Moşunun “araq” söhbəti, yekə-yekə qarışqalar, qəbiristanlıqda eşitdiyim səs – Ramiz Əzizbəylinin dəfnindən reportaj

Moşunun “araq” söhbəti, yekə-yekə qarışqalar, qəbiristanlıqda eşitdiyim səs – Ramiz Əzizbəylinin dəfnindən reportaj
10 iyun 2021
# 17:02

Kulis.az Ulucay Akifin Xalq artisti Ramiz Əzizbəylinin dəfnindən reportajını təqdim edir.

Xalq artisti Ramiz Əzizbəyli də vəfat etdi!

Artıq 2021-ci ilin sənət, mədəniyyət düşməni olduğunu düşünməyə başlamışam və bu ilin mümkün qədər tez bitməsini arzulayıram.

Bu ildə neçə-neçə dəyərli sənət, mədəniyyət adamımızı itirdik.

Arif Quliyev, Tahir Salahov, Rafael Dadaşov, Yalçın Rzazadə, Eldar Quliyev, Musa Yaqub, Fikrət Qoca, Rəmiş, Baloğlan Əşrəfov, Zöhrə Abdullayeva, Aslan Hüseynov...

Siyahı uzandıqca, uzanır...

İndi də Ramiz bəyin vida mərasimindəyəm. Yeni Yasamalda köhnə “Xruşovka” binalardan birinin həyətində.

Əslində, elə də böyük izdiham yoxdur.

Böyük bir tut ağacının kölgəsində sənətkarın cənazəsinin gətirilməsini, ailə üzvlərinin, yaxınlarının onunla vidalaşmasını gözləyirik.

undefined

Tut ağacını seyr edirəm. Necə də nəhəng, əzəmətlidir. Elə bil, ağac vida mərasiminə toplaşan insanları günəşdən qorumaq üçün bütün gücüylə çalışır. Sərin meh əsir. Ağac bu həyətdə son anlarını keçirən sənətkarın xatirəsinə ehtiramla ahəstə yırğalanır. Sanki, içində ağı deyib ağlayır. Nazim Hikmət demiş, milyon əli var deyə, gözlərini gizlicə silir, ona görə göz yaşını görmürük.

Bizdən artıq qəhərlənən, kədərlənən, kövrələn bu qocaman ağacın kölgəsində yavaş-yavaş gəzişirəm. Onun xışıltısının həzinliyini pozmaqdan çəkinirəm.

Fikir vermişəm, bütün yas yerlərində adam eyni ahənglə hərəkət edir. Sanki görünməz bir əl bu hərəkəti tənzimləyir, adamı çərçivədən çıxmağa qoymur.

undefined

Ayaqqabılarımın altının tut şirəsinə batdığını hiss edirəm. Diksinirəm. Mənə elə gəlir ağacın göz yaşlarını tapdayıram. İxtiyarsız ayağımı tut olmayan yerlərdən atıram.

Nə vaxt küçədə tut ağacı görsəm, elə bilirəm, onun budaqlarından heç olmasa üç-dörd tut dərib yeməyə borcluyam. Düşünürəm ki, əgər həmin ağacın meyvəsindən yeməsəm, ağac məndən inciyəcək, küsəcək.

Abbas Kiyarustaminin “Albalı dadı” filmində hiss edirəm özümü. Məni hüznün ağırlığından elə bu göz yaşlarına bənzətdiyim tut meyvələri çıxarır. Çəkinmədən əlimi ağacın aşağı sallanan budağına uzadıram, ən iri, ağappaq tutlardan iki-üçünü dərib yeyirəm. Çox dadlıdır. Şirəsinin ləzzəti damağımda qalır. Özümdən asılı olmadan gülümsəyirəm və hiss edirəm ki, bu yas başqa yaslara bənzəmir. Sənətkar yası belə olmalıdır. Kədərli olduğu qədər də pozitiv, həyat dolu...

İllah da Ramiz Əzizbəyli kimi sənətkar ola!

undefined

Ölüm yatağında belə üzündən təbəssüm əskik olmadı.

Bir anlıq Ramiz müəllimlə kölgəsində dayandığım tut ağacı arasında şairanə bir bənzətmə axtarıram; sənətkarlar da meyvə verən ağaclar kimidir və biz onların məhsulunu “dərəndə” hər dəfə bu cür gülümsəyir, xoşbəxt oluruq.

Allah necə haqdır!

Ramiz müəllimin cənazəsi düz həmin tutun altına - ağacın göz yaşlarının üstünə gətirilir.

Ağlayan qadınların səsi, dua edənlərin pıçıltısı sərin mehə qoşulub ağacın ahəstə yellənən yarpaqlarınacan yüksəlir.

O qədər uzun çəkməyən vida mərasiminin ardınca dəfn üçün “Qurd qapısı” qəbiristanlığına yollanırıq.

undefined

Tut ağacına son dəfə baxıram. Ağac bu ayrılıq anında gözümə daha kədərli görünür. O da Ramiz müəllimi bir daha görməyəcəyini hiss edib üzülür. Kim bilir, bəlkə də bu ağac Ramiz müəllimin ən yaxın dostu imiş. Ola bilməz o cür duyğulu adam belə bir ağaca laqeyd qalsın. Bir yandan da “Bəxt üzüyü” filmində Hüseynin əkdiyi ağac yadıma düşür. Gözlərim üşüyür.

Məzarlığa çatanda içimdə bir ürpərti dolaşır. Yəqin, bu mistik dünyanın mahiyyətini anlamaq üçün hələ çox gəncəm. İllah da belə uzaq, unudulmuş qəbiristanlıq ola. Müxtəlif dillərdə adlar dəyir gözümə. Bu, içimdəki tənhalıq və qəriblik hissini daha da artırır. Özümə kənarda, sakit bir yer seçib dayanıram. Heç kimlə heç nə danışmıram.

Cənazə namazı qılınır. Mən insanlara baxıram. Belə həssas anlarda insanları müşahidə eləmək maraqlıdır. Xalq artisti Elxan Qasımov daha çox ev sahibi, el ağsaqqalı ədası ilə dayanıb. İmkan düşdükcə, mərasimə istiqamət verir, jurnalistlərlə danışır, gələnləri qarşılayır. Görünür, Ramiz müəllimlə dostluğundan əlavə, vəzifəsindən irəli gələn cəhətlər də var bu hərəkətində. Mən bilən, uzun müddət “Azərbaycanfilm”in Həmkarlar Komitəsinə rəhbərlik edib. Müsahibə verəndə söhbəti yekunlaşdırmaq üçün maraqlı bir söz işlətdi. Dedi, qalanını Ramizin yanına gedəndə deyərik...

#

Dedim, axı, hər yaşda qəbiristanlıq başqa cür görünür adama.

Bu yerdə “Bəxt üzüyü”nün Moşusu, Ramiz Əzizbəylinin bütün ölkəyə sevdirdiyi Valeh Kərimov Elxan müəllimin sözünü kəsir, Allah ömür versin deyir və özü Ramiz müəllim haqda danışır...

Gözəl sözlər, isti xatirələr, işıqlı kədər...

“Filmfond”un direktoru Cəmil Quliyev məmur obrazında göründü. Amma üzündə dost itkisinin ağrısı da vardı.

undefined

Başqa tanınmışlar üçün göz gəzdirirəm. Aktyor İslam Mehrəliyev dəyir gözümə. Daha sonra Ramiz müəllimin qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli... Arada danışdı da. Böyük sənətkar idi, - dedi - Allah bütün böyük sənətkarlarımıza rəhmət eləsin!

Amin, - dedim ürəyimdə.

Susuzluqdan çat vermiş torpaqda iri qarışqalar qaçışır. Fikir vermişəm, qəbiristanlıqda həmişə belə böyük qarışqalar olur. Həm də daha sürətlə gedirlər. Gah torpağın altına girir, gah üstünə çıxırlar...

Mollanın oxuduğu dua hələ də davam edir.

Üzərindən adlar silinmiş məzar daşları həyatın nə qədər fani olduğunu bağıra-bağıra çatdırır mənə. Günəş düz başıma vurur. Kölgəlik axtarıram, tapmıram. Bayaqkı tut ağacı üçün darıxıram.

undefined

Bir yandan da qulağıma Ramiz Əzizbəylinin sevimli səsi gəlir. O, təkcə aktyor, rejissor deyildi axı, həm də dublaj sənətinin ustası idi. Hələ, “Bəyin oğurlanması” filmində səhnədə oxuyan İsabalanı demirəm:

Araz axar lil ilə, Tello...
Dəstə-dəstə gül ilə, Tello...

Mən o mahnını Ramiz müəllimdən gözəl oxuyan görmədim.

“Bəxt üzüyü” filmindəki məşhur replikanı isə Valeh Kərimov salır yadımıza. Afaq Bəşirqızının təlaşla dənizə qaçmağı və Ramiz Əzizbəylini itələdiyi səhnəni deyirəm:

- Neylədün, ağəz?! Arağın tapılmayan vaxtında!

Bayaq tut yeyəndə üzümə qonan təbəssüm yenidən qayıdır.

undefined

Valeh Kərimov deyir, bu hissəni filmə elə Ramiz Əzizbəyli özü salıbmış. Həmin ərəfələrdə Ramiz bəyin doğum günü imiş və sovetdə olan yeni qadağalara, qanunlara görə, araq tapmaq müşkülləşibmiş. Ramiz Əzizbəyli də rejissoru olduğu filmdə bu hadisəni belə kiçik, amma unudulmaz bir səhnəyə çevirib.

Böyüklük də elə bu deyilmi?

Ramiz Əzizbəyli 9 yaşından aktyorluq sənəti ilə məşğul olmağa başlayıb. Bu səbəbdən, ən epizodik rolları belə peşəkarcasına oynayıb, unudulmaz səhnəciklər yaradıb.

#

Əslində, vida mərasimində də, dəfndə də gözlədiyimdən qat-qat az adam var idi.

Məlum səbəblərdən!

Ancaq bu, az adamın içində bir izdihamın sevgisi duyulurdu.

Ramiz müəllimin məzarının yanında Rəmişin, arxasında isə Arif Quliyevin qəbirlərini görürəm...

Sanki onlar da dəfndə iştirak edirlər.

Mənsə, başına gün vurmuş şair əhvalı ilə qarışqaları izləməyə davam edirəm. Amma şairdən artıq Ramiz müəllimin çox sevdiyim “Piverdinin xoruzu” filminin qəhrəmanına bənzəyirəm. Bu saat gizli bir kamera yaxalayacaq məni və nə deyəcəyimi, nə danışacağımı bilməyəcəm...

Molla dua oxuyur...

Salavat çeviririk...

Daha bir böyük şəxsiyyəti də belə torpağa tapşırırıq.

Məzarlıqdan çıxanda təəssüfümü bir cümlə ilə ifadə edirəm:

- Ramiz bəy, axı hara getdiniz, sənətkarın tapılmayan vaxtında?!

undefined

Fotolar: İlkin Nəbiyev

# 8870 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #