Payız tökülür saçından - Yeni şeirlər

Payız tökülür saçından - Yeni şeirlər
11 dekabr 2019
# 14:47

Kulis.az Nazim Əhmədlinin yenicə çap olunmuş "Unutduğum göy üzü" kitabından seçmə şeiləri təqdim edir.

dünya bir yarpaq boydadı

ürəyimə bir səs düşüb,
bilmirəm, bu nə səsdi, nə;
qönçələr təzə doğuldu,
küləklər durub qəsdinə;

yaz gəldi, sular qaynadı,
göydə ulduzlar oynadı;
dünya bir yarpaq boydadı,
biz də qonmuşuq üstünə;

say görüm, dərdin neçədi,
ömrün bir yanı gecədi;
ürəyim sapdan incədi,
bir də, könlümü küsdürmə;

ötən günləri saymışam,
ruhumu söz-söz oymuşam;
bir dəstə çiçək qoymuşam,
həsrətin soyuq büstünə;

ütülürəm, ütüm-ütüm,
hara gedim, harda itim;
alışdırıb hara getdin,
gəlib baxarsan tüstümə.

ürəyim daha yoxdu

hardan gəldi bu ağrı,
ürəyimi nə sıxdı;
hansı yolu aradım,
gedib həsrətə çıxdı;

könlümü söz tutubdu,
ruhumu toz tutubdu;
elə bil, buz tutubdu,
canım yaman soyuxdu;

ömür-gün də azıymış,
sevgilər ayazımış;
uzaq sularda azmış,
könlüm tənha qayıxdı;

kimlər məni ağladı,
dərdimi qucaqladı;
qara bulud çağladı,
bilmədim, hara yağdı;

mən, niyə kür imişəm,
dinmirəm, kirimişəm;
onu sənə vermişəm,
ürəyim daha yoxdu.

yağışlı yuxu

yatanda elə yatırıq,
elə bil daşıq, yuxuda;
bilmirəm, gördüyüm nədi,
mən, bu qarışıq yuxuda;

fələk mənə göz-qaş atır,
göz-qaşını bom-boş atır;
o kimdi, mənə daş atır,
bu, bircə qaşıq yuxuda;

gözlərim niyə səyriyir,
buzlu bulaqlar əriyir;
üstümə dağlar yeriyir,
ruhum dolaşıb, yuxuda;

yenə tutub ağrım-acım,
bilmirəm ki, hara qaçım;
atam, anam, bir də bacım
hamı yığışıb, yuxuda;

yoluma bir yağış düşüb,
bir yağışlı yoxuş düşüb;
alnıma bir naxış düşüb,
bu nə naxışdı, yuxuda;

göy üzü gölmə-gölmədi,
sular yerə tökülmədi;
gecə buludlar ölmədi,
hələ yağışdı, yuxuda.

ürəyimə məktub

salam, necəsən ürəyim,
sinəmin altı necədi;
məni hər yana çapırsan,
mindiyin atın, necədi;

bu qələmim lələk deyil,
şair hələ mələk deyil;
hamı sənə ürək deyir,
adın, soyadın, necədi;

bezmədin canımdan mənim,
dərd ötmür yanımdan mənim;
doymursan qanımdan mənim,
qanımın dadı, necədi;

bilmirəm ki, qışam, yazam,
saçıma baxdım, bəyazam;
gərək sənə nəsə yazam,
şeir, bayatı, necədi;

bir gün gələn, bir gün gedər,
dərd-sərin məni əridər;
ürəyim, bir məktub göndər,
görüm, həyatın necədi.

unutduğum göyüzü

unutduğum göyüzü,
tanrıya daha yaxın;
burdan dağlar görünmür,
hardan boylanım, baxım;

dünya bağlı qalaça
gedib harda qalacam;
bir cüt qanad alacam,
yeri tutmur, ayağım;

mən daha nə görəcəm,
bağ becərəm, yer əkəm;
saçlarına hörəcəm,
çiçəklərin ən ağın;

ömrün qırışığı var,
dərdin qarışığı var;
üzümdə işığı var,
gözündəki çırağın;

günüm harda keçinə,
döndüm bulud köçünə;
nə yazılıb içinə,
alnımdakı varağın.

şəklimi divardan as

göy üzü yaman dolub,
buludlar daraq daraq;
gəl, uşaq olaq, bir az,
burda bir evcik quraq;

hərə bir çiçək üzək,
suların üstə düzək;
kağızdan qayıq düzəlt,
üzək, dənizi yoraq;

bulud harda yuxalır,
sular axıb yox olur;
ayrılıqlar çoxalır,
bizdən iraq, min iraq;

nə istədin, bu yazdan,
yel əsdi, aramızdan;
mən uçacam, bir azdan,
daha, əlimi burax;

daha saçlarım bəyaz,
mənə düşərmi, bu yaz;
şəklimi divardan as,
yadına düşəndə bax.

tanrı kimə vaxt verib

payız nə tez qayıtdı,
yarpaqlar sarı-sarı;
yenə döndü könlümə,
ürəyimin qubarı;

ulduzlar kürə-kürə,
gəldik, dərd görə-görə;
alnımdan düşüb yerə,
fələyin dərkənarı;

həsrətimə acıma,
əlini qoy ovcuma;
yağdı, qara saçıma,
bu qışın ağca qarı;

göy üzünün köçündə,
buludlar kündə-kündə;
bax, ovcumun içində,
cızıqlar, yarı-yarı;

tanrı kimə vaxt verib,
dərdi ikiqat verib;
deyir, orda çat verib,
babamızın məzarı;

bu nə səsdi, kiridi,
qəlbi dağlar əridi;
gecə yuxuma girdi,
göy üzünün kənarı.

ulduzların gözü var

gözümüzün kökündə,
şirin-şirin yuxular;
bu ömür ağacından,
hərə bir cür yıxılar;

nə yalan, nə gerçəkdi,
nə qardı, nə çiçəkdi;
gözümə pərdə çəkdi,
uydurulmuş nağıllar;

bu dərd yükü nə imiş,
yolu min sənə imiş;
görən, bu gümüş-gümüş,
sular hara axırlar;

fələk bizi küsdürüb,
dəli yellər əsdirib;
qapımızı kəsdirib,
nə istəyir, yağılar;

bu qar, hər yanı hördü,
itlər ulduza hürdü;
adamlar iki cürdü,
dəlilər, ağıllılar;

kimin mənə sözü var,
hərənin bir üzü var;
ulduzların gözü var,
göy üzündən baxırlar.

tanrı bizdən razı deyil

keçdiyimiz işıqfor da,
qaradı, qırmızı deyil;
sözdü də, cızıb gedirik,
yazdığımız yazı deyil;

kim işləyər, kim qazanar,
kim sərvət, kim qəm qazanar;
yüz il də, ömür uzanar,
heç bu da, bir arzu deyil;

bura kim gətirib, bizi,
imanlı, dinli, dinsizi;
kasıbın tox olur gözü,
heç nəyə tamarzı deyil;

kim tanrıdan haqq götürüb,
tac götürüb, taxt götürüb;
hərə bir çomaq götürüb,
bəşər qoyun-quzu deyil;

bilmədim, bu nə xınadı,
buz tutmuş sular qaynadı;
ağlımızı dərd oynadır,
gözəllərin nazı deyil;

iş bilirik, nə çox, nə az,
molla, dinbaz, quşbaz, işbaz;
başımıza dəyən qapaz,
özgənin qapazı deyil;

heç nəyi düz eləmədik,
ocaqda köz eləmədik;
dünyanı təzələmədik,
tanrı bizdən razı deyil.

hər şeyi, hər şeyi unut

hər şeyi, hər şeyi unut,
qorxma, ağrıdan-acıdan;
bax, biz yaşda adamların,
payız tökülür saçından;

indi də, dərdin yaşıdı,
bu da, fələk naxışıdı;
deyirlər, dünya yaxşıdı,
indi kim ölür, acından;

ötən sevgi çətin dönə,
saçlarını dara, günə;
bir el düşür qara günə,
tək bir axmağın ucundan;

o kimdi, bizi talayır,
ruhunuzu qurdalayır;
elə qızıl xırdalayır,
vicdanının hərracından;

axı, kim durub qəsdimdə,
boğuluram, öz tüstümdə;
şair bir kəlmə üstündə,
sallanır dar ağacından.

çin olurmu, yuxularn,
daha unut, nağılları;
ömrün-günün cığırları,
boylanıb baxır, ovcundan;

onsuz da, həsrət qarıyır,
dünyanı dərd-qəm darıyır;
bəşər yarımçıq yarıyır,
Tanrının ömür borcundan.

ruhuma savaş qayıdır

bu nə havadı bilmirəm,
deyən, yenə qış qayıdır;
ruhum havalanıb gedir,
canıma sərxoş qayıdır;

harda itirdim yaşımı,
ağrılar kəsdi qarşımı;
altına tutum başımı,
göy üzündən daş qayıdır;

qaldım uçuna-uçuna,
lənət, kafirin xaçına;
həsrətim gedir Laçına,
dönüb əliboş qayıdır;

nə karəyik, nə karə bə,
gül olduq, farsa, ərəbə;
el-oba qalıb xaraba,
evlərə bayquş qayıdır;

qar yağır, qışın içindən,
dərd çıxır, daşın içindən;
gözdəki yaşın içindən,
min illik yaddaş qayıdır;

ürəyimə düşən səsdi,
nə yaxşı, küləklər əsdi;
daha, qul olduğum bəsdi,
ruhuma savaş qayıdır.

Gallery

# 4014 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #