsgər dörd il o evdə qalıb. Həmin müddətdə Kərbəlayi Qurbanın gözünün ağı-qarası bircə qızı Səhnəbanuya vurulur, onların arasında məhəbbət yaranır. Hətta bu məhəbbəti qızın valideynləri hiss edəndə sevinirlər. Düşünürlər ki, Ələsgər ağıllı, işgüzar oğlandır, qızımızla evlənər, bizim evdə qalar. Qurbanın qardaşı Məhərrəm bu söhbəti eşidəndə etiraz edir, deyir, qızı öz oğluma alacam. Bu söhbətdən sonra Ələsgər o evdən gedir. Baş verənlər ona çox möhkəm təsir edir, qəm-qüssəyə qərq olur. Bir gün dərin bir yuxuya gedir. Onun bərk yatdığını görüb yuxudan oyatmırlar. Yuxudan ayılandan Həzrət Əlinin onu cənnətə aparıb gəzdirməsindən danışır. Beləliklə, yuxuda ona vergi verildiyi təsdiq edilir. Düzdür, istedadı elə əvvəldən olub, amma vergisi həmin yuxuda verilir. Bundan sonra görürlər Ələsgər evdə özünə yer tapa bilmir. Atası ona saz alır ki, başı qarışsın. Az müddətdə o, özü sazda ifa etməyi öyrənir. Atası onu Aşıq Alının yanına şəyirdliyə verir. Hardasa beş il ona şəyirdlik edir, mükəmməl şəkildə Aşıq Alının məktəbini keçir.

- Aşıq Ələsgər 40 yaşından sonra ailə qurur...

- Doğru deyirsiniz, o, gec ailə qurub. Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənib. Amma Səhnəbanunun məhəbbəti ona elə böyük zərbə vurub ki, bütün şeirlərində sanki ona xitab edib, çox yanğılı yazıb. Səhnəbanu alagöz qadın olub. Fikir vermisinizsə, Ələsgərin bütün məhəbbət şeirlərində “alagöz” sözü işlədilir. Alagöz qadın görəndə, sanki Səhnəbanunu görürmüş.

- Səhnəbanu ilə Ələsgərin yolları sonralar kəsişmir?

- Səhnəbanu ailə qursa da Ələsgərə olan məhəbbəti həmişə ürəyində saxlayıb. Ələsgərin tez bir zamanda məşhurlaşması, şöhrətinin yayılması sanki Səhnəbanuya bir dərd olur. Ələsgərin əmisi qızı Zöhrə hər bulaq başına gedəndə Səhnabanu ilə görüşüb ona Əlsəgərdən xəbər gətirirmiş. Təsəvvür edin, qırx il onların məhəbbəti beləcə uzaqdan uzağa davam edib. Talıb babam deyirdi, uşaq vaxtı evlərinin qarşısındakı bulağa gedəndə Səhnabanu onu görüb, kim olduğunu xəbər alıb. Tanıyandan sonra üzündən öpüb, başını sığallayıb, deyib, mən Ələsgərə belə uşaq doğmazdım, anan səni nə yaman qara doğub? Bu cür əhvalatlar çoxdur. Ümumiyyətlə, Ələsgər haqqında danışılan dastan və rəvayətdə uydurma şeylər yoxdur.

- Aşıq Ələsgərin şəklinin Sankt-Peterburqda muzeydə saxlanıldığı deyilir. Bu nə dərəcədə həqiqətdir?

- Aşıq Ələsgər boyca hündür adam olub. Onun şəklini ilk dəfə Şərifzadə çəkib. Təxəyyülümü işə salıb və bir az da deyilənlər əsasında çəkib. Daha sonra Böyükağa Mirzəzadə, Nağdalı Xəlilov işləyib. Mənim bacılarımdan biri rəssamdır. O, nənəmin danışdıqları əsasında Aşıq Ələsgərin şəklini təzədən işlədi. Bacım o rəsmi uzun müddət işlədi. Deyirdi, Aşıq Ələsgərin rəsmində üz hissəsinə bir balaca xətt artıranda və qaşında xırda düzəliş edəndə, qohumlardan kiməsə oxşadırdım. Axırda nənəm ona demişdi ki, daha şəklə əl vurma, Aşıq Ələsgər eynən belə idi. Nənəm həm Aşıq Ələsgərin qardaşı Xəlilin qızı idi, həm də Ələsgərin oğlu Talıbın həyat yoldaşı. O, gözünü açandan Ələsgəri görüb. Aşıq Ələsgər dünyasını dəyişəndə nənəmin 23 yaşı varmış. Ona görə də Ələsgərin siması, cizgiləri yadında yaxşı qalıb. İndi həmin şəkil artıq internetdə də yayılmağa başlayıb. Mənim də insanlardan xahişim odur ki, Aşıq Ələsgər haqqında nə isə lazım olanda mütləq mən dediyim şəkildən istifadə etsinlər. Çünki insanların təsəvvüründə bir Aşıq Ələsgər obrazı canlanmalıdır. O da mümkün qədər oxşarı olsun.

- Nənəniz Aşıq Ələsgər haqqında nə danışırdı, nələri sevib, nələrdən xoşu gəlməyib?

- Xoşxasiyyət, mehriban, zarafatcıl adam olub. Şit şeyləri xoşlamayıb. O qədər mehriban imiş, yanına düşən hər kəs ilk gündən ona isinişirmiş. Ən özəl xüsusiyyətlərindən biri qətiyyən tamahkar olmamasıdır. Toylarda özündən yox, Xəstə Qasımdan, Qurbanidən, Şəmkirli Aşıq Hüseyndən şeirlər oxuyurmuş. Təvazökar olduğundan öz yaradıcılığına çox az müraciət edirmiş. O, məqamı çatanda şeirlərini bədahətən deyirmiş. Çox işlək adam olub. Kəndin əkin-biçinindən qalmayıb. Sağlamlığını da işləməklə qoruyub. Həmişə deyirmiş, insan gərək özü-özünün həkimi olsun. Nənəm rəhmətlik danışır ki, ildə iki dəfə qonşudakı dəlləyi çağırdıb başından bir cam dolusu qan aldırırdı. Özü dəlləyə başının hansı tərəfini çərtmək lazımdır, ona qədər göstərirmiş. 96 yaşında mütəkkəyə söykənib qəlyan çəkir, nənəm də əlində tikiş tikirmiş. Ocaqda süd varmış, Dədə Ələsgər nənəmə deyir, süd daşır. Nənəm südü ocaqdan götürüb geri qayıdanda, tikiş tikdiyi iynəni tapmır. Ələsgər dörd-beş metr uzaqdan iynəni görür və nənəmə onun yerini nişan verir.

- Xətai bəy, oğlu Bəşirin Aşıq Ələsgərin xalası oğlunu öldürməsi ona çox pis təsir edir. Bundan sonra heç vaxt əlinə saz götürmür. Bu hadisənin təfərrüatı necədir?

- Bəşir çox dəlisov imiş. Həm güclü atıcı imiş. Aşıq Ələsgərin gətirdiyi pulun hamısına güllə, barıt, at alırmış. Aşıq Ələsgərin Molla Rəhim adlı bir xalası oğlu 28 il sürgündə olur. Orada ailə qurur, oğlu doğulur. Orada bir qaraçı hamının falına baxır. Bir gün Molla Rəhimin falına baxıb ona deyir, sənin ölümün öz vətənində, öz qohumunun əlindən olacaq. Həmin adamın adı ya Həşimdir, ya Bəşir. Aşıq Ələsgərin Həşim adlı oğlu rəhmətə gedib, bildiyiniz kimi. Molla Rəhim Bəşirin adını vərəqə yazıb cibinə qoyur. Sürgündən qayıdanda oğlu Mikayılı da özü ilə gətirir. Aşıq Ələsgər onu ailəsi ilə tanış edir. Bəşiri ona təqdim edəndə, Molla Rəhim tutulur və diqqətlə Bəşirə baxır. Aşıq Ələsgər mahir adam idi. Axşam düşüb əl-ayaq çəkiləndə Ələsgər Rəhimə deyir, xalaoğlu, bayaq Bəşirin adını çəkəndə sən niyə duruxdun? Rəhim əvvəlcə demək istəmir, amma Ələsgərin sözünü yerə salmır, baş verənləri açıb ona danışır. Aşıq Ələsgər deyir, necə yəni, deyirsən indi mənim oğlum səni öldürəcək? Rəhim cavab verir ki, bilmirəm, mənə belə deyiblər. Bu söhbətdən sonra Bəşir tüfəngi götürüb harasa gedəndə atası hər dəfə ona “Ay bala, ehtiyatlı ol” deyirmiş. Hətta o qədər deyirmiş, Bəşirin acığı gəlirmiş.

Bir gün Aşıq Ələsgər, qardaşı Xəlil, Molla Rəhim və onun oğlu Mikayıl yol gedirmişlər. Bəşir yoldaşları ilə təzə aldığı tüfəngi yoxlamaq qərarına gəlir. O, uzaqdan, hardasa iki kilometr məsafədən atasıgilin yolla getdiyini görür və dostları ilə qərara gəlir ki, gülləni yoxlamaq üçün onların başının üstündən atsın, əgər səs onlara çatsa, deməli yaxşı silahdır. Bəşir nişan alıb atır, Abdulla adlı dostu Bəşirin qolundan çəkir ki, atma, birdən onlara dəyər. Silahın istiqaməti azca dəyişir, güllə düz Molla Rəhimin onurğasından dəyir. Rəhim yıxılır. O, yıxılan kimi Bəşir qışqırır ki, dədəmi vurdum! Xəlil kəndə xəbər verməyə qaçır, yolda Bəşirlə rastlaşır. Bəşir deyir, güllə Ələsgərə dəymiş olsa, özümü öldürəcəm. Amma Xəlil yaralananın Molla Rəhim olduğunu deyir. Ondan sonra Bəşir atını minib qaçır, evə gəlmir.

- Bildiyimə görə, Molla Rəhim dərhal ölmür, bir neçə gün xəstə yatır, hətta Bəşiri bağışlayır...

- Qohumlara da, oğluna da deyir, əgər, mənə görə küsülü qalsanız, zəhmətimi sizə halal etmərəm, bu, mənim qismətimdir. Bəşiri tapıb gətirənə qədər Rəhim qohumların hamısı deyir, mənim gözümün qarşısında Aşıq Ələsgərlə öpüşüb-görüşün, mən bilim ki, sonra qanlıçılıq olmayacaq. Onun dediyi kimi edirlər, Aşıq Ələsgərin əlindən, üzündən öpürlər. İki gündən sonra Molla Rəhim canını tapşırır. Ölənə yaxın Aşıq Ələsgərə deyir, mən sənin səsinə doyunca qulaq asa bilmədim, mənim üçün son dəfə sazla oxu. Aşıq Ələsgər onda iki şeir deyir. Onlardan biri də “Kəsildi” rədifli məşhur qoşmadır.

- Amma sonradan Bəşir yenə adam öldürür və bu hadisə Aşıq Ələsgərə ikiqat ağır təsir göstərir.

- Elədir. Kəndin koxası qardaşı Abduləzizə qamçı vurduğuna görə Bəşir onun yanına gedib deyir, mən də neçə illər kəndin koxası işləmişəm, amma sənin qohumlarına qamçı vurmamışam. Koxa cavab verir ki, vallah, elə bir qamçı vurmuşam. Bəşir də cavab verir ki, elə onda mən də sənə bir güllə vuracam. Gülləni qaldırıb atır. Koxa ölmür, yaralanır. Bu hadisədən sonra Bəşir qaçaq düşür. Ondan sonra Aşıq Ələsgərin qardaşını və o biri oğlunu Kəvərin qalasına aparırlar. Ələsgər onların yanına yola düşür. Qayıdanda görür, ermənilər gölə tor atıb balıq gözləyirlər. O ermənilərdən pulu ilə balıq almaq istəyir, ermənilər deyir, kilo ilə qızıl da versəniz müsəlmana balıq satmırıq. Ələsgər bir daşın üstündə əyləşir. Yoldaşları nə qədər etsələr də getmir, deyir, gəlin gözləyək, görək dənizdən balıq çıxacaq, ya yox. Xeyli vaxt keçir, ermənilər toru çəkir, görürlər, tor cırılıb, içərisində bir balıq da qalmayıb. Ondan sonra Ələsgər durub yoluna davam edir, yolboyu Allaha şükür edib deyir, erməninin torunun cırılmasına yox, allahın mənim diləyimi tutmasında şükür edirəm.

- Müqəddəs adam olub, ürəyinə daman hadisələr düz çıxırmış

- Bəli. Bir dəfə oğlanları sürünü itirir. Ələsgər bir az fikirləşib deyir, narahat olmayın, heyvanları bir azdan gətirəcəklər. On beş-iyirmi dəqiqə keçir, Hüseyn adlı bir kişi Ələsgərin oğlu Bəşiri çağırır. O, baş alıb gedən heyvanları sağ-salamat gətiribmiş.

- Namaz qılıb?

- Əlbəttə. Bir dəfə namazından, orucundan qalmayıb. Aşıq Ələsgərin evinin yanmaması da ona əyan olub. Bilirsiniz, 1918-ci ildə erməni-müsəlman münaqişəsində Aşıq Ələsgər külfəti ilə Göyçədən Kəlbəcərə köçür. Bir müddət sonra ona xəbər gəlir ki, hamının evini yandırıblar. Ələsgər deyir, mənim evim yanmaz. Deyirlər, gözümüzlə gördük, sənin evinin bacasından tüstü çıxırdı. Ələsgər deyir, mümkün deyil, çünki, mən yayın istisində ağzı oruclu evimin dirəklərini Kəlbəcərdən Göyçəyə təkbaşına gətirmişəm. Mən o evi Allahın evi kimi tikmişəm. Doğurdan da elə idi. Ələsgərin evinin ortasındakı dirəyin ətrafına qarğı-qamış yığıb od vurublar, qarğı-qamış yanıb, dirəyə od keçməyib. Onlar Göyçəyə təzədən qayıdanda, görürlər, doğurdan da hamının evi yanıb, onun evi yox. Aşıq Ələsgərin allaha bağlılığı güclü idi. Bir an Allahdan ümidini kəsməzdi. Bütün şeirlərində Allahla yaxınlığını hiss etmək olar.

- Gözəl qadınlara aid şeirləri də çoxdur.

- Aşıq Ələsgər yaradıcılığını yaxşı bilməyən adam onun şeirlərini oxusa, elə bilər, günü gözəllərlə keçib, harda bir gözəl görübsə, ona şeir yazıb. Amma biz bu barədə sonradan babamdan öyrəndik. Ondan soruşduq ki, o vaxt Ələsgər kiminsə qızına şeir yazanda, araya inciklik düşmürdü? Dedi, o vaxtı qəzet, radio, televizor yox idi, mollalar öz təbliğatını aparırdı, aşıqlar öz təbliğatını. Aşıqlar həm də radionu, televizoru əvəz edirdi. Aşıq Ələsgərin bir gözələ tərif deməsi ilə həmin gözəl sanki bir ulduza dönürdü. Bütün vilayət o qızın marağında olur, onu görmək istəyirdi. Beləliklə, az keçməmiş həmin qız ailə qururdu. Bəzən, onun şeirlərində açıq-saçıqlıq sezmək olur, amma dərinliyinə gedəndə, başqa aləm görürsən.

- Onun şeirdən-sənətdən uzaqlaşmasını oğlunun başına gələnlərlə əlaqələndirirlər.

- O dövrdə ümumi vəziyyət ona çox güclü təsir edir. Ermənilərlə davadan sonra torpağından qovulur, bundan başqa ən məşhur şəyirdlərindən biri Aşıq Nəcəfin belinə ermənilər qaynar samovar bağlayıb işgəncə ilə qətlə yetirirlər, dostu Səməd ağanın ürəyi partlayır. Bütün bunlar Dədə Ələsgər kimi həssas insanda ruh düşkünlüyü yaradır.

- Aşıq Ələsgərin ölümü ilə bağlı da müxtəlif əhvalatlar var. Onun öz ölümünü hiss etməsi doğrudur?

- Dədə Ələsgər martın 7-də dünyasını dəyişib. Ondan bir neçə gün əvvəl Bəşiri çağırır, deyir, mən öləcəm, indidən ehtiyatınızı görün. Deyiblər, axı sənin heç nəyin yoxdur. Deyir, mən sizə deyirəm, hazırlığınızı görün, qonaq-qara yanında peşman olmayın. Hətta, kimdən yağ, kimdən bal, kimdən düyü almağı məsləhət görür. Bilirmiş, kim halal, kim haram adamdır. Ölümünə az qalmış, deyir, Bəşir gəlsin Quran oxusun. Üçüncü salavatı çəkəndə Ələsgər dünyasını dəyişir. Hətta ölümündən əvvəl deyir ki, mən Kəlbəcərdə öləcəkdim. Vaxtım o vaxtıydı. Allahdan möhlət dilədim ki, məni qürbət eldə öldürmə, elə et, öz torpağımda - Göyçədə ölüm, Allah da diləyimi tutdu. Ölümündən əvvəl bir əhvalat olur. Qohumları Aran tərəfdən onlara qonaq gəlir, Ələsgərə nar gətirirlər. Göyçə soyuq yerdir, orda nar yetişmir. Narı xurcundan çıxarıb Ələsgərə verəndə alıb yanına qoyur, deyir, çox şükür Allaha, ürəyimdən nar keçirdi. Sonra həmin narı evdəkilərə verib deyir, bu narı kəsin, burda nə qədər adam varsa, hamısına verin. Hamıya nar çatandan sonra özü də bir dənə götürüb yeyir.

- Yaşı ilə bağlı ziddiyyətli fikirlər var. 70-80 yaşında öldüyünü deyənlər oldu.

- Doğrusu, mən özüm bu fikirlərə baş qoşmaq istəmirdim. Bu söhbəti ortaya atanlar, erməni arxivinə istinad edirlər. Niyə görə Aşıq Ələsgərin yaşı, ölüm tarixi ora istinad olunmalıdır? Aşıq Talıb bilmədi ki, dədəsinin neçə yaşı var? 1972-ci ildə onun 150 illik yubileyi keçiriləndə erməni niyə çıxıb demədi ki, 150 yox, 120 ildir. Ona görə, erməni istəmirdi türk aşığını böyütsün. Ələsgər 105 yaşında dünyasını dəyişib. Bunu öz dövrünün adamları da zamanında bildiriblər.

Foto: İlkin Nəbiyev

# 12804 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #