Məni sağ görməyəcəksən - Bircənin romanı

Məni sağ görməyəcəksən - Bircənin romanı
9 oktyabr 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Axşam Hakim qapımızı döyəndə Cavid qaçıb otağında gizləndi:

- Mən evdə yoxam.

Oğlumun çıxardığı hoqqanı qardaşıma him-cimlə anlatdım. Hakim yönü Cavidin otağına oturub danışmağa başladı:

- Aqil tapşırdı ki, get Cavidə denən onu əsgərlikdən saxladıram, başdansovdu toyunu eləyirəm, ev alıb içinə yığıram. Amma bundan sonra onunla biryolluq qurtarırıq, heç birimizi, heç səni də görməyəcək. Getsin qızgilin ailəsiylə yaşasın.

Ürpəndim, ürəyim qalxıb boğazıma tıxandı:

- Bu nə təhər olur, ay qardaş, - dedim, - uşağım harda, mən də orda. Özünüz deməmişdiz Cavidin işinə qarışmayacağıq?

- Nə vaxt qarışdıq? Ay bacı, Aqil əlaltdan adam salıb onların ailəsini öyrənib. Vallah bizlə onlarınkı tutmaz. Anası atasıyla necə davranırsa Nuriyyə də Cavidə elə üz göstərir.

Məni ağlamaq tutdu:

- İşə pəl vuran mənəmsə çəkilirəm qırağa, nolar uşağımı istədiyindən ayırmayın. Yol üstədi, bir il az ömür deyil.

- Qadan alım, ayırmırıq, deyirik ağıllı olsun, otursun Cavidin yolunu gözləsin, qayıdan kimi hərəmiz ona bir gün toy çaldıracağıq.

Qardaşımla xeyli çəkişdik – gah mən ona yalvardım, gah o mənə yalvardı. Qapıdan çıxa-çıxa Cavid eşitsin deyə bərkdən dedi:

- Özünüz də hazır olun, iki gündən sonra məclisimiz var. Zarafat deyil ey, balaca qardaşımız əsgər gedir...

Hakim çıxandan sonra arxasınca Cavid də götürüldü. Gecənin yarısınacan qaldım eyvanla evin arasında. Oğlum zənglərimə qarşılıq vermədi. Qardaşlarım da bir yerdə oturub bizdən cavab gözləyirdilər.

Öz gəncliyim özgə əllərdə puç olmuşdu deyə balamın qəlbinə qıymırdım. Razıydım gəlin məni heç istəməsin, təki oğlum xoşbəxt olsun. Yerimə qor dolmuşdu.

Firəngiz Nuriyyəni yığdı, o da cavab verməyəndə kıtılım vuruldu. Yeri-göyü, ayı-ulduzu harayıma çağırdım, ağaclara, böcəklərə, quşlara yalvardım, cəmi xilqətin xaliqinə əl açdım. Cavidə bir şey olardısa canımı fələyin caynağından hansı yolla qoparacağımı götür-qoy elədiyim vaxt telefonum özüm kimi zingildədi. Oğlum həyəcanlıydı, hətta elə bildim ağlayır:

- Anaaa!..

- Hay can, anan sənə qurban, - deyib hönkürdüm, - nolar evimizə gəl.

- Ana, yoldayam, gəlirəm. Dayım səni yığsa denən Cavid yatıb.

- O boyda kişini necə aldadım?

- Ana, nolar aldat, mən yoldayam, gəlirəm.

Aqil oğlumla nə danışmışdı bilmədim, zəng vurub mənə bunları dedi:

- Onun paltarlarını hazırla, çatan kimi çimib yatsın, özün də ondan heç nə soruşma.

- Sənə evdəyəm deyib?

- Cavid məni aldatdı, mən də üzünə vurmadım.

İçim əsirdi, nəsə qorxulu bir hadisə baş verəcəkmiş kimi uçunurdum. Cavid içəri girib soyundu, su içdi, sonra üstümə yeridi:

- Bu gecə səndən bir şey istəyəcəm, eləməsən məni sağ görməyəcəksən.

- Sözünü de, hədəylə danışmağı tərgit. Səni sevdiyindən heç vaxt ayırmaram. Nuriyyə mənlə yaşamaq istəmir, canı sağ olsun.

- Ana, bitdi o söhbət. Əmin oğluna xəbər ver tezdən məni hərbi hissəyə aparsın.

- Nə hissə, ay bala, dayıların səndən ötrü məclis qururlar, beh veriblər, sabah rayondakılar da gələcək.

- Əgər dediyimi eləməsən qaçacam evdən.

- Necə qaçacaqsan, hara qaçacaqsan? Ay balam, axı belə olmaz.

- Mən sözümü dedim – elə bu dəqiqə zəng vurursan, sonra telefonunu söndürürsən. Mən evdən çıxana qədər heç kimlə danışmırsan.

Oğlum tərəddüd elədiyimi görüb məni bildiyi yerimdən vurdu:

- Ana, mən onun xalasına, özünə son sözümü deyib gəlmişəm, sabah Bakıdan çıxmasam onlar məni yenə sındıracaqlar.

Cavid Tahir əminin hərbçi oğlu Elyarın nömrəsini yığıb telefonu qulağıma dirədi:

- Xeyir olsun gecənin bu vaxtı, ay nəslimizin göz bəbəyi.

- Lənət şərə, bizim kişi hərbi hissəyə getmək istəyir.

- Bəs biz danışmışdıq axı, Cavid andiçməyə on gün qalmış gedəsiydi.

- Qərarı özü verib, sabah tezdən çıxmaq istəyir.

- Baş üstə, tezdən onu Qobustana göndərmək mənim boynuma.

***

Oğlum telefonumu söndürüb divanın üstünə tulladı. Onun uşaqlığında, yeniyetməliyində, lap elə bu evə təzə köçdüyümüz vaxtlardakı kimi başladıq gözlərimizlə danışmağa. Gecəni yatmadıq. Qardaşlarıma xəbər verərəm deyə oğlum məni gözdən qoymadı. Məni də ayrılıq xofu üşüdürdü. Divanda bir-birimizə söykəli xeyli oturduq, yorulanda üz-üzə bardaş qurduq, içimi didən kəlmələrin heç birini dilimə gətirib övladıma deyə bilmədim.

İşıqlaşanda Cavidi aparası maşın blokun ağzında dayandı. Oğlum məni qollarının arasında möhkəm sıxıb saxladı, üzümə diqqətlə baxdı, alnımdan öpüb dedi:

- Ana, məni bağışla, bütün eşşəkliyimi bağışla.

Sonra onun çarpayısında yatmış Taylanın ayağından tutub dartdı:

- Qalx, əə, peysər, gedirəm vətəni, sənin kimi dılğırı qorumağa.

- Yazıq vatan, cırılsın onun cibləri.

Uşaqlarım bir-birinə sarıldılar, öpüşdülər, qoxlaşdılar.

Cavid:

- Qayıdanda səni öz yerində görüm, - dedi, - anam sənə əmanət.

- Get, ulan, annəmdə nə işin var. Nefertiti xalasıyla gəlib biz də içində evimizi yandırmasa sağ görəcəksən bizi.

Oğlum bir daha boynumu qucaqladı:

- Möhkəm olun, - deyib qapıdan çıxdı.

Pilləkəni qaçaraq düşüb aşağıda onu gözləyən maşına oturdu. Bir banka suyu maşının dalınca eyvandan aşağı atdım. Heç nə olmamış kimi əynimi dəyişib işə getdim.

***

Günü sakit başa vurdum, müsibətim evə qayıdandan sonra başlandı. Qızlar ortalığı yığıb-yığışdırmışdılar, Caviddən əsər-əlamət qalmamışdı. Paltarlarını, kitablarını, xırda maşın, qədimi pul kolleksiyalarını göz görməyən yerdə gizləmişdilər. Hamısının baxışı üzümə zillənmişdi.

- Yaxşı oldu, - dedim, - qoyun çıxıb getsin, yeriniz genəlsin, qulağınız dincəlsin.

Firəngiz bozardı:

- Xala, niyə elə deyirsən, Cavid bizə neyləyirdi?

- Neyləmirdi – ondan danış.

- Xala, onda günah yoxuydu, Nuriyyə aramıza girirdi.

Taylan divanda büzüşüb oğlumun saatını əlində tutmuşdu:

- Ya annəm, sənin oğlun başdan-başa karizmadı. Saatını, eynəyini, kəmərini, pulqabını mənə ərməğan etdi.

Firəngiz Taylana cocudu:

- O verdi, sən də yığdın qoltuğunun altına? Apar hamısını qoy Cavidin otağına.

Taylan dil altında qalmadı:

- Ya Topqapı külxançısı boydasan deyə qorxacammı səndən? Qardaşım bunları mənə bağışlayıb.

Aydan sakitcə atmacasını atdı:

- Ay qız, dəymə, Taylan onları taxıb şəhərə çıxan kimi Nuriyyə xalasıyla əlbir olub bunun dərisini soyacaq, qara böcəyi o kəmərlə boğub o saata baxa-baxa ölməyini gözləyəcəklər. Meyidini gətirib atacaqlar blokumuza, eynək də gözlərində.

Taylan qalxıb belinə bağladığı kəməri açdı, saatı da üstünə qoyub mənə uzatdı:

- Annəm, bunlar səndə qalsın. Qızlar düz deyirlər, onlar bunu yaparlar. O boyda İstanbul yolumu gözləyir, ölüb qürbətdə qalamam.

***

Cavidin gedişinin ikinci günü ən gərgin günüm oldu. Qardaşlarımın planını pozmağımız, oğlumu gizlicə yola salmağım onları yaralamışdı. Hakim hikkəsindən göyərmişdi:

- Niyə bunca əziyyətimizi yerə vurdunuz, uşağı niyə kimsiz-kimsənəsiz yetim kimi yola saldın? Hansı günahımızın cəzasıydı bizə verdiyin? Elə bilirsən biz onu sevdiyindən ayırmaq istəyirik? Sənə yazığımız gəlir, istəmirik əməyin puça çıxsın.

- Heç kəsin mənə yazığı gəlməsin, uşağımı rahat buraxın.

- Paho, elə bilirsən o tək sənin uşağındı? Belə otlayan idin niyə arıq düşdün?

- Arıq niyə düşürəm, sizdən kömək istəyəndə arıq oluram?

- Sən kömək istəmək yox ey, o bizi g*tünə silib atan oğlandan ötrü vur başımızı yar, cibimizi soy, belə anamızı ağlat. Amma mənim uşağım deyib yaxanı qırağa çəkmə.

- Bəli, mənim uşağımdı! Körpə vaxtı bir tikə çörək vermisiz deyə indi ona ağalıq eləyəcəksiz?

Qardaşım mat qalmışdı, qulaqlarına inanmırdı:

- Boy, sağ ol vallah, barı elə danış bunları Aqil, Səməndər eşitməsin. Uşağı buraxaq başlı-başına? Elə bu dəqiqə Elyarı götürüb gedirəm Cavidin dalınca.

- Getməyəcəksən, qoymayacam.

- Niyə?

- Oğlum belə istəyib, mənə and içib ki, qardaşlarından kimsə dalımca gəlsə qaçacam, fərari olacam.

- Qanla gələn sümüklə çıxar. Mənim qorxduğum elə buydu – Cavid yükünü təpəyə yığan kimi qaçacaq əmilərinin yanına, bizi adam yerinə qoymayacaq.

- İmanını yandırma, oğlum əmilərini tanıyırmı heç, yer-yurdlarını bilirmi?

- Sənin oğlun belə gedişiylə bizim imanımızı odsuz-ocaqsız yandırdı, - deyib qardaşım hönkürdü.

- Dəlisən, niyə ağlayırsan, - dedim, - qoyun görək təkbaşına nə qədər duruş gətirə biləcək. Vallah qonaqlığı da özü istəmədi, dedi qayıdanda eləyərik.

- Qızdan nə xəbər var?

- Səs-səmir yoxdu.

- Elə bilirsən Cavid canını qurtardı onlardan? Özü yerini bildirəcək.

- Baxaq görək necə olur. Sən tanrın Aqilə də denən: dəyməyin Cavidə, yazıqdı. Qoyun həyatını özü bildiyi kimi qursun.

- Ay bacı, bizim onun həyatıyla nə işimiz var? Biz istəyirik sən ortada qalmayasan.

- Təki Cavid xoşbəxt olsun, məndən nigaran qalmayın...

Aqildən zəng gələndə ayaq üstə keçindim, elə bildim Cavidə əli çatmır deyə ağzının odunu mənim üstümə tökəcək. Fəqət tam yanılmışdım, mənim ana şəfqətli, ata mərhəmətli qardaşım qulağıma pıçıltıyla bunları dedi:

- Cavid hamımıza dərs verib getdimi, bizdən intiqamını aldımı?

- Sizlik bir şey olmadı, qız onu bezdirdi.

- Deyəsən mən də qəddarlıq elədim. Bəlkə bir bəlgə aparaq, neylirik onun valideynlərini, qızı da içimizə qatıb tərbiyələndirərik.

- Ay Aqil, deməsinə görə Cavid hər şeyi bitirib getdi. Xalası məni söyəndən sonra uşaq dəyişdi, qəddarlaşdı.

- Zaman hər dərdin dərmanıdı, gözləyək görək nolacaq. Kefini pozma, oğlun qayıdanda ona bir şadyanalıq eləyəcəm ki, səsi burdan kəndimizə gedib çıxacaq...

***

Qardaşımla danışandan az sonra Nefertitinin xalası evimizdə həyəcan zəngi çaldı, telefonu götürməyimlə üstümə hücuma keçdi:

- Hanı Cavid? Uşağımıza bir şey olsa ana-bala ikinizi də tutacaqlar.

- Sən Allah düz deyirsən?

- Ələ salırsan məni? Neyləmisən oğlunu, sirkə içib e Nuriyyə!

- İçməyə başqa şey tapmırdı?

- Allah sənin üstünə od yağdıracaq! İki sevəni niyə bir-birindən ayırırsan?

- Sevənləri ayıranlara nəsə olduğunu heç görmədim. Bir də niyə ayırım ki, əvvəl-axır oğlum kimləsə evlənəcək də.

- Elə düz deyirmişlər, təkuşaqlı ana qısqanc olurmuş.

Elə bildim ətim zıldırlayıb dərimin altından axıb topuqlarıma töküldü. Zöhrə xalanın ayaqlarını yerə vura-vura otağımıza girməyi, sürüşmüş yorğanı oğlunun kürəyinə çəkməyi xəyalımdan kino epizodu kimi keçdi. İşdən evə yorğun gələn oğlunu əlləriylə yedizdirməyi, yatağını açıb onu uşaq kimi yerinə uzatmağı, qapının ağzındakı divanın üstünə bir adyal atıb üzümə baxmadan “Ay gəlin, oğlum yorğundu, sən bu gecə burda yatarsan” deməyi gözlərimdə canlanıb qulaqlarımda səsləndi.

Daha sonra qarşımda yeni səhnə açıldı: Cavid evlənib, mənsə təzə gəlinlə oğlumun arasında uzanmışam...

- Bura bax, sənin də oğlun var, - dedim, - onu gəlinə qısqanacaqsan? Murdar danışıb könül bulandırma, oğlumun harda olmağı sənə qalmayıb, get qızını sakitləşdir.

- Sən elədin hamısını! Gecəylə qardaşların Cavidi zorla xaricə göndəriblər, elə bilirsən xəbərimiz yoxdu?

- Allah ağzından eşitsin, yalandısa gerçək olsun.

- Sənin öyrətmənlə oğlun bizi atmaz, harda olsa yerini nişan verəcək.

- Ay bacı, bunu bilirsənsə daha məni niyə yorursan? Siz Nuriyyəni qoruyun, Cavid harda olsa özünü sizə yetirəcək.

- İnşallah! Oğulu doğmaqla deyil ki, gərək arxasında axıra qədər durasan. Gün gələcək onlar evlənəcəklər, bax onda səni oğlunla gəlininin üzünə həsrət qoymasam ləçəyim ləçər ləçəyi olsun.

- Elə bil ki, arzuna çatmısan. Bizim əşyalarımızı hazırla, gəlib götürəcəyik.

- Onları bizdən ancaq Cavid ala bilər. Ləçər də, qancıq da, qara keşiş də – hamısı sənsən.

- Bayaqdan it kimi hürən, bayquş kimi ulayan kimdi görəsən, - deyib telefonu söndürdüm.

Amma qadının ürəyi soyumadı, Firəngizin, Aydanın telefonlarını axşama kimi zingildətdi, di gəl, bizdən cavab ala bilmədi. Yatana yaxın tanımadığım bir nömrədən zəng vurdu:

- İt sənsən, sənin nəslindi, - deyib telefonu söndürdü.

Bundan sonra xalamız rahatlaşdı. Onun bir ağız hürüb son söz özünün olsun deyə telefonu tezcə qapatmağı axşam-axşam bizi ürəkdən güldürdü.

# 9605 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #