Mirzə Cəlili Qoqolun “Kolyaska”sına soxmaq cəhdləri

Mirzə Cəlili Qoqolun “Kolyaska”sına soxmaq cəhdləri
2 mart 2021
# 17:20

Kulis.az Mehman Qaraxanoğlunun “Van Qoq sindromu” adlı yazısını təqdim edir.

Yaradıcı adamda “Van Qoq sindromu”nun olması şəksizdir. Amma əsl sənətkar onun dağıdıcı gücünü özünə deyil, diskursa yönəltməlidir. Necə? Ən azından, diskursu fasiləsiz olaraq amputasiya etməlidir...

***

Göylər qar dənəcikləri ilə öz yolunu işıqlandırır. Sözlər də mətnə eyni niyyətlə enir...

***

Yerdə kirlənən qarı gördükdə az qala onun üstünə qışqırmaq istəyirəm:
- Sənə çox lazım idimi Göydən enmək?!

***

Professional plagiatçı “alim”lər qabıqcığa (dırnağa) heykəl qoysalar da azdır. Çünki son anda onları edamdan xilas edən həmin qabıqcıq olur.

***

Qarın riyakarlığı məni bezdirir; əvvəlcə budaqları sındırır, sonra da onları gipsə salır...

***

Uşaqlıqda zərbəniz “yaxşı” alınsın-deyə qartopunun içərisinə xırda daşlar yığmağınız yadınıza gəlirmi?! Xatırlayırsınızsa, Mefistofel Marqarita haqqında Fausta deyir: “Ancaq onun paklığı bizə mane olur”.

***

Ədəbiyyat Evindən gələn səslər sənə tanışdırmı?! Eybi yoxdur, sən Füzulinin səsini Vergili, Homerin səsini Şəhriyar, Servantesin səsini Bulqakov, Fellininin səsini Tarkovski, Mirzə Cəlilin səsini Stendal, Rafaelin səsini Mikelancelo, Motsardın səsini Şopenin səsindən ayıra bilməsən də olar. Amma sən o Evin varlığına və oradan gələn səslərin fəqliliklərinə inan! Ən qorxulusu bilirsən nədir? Sən deyirsən ki, nə o Ev, nə də o səslər mövcuddur, mövcud olan yalnız mənəm!

***

Qırx oynaşlı Boğazca Fatma (Kamal Abdulla. “Yarımçıq Əlyazma”) mənim beynimdə pravoslavların müjdəçi, katoliklərin isə fahişə kimi baxdığı Mariya Maqdalenanı assosiasiya edir...

***

Hələ də tənqidçiləri tarlada qurd-quşları qorxutmaq üçün basdırılan müqəvva obrazında görənlər vardır. Özü də lap çox! Və bu obraz “həşəmətli” tənqidçilərin özlərinə də xoş gəlir. Niyə də olmasın, səndən qorxurlarsa, əladır, qorxu hakimiyyət deməkdir!

***

Qar tam bir mətndir...

***

Hər bir mətni sonuncu mətnin kimi işlədiyinə özünü inandırmalısan. Bəli, bu sənin sonuncu mətnindir! Bir neçə saniyədən sonra İsa iblislə özü gələcək səni aparmağa. Lakin sən nə arabada, nə də çiyinlərdə gedəcəksən. Öz mətnindən başqa heç harda...

***

Yaşamaq üçün bir şey tapmalıyıq; məsələn, məsum uşaq əlləri ilə yumrulanmış bir qartopu, bir təbəssüm, bir kibrit çöpü, bir alışqan, bir siqaret, bir qədəh şərab və... və bir “heç nə”...

***

Bizdə epiqraflar üzərində ciddi tədqiqatların aparılmaması təəssüf doğurur. Bəs dünyada necə? Bunu da tam əminliklə deyə bilmirik. Xatırlayırsınızsa, gələcəyin böyük dahisi 25 yaşlı Mirzə Cəlil “Əhvalatlar...”ın əvvəlində Sokratdan belə bir epiqraf verir: “Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl etsə, çox sirlərdən agah olub, çox şeylər bilər”. Gənc ədib öz yaradıcılıq konsepsiyasını bütün konturları ilə ortaya qoyur: Yaradıcı şəxs yalnız qəlbindən gələn pak və təmiz səsə huşyarlıqla qulaq asıb, həyatın və sənətin sirlərinə vaqif ola bilər. İndi özünüz deyin, başqa yol varmı?! “Əhvalatlar”ın təhlili məhz bu epiqrafdan düşən “zəif” işıq şüasından başlanmalıdır. Yeri gəlmişkən, həmin şüa əsərin son cümləsinə qədər uzanır: “Ziba anasının qucağında bir az ağlayıb yuxuladı”. Və suallar doğur: Mirzə Cəlil möhtəşəm nəsr yaradıcılığına niyə məhz Sokratla başlayır? Onları nə birləşdirir? Mirzə ömrünün sonunacan “qəlbindən gələn səs”ə qulaq asa bildimi?! Suallar kifayət qədər ciddidir və cavablarını gözləyir...

Qoqol, Allah sənə rəhmət eləsin!”. Bu epiqraf hamıya tanışdır. Amma sizə bir sirr açmaq istəyirəm. Çağdaş nəsrimizi dünyaya ləyaqətlə daşıyan çox istedadlı qələm adamlarından biri Mübariz Örənin “Qar Tanrısı” hekayəsində ustad Kamal Abdulladan gətirilən epiqrafa (“Göylərdə sizin üçün maraqlı heç nə yoxdur”) rəğmən üstüörtülü olsa da, mesajımızı vermişdik: “Epiqraflar “təhlükəlidir”. Düzdür, ismi xəbəri qabıqcıqda yazmışdıq. Amma bu da onun təhlükəlilik faizini azalda bilməmişdi. Nə idi bu xəbərdarlıq? Əslində, bu, “Qoqol, Allah sənə rəhmət eləsin!” epiqrafını müxtəlif zaman sürələrində özünəməxsus bir şəkildə yun kimi didən ədəbiyyatşünasların hər necə olursa-olsun, zor-güc Mirzə Cəlili Qoqolun “Kolyaska”sına soxmaq cəhdlərindən dolayı bir qorxu siqnalının ruhumda səslənişi idi və mən də bu siqnalı ehtiyatla Mübariz Örənə ötürmək istəyirdim. (Yadınıza gəlirsə, hətta Mirzə Cəlilin möhtəşəm “Matəm hekayəsi”ni (“Əhvalatlar”ı) Yekatirina Revazovna Qabaşvilinin bəsit “Maqdananın Lurçası”nın (Lurça eşşəyin adıdır!) quyruğna bağlamağa cəhd edənlər də tapıldı) Guya Qurbanəli bəyin də Çertokutski (Qoqol. “Kolyaska”) kimi mülkədar olması onların bənzəyişini təmin edən əsas arqumentlərdən biridir. (Burada “sevginin çoxluğu”ndan böyük “qardaş”a və onun ədəbiyyatına bir yarınma cəhdi də vardı) Bu cür primitiv “müncəretmə” mexanizmi Mirzə Cəlilə qarşı çox çevik işləyirdi. Onun da guya Qoqolun “Şinel”indən çıxması haqda cəfəng şeylər uydururdular. Hətta bir az da “irəli” gedib, gerçəkdən onu Qoqolun şinelini geyən şəxs – onun kölgəsi kimi də təqdim etmək istəyənlər vardı. Nədi, nədi, Mirzə Cəlil Qoqola bir rəhmət oxuyub! Məhz belə hərfi qavram çox təhlükəlidir! Biz sətiraltı olsa da, istedadlı Mübariz Örəni epiqraflarla təmkinli davranmağa çağırırdıq...

Bir həssas nüansa da diqqətinizi yönəltmək istəyirəm. Hər hansı bir diskursdan “qoparılan” epiqraflar dəryadan qızıl balığı qəfil quruya çıxarmaq kimi bir şeydi. Onu gətirib yeni diskursa “buraxana qədər” nə özü, nə də pulcuqlarındakı şəfəqlər əvvəlki olur. Olsun ki, indi onu fərqli bir günəş şəfəqləndirsin... M. A. Bulqakovun dünyaca məşhur “Master və Marqarita” romanında “Faust”dan gətirilən aşağıdakı epiqraf kimi: “... axı sən kimsən? – Mən daim pislik arzulayan və daim yaxşılıq edən qüdrətin bir hissəsiyəm”. Tam əminliklə deyə bilərik ki, epiqrafın əvvəlki vətəninin adı “Sonsuzluq”dur... “Mühacirət”də isə o, “məhdud” qayda-qanunlarla yaşamağa məhkumdur; “Qırmızı çarx”ın (Soljenitsın) fasiləsiz fırlandığı və hər fırlanışında aydınların üstündən qəddarcasına keçdiyi bütün avtoritar rejimlərdə olduğu kimi. ...Daim pislik arzulayan və daim yaxşılıq edən” məhz totalitarizmin - diktatorluğun simasıdır: Stalinlərin, Hitlerlərin, Mao Tse Dunların... Əgər nəzərə alsaq ki, Bulqakov da daima total basqı və təhdidlər altında yaşayırdı, zənnimizcə, fikrimiz konkretləşər.

***

“Master və Marqarita” əslində, yüzlərlə real, magik, sürreal, hiperreal fəlsəfi pritçalardan yığılıb.
Həqiqətən, yığılıb.
Özü də on bir ilə.
Necə ki, Master yığır...

Gallery

# 2840 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #