Lalənin müharibədən qayıdan müəllimə sürprizi – Yeni hekayə

Lalənin müharibədən qayıdan müəllimə sürprizi – Yeni hekayə
14 iyun 2021
# 15:09

Kulis.az Elşən Əzimin yeni yazdığı “Rəqiblər” hekayəsini təqdim edir.

Payız günəşi göyün üzündən elə minnətlə baxır ki, elə bil onu kimsə gülümsəməyə məcbur edib. Sonra da naz-qəmzə ilə buludların arxasında gizlənir. Dolu buludlar ipdən asılmış yaş köynək kimi ağır-ağır yellənir. Uçuşan yarpaqların ardınca baxan Çinar və Qovaq ağacları müdrik və səbrli görünsələr də varidatı əlindən alınmış adam kimi məyus ovqatlarını da gizlədə bilmirlər. Kiçik ağaclar və kollar isə oyuncağını itirmiş uşaqtək vurnuxurlar. Bu mənzərəni doyunca izləmkdən zövq alan Lalə müəllimənin qəlbində əsintiyə çevrilən qəribə bir nigaranlıq baş qaldırır. Elə bil bu payızın havası da, rəngləri də əvvəlkilərdən fərqlidir. Sanki 2020-nin payızı nə isə yeni sürprizlər vəd edir. Lalə onsuz da hər payız bir sürprizlə qarşılaşır, neçə illərdir ki, bu hal davam edir. Ali məktəbin birinci kursundan sınamağa başlayıb ömrünün payız sovqatlarını. Bəzən xoş, bəzən də arzuolunmaz hallarla üzləşir hər payız. İndi də birdən-birə ürəyində həyəcan dolu bir döyüntü əmələ gəlir və bu döyüntü payız küləyinin uğultusuna ritm tutur. “Yenə bu nə həyəcandır ürəyimə doldu? Son vaxtlar səbəbsiz yerə qorxuram, həyəcanlanıram. Allah axırını xeyir eləsin” deyə düşündüyü vaxt kimsə salam verib yanından yeyin addımlarla ötür. Elnur müəllimdir. Elə Lalə üçün iki il əvvəlin xoş olmayan payız sürprizi Elnur müəllim olmuşdu. Məktəbdə sinif komplektlərinin sayı çoxaldığından dərs saatları da çoxalmış, bu səbəbdən yeni dil-ədəbiyyat müəlliminə də ehtiyac yaranmışdı. MİQ imtahanında yüksək nəticə göstərən Elnur müəllim də bu qəsəbənin məktəbini seçmiş, necə deyərlər, Lalənin dərslərinə şərik çıxmışdı. Hələ topladığı bal da Lalənin balından çox idi, üstəlik magistr təhsili də almışdı. Bütün bu üstünlüklər Laləni daxilən incitsə də üzə vurmamağa çalışırdı. Məktəbdə dərslərin bölünməsindən elə də narahat deyildi. Əsas məsələ fərdi hazırlığa gələn uşaqların da bir çoxunun Elnur müəllimi seçməsi idi. Lalə düşünürdü ki, insan belə qədirbilməzdir, təzə ay çıxanda köhnəni doğrayıb ulduz qayırırlar. İki gənc müəllim arasında rəqabət günü-gündən artır, hər biri öz üstünlüyünü göstərmək üçün müxtəlif metodiki üsullar düşünür, özünü reklamın ən ilginc məqamlarını axtarırdılar. Lalə Bakı Dövlət Universiteti kimi bir təhsil ocağını bitirdiyini Elnurun isə Gəncədə oxuduğunu tez-tez valideynlərin nəzər və diqqətinə çatdırır, Elnur isə topladığı balın yüksəkliyindən, magistr təhsilinin önəmindən dəm vururdu.

Bu fikirlərin çarpaşıq ovqatıyla yol gedən Lalə yolun tozunu küləyin necə qaldırıb burulğana çevirdiyini də gözdən qaçırmadı. Ona elə gəldi ki, bu, toz deyil, beynindəki fikir burulğanı, qəlbindəki həyəcan fırtınasıdır. Reklam lövhəsində “hədiyyələr” yazılan mağazanın qarşısından keçəndə yadına düşdü ki, pul yığmaq üçün kassa almalıdır. Mağazada cürbəcür formalarda gipsdən, saxsıdan, şüşədən düzəlmiş kassalar vardı; dəvə, at, fil, göyərçin... “Aha, yenə seçim qarşısında qaldım, zəhləm gedir də, nə isə almaq üçün seçim etməkdən, stressə düşürəm. Kaş hər şeydən yalnız bir növdə, bir formada olaydı.” Bu düşüncəylə əvvəlcə “dəvə”ni gözdən keçirdi, sonra “göyərçin”i. “Fil”ə də baxdı, düşündü ki, mənim fil boyda pulum nə gəzir? Öz fikrinə ürəyində güldü də. Qollarını havaya qaldırıb şahə qalxan kürən, səkil “at” deyəsən diqqətini daha çox cəlb etdi. Əsl Qarabağ atıdır. Belə bir atı hansısa rəssamın tablosunda görmüşdü. Əsərdə eynən bu at təsvir olunmuş, arxada isə Şuşa qalası görünürdü. “At muraddır. Elə bunu alım. Bəlkə bu Qarabağ atı heç vaxt görmədiyim ata-baba yurdumda müəllim işləməyimə də vəsilə olacaq. Bəlkə halal müəllim qazancımı bu at kassaya yığıb özümlə Qarabağa aparacam, orada dağılmış evimizi bərpa edəcəm. Ya qismət” . Ancaq ağlına başqa bir fikr də gəldi: “bəs pulları nə vaxtsa çıxarmaq üçün atı sındırmalıyam axı, yox əlim gəlməz” Qaytarıb yerinə qoymaq istəyəndə satıcı elə bil qızın ürəyini oxudu:

- Bacı o, fabrişni maldı...

Lalə satıcının sözünü yarımçıq kəsdi:

- Mal deyil atdı.

- O mənada demirəm e, bacı, onu deyirəm ki, əldəqayırma deyil, altında qapağı da var, açarını da verəcəm, pulları çıxarmaq üçün sındırmaq lazım gəlmir.

***

İndi də başqa bir qayğı... Bu dar otaqda bu boyda atı hara qoyacaq? Yazı masasının üstü də, rəf də kitab-dəftərlə doludur. Aha rəfin üstü daha yaxşıdır, yox çox hündürdür, hər dəfə ayağının altına kətil qoymalı olacaq. Eybi yox, bu otaqda at üçün ən urvatlı yer elə rəfin üstüdür. Atı kitab rəfinin üstünə, Azərbaycan və Türkiyə bayraqlarının yanına qoydu. (Hə əziz oxucum, yeri gəlmişkən onu da deyim. Bu otaq da, evin kiçik həyəti də, həyətdəki kirayəçilər də, ev sahibləri də “Pəncərə” hekayəmizdən bizə yaxşı tanışdır. Elə Lalə müəllimə də həmin o qızdır.)

Gecəni yata bilmədi. Axşam internetdə müharibə anonsları dolaşırdı, sosial şəbəkələr, saytlar Youtube kanalları bir birinin ardınca həyəcanlı xəbərlər verirdilər. Hətta bəziləri bu gecə müharibənin başlaya biləcəyini yazırdı. Səhərə kimi yayılan xəbərləri oxuyur, telefonunda qohum-əqrəbanın, dost-tanışın eyni mövzuda yazdığı mesajlara baxır, gecənin tənhalığında bu xəbərlərin gətirdiyi qorxu ilə çarpışırdı. Bir azdan başa düşdü ki, onu yatmağa qoymayan qorxu da deyil, nə isə başqa bir hisdir. Sanki kirayə qaldığı kiçik otağa sığışmırdı. Hayqırmaq qışqırmaq istəyirdi. Yatmış qonşuları oyatmaq, “yatmaq vaxtı deyil” demək istəyirdi. Saat 05.30-da qəribə bir guppultu səsi gəldi. Pəncərəni açdı. Atəş səsləriydi.

Həyətin ayaq tərəfində yaşayan gənc ailənin kişisi başını qapıdan çölə çıxarıb gözləri bərəlmiş halda qışıqırdı:

- Başladııı!!!

Ev sahibi sələmçi Şəfi (köhnə tanışımız) özünü tələm-tələsik həyətə atdı:

- Nə başladı ə?

- Müharibə.

- Nə müharibə ə? Ağlına gələni danışma.

Hamı həyətə çıxmışdı, ağır artilleriyanın səsi aydınca eşidilirdi.

Doğrudan da başlamışdı, özü də müharibə, əsl müharibə...

Başqa vaxtlar tez-tez işə gecikən Lalə bu gün özünü məktəbə hamıdan qabaq çatdırdı. Həmişə qaraqabaq görünən Elnur müəllim də üzündə şən, məğrur bir ifadə ilə məktəbə gəldi. Bugünkü dərslərini əvəz etməyi Lalədən xahiş edib tələsik harasa getdi. Bir neçə saatdan sonra bütün məktəb Elnur müəllimin könüllü orduya yazılaraq cəbhəyə getdiyini bildi.

***

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerləşdiyi binanın qarşısı qələbəlik idi. Gənclər, orta yaşlı adamlar, Qarabağ qaziləri bir-birindən irəli keçməyə çalışır, sanki hər kəs savaşa o birindən bir az tez çatmağa can atırdı. Elnur müəllim günortaya qədər növbə gözləsə də içəri keçə bilmədi. Səhər evdən bir stəkan çay içib çıxmışdı. Möhkəm aclıq hiss etdi və özünü yaxınlıqdakı ucuz kafelərdən birinə çatdırdı. Çirkli divarlar, sınıq-salxaq masalar, torlu pəncərələr ürək bulandırsa da kababları əla idi. Belə yerlərə daha çox vuranlar gəlir. Cavan bir ata 9-10 yaşlarında iki qızla içəri daxil olanda Elnur təəccübləndi. Qızların hər ikisi mavi gödəkcə, ağ ket geyinmişdi, hər ikisinin gözlərində eynək vardı, çiyinlərində də məktəbli çantası... Bacıları məktəbdə hamı tanıyır və sevirdi. 5 b və 6c sinfinin şagirdləri idi. O siniflərin dil-ədəbiyyat dərsləri Lalədə olsa da hazırlıq üçün Elnurun yanına gəlirdilər. Atanı isə ilk dəfədir görürdü. Uşaqların dərsi ilə daim ana maraqlanır tez-tez məktəbə gəlir, müəllimlərlə görüşürdü. Atanın əyin-başı nimdaş, əlləri qabar idi. Uşaqlar onu görməsin deyə Elnur yerini dəyişdi, divara baxan stula keçdi. “Qəribədir, uşaqlarla nahar etmək üçün şəhərdə xeyli rahat, səliqəli yerlər var. Bu adam iki qız uşağını niyə bu kafeyə gətirib?” İstəməsə belə söhbətlərinə də qulaq müsafiri oldu. Sən demə, ata ilə ana ayrılıbmış. Ata uşaqlarını hərdən görür, hər görüşlərində də bu kafeyə gətirib doyunca yedirdir.

Elnur bir şiş döymə kabab, salat, bir şüşə qazlı su sifariş etdi. Əvvəl istədi ki, yüz qram araq da içə, düşündü ki, yox, komissarlığa gedəcək, birdən içkili olduğunu bilib aparmazlar.

Xidmətçi qonşu stulda əyləşən atanın və uşaqların sifarişini gətirdi, Bir limonad, bir stəkan da meyvə arağı qoydu masaya. Qızlardan biri ağzına kimi dolu stəkana baxıb soruşdu:
- Ata, bu nədir?
- Sudur, qızım.

İkinci qız soruşdu:

- Ata, limonad ola-ola niyə adi su içirsən?

- Limonad da içəcəm.

Qısa dialoqdan sonra ata qızlarına həvəslə qulluq etməyə başladı. Lülə kababdan bircə loxma öz qabına qoydu, qalanını qızlarının qarşısındakı boşqablara yığdı. Böyük qız:
- Ata, özünə az götürdün - deyib etiraz etmək istəsə də
- Adam atasının əlini geri qaytarmaz - cavabından sonra dillənə bilmədi. Sonra tikə kabab gəldi. Ata yenə qızlarını yedirtməyə çalışdı və özünə balaca bir tikə götürdü. Qızların “daha bəsdi, doymuşuq” kimi sözlərinə məhəl qoymurdu, israrla yeməklərini tələb edirdi. Bir çappa arağı başına çəkdi, tez də limonaddan bir qurtum içdi. Yenə böyük qız dilləndi:
- Ata, adamlar niyə araq içən kimi tez limonad içirlər, ya da tələsik ağızlarına nəsə qoyurlar?

Qız sanki bu sualıyla “içdiyinin su deyil araq olduğunu bilirəm” dedi. Bayaqdan dil-dil ötən ata bu suala cavab vermədi. Söhbətin səmtini dəyişdi. Uşaqların anasını soruşdu. Qızlar sevincək anaları haqqında danışdılar. Səsləri sevincdən cingildəyirdi. Bəlkə də elə bilirdilər ki, daha yaxşı danışsalar ata ilə ananın barışmağına səbəb olacaqlar. Atanın gözləri doldu... Pərt halda başını bulayıb əlini cibinə saldı. Bir az pul çıxardı, böyük qıza üç “əllilik” verdi:
- Biri sənin, biri bacının, biri də ananın. Amma O, əlinizdən almasın ha...
Elnur evdə dördüncü şəxsin də olduğunu anladı. Əvvəl elə bildi ki, ögey atadan söhbət gedir, sonra başa düşdü ki, ailənin dağılmasına səbəb olan qayınana var, və atanın ondan zəhləsi gedir.
- Bax ona da kabab alıb göndərəcəm, pullarınızı almasın - deyib xidmətçini səslədi. Bir stəkan da araq istədi. İki şiş lülə kabab da sifariş edib ayrı-ayrı çörəklərin arasına qoyulmasını xahiş etdi. Evə göndərəcəkdi. Hesabı ödəmək üçün ayağa qalxıb kassaya yaxınlaşdı. Böyük qız atanın getdiyini görüb tez bacısının və özünün stəkanlarındakı limonadı onun boş stəkanına doldurdu. Boşqablarındakı kabab tikələrini də onun qabına qoydu. Bacısının qəribə nəzərlərlə baxdığını görüb ona izah etməyə çalışdı:
- Biz doymuşuq, atam azca yedi, qoy qalanını o yesin, limonad da içsin, araq içir axı...
Ata qayıdıb arağı başına çəkdi, limonaddan da bir qurtum içdi. Qızların qablarını boş görüb:
- Ay mənim qoçaq balalarım, hamısını yedinizmi? Di duraq gedək-deyib sevincək ayağa qalxdı. Öz boşqabındakı tikələri görmədi.

Elnur da onların ardınca kafedən çıxdı. Elə yolları da eyni səmtə idi. Ata və qızlar qarşıda gedirdilər. Yolayrıcında dayandılar. Ata qızları bir bir-bir bağrına basdı, sonra ikisini də birdən qucaqladı, kövrəlmişdi, elə bil bu, son görüş, son ayrılıq idi.

Elnur hərbi komissarlığın qarşısına çatanda qızların atasını da orda gördü. O da gedirdi.

***

Lalənin yaşadığı sakit, hüznlü həyətin halı dəyişmişdi. Əvvəllər pəncərə gözləriylə bir-birindən hal-əhval tutan qarşı-qarşıya, yan-yana otaqların qapıları qələbə xəbərlərinə taybatay açıq idi. Sakinlər də hər gün həyətə toplaşır, müharibənin gedişini öz aralarında müzakirə edirdilər. Elə bil hamı siyasi şərhçi, hərbi ekspert olmuşdu. Günlər bir-birini dəyişkən ovqatla əvəz edirdi. Gah şəhid, gah qələbə xəbərləri gəlir, hər xəbərin özünəməxsus ovqatını bu həyət də daşı, torpağı, pəncərələri, qapıları və adamları ilə yaşayırdı. Ev sahibi Şəfi hər gün çayxanaya gedir, orda yayılan xəbərləri bu həyətə daşıyırdı. Elə bil Şəfi də dəyişmişdi, başqa vaxt ən sevimli məşğuliyyəti pul saymaq olan bu adam da cəbhəyə sovqat aparanların çağırışına hay verir, əlindən gələni etmək istəyirdi. Lalə də öz maaşından yardım fonduna pul keçirmişdi.

Qəsəbə cəbhə bölgəsinə yaxın olduğundan məktəb bağlanmışdı. Elnur müəllimlə bağlı da müxtəlif xəbərlər yayılırdı, gah deyirdilər tankçıdır, gah da rabitəçi. Bir gün isə onun düşmənlə təkbətək bıçaq döyüşünə çıxdığı və bir neçə ermənini öldürdüyü deyildi. Özü də yaralanıb hospitala düşmüş, ancaq yarası yüngül olduğundan israrla yenidən cəbhəyə qayıtmışdı. Deyəsən bu, dəqiq məlumat idi.

Elnur müəllim gedəndən sonra onun hazırlıq məşğələsinə gedən uşaqlar da yenidən Laləyə üz tutdular. Lalə əvvəlcə bu uşaqları qəbul etmək istəməsə də sonra fikrindən daşındı. Həm də düşündü ki, Elnurun uşaqlarını pulsuz hazırlayar. Bu fikrində də sona qədər qalmadı: “yox pul alacam, amma...” Ağlına gələn fikirdən dodaqlarına təbəssüm qondu, gözləri işıqlandı. Adətən insan xoş məramlı bir xəyala dalanda üzündə belə ifadə yaranır. Və pırıl-pırıl yanan gözləriylə kitab rəfinin üstündəki “Qarabağ atı”na baxdı.

Atası cəbhəyə gedən eynəkli bacılar da Lalənin məşğələsinə gəlirdi. Bir gün bacılar gəlmədi, uşaqlardan biri onların atasının şəhid olduğunu, qızların da dəfn mərasiminə getdiyini dedi. Heç sonrakı günlər də qızlar gəlmədilər.

Qəsəbənin küçələri də savaş havasına köklənmişdi. Bir gün küçələrdən böyük izdihamla şəhid cənazəsi keçir, səhəri gün həmin izdiham şəhərlərin kəndlərin azad olunması xəbərini bayram edirdi. Lalə də hər gün internetdən, televiziyadan Ali Baş Komandanın yeni müjdələrini gözləyirdi. Hər gün öz ata-baba yurdunun, heç vaxt görmədiyi doğma kəndinin də xoş xəbərini eşitmək istəyirdi. Uşaqlığı məcburi köçkün həyatının ən ağır illərinə düşmüşdü, yaxşı geyimi, oyuncağı olmamışdı. Bəlkə də uşaq vaxtı bu həyatın ağırlığını o qədər də dərk etməmişdi. Tələbə olanda tətil günlərində uşaqlar öz kəndlərinə gedəndə, hər ay kəndi-kəsəyi olan tələbə yoldaşlarına bolluca kənd sovqatları gələndə daha çox hiss etmişdi yurdu-yuvası olmamağın əzabını. İndi xəyallar qurur, kəndlərinin şəkillərdə gördüyü məktəbini gözləri önünə gətirir, o məktəbdə müəllim işləyir, hətta direktor da olurdu.

Oktyabrın sonu uşaqlar ödənişlərini gətirdilər. Lalə öz şagirdlərinin pulunu çantasına yığır, Elnurun şagirdlərinin gətirdiyi pulları isə “Qarabağ atının” üstündəki kəsikdən içəri atırdı. Allah bilir nələr düşünürdü. Bircə Elnurun şəhid olacağını ağlına gətirə bilmirdi. Bu anı yada salanda gözlərini bərk-bərk yumur, elə bil ağlına gələn səhnəni gözləri önündən qovmaq istəyirdi. Bir zamanlar özünün rəqibi kimi gördüyü Elnur indi onun ən yaxın adamına, sirdaşına çevrilmişdi. Xəyallarında onunla söhbət edir, döyüşlərin ağırlığını, müharibənin dəhşətlərini sanki Elnurun özündən eşidirdi. Tez-tez qulağına onun səsi gəlirdi, elə bilirdi ki, azad olunan bütün kəndlərdə Elnur döyüşür, torpaqların hər qarışının azad olunmasında o iştirak edir. Bir bölgəni, bir kəndi, bir şəhəri də Elnursuz təsəvvür etmirdi. Amma bilmirdi ki, doğrudan da belədir. Elnur bir müddət şimal cəbhəsində vuruşduqdan sonra cənub döyüşlərinə qatılmış, Şuşaya qədər gedib çıxmışdı. İndi onun sorağı Şuşadan gəlirdi.

***

Dekabrın sonunda qəsəbə əhli səhər yuxudan oyandı ki, qar yağıb. Aran yerinə qar yağanda insanlar toy-bayram kimi qarşılayır. Böyüklər də uşaqlara qoşulub sevinir. Şəfi eyvana çıxıb əlini gözünün üstünə qoydu, gah göyə, gah yerə baxdı:

- Kərəminə Şükür, allah, nur yağdırırsan. - dedi

Gənc ailənin uşaqlarının səs-küyü həyəti başına götürdü. Evdən əyniyuxa

həyətə dağlan uşaqların ardınca düşən ana onlara palto, papaq, əlcək geyindirmək istəsə də uşaqlar ona məhəl qoymadılar. Həyətdə ipdən asılan paltarlar donmuşdu. Uşaqlardan biri əlinə bir cüt çubuq götürüb Şəfinin zivədən asılmış şalavarında “qoşanağara” çalırdı. Lalə yenə pəncərəsindən bu mənzərəni seyr edirdi. Çamadanlarını yığmışdı, bayram tətilinə evə getməliydi. Evə deyəndə ki, valideynlərinin məskunlaşdığı şəhərə, oradakı uçuq-sökük yataqxanaya. Həyət darvazası dəli kimi şaqqıldadı. Şagirdlərindən biri təngnəfəs içəri atılıb “Elnur müəllim gəlib, axşamdan gəlib” deyə sevinclə qışqırdı.

Kitab rəfinin üstündəki Qarabağ atı şahə qalxmışdı. Lalənin qulağına at kişnərtisi gəldi. Bir anlıq düşündü: “Bəs qəbul etməsə?..” “Niyə qəbul etməsin ki, qələbə münasibətiylə döyüşçüyə at bağışlayıram. İçində pul olduğunu sonra deyərəm. Qoy elə bilsin, sadəcə hədiyyədir.” Öz fikrindən xoşu gəldi: “Müdrik fikirdir ha!” Ayağının altına kətil qoyub atı rəfin üstündən götürdü.

Beş dəqiqə sonra atı qollarıyla sinəsinə sıxaraq küçə yuxarı Elnurgilə tərəf qaçırdı. Küçənin hər yanında dirəklərdən, evlərin üstündən, hətta işıq xətlərindən asılmış Azərbaycan və Türkiyə bayraqları dörd tərəfi bürüyən qar bəyazlığına bahar əlvanlığı səpirdi.

28.05.2021

Tanınmış yazar yeni hekayənin anonsunu verdi – ELŞƏN ƏZİM - 2020biz.az

# 2839 dəfə oxunub

Oxşar xəbərlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
 Fidan Bayramova:  Hər adına bir arvad - Yeni imza

Fidan Bayramova: Hər adına bir arvad - Yeni imza

17:00 25 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
#
#
# # #