Gözəl mətn necə yazılır?

Gözəl mətn necə yazılır?
16 fevral 2021
# 13:51

Kulis.az Simran Qədimin "Fikri gözəl çatdırmağın özəllikləri" essesini təqdim edir.

Mütaliəsinə, savadına, intellektinə görə fərqlənən o qədər insanlar var ki, çatdırmaq istədikləri fikirlərin məzmunu, dərinliyi adamda böyük heyranlıq doğurur, necə deyərlər, toxunduqları hər mövzu, hər mətləb tonlarla qızıl ağırlığında olur. Amma fikirlərdə məzmundan əlavə, forma deyilən bir məfhum da var, nə yazmaqdan başqa, necə yazmaq da çox önəmlidir.

Fikri ifadə edərkən, adətən, iki üsula əl atılır: ya asan, rahat anlaşılmaqdan, insanlara daha yaxın olmaqdan ötrü gərəyindən artıq sadə, primitiv cümlələr qurulur, ya da mətn daha möhtəşəm, sanballı görünsün deyə, qədərindən çox qəlizliyə, mürəkkəbliyə yol verilir. Bəs fikri necə çatdırmaq məsələsində qızıl ortanı kim müəyyənləşdirməli, “norma” necə təyin edilməlidir? Sözsüz ki, bu sualın konkret cavabı yoxdur. Hədsiz sadəliklə sonsuz mürəkkəblik arasındakı tarazlığı tapmaq müşkül məsələdir, hərənin öz ölçü meyarı, dəst-xətti var. Bununla belə, dildəki bəlli üslubları, qrammatik qayda-qanunları nəzərə almaq şərtdir.

Bütün çatışmazlıqlardan arıdılmış, yaxşı yazılıb, redaktə olunmuş mətnlər daha çox insanın diqqətini cəlb edir. Keyfiyyətsiz yazıları oxumağa sərf edilən zamanı, enerjini səliqəli, dolğun mətnlərlə qarşılaşdıranda aydınlaşır ki, qüsurlu yazıların mütaliəsində nə qədər əziyyət çəkməli oluruq. Bəzən bizi oxumaqdan soyudan, hərtərəfli, bilikli kitabsevər olmağımıza əngəl törədən də budur; bərbad yazılmış, tərcümə edilə bilinməmiş kitablar!..
Oxu vərdişinə yiyələnməyin müəyyən qədər səbir, zəhmət tələb etdiyini, beyinin özünü gücə salmağa, “komfort zonası”ndan çıxmağa həvəs göstərmədiyini nəzərə alanda əndrabadi, baş-ayaq cümlələrin adamın əlinə necə bəhanə verdiyini anlayırsan. Tənbəlliklə bəhanələr üst-üstə gəlir, “kitablar mənlik deyil” deyib, lap uşaqlıqdan oxumağın daşını atırsan. Bir çox hallarda içimizdə bibliofobiya – kitab qorxusu yaranır.

Bəs fikri gözəl çatdırmaq üçün nə etməliyik? Hansı mətnlərin daha yaxşı olduğunu, səhlənkarlığa, məsuliyyətsizliyə yol verilmədən yazıldığını necə müəyyənləşdirməliyik?

Hər sahədə olduğu kimi, sözlərdən yerli-yerində istifadə edib gözəl, cəlbedici cümlə qurmağın da öz qaydaları var. İndi oxuduğunuz bu mətn də daxil olmaqla, yazılardakı, nitqlərdəki xətaları saymaqla qurtarmaz: tez-tez təkrarlanan fikirlər, kəlmələr, sözü dolandırıb mətləbdən yayınmaq, parazit sözlər, anlaşılmaz, qəliz terminlərin gərəksiz işlədilməsi... Mətndə eyni dil konstruksiyalarının dalbadal təkrarlanması, yeknəsəqlik, basmaqəlib, klişe ifadələr, lüzumsuz pafos, populizm... Həddən artıq loruluq, yersiz dialektizmlər, şivələr, yolverilməz varvarizmlər, jarqonizmlər, vulqarizmlər...
Saf, təmiz bir dillə yazılmış mətnlər asanlıqla qəlblərə yol tapıb, beyinlərə işıq saçar.

Dilin gözəlliyində rol oynayan, ona qeyri-adi, sirli bir enerji verib canlılıq, parlaqlıq gətirən şərtlər də eynilə sadalanmaqla bitməz: cümlələrin məntiqəuyğunluğu, axıcılığı, fikirlərdəki rabitəlilik, sözlərin sırayla muncuq kimi düzülməsi, nəinki sözlərin, hətta hər bir durğu işarəsinin belə yerinə düşməsi... Dildəki bədii təsvir vasitələriylə koloritliliyin artırılması – obrazlı ifadələr, frazeoloji birləşmələr, məcazlar, bənzətmələr, metaforlar... Yeri gələndə dəyərli misallar çəkib analogiyalar aparmaq, aforizmlərdən, atalar sözlərindən, zərb-məsəllərdən, deyimlərdən yararlanmaq...
Mətnin dilində dəqiqlik, sərrastlıq yoxdursa, tərkibində ziddiyətli, bulanıq, çoxyozumlu fikirlər üstünlük təşkil edirsə, zehinlərdə çaşqınlıq yaranacaq, istər-istəməz, yanlış anlaşılmalardan, təhriflərdən qaçmaq mümkün olmayacaq. Həqiqətdən uzaq, saxta, qondarma mətnlər bir sıra hallarda məqsədyönlü şəkildə yazılır, insanları manipulyasiya etməyə, aldatmağa hesablanır.

Keyfiyyətli yazılar asfalt yolla şütüyən maşın kimi sürətlə, rahatlıqla oxunulub dərk edilər.
Çatdırmaq istədiyimiz mətləblərə nə qədər dərindən bələdiksə, fikirlərimizi də o qədər aydın, səlis, rəvan bir dillə ifadə etmək imkanı qazanarıq. Sözügedən mövzunu, situasiyanı, qarşıdakı şəxsin kimliyini, auditoriyanı nəzərə almaq, uyğun bir forma, üslub tapmaq da çox vacibdir: akademik, elmi, rəsmi, işgüzar üslub, ya publisistik, bədii üslub, ya da danışıq, məişət üslubu...

Beyində elə düşüncə qatları var ki, onların açılıb şaxələnməsindən ötrü mütləq güclü dilə, dərin kontekstə malik yazılar, kitablar oxunmalı, özü də bu proses davamlı, sistemli şəkildə aparılmalıdır. Hansısa sahədə bilik səviyyəsi artdıqca həmin istiqamətlərdəki dil imkanları, dolayısı ilə, təfəkkür, düşüncə sərhədləri də genişlənir. Belə demək mümkünsə, dil bizi əks etdirən güzgüdür - savadımızın, kimliyimizin görüntüsünü yaradan bir güzgü!

Mətnlər cinsi, milli, dini, irqi ayrı-seçkiliklərlə, təhqirə, nifrətə, zorakılığa çağıran fikirlərlə çirkləndirilirsə, deməli, Xeyirin deyil, Şərin xidmətində dayanır.

Az qala hər saniyəmizin feysbukda, tvitterdə, votsapda yazıyla keçdiyi müasir dövrümüzdə dildəki qüsurlar, çatışmazlıqlar özünü daha qabarıq formada göstərir. Əgər mütaliə zəifdirsə, söz ehtiyatının kasadlığına görə fikirlərin yazıya çevrilməsində müxtəlif çətinliklər yaranacaq. Balaca uşaq kimi, nə istədiyimizi, dərdimizi ifadə edə bilməyib elə hey kəkələyəcək, dönüb-dönüb eyni sözləri təkrarlayacağıq.

Fikirlərini tələsmədən, düşünərək üzə çıxarmaq həm qarşındakına, həm də özünə hörmət etmək deməkdir.
Dilin xüsusiyyətləri beyində elə kök salıb avtomatlaşmalıdır ki, onlara dərhal, gözüyumulu əməl edə biləsən. Bu məqamda qırxayaq haqdakı pritçanı xatırlamaq yerinə düşər. Qırxayaqdan soruşurlar ki, bu qədər ayaqla belə rahat, dəqiq hərəkət etməsinin sirri nədədir? Əvvəlcə hansı ayağını – sağdakı, ya soldakını, arxadakı, ya öndəkini tərpədir? Yeriyəndə ayaqlarını nə qədər qaldırıb-endirir, daha çox hansı səmtlərə yönəldir? Qırxayaq fikrə gedib belə qərara gəlir ki, mütləq bunlara diqqət edəcək. Amma qımıldanmağa, yerindən tərpənməyə başlayan kimi, fikri hərəkətlərində qaldığından tamam çaşır, ayaqlarını bir-birinə dolaşdırıb yıxılır.

Dillə bağlı bütün qayda-qanunları, prinsipləri, metodları bilmək çox böyük önəm daşısa da, yeganə şərt deyil. Qırxayağın əhvalatında olduğu kimi, bu bəzən çaşqınlığa, dolaşıqlığa da yol aça bilər. Əsas məsələ, daim sözün yaxşı, səliqə-sahmanla ifadə edildiyi, dilin bütün tələblərinə cavab verən səviyyəli, dəyərli kitablar oxumaq, nitq qabiliyyəti yüksək insanlara qulaq verməkdir.

Oxuduqlarına və dinlədiklərinə həssas yanaşanlar, zamanlarına və enerjilərinə qənaət edənlər beyinlərini “dil tullantıları” ilə zəhərləməzlər.

Dil elə bir şeydir ki, insanlar arasında virus kimi sürətlə yayılaraq korlana, ya da inkişaf edə bilər. Danışığımızla yazdıqlarımıza cidd-cəhdlə fikir verib bir-birimizə örnək olsaq, dilin gözəlliklərinin və özəlliklərinin qorunmasında, təkmilləşməsində rol oynayarıq.

Tək ədəbiyyatla, yazı-pozuyla əlaqəsi olanlar deyil, ümumilikdə hər kəs dillə - bu misilsiz alətlə daha diqqətli davranmalıdır. Hər dəfə başdansovdu, vecsiz yazılmış cızma-qaralarla rastlaşanda bu mövzu haqda düşünməklə, başqalarının və özümüzün səhvlərimizdən nəticə çıxarıb müəyyən düzəlişlər etməklə çox böyük uğurlara nail olar, dilimizin nüfuzunu, gücünü qatbaqat artırarıq.

# 7431 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #