Missiyada ağlamağım - Humay Quliyevanın yazısı

Missiyada ağlamağım - Humay Quliyevanın yazısı
1 may 2021
# 12:00

Kulis.az Humay Quliyeva "Missiyada ağlamağım" adlı hekayəsini təqdim edir.

Bu hekayə missiyada necə ağlamağım haqdadır. Üç il yarım ərzində iki dəfə ağlamışdım.

Missiya rəhbəri Tina mütləq bufer zonanın arxasında, separatçıların nəzarətində olan kəndlərə yardım aparmağımızı istəyirdi. Deyirdi ki, harada yaşayırsa-yaşasın, mülki əhaliyə kömək göstərmək təşkilatımızın neytral, tərəfsiz mövqeyini nümayiş etdirir. Rəmzi baxımdan vacib idi. İkinci Dünya müharibəsindən sonra sülh şəraitində yaşayan Ukraynada Beynəlxalq Qırmızı Xaç Komitəsini demək olar ki, tanınmırdılar. Bir də maddi ehtiyac məsələsi vardı. Təmas xəttinin hər iki tərəfindəki kəndlər aclıq çəkirdi, insanlar dilənçi kökünə düşmüşdü. 2015-ci ilin sərt qışının dəhşətini yaşayırdılar. Separatçıların nəzarətindəki kəndlərdə vəziyyət daha acınacaqlı idi. Bu ərazilərdə Ukrayna hakimiyyəti yox idi. Separatçıların başı müharibəyə qarışdığından idarəçiliklə maraqlanmırdılar. 2014-cü ilin dekabrında Donetskdə nümayəndəlik açılmışdı. Amma Debaltsevedə və Donetskin özündə yaranmış böyük çətinliklərə görə Qırmızı Xaç heyəti vəzifəsinin öhdəsindən gələ bilmirdi. Bu Allahın da unutduğu kəndlərə çox uzaqda idilər və işlərini görməyə çatdırmırdılar. Missiyanın yerləşdiyi Mariupola isə yaxın idilər. Arada təxminən 20 kilometrlik məsafə vardı. Amma biz də problemlə üzləşmişdik. Tinanın əlində missiyaya təhlükəsizlik zəmanəti verəcək və humanitar yardımın çatdırılmasına vasitəçilik edəcək yerli komandirlərdən heç birinin əlaqə nömrəsi yox idi.

ATƏT-in Mariupol ofisinin əməkdaşları separatçıların nəzarət etdiyi Oktyabr və Zayçenko kəndlərinə gedib-gəlsələr də onların öz kontaktlarını Tina ilə paylaşmaları qadağan idi. Amma onun vizit kartını komandirlərdən birinə çatdırmağa söz vermişdilər. Con dedikləri bir nəfər haqda danışırdılar. Ərəb olduğunu deyirdilər. Yadımdadır ki, bir ərəbin hansı səbəbdən özünə belə yöndəmsiz və sırf amerikan nom de querre (çağırış adı – ispanca) seçməsi mənə qəribə görünmüşdü. Təəccüblənmişdim ki, ərəb haradan gəlib separatçılara qoşulub? Rusiyaya bəslədikləri nifrətə görə öz batalyonlarında birləşib savaşa qoşulan gürcülər və çeçenlər, yaxud adrenalin axtaran avropalılar az deyildi. Amma ərəb? Həqiqətən də müharbə vaxtı çox qəribə işlər olur.

Şəhər mərkəzində, “Mamma Mia” pitseriyasında oturmuşduq. Birdən Tinanın telefonuna naməlum nömrədən zəng gəldi. İçəridə adam çox idi. Tina telefonu qulağına sıxıb həyətə çıxdı. Qayıdanda gözləri parıldayırdı, üzündə qələbə sevinci vardı.

- Danışan Con idi, - dedi. Həyəcanının çətinliklə gizlədirdi. – Ona ofisdən zəng vuracam.

Ofisə çatanda məni otağına çağırdı.

- Sən burada əməlli-başlı tanınırmışsan, əziz qızcığaz! – dedi.

- Başa düşmədim.

- Con soruşdu ki, komandamda müsəlman qızı var? Əvvəl bir az fikrə getdim. Sonra başa düşdüm ki, səni deyir.

- Qəribədir!- Təsəvvür edə bilmirəm ki, bu Con haqqımda haradan eşidib?

- Nə deyim? Amma iki gün sonra onunla Oktyabr kəndində görüşəcəyik. Yəqin ki, ora yardım aparmağımıza köməyi dəyər.

- Yaxşı plan qurmusan, - dedim. Separatçı komandirlə, üstəlik də ərəb muzdlusu ilə ünsiyyət həyəcanlandırıcı görünürdü. Əslində isə separatçının müsəlman olması kefimi pozmalı idi. Yəqin ki, bir müsəlman kimi mən də onu məyus edərdim.

- Sən Qurandan bir şey bilirsən? –Tina soruşdu.

- Kəlmeyi-şəhadəti. Bir də Fatihə surəsinin yarısını.

- Heç nə bilməməkdənsə, bu da yaxşıdır.

- Elədir, -deyə razılaşdım.

İki gün sonra Knutovo nəzarət-buraxılış məntəqəsindən keçdik. Əsgərlərə bufer zonada olacağımızı dedik. Xahiş etdik ki, atəş açmasınlar. Neytralkada sakitlik idi. Separatçılar tərəfdə bizi hərbi CİP gözləyirdi. Con maşının yanında dayanmışdı.

- Salam, - deyə yaxınlaşdığımızı görəndə dilləndi.

-Əssalamü əleyküm - dedim. Əl uzatmaqla bağlı qərar verə bilmədiyimdən bir anlıq tərəddüd keçirdim.

- Siz Bakıdansınız?

Məni sanki cərəyan vurdu. Elə bildim sifətim əyildi. Yalnız bir neçə saniyədən sonra başa düşdüm ki, qarşımda dayanan Con soydaşımdır. Və mənim Bakıdan olub-olmadığımı soruşur. Özümdən asılı olmadan:

- Bəli, - dedim.

- Burada nə iş görürsünüz? – deyə öz dilimizdə soruşdu.

- Bəs siz burada nə edirsiniz? – mən də eyni sualı verdim. – Yaxşı, gəlin rusca danışaq ki, mənim bossum da başa düşsün.

Con dedi ki, bəxtini sınayan əsgərdir. Muzdludur, sözün qısası “nayomnik”dir.

- Suriyada, Əfqanıstanda, İraqda olmuşam. Yeddi ildir ki, bu işdəyəm. Əlbəttə, ukraynalılar tərəfdə vuruşmağı çox istərdim. Amma az pul verirlər.

Con hər dəqiqə Azərbaycan dilinə keçmək istəyirdi. Bir anda gözümdən düşmüşdü. İstəmirdim ki, eyni millətdən olmağımız saxta yaxınlıq təəssüratı yaratsın. Onu ərəb zənn etdiyimə görə ürəyimdə özümü səfeh adlandırırdım. Rus dilində güclü aksentlə danışırdı. Bilmirəm, bir işə yaramayan ATƏT əməkdaşları qafqazlı ilə ərəbi necə səhv salmışdılar? Özü də çoxu keçmiş sovet ölkələrindən gəlmişdi. Ukraynada postsovet vaxtından işləyirdilər.

Con Qırmızı Xaç Komitəsindəkilərin hamısının casus, Qərbin oyuncağı olduğunu dedi. Onlara inanmağın qeyri-mümkünlüyü haqda əllaməlik eləməyə başladı. Nəzarət-buraxılış məntəqəsini keçməyə qoymadı ki, ağır texnikanı görə bilərik. Humanitar yardım gətirməklə bağlı təklifimizə bir cavab vermədi.

Qəfildən təpənin arxasından piyadaların döyüş maşını çıxdı. PDM-nını heç vaxt belə yaxından görməmişdi. Çox zəhmli təsir bağışlayırdı. Üstündə iki əsgər oturmuşdu. Atəş səsi eşidildi.

- Haradan atdılar? – deyə Tina soruşdu. O, çox həyəcanlı idi. Narahatlığı səbəbsiz deyildi. Bizim bufer zonada olduğumuz müddətdə tərəflər atəşkəsi pozmamaq haqda centlmen razılaşmasına gəlmişdilər. Con pis-pis gülüb sualımızı cavabsız buraxdı. Pırtlaşıq saqqalı, belindən düşən hərbi şalvarı ilə çox yaramaz bir tipə bənzəyirdi. Həmin anda ürəyimdən onu yumruqlamaq keçirdi.

Yenə yaxınlıqda atəş açıldı. Tina Knutovodakı kontaktımıza zəng vurdu. Dedi ki, qayıdırıq. Bayaqkı BMP sürətlə getdiyi kimi tez də geri döndü. Nəzarət-buraxılış məntəqəsinin baryerindən içəri yuvarlanıb yoxa çıxdı.

Özümüzü maşına atdıq. Çox bərk gedirdik. Beş dəqiqəyə Knutovaya çatmışdıq. Havada gərginlik vardı. Nəzarət-buraxılış məntəqəsində hərəkətlilik hiss olunurdu. Əsgərlərdən biri qarşımızı kəsib diqqətlə üzümüzə baxdı.

- Медики есть?

- Yox, - deyə cavab verdik.

Gözüm səkinin üstündə uzadılmış yarasından qan axan əsgərə sataşdı.

- Keçin, keçin! –deyə digər əsgər bağırdı. –Burada dayanmayın.

Ofisə qayıtdıq. Sürücümüz Sergey baş verənləri danışdı. Separatçıların qəfil atəşi nəticəsində Knutovo postundakı əsgərlərdən biri yaralanmışdı. Təcili yardım gəlib çıxana qədər keçinmişdi.

Tinanın otağına girdim.

- Hər şeyin səbəbkarı bu alçaq Condur, - dedim. - Bizim orada olmağımızdan istifadə edib posta atəş açdırıb.

- Bunu əminliklə deməyə əsasımız yoxdur. – ağappaq ağarmış Tina pıçıldadı.

- Yox, elədir ki, var, Tina! – dedim. –O alçağın işidir.Ukraynalılar bilirdilər ki, biz neytral zonadayıq. Ona görə atəş açmazdılar. O da bizim sağ-salamat gəldiyimizi görən kimi atmaq əmrini verib. Aman Allah!

Tibbi kömək gözləyən gənc əsgərin əzab dolu sifətini, onun səkiyə uzadılmış qan içindəki yaralı dostunun zavallı görünüşünü, nəzarət-buraxılış məntəqəsində hökm sürən həyəcanı yadıma salıb hönkürə-hönkürə ağlayırdım. Artıq qan tökülmüş, günahsız adam öldürülmüş, qanlı xaç suyuna salınmışdı.

Gecə yarısı Condan telefonuma mesaj gəldi.

“Siz mənə bacı kimisiniz, - yazırdı. – Biz evimizdən çox uzaqdayıq. Nə lazım olsa, mənə güvənə bilərsiniz. Bu gün görməli olmadığınız şeylər gördünüz. Axı sizin kimi gənc bir qızın burada nə işi var?”

- Bu adam xəstədir, -deyə düşündüm. Təbii ki, cavab yazmadım.

Bir ay sonra yerli qəzetlərdə kod adı Con olan separatçının Şirokinodakı döyüşlərdə yaralandığını oxudum. Onu Novoazovsk hospitalına çatdırsalar da həyatını xilas etmək mümkün olmamışdı. Xəbərə sevinmədim. Amma kədər hissi də keçirmədim. Sadəcə əsl adını maraq edirdim. Sonralar birlikdə vuruşduqları və hökumət qoşunlarına əsir düşüb Mariupola gətirilən bir separatçıdan sualıma cavab ala bildim. “Onun adı Cavanşir idi” – dedi. Lovğalanırdı ki, Azərbaycan dilindən tərcümədə mənası “молодой лев” deməkdir...

***

Qəhvənin ətrini istəyirəm. Qəhvənin ətrindən başqa heç nə istəmirəm. Keçən günlərdən qəhvə ətrindən başqa heçnə istəmirəm. Ona görə can atıram ki, özümü toparlayım, ayaq üstə durum, sürünən varlıqdan insana dönüm. Ona görə çalışıram ki, sübhün mənə aid hissəsinə tab gətirməyə gücüm olsun. Ona görə istəyirəm ki, bu gün birlikdə küçə aşağı gedib başqa yer axtara bilək.

Barıt qoxulu və boşluq dadı verən balıqqulaqları üzü dənizə baxan mətbəxə yağış kimi tokülərkən, qəhvənin ətrini öz hüceyrələrimə necə paylaya bilərəm? İkisi arasındakı vaxtı ölçürəm. Bir saniyə. Bir saniyə nəfəs alıb vermək üçün, bir ürək çırpıntısı üçüm lazım olan vaxtdan daha qısadır. Bir saniyə dənizə baxan şüşə fasadın qabağındakı plitə önündə dayanmağım üçün kifayət deyil. Bir saniyə şüşə qabı açmağa və ya qəhvədana su tökməyə kifayət etmir. Bir saniyə kibrit çəkməyimə bəs eləmir. Amma bir saniyə yanmağıma bəs edir...

Mahmud Dərviş. Unutqanlığın xatirəsi.

İngiliscədən tərcümə: V.Quliyev

# 3579 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #