Kulis.az Mahirin “Xəzinə” hekayəsini təqdim edir.
Payız günəşin sozalmaqda olan şüalarından qorunmaqçün qızılı çətiri başına çəkmiş, öz hüznlü gözəlliyi ilə hər yeri sarmışdı. Ağaclar vaxtlı-vaxtsız tökülən yarpaqlarından qüssələnsələr də diblərində yaranmış əsrarəngiz gözəllikdən, çeşidli naxışlardan təsəlli tapırdılar. Günəş yuvasından xeyli yuxarı qalxıb ətrafa boylanırdı...
Tapdıq kişi çiynini kəsən ipin ağrısından qurtarınca rahat nəfəs aldı. İşıqlaşandan daşıdığı odun şələsini bir kənara atıb üstü mamırlı ağac kötüyünün üstündə dincini almağa başladı. Şalvarındakı yamaqları gizlədirmiş kimi dizlərini qabarlı əlləri ilə qamarlayıb beynində hesab-kitaba başladı. Üç manatın hesab-kitabına. Hər gün səhər hamı şirin yuxuda olanda, o, uşaqlıqdan yaxşı tanıdığı meşənin canına düşər, pöhrəliyindən bildiyi, qurumuş ağacları kökündən baltalayıb bir şələ düzəldərdi. Hər gün addım-addım saydığı on kilometrlik ünvana vaxtında çata bilməkçün erkəndən yola çıxır və demək olar ki, hər gün buralarda dayanıb dincini alardı. Hətta onu tanımayan adam da yekə, qabarlı əllərini görəndə Tapdıq kişinin çörəyini min bir əziyyətlə qazandığını başa düşərdi. Həm çox yekə, həm çox qabarlı idi əlləri. Tapdıq kişinin apardığı haqq-hesab elə dərin də deyildi, elə sadə də. Üç manatlıq, ancaq bitməyən bir haqq-hesabdı. Odunun puluna evə qənd, bir də düyü almalıydı. Üstəlik arvad başını deşirdi ki, imkanlaşdır konfetdən, şokaladdan al, nəvəmizi görməyə əliboş getməyək, - bax burda hesab qarışırdı...
Müharibə bu yerlərə çatmamışdı. 5 il milyonların qanına susamış o ağır döyüşlərin Qarabağın bu məsum dərələrində-düzlərində izi belə yox idi. Amma qorxunc müharibənin özündən sonrakı acılarını bu insanlar hər gün yaşayırdı. Tapdıq kişinin də hər gün qırdığı ağaclardan çatıya toplayıb çiyninə atdığı şələ çoxunun daşımağa məhkum olduğu ağır yükün bir parçasıydı. Aclıq, imkansızlıq halallıqla, zəhmətlə yaşayan hər kəsin evinin çağırılmamış qonağıydı, Tapdıq kişinin evlərinin fəxri sakini. Yetimin işi nə vaxt düz gətirib ki? Yetim demişkən, atası İmanqulunu erməni-müsəlman davasında itirmişdi. Meşədə odun doğrayanda dörd erməni əlindəki baltanı alıb yazığın özünü doğramışdılar. O vaxt hələ bığ yeri tərləməmiş Tapdıq evlərindəki külüstür təkatılana sarı cumanda əmisi kəsmişdi qabağını. Kasıb olsa da sanballı, mərd, sözü kəsərli kişiydi əmisi Qurban. Tapdığa söz vermişdi ki, İmanqulunun qanını alacaq. Almışdı da. Rəhmətliyin qırxı günü qəbrinin üstündə iki erməni başı kəsmişdi. Qanından da Tapdığın alnına sürtüb demişdi ki, di rahat ol, get ailəyə böyüklük, kişilik elə. Ağır günləriydi, çox qırğınlar olmuşdu o erməni-müsəlman davasında. Böyük müharibə qurumuş çatlaqları örtən yağış kimi illərdi gizli-aşkar sürən düşmənçiliyə də son qoymuş, ağır bəla yaxınlaşdırmışdı milləti...
Tapdıq kişi Qızılı yarpaqlardan yerdə döşənmiş xalının naxışlarını dağıdıb ayağa qalxdı. Duruşu həmişə onu təəcübləndirən qayanın dibinə yaxınlaşdı. Bu qaya meşənin içində şalvarının dizlərinə vurulan yamaq kimi görünürdü. Kosa papağına oxşayan qayanın başı bir tərəfə əyildiyindən dibində kiçik mağarayabənzər yer yaranmışdı. Xrom sapoğuyla bu dəfə qayanın lap dibini eşələməyə başladı. Dincələndən sonra yola düşməzdən əvvəl bura işəmək onda vərdişə çevrilmişdi. Xəzəlləri kənara itəliyər, işini görəndən sonra yenidən yerinə qaytarıb islatdığı yeri gizlədərdi.
Hər dəfə də ürəyində özünə gülməyi tuturdu ki, kimdən gizlədir bu islanmış yeri. Bu dəfə xəzəlləri təmizləsə də fikirli-fikirli yumşaq torpağı eşələməkdə davam edirdi, görəsən bir gündə iki şələ odun daşıya bilər? Birdən gözləri ağzı torpağın üzünə çıxan yumru gil qaba sataşdı. Əyilib yaxından baxanda onun fikrini yayındlrıb işəməyinə mane olan bu əşyanın böyük kupə olduğunu başa düşdü. Qısa bir vaxtda küpənin ətrafındakı torpağı yarıya kimi qazıb onu çıxartmaq istədi, amma boğazından yapışıb güc versə də tərpədə bilmədi. Qabarlı əllər yenə işə girişdi. Yanında iri bir torpaq qalağı yaranandan sonra nəhayət ki, bu yekə küpəni tərpətmək mümkün oldu. Tapdıq kişi çətinliklə yerdən çıxardığı küpənin ağzını açanda heyrətindən qurudu - ağzına kimi qızıl pullarla doluydu! Sapsarı, par-par yanan, ətrafa istilik yayan qızıl pullar! Çığırmaq istədi, həyacandan səsi çıxmadı, toxunmaq istədi, əllərini yandırar deyə qorxdu! Eləcə küpənin böyrünü sığallaya-sığallaya əvvəl yerə çöməldi, sonra diz çökdü küpənin önündə! Ay Allah, bu qədər də qızıl olar? Görən nə qədər pul edər bu qızıllar? Ya da görən bir qızıl neçə şələ odun edər? İndi bunu hesablamaq olar? Tapdıq kişi gah küpəni sığallayır, gah da qızdırmalı adamlar kimi titrəyə-tirəyə meşənin sakitliyinə boylanırdı. Yavaş-yavaş fikirləri durulmağa başladı.
Bəxt üzünə gülmüşdü bu yaşdan sonra. Sən bir işə bax, daha odun satmağa da ehtiyac olmayacaqdı. Odun satmaq – atasını itirəndən elə rəhmətliyin baltasıyla davam eləmişdi dədə-baba sənətinə. Yəqin qismətdə bu günə qədəriymiş. Tapdıq kişi bir də səksəkəylə ətrafa boylananda gözü yerdəki odun şələsinə sataşdı. Bəs bunu neyəyim? Bu qədər əziyyətlə bura qədər gətirmişəm, Aşot kirvə də mənə arxayındı, odun gözləyir. Həm də az pul eləmir ha, ilin-günün bu vaxtında üç manat yaxşı puldur. Bir də yolun çoxunu gəlib, şəhərə nə qalıb ki. Bir az da götür-qoydan sonra Tapdıq kişi qərarını verdi: Küpəni həmin yerdə basdırıb odunu şəhərə aparmaq, orda axşamtərəfinə kimi ləngimək. Elə Aşotgildə oturar. Gərək kəndə qaranlıq düşəndə girsin, yoxsa o boyda küpəni gündüz evə aparmaq olar? Qərarı özünün xoşuna gəldi, Allah ağlı insana sənətinə görə vermir ki, varsa, qərar vermək də çətin olmaz. Tezliklə küpə bayaqkı yerində görünməz oldu, odun şələsi sevincək Tapdıq kişinin çiyninə mindi və bir küpə sevinc dolu xəyal Tapdıq kişini ciynindəki odun şələsiylə birlikdə şəhərə doğru uçurmağa başladı...
...Lotu Bayramın kefi o qədər köküydü ki, torpaq yoldan çıxıb meşənin içiylə kəsələmə mənzilin üçdəbirini necə gəldiyinin fərqinə belə varmamışdı. Meşənin içindəki əyri qayaya yaxınlaşanda uzaqdan Tapdıq kişini gördü. Ağlına ilk gələn bu oldu ki, zarafat eləsin Tapdıq kişiylə, xəlvətcə yaxınlaşıb sonra qəfil ayı kimi böyürə-böyürə cumsun onun üstünə. Ağacların arxasında gizlənə-gizlənə, ayaqlarını xəzəllərə usdufca basaraq Tapdıq kişinin on-on beş addımlığına qədər gəldi. Elə bərkdən “Böööö” eləyib irəli şığımaq istəyirdi ki, qəfil dayandı, heyrətlə Tapdıq kişini izləməyə başladı...
Camaatın Bayramın adının əvvəlinə qoşduğu “Lotu” ayaması bu yerlərdə tamam başqa mənada işlənirdi. Bayram kefqomluğu, yeyib-içməyi, gəzməyi ilə, yəni halallıqla qazanmışdı bu adı. Cavan, yaraşıqlı oğlanıydı Bayram, necə deyərlər, şəkil kimi. Səkkiz ay əvvəl gəlmişdi əsgərlikdən. Dədəsi Səfər kişi “Oğlum gəldi, day mən də bir rahat görərəm”, - deyə sevinsə də Bayram duruş gətirmədi kənddə. Əvvəl-əvvəl həftədə bir, iki həftədə bir qaçırdı ermənilərin artıq xeyli vaxtdı adını dəyişib Stepanakert qoyduqları şəhərə. Xankəndinə.
Hər gün tezdən üzün qırxır, gur saçların darayır, evdəkilərlə sağollaşıb işə gedirmiş kimi yollanırdı kefinin dalınca. Son vaxtlar hərdən gecələr də gəlmirdi evə. Deyirdi, yaxşı iş tapmışam. İnsafən, hər evə gələndə Səfər kişinin cibinə beşlikdən, onluqdan basırdı, deyirdi, az işlə, dünya beş günlükdü, oğlun ölməyib ki. Amma camaat danışırdı ki, Bayram hec yanda işləmir, varlı bir erməni qızının yanında kef çəkir, lotuluqla məşğuldur. Söz-söhbət elə-belə çıxmamışdı, Bayram həqiqətən yanını isti yerə vermişdi. Günü Dağlıq Qarabağın Mərkəzi Komitəsinin birinci katibi yoldaş Gevorkovun bacısı Nairanın evində gözəl Siranuşla eyş-işrətdə keçirdi.
Siranuş 19 yaşın təzə bitirmişdi. Bir iliydi Xankəndinin mərkəzi bazarının yanındakı qızıl dükanının müdiri Sumbatla evliydi. Daha dəqiqi, Sumbat Siranuşu alandan sonra qızıl dükanının müdiri olmuşdu, əvvəllər elə həmin dükanın yanında, bazarın böyründə sarı, qırmızı, yaşıl şirələrlə dolu su aparatının yanını kəsdirib su satırdı. Bəs necə oldu ki, adi bir susatan o boyda Gevorkovun bacısı qızın aldı? Bu evliliyin ssenari müəllifi Siranuşun anasıydı, Naira düz-qoş eləmişdi bu işi. Siranuş yaşına görə boylu-buxunlu, gözəlliyi, əndamı göz oxşayan qızıydı, daha doğrusu, qız deyildi, orta məktəbin son günü qızlığını da itirmişdi.
Sinif uşaqlarıyla məktəbi bitirməklərini qeyd eləmək üçün yığışıb Xankəndinin başındakı Darçay meşəsinə getmişdilər. Həmin gün içdikləri konyakın təsirilə Siranuş siniflərindəki yeganə azərbaycanlı oğlanın – Muradla həm məktəbə vida eləmişdi, həm də qızlığına. Axşam evə qayıdanda Naira qızının avazımış rəngindən bildi işin nə yerdə olduğunu. Nə qədər elədi Siranuş Muradın adını demədi. Naira da çox üstünə gedib xətrinə dəymədi ərkəöyün qızının. Ama elə gizlin-gizlin sakit, başıqapazlı bir ər axtarırdı Siranuşa ki, onu da tez-tez getdikləri qızıl dükanının yanında tapdı. Sumbat da şəhərin əksər cavanları kimi ağzının suyunu axıda-axıda Siranuşa baxırdı.
Naira qısa vaxtda işi düz-qoş elədi, Sumbatı aldı qızına. Susatan Sumbat oldu yoldaş Gevorkovun bacısı qızının əri, həm də qızıl dükanının müdiri. Əri dediksə də, Sumbat Siranuşa ər ola biləcək gücdə kişi deyildi. Qırx ilin başında özündə təpər tapırdı, onda da hər şey asılıydı Siranuşun kefindən. Siranuş tez-tez qızıl bəhanəsiylə dükana gəlir, kəndlərdən bazara gələn azərbaycanlı oğlanları müştəri gözüylə süzür, kişi axtarırdı.
Bir gün o baxışlar elə o baxışların axtarışı üçün şəhərə üz tutmuş Bayrama zilləndi, bax həmin o vaxtdan Bayram oldu Nairagilin evinin daimi hörmətli qonağı. Nairanın bişirdiyi dadlı yeməklərdən, ləzzətli turşulardan yeyir, bahalı içkilərdən içir, Siranuşun mərmər kimi bədənindən həzz alırdı. Sirr aramızda, imkan düşdükcə hələ öz gözəl əndamı, dik döşləri ilə çox gənc qıza daş çıxardan Naira da Bayramın kişiliyindən bəhrələnirdi. Kəndə getmək istəyəndə də şalvarının cibində adətən ya bir onluq, ya da iyirmibeşlik zühur edərdi. Bir sözlə, Bayramın həyatından narazalıq eləməyə səbəbi yoxuydu, elə-belə Lotu Bayram demirdilər ki ona.
Tapdıq kişi gecə yarısı rəngi də gecə rəngində içəri girəndə bayaqdan ərindən narahat, gözü qapıda qalmış Qaratel bərk qorxdu. Əlindəki qəndi, düyünü, kağız torbada rəngli konfetləri (Tapdıq kişi Aşot kirvədən dörd manat borc pul götürüb arvadın tapşırığını yerinə yetirmişdi) alıb sual dolu nəzərlərlə ərinə baxdı. Tapdıq xəstə adamlar kimi əsirdi, ama Qaratel nə qədər “Nə olub, a kişi?” deyə yalvarsa da heç nə demədi. Səhərə yaxın Qaratel ərinin sayıqlamasına yuxudan ayıldı. Tapdıq kişi “Hanı?!”, “Verin mənim küpəmi!”, “Hamısı mənimdir!” kimi rabitəsiz sözlər deyirdi...
Lotu Bayram birdəfəlik şəhərə köçmüşdü. Deyirlər, gətirib dədəsi Səfərin qapısına beş dənə sağılan inək bağlayıb, xeyli də pul verib. Özü də Xankəndində bir yaxşı ev, bir də şəhərin azərbaycanlılar yaşayan məhəlləsində torpaq alıb, ikimərtəbə ev tikdirir. Dədəsigilə deyib ki, hazır olanda gəlib sizi də aparacam. Hərə bir söz danışırdı. Kimi deyirdi, Bayram əsgərlikdə bir varlı qızla yaxınıymış, indi o qız Rusetdən çoxlu pul göndərib ona. Kimi deyirdi, Bayramın Xankəndində kef çəkdiyi qızın dayısı onu pullu işə düzəldib. Lotu Bayramın sinif yoldaşı Sarı Salman da and-aman edirdi ki, birlikdə yeyib-içəndə Bayram sərxoş olub ağzından qaçırdıb ki, xəzinə tapıb. Amma Sarı Salmana kənddə heç kim inanmırdı, bircə nəfərdən başqa...
11.07.2020