Avropanın Ukraynada üzə çıxan riyakarlığı

Dostoyevski, Hitler, Knut Hamsun

Dostoyevski, Hitler, Knut Hamsun

17 mart 2022
# 15:00

Kulis.az Sevda Sultanovanın “Qərbin riyakarlığı” yazısını təqdim edir.

Rusiyanın hərbi qüvvələri Ukrayna ərazisinə daxil olandan sonra, əksər dövlətlər ona sanksiya tətbiq elədi. Sanksiyalar iqtisadiyyat, maliyyə sahəsindən sürətlə mədəniyyətə keçir, üstəlik, xaricdə yaşayan ruslar müəyyən mənada diskriminasiyaya məruz qalırlar. Xüsusən, Avropa ölkələrində məhz rus millətini təmsil edən mədəniyyət adamlarına qarşı sərt tədbirlər görülməyə başladı.

Opera müğənnisi Anna Netrebkonun konsertləri Putinə etiraz eləmədiyi üçün ləğv olundu.

Milanın Bikokka universitetinin professoru Paolo Nori Dostoyevskinin yaradıcılığının tədris edilməməsi barədə məsələ qaldırdı. Hərçənd, Norinin bu təklifi əksər italyanların, həmçinin, siyasətçilərin tənqidinə tuş gələrək reallaşmadı.

Dirijor Valeri Gerqiyevdən Rusiyanın hərbi əməliyyatlarını tənqid etməsi tələb olunub. Amma dirijor imtina etdiyi üçün La Skala opera teatrının və Münhen Filarmoniyasının Orkestrinin baş dirijoru vəzifəsindən kənarlaşdırıldı.

Nyu Yorkda pianoçu Denis Matsuyevin konserti ləğv olundu.

''Netflix'' Rusiyaya məxsus kinolayihələrin istehsal və nümayişini dayandırdı.

Kann kinofestivalının rəhbərliyi bu il Rusiyanın rəsmi nümayəndə heyətinin iştirakını qadağan etdi. Bununla belə ayrı-ayrı rejissorlar festivalda təmsil oluna bilərlər.

Hollivud studiyaları Rusiyada filmlərinin prokatından imtina etdi.

Qərbin Rusiyanın mədəniyyət adamlarına diskrimantiv mövqeyi müəyyən redaktələrlə bir neçə tarixi situasiyanı yada salır. Hitler Almaniyasında, dövlət siyasətinin maraqlarına cavab verməyən modernist əsərlər “degenerativ sənət” adı altında muzeylərdən yığışdırılır və onlara yasaq qoyulurdu.

Yaxud 1940-50-ci illərdə siyasi əqidəsinə görə, peşəkar fəaliyyətlərinə qadağa qoyulan Amerikanın mədəniyyət və incəsənət xadimlərinin adı qara siyahıya salınırdı. Bu siyahıya Kommunist partiyasının üzvü olan, ya ona simpatiyasını bildirən adamlar daxil idi. Bir qrup kinematoqrafçı məsələylə bağlı Antiamerika fəaliyyəti üzrə İstintaq Komissiyasına şahid ifadəsi verməkdən imtina elədiyinə görə, onların hər birinə bir il həbs cəzası kəsilmişdi.

... Bu gün də Qərbdə demokratiya adı altında yeni növ faşizm peyda olur. Misalçün, gender bərabərliyi, seksual azlıqların haqları uğrunda mübarizədə əks fikir səsləndirən adamlar linçlənir, onların cəmiyyətdən təcrid olunmasına çalışırlar, mübahisə və müzakirə mədəniyyəti məhdudlaşdırılır, ifadə azadlığı pozulur. Homoseksual, feminist mədəniyyətini tənqid edənləri ən azı emosional təzyiq gözləyir. Ona görə radikal feministlərin tələbiylə İspaniyada “Yatan gözəl”, “Qırmızıpapaq” nağılları seksist yanaşma adıyla məktəb kitabxanalarından yığışdırılanda buna kimsənin etiraz eləməyə cəsarəti çatmadı.

Aydındır ki, Qərb ikili standartlı siyasət yürüdür. Və Ukrayna konflikti bir daha Qərbin riyakarlığını açıq nümayiş etdirdi. Bir tərəfdən Rusiyanın mədəniyyət adamlarına Putin hakimiyyətinin əleyhinə söz deməməsinə görə qadağa qoyan Qərb, digər tərəfdən, müharibə başlayandan aldıqları neft, qaz və kömürə görə Rusiyaya milyardlarla vəsait ödəyir. Çünki bu zaman öz ölkələrini maraqları, təhlükəsizliyi ön plana keçir.

Qərbin baxış nöqtəsindən baxsaq, onda gərək, antisemit çıxışlar edən Vaqnerin əsərlərinə də qadağa qoyulsun. O, Vaqner ki, “Parsifal” operasına yəhudi German Levinin dirijorluq etməsinə israrla qarşı çıxmışdı. Amma nə baş verir? Ona heykəl qoyulur, hər il əsərlərinin ifa olunduğu Bayroyt festivalı keçirilir.

Yaxud, nasistləri dəstəkləyib, Hitlerə nekroloq yazan, onu “xalqların hüquqları uğrunda mübariz” adlandıran Knut Hamsunun kitabları indiyədək yayımlanır və müxtəlif ölkələrdə əsərləri ekranlaşdırılır.

Və ya 2004-cü ildə Qərbdən bir qrup yaradıcı adam Kosovodakı hərbi cinayətlərdə ittiham olunan Slobodan Miloşeviçi müdafiə elədi və müraciəti imzalayanlardan biri yazıçı Peter Handke 2019-cu ildə Nobel mükafatına layiq görüldü.

...Bütün hallarda yaradıcı insanın şəxsiyyətini onun əsərlərindən ayırmaq gərəkdir. Onsuz da tarixə ən çox onun yaradıcılığı həkk olunur, nəinki siyasi mövqeyi, konformizmi, qalmaqallı özəl həyatı və s.

...2011-ci ildə Fransanın mədəniyyət naziri, İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən, yazıçı Lui Ferdinand Selin haqda deyirdi ki, onun əsərləri antisemit baxışları səbəbindən fransız mədəniyyətinin ən yaxşı nümunələri sırasına daxil olmur.

Bütün hallarda bu kontekstdə Mario Varqas Lyosanın münasibətini çox doğru hesab edirəm: “Mən Selin kimi adama salam vermərəm, amma etiraf edim ki, onun iki romanı – “Gecənin sonuna səyahət” və “Kreditlə ölüm” – məndə çox dərin təəssürat buraxıb, məncə, bu romanlar şedevrdir və Prustdan sonra fransız ədəbiyyatının ən yaxşı nəsr nümunələrindəndir”.

# 3956 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #