Komada olan əsgərimizin yuxusu

Komada olan əsgərimizin yuxusu
16 fevral 2021
# 11:39

Elə istəyirəm, yekə bir adam
Lap yekə, ev boyda, nəhəng bir adam
Bizim hamımızı bağrına bassın...

Desin ki, ağlamayın,
Gəldim, Allaham!

Alik

Anam yazılarım qəzetdə çıxanda aparıb qonşulara göstərirdi. O qədər çox sevinirdi ki, onun bu xoşbəxtliyinə gülməyim gəlirdi. Qəzetdə yazım çıxıb da, nə böyük şey olub axı? Zamanla anladım ki, bu həyatda yazılarıma anam qədər ürəkdən sevinən ikinci adam olmadı.

O gün 108 gündür komada olan bir əsgər anasının ürəkparçalayan müraciəti qarşıma çıxdı. Qadın deyir ki, onun 23 yaşı var, o, hələ həyatın gözəlliyini görməyib, heç olmasa əlil arabasında oğlumu mənə verin.

Ümid işgəncə kimidir, adamı yavaş-yavaş öldürür. Mən o qadının yerinə özümü qoyanda dözə bilmədim bu ağrıya. Ürəyim çox bərk döyündü, gözlərim çox pis gördü, ayaqlarım tutuldu, hər an adi bir səsə qulağımı şəklədim.

"Hələ həyatın gözəlliyini görməyib".

Necə demişdi şəhid anası? Oğlum ilk dəfə təzə paltar geyinmişdi, o da hərbi forma idi.

Ağırdı... Çox ağır...

Başqa bir şəhid anasının dediyinə baxın:

"Balam üçün göydəki quşlar da ağlayırdı".

Həmişə belə olur, insan ölür və yerində bir cüt ayaqqabı qalır...

Analar qədər sevinən, analar qədər ağrıyan yoxdu balasına...

Ağrının sözə çevrilməsi anı məni dəhşətə gətirir. Yas yerlərində, dəfn mərasimlərində həmişə o sözlərə diqqət yetirmişəm. Yüz yazıçı yığışa, o anı o qadınlardan daha təsirli verə bilməz. Məsələn, bir yasda qadın tabutu aparılan ərinin arxasınca bu cümləni deyəndə şoka düşmüşdüm:

"Dur ayağa, gün çıxıb".

Tükləri biz-biz edir, üstəlik qadının istedadına heyran qalırsan. Ağrının verdiyi istedaddır özü də bu. Və sən bu cümlələri yazarkən də, məncə, dəhşətli ağrılar çəkirsən. O cümlələri hər kəs yaza bilər. Ötən gün hansısa bir xanımın atasının ölümündən yazdığı qısa statusda belə bir cümlə gördüm: "Atamın qəbirdəki saçını sığallayırdım".

Amansızdı.

Ayrı vaxt bu cümlə bəlkə də ondan gen qaçar. İndi isə ağrı o adama qəribə bir istedad verib.

Nə qədər acımasız səslənsə də, insanı ayaqda tutan da bu cür təsəllilərdir. İnsan o ağrıların qarşısında ayrı cür tablamaz

Neçə gündür o ananı düşünürəm...

Görəsən, nə edir?

Yemək yeyirmi, yuxu görürmü?

O komada olan əsgər ayılıbmı, görəsən? O əsgər yuxusunda nə görür? Baş ucunda dayanan anasını tanıyacaqmı?

Yazını elə bu dua ilə bitirək: Kaş o əsgər ayıla, anası da sevincdən ağlaya və bir də bu cür acılar yaşamaya...

# 4710 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər