Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"

Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
9 iyul 2020
# 17:15

Kulis.az Təranə Vahidin Türkiyədə "Türk ədəbiyyatı" jurnalında çap olunan "Durna adam" hekayəsini təqdim edir.

...Yaddaşını küləklər daradıqca sümüyü sürmə olmuş anasının həzin laylasını eşidir, iki yaddaş arasında nə edəcəyini bilmirdi...

Əlif kişi payızda sümüklərini şaqqıldada-şaqqıldada evdən həyətə çıxar, köhnə kötüklərdən birinin üstündə oturub özünü guya günə verərdi. Belə vaxtlarda hardansa bir durna qatarı qaqqıldaşa-qaqqıldaşa kəndin, həm də elə payızın üstündən ötüb keçərdi. Əlif kişi başını qaldırıb pıçılğanlı gözləriylə göydə durna qatarını axtarar, koruş gözləri qara kölgələrdən başqa bir şey seçməzdi. Dişsiz ağzını marçıldadıb “Allahın altında dönüb durna olaydım. Qoşulaydım bu qatara, gedəydim dünyanın axırına. Ax, ax...” – deyib uzun-uzadı ah çəkərdi.

Bu dəfə də payız qapının ağzını kəsdirib alabəzək qanadını kəndin üstünə sərmişdi. Əlif kişi kötüyün üstündə oturub cani-dildən, ürəyinin lap dərinliyində insanlıqdan üz döndərib durna olmaq istəyirdi. Çox istəyirdi, lap çox istəyirdi eyyy....

Duaları eşidildi, əvvəl ruhu titrədi, yer-göy birləşdi, qoca, heysiz bədəni qayış kimi bərkidi, uzunboyun, uzunayaq, uzundimdik ağbaş durnaya çevrildi. Bircə yaddaşı üstündə qaldı, insan yaddaşına bir az da durna yaddaşı qarışdı. Kötüyə söykəli əl ağacı sürüşüb yerə düşəndə başı dən yeməyə qarışmış toyuq-cücə həyətdəki yad quşu görüb səs-səsə verdi.

Əlif kişinin gəlini Firəngiz səs-küy eşidib başıalovlu həyətə qaçdı. Kötüyün üstündəki durnanı görəndə əlini ağzına aparıb qıyya çəkdi:

- Boooyyy, bu durna hardan gəlib çıxdı?!

Arvadının səsi evdə mürgü döyən ərini diksindirdi. Nəcəf arvadının keçmiş-keçəcəyini söyə-söyə eşiyə çıxdı.

- Az, noolub, ay naxırçı Güləhmədin qızı, dünyamı dağılıb?

- Ə, noolajax, durniyə, bax, durniyə. Dimdiyinin uzunluğuna bax, ayaxlarına bax, dədənin evi yıxılsın, durna yeyəsi!

Nəcəfin gözləri ov görən çalağan kimi parıldadı. Pıçıltıyla:

- Az, səs salıb ürkütmə - deyib dalı-dalı geri çəkilib evə keçdi. Yan otağın pəncərəsini açıb eşiyə çıxdı, odunluğa gedib oduncaqların arasından əlinə keçəni götürüb pişiksayağı yerişlə durnaya yaxınlaşırdı ki, oğlu Hikmət hardansa peyda olub quşun qənşərində dimdik dayandı:

- Nətəhər də babama oxşayır, - deməyi ilə Nəcəfin salvanı qolazlamağı bir oldu. Salva durnanın başının üstündən vıyıltıyla keçib qızılgül koluna ilişdi.

Durna göz qırpımında havaya qalxdı.

Nəcəf durnanın dalınca gücü gəldikcə bağırıb, yağlı bir söyüş söydü. Hikmət gözlərini qıyıb mırıq dişlərinin arasından:

- Getdi - dedi.

Firəngiz əlini-əlinə vurub:

- Yediz!!! - deyib şaqqanaq çəkdi.

Nəcəf donquldana-donquldana evə keçdi, Hikmət gördüklərinin üstünə beşini də qoyub danışmaq üçün məhlə uşaqların yanına qaçdı.

Gödək payız günü dağın dalına keçib itdi, axşam düşdü. Evin külfəti malı-qoyunu, toyuq-cücəni, iti-pişiyi rahatlayandan sonra evə yığışdı.

Əlif kişinin yoxluğu da onda üzə çıxdı. Kişinin taxtın üstündəki bomboş yeri, söykəndiyi ipək mütəkkəsi, kəhrəba təsbehi, yay-qış üstündən düşməyən dama-dama köhnə şalı elektrik işığında birtəhər göründü.

Birdən-birə hamı narahat oldu, Firəngizin rəngi qaçdı. Günahkarcasına:

- Balam, hara getmiş olar bu kişi? - deyib çiyinlərini çəkdi.

Nəcəf gözünü oğlunun, arvadının üzündə gəzdirib dilxor-dilxor:

- Bax, düzünü deyin ha, birdən kimsə xətrinə dəyər kişinin, Allaha and olsun evi başınıza uçuraram! - deyib səsini qaldırdı.

Evdəkilərin ağızlarına su alıb durmaları onu təbdən çıxardı.

- O boyda kişi iynə olub samanlıqda itmədi ki?!

Firəngiz gözlərini çıpıb deməyə söz tapmadı.

Hikmət həyətə qaçdı, bir azdan Əlif kişinin əl ağacı ilə qayıdanda kişinin başına qəzavü-qədər gəldiyi gün kimi aydın oldu...

...Əlif kişi iynə olmamışdı, amma quş olub göyə uçmuşdu. Göylərin genişliyi, rahatlığı, azadlığı ağlını başından almışdı. Qocalıqdan canı qurtarmış, işıqsız gözlərinə haradansa işıq axmış, nəfəsinin yeri genəlmış, ayaqları, qolları quş kimi yüngülləşmişdi. Uzun qanadları enib-qalxdıqca, ürəyində “İlahi, kərəminə şükür, bəxtimdə durna olmaq da varmış” – deyib Yaradandan dualarını əsirgəmirdi. Göylərdə süzdükcə ovuc boyda kənddə doğulub, yaşayıb, ölməyin necə kasad olduğunu düşünürdü. Pambıq tayaları kimi yumşaq buludlara baş vurduqca lələkləri dincəlir, tər-təmiz havanı ciyərlərinə çəkdikcə yaşamaq, yaşamaq istəyirdi.

Yuxarıdan yer üzü ovuc içi kimi aydın görünürdü. Göllər güzgüyə, çaylar mavi rəngli lentə, dağlar torpağı qoruyan keşikçilərə bənzəyirdi.

Hansısa hiss, hansısa yaddaşı onu elə hey səsləyirdi.

Əlif kişi nə qədər uçduğunu, nə qədər qanad çaldığını xatırlamır. Bircə onu xatırlayır ki, ay işığında ağ-qara səslər eşidib yerə endi. Çayın kənarında köç salmış durna dəstəsinə yaxınlaşdı.

Onun gəlişi köçə qarışıqlıq saldı. Durnalar ögey, yad baxışlarla onu süzdü, durnabaşı açıqdan-açığa üstünə yeriyib çağırılmamış qonağı dimdikləyib qovmağa çalışdı. Əlif kişi bir ayağı üstə dayanıb köçündən ayrı düşmüş qərib durna kimi boynunu bükmüşdü.

Durna köçü dalğalandı, durnalar pıçıldaşdı, deyəsən, nəşələrini pozmaq istəməyib ağbaş durnanı başına buraxdılar. Əlif kişi çaya enib göz yaşı kimi dupduru, aydın suda yuyunub-darandı, çayın qırağındakı körpə otlardan, qum dənələrindən çinədanına atdı, sal daşın üstünə qonub mürgü döydü. Sən demə, durnalar da yuxu görürmüş. Əlif kişi durna yuxusunda gördü ki, müdrik bir durna qanadının ucuyla torpağın üstündə xətt çəkib durnalardan soruşdu:

- Kim deyər, xəttin o üzündə nə var?

Durnalardan biri:

- Xəttin o üzündə torpaq var.

Bu cavab müdrik durnanı qane etmədi.

Başqa bir durna:

- Xəttin o üzündə yadlıq var. Ora sərhədin o üzüdür, ora mənə yaddır, ora təhlükəli yerdi, - dedi.

Müdrik durna razılıqla başını tərpətdi.

Sonra müdrik durna həmcinslərinə son tövsiyəsini verdi:

- Yaddaşınıza yazın, durna üç iqlim, üç sərhəd keçə bilər. Dördüncü sərhəddi keçən, geri dönməyəcək.

Sonra durnalar yox oldu, müdrik durna Əlif kişiyə bərk-bərk tapşırdı ki, keçmişini yaddaşından silib atsın, durna olduğunu unutmasın.

Əlif kişinin yuxusunu durnaların səsi qırdı.

Durnabaşı uçub Əlif kişinin daşına qondu, onu dimdiklədi, gözlərinin içinə baxdı, dəstəsindən ayrı düşmüş durnaya nədənsə qanı qaynamadı, ağbaş durnaya inanmadı. Bunu Əlif kişi də duydu, amma neyləyə bilərdi. Dünyanı görmək, ölkələrin üstündən keçmək üçün nələrdən keçməmişdi?

Durnabaşı sonda Ağbaş durnaya dəstəsinin sonunda yer verdi. Əlif kişi sevindiyindən rəqs etdi, zərif durna rəqsi...

Ay işığını yer üzündən yığışdıramda dəstə havaya qalxdı...

Uçuş zolağında Əlif kişinin insan yaddaşıyla durna yaddaşı toqquşdu. İnsan yaddaşı onu keçmişə, durna yaddaşı gələcəyə səsləyir, iki yaddaşın arasında nə edəcəyini bilmirdi. Gün yarı olanda Durnabaşının xəbərdarlığını eşitdi:

- Hazırlaşın, bir azdan sərhədi keçəcəyik. Sərhədi keçəndə yaddaşımız silinəcək, keçmiş bütün sevinci, kədəri ilə heç olmamış kimi unudulacaq. Yeni yol başlayıb, yeni yaddaş yazılacaq!

Əlif kişi eşitdiklərinə mat qalmışdı. O, keçmişi unutmaq istəmirdi, keçmiş onun içində ürək kimi döyünürdü. İndi günəşli havaya, dadlı otlara, giləmeyvələrə görə yaddaşından keçəcəkdi? Kəndini, evini, ona doğma olan nə varsa hamısının üstündən xətt çəkəcəkdi? İnsan yaddaşını durna yaddaşına dəyişəcəkdi?

Əlif kişi ağ zolaqda - sərhəddin sərhədində dayandı. Bütün qəlbi titrəyirdi, bütün vücudu əsirdi, keçmişindən qaçmaq, keçmişindən ayrılmaq, keçmişini unutmaq ona ağır gəlirdi. Dəstə sərhəddən keçdikcə, yaddaşını itirirdi. Əlif kişi arzularının sərhədini keçsə də, Vətənin sərhədini keçə bilmədi. Yaddaşları silinən durnaların arxasınca uzun-uzadı, qanadları yorulanacan baxıb geri döndü.

Uçduğu yollar, keçdiyi sular, toxunduğu buludlar, dincəldiyi, nəfəsini dərdiyi torpaqlar ona nəğmə deyirdi. Əlif kişinin insan yaddaşını küləklər daradıqca çox-çox uzaqlarda sümüyü sürmə olmuş anasının həzin laylasını eşidir, göz açdığı kənd, gəzdiyi torpaq, yaşadığı vaxt onun yolunu gözləyirdi.

Günlərlə uçub öz yurduna yağışlı-çiskinli bir gündə qayıtdı.

Əlif kişinin yoxa çıxmasından yeddi gün keçirdi. Yağışın altında kəndin evləri hüznlü, kədərli görünürdü. Əlif kişi uzun yoldan sonra ürəyi döyünə-döyünə köhnə kötüyün üstünə qondu. Möcüzə baş vermədi, Əlif kişi dönüb adam olmadı. Səhərəcən köhnə kötüyün üstündə bir ayağını götürüb, o biri ayağını qoyub mürgülədi.

Səhəri gün ev sahibləri dəstəsindən ayrı düşən durnanı kötüyün üstündə görəndə çaşıb qaldılar. Üzünü tük basmış Nəcəf durnaya doğması kimi baxdı, Firəngiz qərib durnanı görüb ağlamsındı, Hikmət babasına oxşatdığı durnanın boynuna sarılmaq istədi.

Əlif kişi əzizlərinin ürəyindən keçənləri anladı, kötüyün üstündən yerə enib dən yeyən toyuq-cücəyə qarışdı.

Nəcəf:

- Ona toxunmayın, madam ki, bu qapıya pənah gətirib, qoyun kefi istədiyi qədər burda yaşasın, – dedi.

Bir vaxtlar sahibi olduğu həyətdə durna kimi yaşamaq çətin olsa da, Durna Adam hər şeyə razı idi, təki keçmiş xatirələrinin həzinliyi, yaşadığı illərin ətri, yaddaşının sərhədləri pozulmasın.

Vaxt keçirdi, Əlif kişi hər payız köhnə kötüyün üstünə çıxıb köç edən durnalara baxır, adam olacağı günü gözləyirdi...

# 4723 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #