İlbizlərin sevişməsindən həzz alan kişi

İlbizlərin sevişməsindən həzz alan kişi
24 yanvar 2021
# 11:32

Kulis.az Patrisiya Haysimitin "İlbizlərə düşkün kişi" hekayəsini təqdim edir.

Mister Piter Knoppertin bir məşğuliyyəti vardı: ilbizlərin yaşamını sonsuz maraqla izləyərdi. Bütün varlığıyla bu marağa bağlananda heç ağlına da gətirməzdi ki, sevdiyi o bir ovuc varlıq ən qısa zamanda onlarla dəfə arta bilər.

İlk ilbizlər mister Knoppertin kabinetində peyda olandan cəmi ikicə ay sonra onun yazı masasının üstünə və pəncərə rəflərinə sıra-sıra şüşə bankalar və boşqablar düzüldü. Sonra onlar döşəmədə də zühur elədi. Buna qarşı kəskin narazılığını bildirən missis Knoppert həmin otağa girməkdən bilmərrə imtina elədi. Dedi ki, otaq iylənib. Həm də istəmədən tapdaladığı ilbizi süzərkən qapıldığı ürəkbulandırıcı duyğunu uzun müddət unuda bilmədi.

Özünə bunca qəribə və iyrənc bir məşğuliyyət tapdığına görə xanımı və dostları onu məzəmmət etdikcə, mister Knoppertin bu işə bəslədiyi maraq daha da artırdı. Broker şirkətlərindən birinin ortağı olan bu adam bütün ömrünü-gününü maliyyə məsələlərinə həsr eləmişdi və tez-tez deyirdi ki:

- Ətrafımızdakı canlı aləmə indiyədək belə maraq duymamışdım. Məhz ilbizlərə göstərdiyim maraq sayəsində mən heyvanlar aləminin bütün gözəlliyini sezdim. Dost-tanışları ilbizlərin heyvan sayılmadığını, onların qınlarının və seliklə örtülü bədənlərinin isə canlı təbiətin gözəlliyini təcəssüm etdirməkdən xeyli uzaq olduğunu dilə gətirəndə mister Knoppert nəzakətli bir təbəssümlə təkcə onu vurğulayırdı ki, bunu deyənlər onun özü üçün yenicə kəşf etdiyi ilbizlərin həyat tərzindən tamamilə bixəbərdirlər.Və bu - həqiqət idi.

Mister Knoppert ilbizlərin davranışlarında elə qəribə və çaşdırıcı məqamlara şahid olmuşdu ki, onlar barədə indiyədək əlinə keçən ensiklopediyalarda və zoologiya kitablarında bircə kəlmə də yox idi.Bir axşam mətbəxə girən Knoppert şam yeməyindən öncə bir şeylər atışdırmaq niyyətindəydi. O ara əlüzyuyanın kənarındakı bir cüt ilbizin özlərini qəribə aparması onun diqqətini çəkdi.

Onlar «quyruq» adlanacaq əzalarının üstündə dikəlməklə bir-birlərinin qarşısında ora-bura yırğalanırdılar və bir mənada ovsunçunun ney çalaraq oynatdığı ilanları xatırladırdılar. Bir saniyə sonra bu məxluqlar ehtirasla öpüşərək bir-birlərinə sarıldılar. Boşqaba sarı əyilən mister Knoppert bu aşiq-məşuqu fərqli baxış bucaqları altında və böyük diqqətlə süzməyə başladı. Onların şəhvəti get-gedə şölələnirdi: hər iki ilbizin başının sağ tərəfində protuberansı (közərmiş qaz kütləsini - A.Y.) xatırladan uzunsov qulaqlar peyda oldu. Bu yerdə mister Knoppert anladı ki, bu, sırf ilbizlərə xas cinsi birləşmənin nişanəsidir.

Mətbəxə girən aşpaz qadın ona nə isə deyəndə ev sahibi səbirsizliklə əlini yelləməklə, qadını susmağa məcbur elədi, çünki boşqabda bir-birindən öz şux nəvazişlərini əsirgəməyən bir cüt xırda, gözoxşayan varlıqdan gözlərini çəkməyə qıymırdı. Qulağı xatırladan çıxıntılar bir-birinə lap yanaşanda onların birindən kiçik pəncəyə bənzər, bəyazvarı bir dilçək çıxdı və qıvrılaraq, digər ilbizin qulaqcığına toxundu. İkinci ilbizin də eyni hərəkəti təkrarlamasını mister Knoppert sonsuz vəcdlə izləməkdəydi. «Əcəb maraqlıdır» - deyə düşünürdü. Titrəşən dilçəklər, ən nəhayət, qarşılıqlı şəkildə tapışdılar və bir-birlərinə sarılmaqla, elə bu pozadaca dondular. Yerində quruyub qalan mister Knoppert maraqla bu səhnəyə göz qoyurdu. Aşpaz qadın da ona qoşulmuşdu. Mister Knoppert ondan xəbər aldı:

- Siz heç indiyəcən belə bir şey görmüşdünüz?

Qadın biganə şəkildə dilləndi:

- Yox. Yəqin bu, onların dalaşma tərzidir.

Aşpazın ilbizlərə münasibətdə sərgilədiyi dərin cahillik ev sahibinin indiyədək başqalarından gördüyü cəhalətdən heç nə ilə fərqlənmirdi.Bir saatdan artıq bu ilbiz cütlüyünə göz qoydu mister Knoppert. Ən nəhayət, hər iki məxluq dilçəklərini içəri çəkməklə, öz ilkin şəkillərinə qayıtdı, ehtirasları yatışdı və bir-birlərinə olan diqqətləri öləzidi. Bu ara başqa bir ilbiz cütlüyü mazaqlaşmağa başladı və asta-asta bir-birinə yanaşmaqla, öpüş pozasında dondu. Mister Knoppert aşpaz qadına tapşırdı ki, şam yeməyinə ilbiz bişirməsin, onların bulunduğu qabı isə ev sahibinin kabinetinə aparsın. Elə həmin vaxtdan Knoppertlərin evində açılan yemək süfrələrinə heç vaxt ilbizli təamlar verilmədi.

Axşam saatlarında o, əlinin altındakı ensiklopediyaları, elmi monoqrafiyaları gözdən keçirsə də, ilbizlərin nikahı barədə heç bir bilgiyə rast gəlmədi. Halbuki orada istridyələrin çoxalma üsulları barədə uzun-uzadı sicilləmələr var idi. İki gün sərasər fikir aləminə qapılan mister Knoppert qət elədi ki, onun şahidi olduğu səhnə bəlkə də heç… cinsi təmas deyilmiş.

Arvadı Edna hikkəylə bildirdi ki, əgər bu evdə bir daha ilbiz bişirilməyəcəksə, onda o varlıqların evi təcili qaydada tərk eləmələri məsləhətdir. Bunu deməzdən bir az əvvəl o, döşəmənin üstündə sürünən növbəti ilbizi tapdalamışdı. Əgər Darvinin «Növlərin mənşəyi» adlı əsərində qarınayaqlılarla bağlı fəsildə bir cümləyə rast gəlməsəydi, elə mister Knoppert də arvadının bu qənaəti ilə razılaşacaqdı. Cümlə fransızca idi və mister Knoppert bu dili bilmirdi. Buna rəğmən, oradakı «sensualite» kəlməsi onu eynilə şikarın qoxusunu qəfil alan tazı kimi pusquya yatmağa məcbur elədi.

Həmin vaxt o, kitabxanasında oturmuşdu. İngiliscə-fransızca lüğəti əlinə alıb, həmin cümləni sözbəsöz tərcümə elədi. Həmin açıqlama təxminən yüz sözdən ibarət idi və məğzi ondan ibarət idi ki, cinsi əlaqə əsnasında ilbizlərin sərgilədiyi həssaslığa və ehtirasa heyvanlar aləminin bütün qalan təmsilçiləri yalnız qibtə edə bilərlər. Vəssəlam. Bu deyim Andre Fabrın qeyd dəftərçəsindən gətirilən sitat idi. Görünür, yeniyetmələrin diqqətini çəkəcəyindən ehtiyatlandığı üçün müəllif bu cümləni ozu tərcümə eləməmişdi. Onsuz da bunu oxuyub, anlamaq alimlər üçün çox da müşkül olmayacaqdı. İndi mister Knoppert də özünü alimlər cərgəsinə aid eləmək hüququ qazanmışdı və duyduğu qürur hissindən pənbə yanaqları allanmışdı. Dəqiqləşdirdi ki, onun saxladığı bu ilbizlər şirin sularda yaşayır, öz yumurtalarını torpağa, ya da qumluğa qoyurlar. Buna görə o, iri bir qaba azacıq nəm torpaq və nəlbəkidə su qoyub, ilbizlərini oraya yerləşdirdi.

Hadisələrin sonrakı gedişatını izləməyə başladı. İlbizləri birbəbir əlinə alıb, diqqətlə süzsə də, onlarda hamiləlikdən hər hansı əsər-əlamət sezmədi. Lakin onlardan bircəciyi sanki onun bütün səylərini boşa çıxartmağa niyyətliydi. Elə bil onun qını torpağa yapışmışdı.

Mister Knoppert həmin ilbizin başını torpağın altına soxduğunu, bu yolla ölmək istədiyini düşündü. Aradan iki gün də ötdü və üçüncü günün səhəri həmin ilbizin bulunduğu torpağın qalaq-qalaq olduğu mister Knoppertin diqqətindən yayınmadı.

Marağını yenə bilmədiyindən o, kibrit çöpüylə həmin qalaqları ehmallıca eşdi, oradakı çuxurda parlaq rəngdə, bir yığın təzə yumurta qoyulduğunu görüncə, yamanca heyrətləndi. Bunlar ilbiz kürüsüydü. Yox, yanılmayıbmış! Mister Knoppert xanımını və aşpaz qadını çağırıb, tapıntısının sevincini onlarla paylaşdı. İlbizin torpağa qoyduğu dənəvər şeylər zahirən balıq kürüsünü xatırlatsa da, bunlar qara və ya qırmızı rəngdə deyildi, ağappaq idi. Ev sahibəsi dedi:

-Təbii ki, onlar da hansısa yolla çoxalmalıdırlar da.

Arvadının bu məsələyə niyə belə səthi maraq duyduğunu anlamaqda mister Knoppert acizlik çəkirdi. Evdə olduğu vaxt şəxsən o, saatbaşı gedib, ilbiz kürüsünün durumuyla maraqlanırdı. Hər səhər ilk işi gedib, kürüdə bir dəyişiklik olub-olmadığına baxmaq idi. Gecə yuxuya gedərkən də yumurtalar barədə düşünürdü. Həm də daha bir ilbiz də özü üçün çuxur qazmağa başlamışdı. Bundan əlavə, başqa bir cütlük nikaha girmiş, bir-birinə ağuşunu açmışdı!

İlk kürü boz rəngə boyanmışdı və onların hər birində bapbalaca bir bədənin cizgilərini sezmək mümkün idi. Bunun sevinci mister Knoppertin qəlbini görünməmiş şəkildə cuşa gətirmişdi. Mister Knoppertin dəqiq hesablamalarına görə, yumurta qoyulandan sonrakı on səkkizinci günün səhəri o, kiçicik başın tərpənişini, bir cüt buynuzun xəfif yırğalanışını sezdi. Mister Knoppert ilk övladı dünyaya gələn ata qədər bəxtəvər idi.

Bir dəfədə qoyulan kürülərin sayı yetmişdən çox idi və indi onların hər birində yeni həyatın başlanması əsl möcüzəni xatırladırdı. Uğurla bitən bu çoxalma prosesinin o, bütün mərhələlərinin canlı şahidinə çevrilmişdi. Tanış-bilişdən heç kəs onun hansı sirrə qədəm basdığını anlayammaz, biləmməzdi. Elə buna görə də sirli bilgiyə qovuşması, bu sahədə bir ilkə imza atması onun qəlbini fərəh hissiylə doldururdu. Baş tutan hər cinsi təmasın, hər kürü tökümünün qeydiyyatını mister Knoppert görünməmiş ciddiyyətlə aparırdı. İlbizlərin bioloji həyatı barədə detalları öz dostlarına və qonaqlarına açıq-saçıq tərzdə anlatmasından bezən arvadının axırda bir gün səbir kasası daşdı:

- Piter, bütün bunların bir sonu olacaq, ya yox? Əgər onlar bu sürətlə artmağa davam eləsələr, yaxın vaxtda bütün evi dolduracaqlar! Bu söhbət ilbizlərin on beşinci, ya da iyirminci kürü tökümünə təsadüf etmişdi. Əri gülər üzlə ona cavab verdi:

- Təbiət fasilələri sevmir. Həm də ki onlar sadəcə kabinetimdə çoxalırlar. Orada bunun üçün yetərincə yer var.

Bütün bunlara baxmayaraq, ehtiyac duyulan qabların və bankaların sayı durmadan artırdı. Zoomağazadan yolunu salan mister Knoppert oradan biri neçə gümrah ilbiz aldı. Bunların bir cütü küncə çəkilərək, ilk gündən eşqbazlığa başladı. Torpağın səthində, natəmiz şəraitdə qoyulan kürülərin miqdarı günbəgün artırdı və bunların hər birindən çıxan xırda, şeh damlası qədər şəffaf ilbizlərin sayı yetmiş ilə doxsan arasında dəyişirdi. Onlar bir an əvvəl yumurtadan çıxmaq əvəzinə, mister Knoppertin həm qida, həm də nərdivan kimi hər çuxurun içinə qoyduğu, yamyaşıl kahı yarpağının başucuna doğru irəliləyirdilər.İlbizlər elə sıx-sıx, demək olar ki, günün iyirmi dörd saatı boyu cinsi əlaqəyə girirdilər ki, artıq onun bu məxluqların intim həyatlarına duyduğu maraq öləzimişdi. Amma hər kürüdə təzə bir qının yaranması və hərəkətə başlaması adamı yoracaq mənzərələrdən sayılmazdı.

Çalışdığı broker kontorundakı iş yoldaşları Piter Knoppertdə həyat eşqinin şölələndiyini sezməkdəydilər. Hərəkətlərindəki qətiyyət artmışdı, hesablamaları daha dəqiq idi və fəaliyyət planlarındakı qoparaqlılıq artıq şirkətə də qazanc gətirməyə başlamışdı. İdarə heyətinin yekdil qərarıyla onun illik maaşı qırx mindən altmış dörd min dollara qaldırılmışdı. Bu uğuruna görə onu təbrik edənlərə o, nailiyyətinin ilbizlərə sevgidən qaynaqlandığını deyirdi, çünki onlarla baş-başa qaldığı vaxtdakı qədər heç harada dincələ, ruhunu dinlədə bilmirdi.Artıq axşamın bütün saatlarını kabinetində, sevimli ilbizləriylə baş-başa keçirirdi.

Kabineti də iş otağından daha çox akvariumu xatırladırdı. Xırda vannalara təravətli kahı yarpağıyla yanaşı, soyutma kartof və çuğundur tikələri də qoyurdu, bunun ardınca isə təbii yağış təəssüratı yaratmaqdan ötrü su fısqırdıcıları işə salırdı. Bu sayədə gümrahlaşan ilbizlər iştahla yeyir, vaxtaşırı cinsi əlaqəyə girir və ya böyük həzzlə su prosedurlarına həvəs göstərirdilər.

Çox vaxt mister Knoppert ilbizlərə öz şəhadət barmağı üzərində sürünmə imkanı yaradırdı və ona elə gəlirdi ki, insanla belə təmas bu varlıqların ürəyincədir. Kahı yarpağıyla yemlədiyi zaman ilbizlərə bütün yönlərdən göz qoymaq imkanı qazanırdı. Bu zaman o, bir rəsm həvəskarının yapon akvarellərini süzərkən duyduğuna bənzər estetik həzz alırdı. Mister Knoppert öz kabinetinə girməyi artıq hamıya yasaqlamışdı.

İlbizlərin bir çoxu döşəmədə sürünməyi, kreslonun oturacağına və ya rəflərdə düzülən kitabların üz qabığına yapışaraq, yuxulamağı özləri üçün adət halına gətirmişdilər. Onların əksəriyyəti, xüsusilə də yaşlılar, vaxtlarını yuxuya həsr edirdilər. Lakin aralarında əsasən sevişməyə üstünlük verən, canı şəhvət oduyla alışıb-yanan məxluqlar da çox idi. Mister Knoppert hesablamışdı ki, eyni vaxtda ən azı on iki cütlük eşqbazlıqla məşğul olur. Onları saymaq asan məsələ deyildi, buna baxmayaraq, mister Knoppert tavanda yatan və sürünən ilbizləri də saya bilirdi: bunların sayı min yüz ilə min iki yüz civarındaydı.

Akvariumların, bankaların, digər qabların divarlarında, kitab rəflərinin və yazı masasının divarlarında məskunlaşan ilbizlər nəzərə alınmazsa, sırf bu tavandakı məxluqların sayını azı əlli dəfə artırmaq olardı. Ən nəhayət, mister Knoppert tavana yapışan ilbizləri oradan qazımağa məcbur oldu. Bəziləri həftələr öncə oraya yerləşdiyi üçün ev sahibi onların ac-susuz yaşamasından narahatlıq duyurdu. Son vaxtlar işi-gücü başından aşdığından səssizliyə dərin ehtiyacı vardı, ona görə də kabinetində, öz sevimli kreslosunda hərəkətsiz oturmağa üstünlük verirdi. İyun ayında bəzən o, gec saatlara qədər ofisdə çalışırdı. Vergi ilinin sonu gəldiyindən yazı masasının üstü qalaq-qalaq sənədlərlə doluydu.

Apardığı hesablamalar sonucu o, gəlir gətirəcək beş-on variant tapsa da, bunlardan ən real görünənlərini sırf öz əməliyyatları üçün saxlayırdı. Onlar sayəsində qarşıdakı bir ildə sərvəti üç-dörd dəfə artmalıydı. O, öz bank hesabındakı məbləğin də sevimli ilbizləri qədər sürətlə və maneəsiz artdığını gözləri önündə canlandırırdı. Bu planlarını arvadıyla paylaşdığında qadının uçmağa qanadı yox idi.

O ara arvadı onun kabineti pis günə qoymasını da, bütün üst mərtəbəni bürüyən zəhlətökən çürüntü qoxusunu da unutdu. Sonra narahat şəkildə dedi:

- Ancaq, Piter, hər halda çox istərdim ki, sən otağında naxoş bir şey baş verib-vermədiyinə diqqət yetirəsən. Deyəsən, oradakı akvarium aşıb və mən xalçanın korlanmasından ehtiyatlanıram. Yanılmıramsa, son bir həftə ərzində sən kabinetinə heç baş çəkməmisən, bəlkə elə deyil?

Həqiqətən də, mister Knoppert təxminən son iki həftədə kabinetinə ayaq basmamışdı. Xalçanı zibilliyə atmaq vaxtının çoxdan yetişdiyini, əlbəttə ki, arvadına açıb, demədi.

- Axşam üst qata çıxaram, - deməklə yetindi.

Bunu etməyə o, ancaq üç gün sonra imkan tapdı. Axşam yatmağa yollanmazdan öncə bütün döşəmənin, həm də üç-dörd lay ilbizlərlə örtüldüyünü sezib, heyrətləndi. Onlara zərər yetirməmək üçün qapıları örtərkən xeyli uğraşmalı oldu. İlbizlərin künclərdə sıx toplanması dördkünc otağa az qala yuvarlaq bir biçim qazandırmışdı və indi elə sanırdı ki, bir boşluğun ortasında dayanıb. Oynaq sümüklərini şaqqıldadaraq, təəccüblə ətrafına göz gəzdirdi. Otaqdakı bütün boş yerləri işğal eləməklə kifayətlənməyən minlərlə ilbiz artıq otağın tavanından, həm də eybəcər salxımlar şəklində sallanmaqda idi. Müvazinətini qorumaqdan ötrü mister Knoppert stulun söykənəcəyinə dayaq verdi. Ancaq stulun taxtası əvəzinə barmaqları ilbiz çanaqlarıyla təmas elədi. İstəmədən gülümsədi: stulun oturacağı da ilbiz çanaqları ilə örtülmüşdü və kənardan baxana onların bu yığnağı bəzəkli yastığı xatırladardı.

İndi o, təcili qaydada tavanı təmizləmək üçün bir tədbir görməliydi. Bir küncə atılan çətiri götürüb, üstündəki üç-beş ilbizi çırpdı, sonra isə ayaq üstə dura bilməkdən ötrü masanın üzərində yer boşaltdı. Çətirin sivri ucuyla divar kağızından bir parça qopartdı: həmin kağız rulonu ilbizlərin ağırlığına tab gətirmədiyindən qopub, ta döşəməyə qədər düşdü. Qəfildən mister Knoppertin içini qıcıq və qəzəb hissi bürüdü. Püskürdəcəyi maye bu varlıqların rahatlığına əməlli-başlı haram qatmalıydı. Püskürdücünün tətiyinə basdı. Elə həmin dəqiqə otaqda ilbizlərin xışıltı ilə müşayiət olunan hərəkətlənməsi sezildi. Ayaqlarını inamla döşəməyə basan mister Knoppert quru ağac kimi şaqqıldayan, xırçıldayıb qırılan ilbiz yığınlarına əsla məhəl qoymurdu. Sonra o, tavana quraşdırılmış daha iki püskürdücünü işə saldı. Elə o dəqiqə də anladı ki, səhvə yol verib. İslanmış divar kağızları lay-lay qopub, yerə düşməyə başladı və bu nəmli kağızların üzərində məskunlaşan ilbiz yığınları öz təpəsinə tökülməsin deyə, o, necəgəldi ora-bura vurnuxmağa başladı. Başına dəyən zərbənin təsirindən az qaldı hətta huşu başından çıxa, dizi üstə çökdü və güclə özünü ələ aldı.

Düşündü ki, otağın havası qaxsıyıb, pəncərəni açmaq pis olmaz. İlbizlər onun botinlərinə daraşmışdılar, şalvarının çırmanan qismində qalaqlanmışdılar. Kişi əsəbi şəkildə ayağını irəli atdı. Xidmətçilərdən kimi isə yardıma çağırmaqdan ötrü qapıya tərəf getmək istəyəndə tavandakı çilçıraq başına düşdü. Mister Knoppert dolu çuval kimi döşəməyə sərələndi. Yalnız indi anladı ki, ilbizlər sıx və enli bir təbəqə halında pəncərə rəfini işğal etdiklərindən pəncərəni açmaq da ona müyəssər olmayacaq. Havası çatmırdı, nəfəsi daralırdı, bu üzdən yerdən qalxacaq tabı-taqəti də qalmamışdı. Ona bu çarəsizliyi aşılayan təkcə otağın çürüntülü havası deyildi. Dörd tərəfdə yellənən və üzərləri ilbizlərlə örtülü divar kağızları sanki indi onu mühasirəyə almışdı, ona meydan oxuyurdu, dünyanı başına dar eləmişdi.

Dışarıya səsləndi:

- Edna!

Səsinin hədsiz boğuq çıxdığına özü də heyrətləndi. Otaq divarları səskeçirməyən kameraya çevrilmişdi sanki. Dizləri və dirsəkləri altında xırçıldayaraq qırılan yüzlərlə ilbizə diqqət etmədən döşəmə ilə sürünməyə başladı. Nə qədər əlləşsə də, qapını aça bilmədi.

Qapı üzərindəki girinti-çıxıntılar sonsuz sayda ilbizlə örtüldüyündən onun bütün gücənmələri nəticəsiz qaldı.- Edna!Bu ara ağzına da bir ilbiz soxuldu. Mister Knoppert iyrənərək ağzındakını yerə tüpürdü. Sonra biləyinə dırmaşan ilbizləri çırpıb, təmizləməyə çalışdı. Ancaq yüz ilbizin əlindən qurtulduğu anda dörd yüz ilbizin hücumuna uğrayırdı artıq.

Otaqda çarəsiz halda boş bir guşə axtardığı bu anlarda üstünə yeriyən yüzlərlə ilbiz onun hərəkətlərini qısıtlayırdı. Bəziləri hətta kirpiklərinin üstüylə sürünürdülər. Mister Knoppert birtəhər ayağa qalxmağa macal tapmışdı ki, daha bir zərbə aldı: bu zərbənin mənbəyini isə bir türlü anlaya bilmədi. Huşunu itirməkdəydi!

Bircə onun fərqindəydi ki tir-tap yerə sərilib. Əlini üzünə tərəf aparmaq istəyirdi ki, bəlkə bu yolla dodaqlarında gəzən, burun pərələrinə girən və kirpiklərinə çıxan bu iyrənc qatillərdən canını qurtara. Ancaq sanki qollarından qurğuşun asılmışdı.

- Kömək edin!

Bir ilbiz ta qırtlağına qədər gedib çıxmışdı və o, bunu udmalı oldu. İlbiz boğazında ilişib qaldığından nəfəs almaq niyyətiylə kişi ağzını daha geniş açdı və bu ara ikinci ilbiz içəri dürtüldü. Əsl cəhənnəm əzabıydı bu!

Daha yerindən dəbərə də bilmirdi, axın edən bu canlı məxluqların ağırlığı altında döşəməyə yapışmışdı. Nəfəs alması da indi qısa hıçqırtıları xatırladırdı:

- Xır-r-r!

Gözləri önündə uzanıb gedən qara zülmət dalğası artıq beynini bürüməkdəydi. İndi köksünü də ötürə bilmirdi, çünki ağzı və burun pərələri yapışqanlı maye ilə tıxanmışdı. Qolunu tərpətməkdə aciz idi. Kirpiklərini zorla aralayaraq, bir gözüylə önünə baxmağa çalışanda gördü ki, bir qarış irəlidə, qapının böyründəki dibçəkdən dikələn süni ağac budağının üstündə bir cüt ilbiz səssiz-səmirsiz sevişməkdədir.

Şəffaf yağış damlasına bənzəyən bala ilbizlər isə bir-birinin ardınca, azca aralıdakı torpaq çuxurdan sürünüb çıxırdılar. Bunlar - o böyük ordunun yeni əsgərləriydi…

Tərcümə: Azad Yaşar

# 3487 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #