Özünü ingilis kimi göstərən gəncəli

Özünü ingilis kimi göstərən gəncəli
21 aprel 2021
# 10:26

O günləri Türkiyənin ən çox baxılan və sevilən proqramı "Çok güzel haraketler bunlar"a baxırdım. Ramazan bayramı ilə əlaqəli bir “skeç”də başı bağlı xanım ilahiyyatçıdan soruşur:

"Maska taxmaq orucu pozarmı?"

Sualın absurduluğuna o qədər güldüm ki...

İlahiyyatçı deyir:

"Sən maskanı yeyirsən?"

Ümumiyyətlə, bu Ramazan aylarında hər dəfə dəxilsiz suallar verən və oruc tutmağını gözə soxan tiplər olmasa, hər şey qaydasınca gedər. Qardaş, keçən il nə orucu pozursa, bu il də o pozur da, burda çətin nə var ki?

Ramazan ayının davam etdiyi günlərdə maraqlı bir video qarşımıza çıxdı. Videoda nə vardı? Bakıda küçədə maska taxmayan şəxs özünü yerə atıb bağırırdı. Polis də, başqa adamlar da yerdə bağıranın dərdini anlamağa çalışırdı. Özünü xarici vətəndaş kimi təqdim edən adam ingilis dilində qışqırır: "I can not breathe" (“Nəfəs ala bilmirəm”). Kənardan da hamı bir tamaşa kimi bunu izləyir. Teatrlar da bağlıdır axı. Xalqımız teatrlarsız qala bilmir. Darıxırlar. Onlara mövzu lazımdır. Tamaşa lazımdır. Əyləncə lazımdır. Axı nəyləsə başını qatmalısan. Sağ olsun, yerdəki adam da həmin gün xalqımızın darıxma hissini qabaqcadan duyaraq bütün istedadını işə salıb xarici dildə bağırmağa davam edib.

Bilmirəm, qardaşın sonrakı taleyi nə oldu, amma ortaya çıxdı ki, sən demə, ingilis dilində etirazını bildirən dostumuz Gəncə sakini imiş və cərimələnmək istəmədiyi üçün bu yola əl atıbmış.

O vaxtları piyada xəttini qırmızı işıq yanmadan keçəndə polislər marıtda durub səni gözləyir və cəriməliyirdilər. Qədim dövrdə, Nuh əyyamında olmayıb bu. Yaxınların söhbətidir. Camaat cərimə olunmamaq üçün bir gözləri əllərində sənəd tutmuş ciddi polisləri izləyir, o biri tərəfdən də işıqfora baxırdılar. Acınacaqlı vəziyyət idi. Mən özüm də cəriməyə düşməmək üçün əməlli-başlı tər tökməli olurdum. Polislərlə aramızda hər səhər, günorta, axşam bu cür qaçdı-tutdu oyunu baş verirdi. Biz cərimə olunmamaq, onlar da cərimələmək istəyirdi. Bəzən cərimələnəcəyini düşünənlər dabana tüpürüb qazonlara tərəf qaçır, polisləri geridə qoyurdular. Bəzən də cavanlar zarafatlaşmaq üçün qaçırdılar. Ən axırıncı variantlardan biri də ya özünü xarici kimi göstərmək, ya da rayondan gəldiyini demək idi. Bizim qonşu özünü Türkiyədən gələn qardaş kimi təqdim eləmişdi. Özü də bunu sonradan qəhrəmanlıq nümunəsi kimi danışırdı. Qonşumuz türçə danışa-danışa polisləri uyutmuş və oradan "kayb olmuşdu".

İnsan nə olur-olsun, kasıb ya varlı, cərimələnmək istəmir. Bu boşa pul xərcləmək kimi gəlir adama. Bir də heç kim cəriməyə düşüb biabır olmaq istəmir. Sanki cərimələnən damğalanırmış kimi gəzdiyini hiss edir. Ona elə gəlir ki, cəriməli olduğunu bütün şəhər əhli bilir və onun avamlığına gülürlər. Əcəb psixologiyadır. Hətta varlı adamların belə cərimə yeməmək üçün canfəşanlıq etdiyini görmüşəm.

Kasıb adam üçün isə cərimələnmək dəhşətlidir. Sinif yoldaşım pandemiya günlərində cərimələnmişdi. Özü də işə tələsdiyi vaxt. Bilmədən maskasız çıxıbmış, aptekə gedib alacaqmış, polis başının üstündə bitib. Dostum toylarda operator işləyirdi, toylar olmadığına görə başqa iş dalınca qaçdı və indi azdan-çoxdan qazanır. Üstəlik ailəlidir, iki uşağı var. İndi bu bədbəxt olanını da cəriməyə versə, ailəsini necə dolandırsın?

Başa düşürəm, maska taxmaq vacibdir, şərtdir, qaydadır. Lakin bir hovur nəfəsini almaq üçün maskanı çıxartmağı, yaxud yaddan çıxarıb taxmamağı böyük problem etmək pandemiyanın qarşısını almaq deyil. Camaat qaçdı-qovduyla bir tikə çörək qazanmaq üçün vuruşur. Onu da cəriməyə verəndə vəziyyəti qəlizləşir. Məcbur qalıb yalan deməyə, tamaşa qurmağa başlayır. Halbuki maskası olmayana sadəcə xəbərdarlıq etmək kifayət edər. Üstəlik açıq havada, ortalıq tünlük deyilsə maskanı taxmağın vallah-billah heç bir mənası yoxdur. Virusdan daha dəhşətli olan empatiya hissi qurmamaqdır. Sadəcə cəriməni yazıb kimisə bədbəxt günə qoymaq virusla mübarizə metodu deyil. Ona görə də o gəncəli balasıyla empatiya quranda bizim ümumi bəlamıza ağlamağım gəlir. O tamaşa bizim teatrların heç birində yoxdur. Çünki o tamaşa daha içdən və daha realdır - situasiyanın dəqiq təsbitidir. "Bilmem, anlata bildimmi?"

# 4172 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #