Kulis.az Laslo Krasnaxorkainin “Ən son Turində” essesini təqdim edirik.
Macar rejissoru Bela Tarrın 2011-ci ildə çəkdiyi “Turin atı” filminin ssenaristlərindən biri yazıçı Laslo Krasnaxorkaidir. Onun “Ən son Turində” essesindən bir abzas filmə epiqraf seçilib. Filmə baxan hər kəs bunu bilir. Hər kəs bunu da bilir ki, son dərəcə təsirli, həyatın dibindən (bəlkə də qurataracaq nöqtəsindən) gələn ağrını özündə cəmləşdirən bu epiqraf və Nitşe əhvalatı filmdə “unudulur” və tam başqa mətləblərdən söz açılır. Ancaq bəzi şeylər yazıda və filmdə onun daha dəhşətli səbəblərini aramaq naminə unudulur. Filmdə insanın az qala gözlərinin içini ağrıdacaq mətləb göstərilib – zamanla həyat solğunlaşır, həyatda gördüyün məna itir, hər şey yoxa dirənir, yox olur. Bela Tarr müsahibələrində üzünü rejissorlara tutub deyirdi: mən görürəm, siz yeni şeylər icad edirsiniz, ancaq boş şeydir, bu dünyada hər şey biryolluq dəyişib artıq, nəyinsə dəyişəcəyinə ümid bəsləməyin...
Yüz il öncə, 1889-cu ildə, elə bu günə bənzər bir gündə Fridrix Nitşe Turində Karlo Alberto küçəsində yerləşən 6 nömrəli evinin qapısını açıb gəzməyə, ya da poçta məktub dalınca yollanır. Yaxında hansısa faytonçu tərsbaş atını bizləyir – bütün qəzəbiylə. Atı tələsdirir, ancaq əbəs yerə: heyvan yerindən tərpənmir. Adi insanlardan biridir – Cüzeppe, Karlo, Ettore..., nə fərqi var, - səbr kasası daşır və atı qırmancla döyməyə başlayır. Bildiyiniz kimi, bu zaman Nitşe qəzəblənir və bu qəddar mənzərəyə son qoyur, tamaşanın təşəbbüskarı isə artıq qəzəbdən titrəyir və bütün bədəni tər-qan içindədir. Möhtəşəm bığları olan uca boylu adam birdən özünü atın üstünə atır və zənnimcə bir az da gizlin məmnunluqla fəryad edərək atın boynunu qucaqlayır. İşlər müdiri qəzəbdən titrəyən Nitşeni evinə aparır, Nitşe səssiz-səmirsiz taxtın üstünə uzanır, iki ay beləcə daş kimi yatır, iki ayın tamamında tək bircə kəlmə deyir (“Ana mən necə də səfehəm”) və ağlını yüngülcə itirmiş halda hələ 10 il də anası və bacısının nəzarəti altında yaşayır. Bəs ata nə oldu, bunu kimsə bilmədi.
Bu elə öz-özlüyündə çox mübhəm bir olaydır – halbuki ona sorğu-sualsız inanmaq da olardı, - çünki məhz bu olay mənə bizim ruhumuzun acınacaqlı şəkildə fiaskoya uğramasını çox açıq şəkildə göstərir, əlbəttə mənanın itib qeyb olmasıyla bağlı ümumi faciəni. Fəlsəfənin sirli-sehrli, həm də məchul ulduzu, ümumbəşəri dəyərlərin parlaq əleyhdarı, həm də, təqlid edilməz nəhəng, çoxdan və tam qətiyyətlə xeyirxahlıqla rəhmi bir-birindən ayıran şəxs... nə üçün atın boynuna sarılır. Bu məqamda çox banal olsa da ancaq məntiqi sual doğur: niyə faytonçunun boynuna deyil, atın boynuna sarılır?
Baş verən hadisəni sifilisin səbəb olduğu fəsadlaşan iflicin tipik tutması kimi şərh edən doktor Mebiusa bütün hörmətimizə baxmayaraq, mən yenə də bu məqamda faciəvi yanlışın anidən dərk edilməsi sayəsində dəyən zərbənin izlərini görməkdəyəm. Uzun müddətli və üzücü mübarizədən sonra Nitşenin varlığı onun özünün ayrılmaz tərkib hissəsi olan şeytani düşüncə tərzindən qopub-ayrılmağa başlamışdı. Tomas Mannın fikrincə, bu yanılma həmin “rəzilliyin həyəcanlı peyğəmbərinin” həyatla əxlaqı üz-üzə qoyması faktından meydana gəlmişdi. “Həqiqi olansa budur ki, - deyə Mann əlavə edir, mənəviyyat və həyat ayrılmaz bir tam və bütövdür. Əxlaqsa həyatın dayağıdır, mənəviyyatlı insansa həyatın həqiqi vətəndaşıdır”. Mannın fikri nəcib və gözəldir: ancaq biz onun tövsiyyələrini dinləsək və sərbəst üzmək üçün (belə bir ideal dənizdə) vaxt ayırsaq belə, gəmimizi kimsə başqa bir şəxs yox, Turində olduğu kimi elə Nitşenin özü idarə edəcək, ancaq bu təkcə başqa dəryaların sularının da qatılmasını deyil, həm də əsəb sisteminin tam fərqli mexanizmə malik olmasını tələb edir; bundan başqa, bu məqamda qalınlığı gəmi kanatında olduğu tək polad əsəblərdən söz açmaq yerinə düşür. Bu kanatsa bizə doğrudan lazım olacaq, çünki nə qədər təəccüblü olsa da və Tomas Mannın sözləri bizi hara istiqamətləndirsə də, biz bəlli limana çatacağıq və... qeyd edək ki, bu həmin vəd edilmiş liman olsa da orada özümüzü onun vəd etdiyi kimi hiss etməyəcəyik.
Nitşenin Turin faciəsi hansı sirlərin üstünü açır: mənəvi qanunlara uyğun gələn həyat sərbəst və azad seçim deyildir, belə ki, əks olanı seçmək apriori mümkünsüzdür. Mən bu qanuna rəğmən də yaşaya bilərəm, ancaq məni onunla arasıkəsilməz şəkildə bağlayan gizli və həqiqətən qarşısıalınmaz gücdən xilas olmaq qeyri mümkündür. Ancaq yenə də əgər mənəvi qanuna zidd olan tərzdə yaşamağa başlasam, yəqin ki, özümə hansısa ümumi və miskin ictimai həyat təmin edə bilərəm, bu ortamda, Nitşenin öz sözləriylə desək, “yaşamaq və ədalətsiz olmaq – eyni şeydir”, ancaq vaxtaşırı olaraq məni məxsusi varolmanın mənasının xiffətini çəkməyə məcbur edən konflikti həll edə bilmərəm. Çünki bu ictimai həyatın bir hissəsi olmaqla mən eyni zamanda məlum olmayan səbəbə görə nəsə böyük, vahid və bütöv adlandırdığım nəsnənin bir hissəsi kimi yaşamağa davam edirəm, bu məqamda Kanta istinad da qaçılmazdır: bu böyük olan nəsnə varlığımda məskən salmış qanundur, onu pozmağın kədərli hüququyla birgə.
Burada biz artıq azmamaq üçün limana girişi nişan verən bakenlərin arasında manevr edirik. Kor-koranə manevr edirik: mayakda hamı yatıb və bu manevrlərimizi idarə edəcək kimsə yoxdu. Dünyanın mənəvi qanunun ali mənasını əks etdirib-etdirməməsi haqqında suallarımızı ildırım sürəti ilə udan toranlıqda lövbər salmalı oluruq. Beləcə, yavaş-yavaş bütün künc-bucaqlardan bizə tərəf yeni-yeni fəlakət ortaqlarının axıb gəldiyini müşahidə edərək bilinməzlik içində qalırıq. Onlara heç bir xəbrədaredici işarə verə bilmirik, gücümüz ancaq onları iztirabla dolu gözlərimizlə ötürməyə çatır. Bizə belə gəlir, elə belə də olmalıdır; uzaqdan bizə tərəf gələnlər isə bunu yaxında duyacaqlar – bu gün olmasa da, sabah, yaxud on və ya otuz ildən sonra....
Tərcümə etdi: Cavanşir Yusifli