Səhnəmizin gerçək primadonnası: Amma danışmasın!

Səhnəmizin gerçək primadonnası: Amma danışmasın!
1 avqust 2021
# 13:12

Kulis.az Günel Natiqin «Məhəbbəti yaradan müğənni” yazısını təqdim edir.

Uşaqlıqdan iki müğənninin varlığıyla qürur duymuşam.

Məktəb illərində xatirə dəftərlərindən tutmuş dövlət radiosunda hazırladığım proqramlara qədər səslə bağlı eşitdiyim suallara bir cavabım var idi: “Akif İslamzadə və Flora Kərimova”.

Səs, ifa tərzi, mahnı seçimi, səhnə mədəniyyəti... İkisi də yalnız müğənni deyil, həm də şəxsiyyətdir. Amma bu gün yalnız Flora xanımdan yazmaq istəyirəm, çünki onun günüdür: “Şərəf” ordeniylə təltif edilib. Amma ordenlə təltif edilməsəydi də, ən şərəfli, ən mərd sənətkarlardan biri kimi tarixdə qalacaqdı.

Radio günlərini xatırlayıram- Azərbaycan Radio və Televiziyasının ildönümü günlərində təşkil olunan konsertləri. Anam radiojurnalisti olduğundan uşaqlıqdan həmin özəl konsertlərin seyrçisiydim. Səhnəyə yürüyüb verəcəyim gül dəstəsini həyəcanla sinəmə sıxaraq səbirsizliklə Flora xanımın ifasını gözləyərdim.

Flora Kərimova bir qayda olaraq, Radio gününə hər dəfə yeni bir əsər hədiyyə edərdi və həmin ifa reytinqin mövcudluğundan xəbərsiz musiqi məkanında ən məşhur mahnıya çevrilərdi.

“Nəğmə olmaq istəyirəm, ay ana” mahnısı da ilk dəfə Radio günündə oxunmuşdu. Bütün zal vəcdə gəlmişdi, müğənninin “danışdığı” hekayətin sadə müdrikliyinə, balaca qəhrəmanın taleyinə diqqət kəsilmişdi.

Lojaların birində ona zillənən bir cüt göz də vardı- o mən idim, bu mahnıda mən də öz duyğularımdan nə isə tapmışdım.

Flora xanım sadəcə mahnı oxumur, mahnının taleyini yaşayır və hər bir dinləyicisinə bir neçə dəqiqəlik də olsa bu həyatın duyğu yükünü paylaşmağa dəvət edir.

Onun mahnıları mənim həyatımda xüsusi rol oynayıb. Yəqin, ilk məhəbbətimi də onun mahnılarıyla kəşf etmişəm.

“Səndən xəbərsizi”ylə həsrətim dost olub, məndən xəbərsiz.

Sonra “Bağışla” demişəm günahsız günahkar kimi.

O, sanki məhəbbətin özünü yaradır. Səsindən yeni bir məhəbbət doğulur. Əgər gecə- gündüz sevgidən danışsaq və yazsaq, yenə məhəbbəti belə gözəl ifadə edə bilmərik.

“Gün keçdi” filmindəki ifalarını- o əfsanə mahnıları unutmaq olarmı? “Düşürsən yadıma” və yaxud “Bir axşam taksidə”. O mahnıdan sonra bizim yaradıcı düşüncəmizdə payızın bir adı da Flora Kərimova olub. Həmin ifa filmin mahiyyətinin beş dəqiqəyə sıxılmış əksi idi və filmi xatırlamaq üçün o beşcə dəqiqəyə qulaq asmaq kifayət idi.

Flora xanım böyükdən kiçiyə kimi hamımızın ruhunu oxşayıb. Tıq-tıq xanımın oxuduğu həzin və məzəli mahnını xatırlayırsız? Böyük sənətkar kiçik xalq nağıl qəhrəmanının obrazını səxavətlə yaradıb.

Gözəl harmoniyadır. Uşaq nağılı peşəkar sənət səviyyəsinə yüksəlir, sənətkar isə nağıl ömrü yaşayır…

Flora xanımın yüksək peşəkarlığının nəticəsidir ki, səhnəyə gəldiyi gündən indiyə kimi ifaçılığına xələl gəlməyib. Onun səsinin yerində olmadığını, ya nə vaxtsa uğursuz ifa etdiyini kimsə söyləyə bilməz.

Əslində, bizim estrada səhnəsinin primadonnası həmişə Flora xanım olub, amma təvazökarlığından o ən yaxşı estrada ifaçısı adına heç vaxt iddia etməyib. O, musiqimizə çox töhfələr verib, musiqi xəzinəmizi zənginləşdirib, öz məktəbini yaradıb, bu məktəbdən faydalananlar olub və var.

Əsl sənətsevərlər Flora Kərimovanın dəyərini hər zaman bilib. Onun haqlı tənqidindən qıcıqlanıb haqqında hansısa xoşagəlməz ifadələr işlədən gənc və ya orta yaşlı musiqiçiləri isə sənət adamı hesab etmək doğru olmaz. Çünki musiqinin dəyərini bilən insan Flora xanım kimi sənətkara cavab verməyə haqqı çatmadığını anlayar. Sənətə göstərdiyi xidmətləri Flora Kərimovaya musiqiylə bağlı düşündüklərini dilə gətirmək, irad bildirmək, yol göstərmək haqqı verir. Və bu zaman qarşı tərəf ustad tövsiyəsi kimi onun söylədiklərinə sayğı duymalı, öz nöqsanlarını düzəltməlidir.

Belə situasiyalarda korifey sənətkarımız öz həddini bilməyənlərə cavab vermək məcburiyyətində qalır. Halbuki o, elə bir səviyyədə olan sənətkardır ki, özünün haqlı olduğunu sübut etməsi üçün kiməsə cavab verməyə ehtiyacı yoxdur. Flora Kərimovanın bircə oxumağı kifayətdir ki, hər kəs öz yerini anlasın.

Flora xanım son vaxtlar yurd həsrətini daha çox dilə gətirirdi, özünəməxsus həzinliklə “ürəyim doğma torpağı istəyir” deyirdi. Axı zaman keçdikcə vətən insanı daha çox özünə çəkir. Flora xanım həm də sənətkar fəhmi ilə hiss edirdi yurda dönəcəyi günlərin yaxında olduğunu. Ona görə səbirsizlənirdi. Sənətkarlarımızın Şuşaya gəlişi yalnız siyasət və hərb yoluyla deyil, həm də mədəniyyət yoluyla düşmənin üzərində qələbə qazanmaqdır.

Flora Kərimova elə müğənnidir ki, səsi insanı öz ardınca aparır. Lap həsrətdən, qürbətdən də oxusa, səni daşlı-kəsəkli yollardan deyil, hüzurlu, sevgi dolu ağ yolla aparır. Və o yolla getdikcə kamilləşirsən, dünyaya, insanlara sevgin artır.

Ramiz Rövşənin Flora xanım haqqında dediyi sözlərin həqiqətini unuda bilmirəm: “Onun səsində tale var”.

Və bu, hər birimizin taleyidir.

Nə xoş bizə ki, Flora Kərimovanın timsalında ürəyimizin simsarını tapmışıq, onunla öz duyğularımızı tapmışıq, tanımışıq, Nazim Hikmət demiş, bir az da insan olmuşuq, ümidli olmuşuq, həyatı, yaşamağı, sevməyi sevmişik.

Nəinki biz, bu ağlı-qaralı, gəlimli-gedimli dünya da borcludur sənətkarımıza. Çünki onun səsiylə özünü bizə sevdirib, bu ilahi səsi dinləyərkən onun faniliyini az da olsa unutmuşuq.

O dünya ki, Flora xanım möhtəşəm səsylə onun haqqında da öz əbədiyyət nəğməsini oxuyub:

“Dünya köhnə dünyadır, sevgiləri təzədir”.

Köhnə dünyada Flora Kərimovanın mahnıları ilk məhəbbət kimi təzədi, yenidi və yaşarıdı. Və bir 80 il də keçsə belə olacaq...

Yeni doğuluşunuz mübarək, Flora xanım!

# 5502 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #